Yəhya Şeyda
1984-ci ildə Ərdəbildə Orta Məktəbi oxuduğum zaman Yəhya Şeydanın əməkləri ilə tanış olmuşdum. Daha öncədən “Dostlar görüşü” və digər bu kimi kitablarda Şeydanın əsərləri ilə tanış idim və bəzi şeir parçalarını da əzbər bilərdim. Daha sonar Şeydanın Təbrizdə “Füruği-azadi” qəzətinin Türkçə yarpağının sorumlusu olduğunu öyrəndim. O zamanlar çox gənc idim. Yazdığım şeirlərin şeir olub olmadığını bilmirdim. Şeydanın adresinə yazdığım şeirlərimi post edirdim. İlk kəz olaraq şeirlərim “Füruği-azadi”də çap oldu. Bu, mənim üçün çox önəmli güvən qaynağına dönüşdü. Ədəbiyat yolunda irəliləməyə həvəslənmişdim. Daha sonar Təbrizdəki həyatımda Şeyda ilə yaxından əlaqə saxlardıq. Yanılmıramsa, 1988-ci ildə Şeydanın yaradıclığına həsr olunmuş bir gecə keçirildi. Burada mən də Şeydaya həsr etdiyim şeirimi oxudum.
Şeydanın milli dilimiz və ədəbiyatımız yolunda çəkdiyi zəhmətlər çox böyük olmuşdur. 1984-cü ildə “Ədəbiyat ocağı” adından iri həcmli kitab yayımladı. Kitabda, yalnız Türkçı yazan, özəlliklə gənc şairlərin şeirləri verilmiişdi. Azərbaycanın və İranın dəyişik yerlərində yaşayıb və Türkçə yazan şairlərin əsərlərindən örnəklər kitabda yer almaqda idi. Bu kitabda mənim 3 şeirim verilmişdi. Bütün bunlar məni və mənim kimi ədəbiyat həvəskarı olan insanları bu yolda iradəli olmağa sövq edirdi. Bu baxımdan Şeyda, yeni və ədəbiyatda qərarlı olan bir nəslin yetişməsində çox təsirli oldu. O zaman ədəbiyata yenicə girib indi isə, ədəbiyatda söz sahibi olan nəslin boynunda Şeydanın böyük haqqı vardır. Tanrı ona rəhmət eyləsin.
10/24/2011


Hiç yorum yok:
Yorum Gönder