5 Kasım 2010 Cuma

Səməd Behrəngi — Oynav (Pyes)


Səməd Behrəngi
Oynav (Pyes)


Rollarda:
Behruz Dehqani*
Nabdil Oxtay**
Bulud Qaraçörlü Səhənd***
Mərziyə Üskülü****
Əmir Pərviz Puyan*****
Hənifnəjad******
Səmədin anası
Səməd Behrəngi*******

Birinci səhnə

          Təbriz. Oxtay masanın arxasında oturub saatına baxar. Gözləri qapıya tərəf uzanaraq öz-özünə danışır:

Nabdil Oxtay:
                   Sanki gecikdilər nədənsə dostlar
(əndişəli biçimdə)
                   Əvət, gəlmədilər, bəlkə sorun var!
Qapı çalınar. Nabdil Oxtay qoşaraq qapını açmağa gedər. Mərziyə Üskülü içəri girər
Mərziyə Üskülü:
                             Salamlar Oxtay bəy!
Nabdil Oxtay:
                             Salam Mərziyə!
                             Sanki gecikmişsən bir azcıq, niyə?
Mərziyə Üskülü:
                             Arxamca sürünən biri var sandım
                             Bu üzdən gecikmək zorunda qaldım
Nabdil Oxtay:
                             Doğru, hər tərəfdə gizlin polislər
                             Sanki hərbi durum içində şəhər
Mərziyə Üskülü:
                             Behruz Dehqani də az sonra gələr
                             Səməd Behrəngidən varmı bir xəbər?
Nabdil Oxtay:
                             Səməd gəlməlidir, söyləmişdi dün
                             Kəsin gəlməlidir Səməd də bu gün
                             Səmədin tutumu başqadır ancaq
                             Milli sorunlarla çox uğraşaraq
                             Fərqlicə özgürlük anlayışı var

Mərziyə Üskülü:
                             Səməd çün önəmli ən çox çocuqlar
                             Gənclərin beynini dəyişmək istər

(Behruz Dehqani ilə Səməd Behrəngi gəlirlər)
Behruz Dehqani:
                             Salam arxadaşlar, nə var, nə xəbər?
Nabdil Oxtay:
                             Əsənlik, yaxşı ki, gəlib çıxdınız
Səməd Behrəngi (gülərək):
                             Biz daim bitməyən uzun yoldayız
Mərziyə Üskülü:
                             Səməd bəy, gerçəkdən yoldasınız siz
                             Ancaq yolun başı və sonu Təbriz
(Oturacaqlarda oturarlar)
Behruz Dehqani:
Yoldaşlar, gələcək bu gün tehrandan
Dəyərli dostumuz, Pərviz bəy Puyan

Mərziyə Üskülü:
                             Silahlı savaşdan yanadır Puyan
                             İstibdada qarşı böyük bir üsyan
                             Bir devrim başlatmaq niyyətindələr
                  
Nabdil Oxtay:
                             İstibdad böylə sərt sürərsə əgər
                             Ələbəttə silaha sarılmaq gərək
                             Puyan bəy gəlsin də söyləsin görək
                             Başqa şəhərlərdə fikirlər nədir?
                             Ölkə çox qaranlıq, çətin gündədir

Behruz Dehqani:
                             Hər türlü düşüncə susdurulmaqda
Sanki millətə qan qusdurulmaqda

Mərziyə Üskülü:
                             İşçi sinifinin halı pərişan
                             Böylə bir duruma dözərmi insan?

Nabdil Oxtay:
                             Dözülməz durumdur, dözülür ancaq
                             Bir ovuc yabancı, satqın və alçaq
                             Sömürür qanını bu yoxsulların
                             Zaman keçdikçə də olurlar harın
                             Sinfi bilincindən işçilər yoxsun
                             Bu üzdən toplum da sanki bir qoyun
                             Sürülər şəklində durduqca millət
                             Onun gələcəyi qaranlıq, zillət
                             Sinfi bilincindən yoxsun işçilər
                             Hər tür istibdada və zülmə dözər
                  
Behruz Dehqani:

                             Haqqı yeyilsə də seyrici qalar
                             Zənginlər əlində oyuncaq olar

Mərziyə Üskülü:
                             İşçi bu durumdan ya oyanmalı
Sinfi kimliyiylə şüurlanmalı
                             Bütün zəhmətkeşlər bir yumuruq tək
                             Bir amac yolunda birləşsin gərək
                             Bu iş də millətin içinə varmaq
                             Onu oyatmaqla mümkündür ancaq
                  
Nabdil Oxtay:
                             Doğru, çox doğruca bir görüşdür bu
                             Aydınlatmaq gərək milləti, yurdu

Behruz Dehqani:
                             Aydınlıq işiylə bir yerdə əvət
                             Böyük bir savaşa qalxmalı millət

Səməd Behrəngi:
                             Hansı millət haqda gedir bu söhbət?
(Hər kəs bir-birinin üzünə baxaraq duruxub qalar. Bir az səssizlikdən sonra Səməd Behrəngi davam edər)
İranda yaşayır bir neçə millət
(Səssizlik davam edər. Behrəngi də çox düşüncəli şəkildə bir az səssiz. Köks ötürüb davam edər)
Faşist bu rejimin törətdikləri
Qavramlar dolaşır düşüncənizdə
Bəlkə bilincində deyilsiniz də
Ancaq biz ilk öncə bəlirləyəlim
Nədir millət, kimdir millət deyilən
(Bu zaman qapı çılınar və Əmir Pərviz Puyan içəri girər.)

Pərviz Puyan:
Sayqılar yoldaşlar, salamlar sizə

Mərziyə Üskülü(əl görüşərik):
Xoş gördük Puyan bəy

Pərviz Puyan:
          Mərziyə xanım,
          Sizi gördüyümə çox şadam

Nabdil Oxtay:
Puyan!
Səni gözləyirdik yaxşı ki, gəldin
                  
Behruz Dehqani (Puanın əlini sıxaraq):
                             Gəldin qonuşmanın qızqın yerində
                            
          Pərviz Puyan (Behrənginin Əlini sıxaraq):
                             Səməd bəy Behrəngi, xoş gördük sizi
          Səməd Behrəngi:
                             Xoş bulduk Puyan bəy, oturun lütfən!

          Nabdil Oxtay:
                             Yoldaşlar, zamanı itirməyərək
                             Bir başa mövzuya keçəlim gərək
                             İstibdada qarşı ölkədə indi
                             Dinçi və kommunist cərəyanlar var
                             Libral kəsim də fərqli duruşda
                             Rejimlə əlbirdir onlar əslində
                             İslahat yanlısı, devrimdən uzaq
Pərviz Puyan:
                             Qurtuluş uğrunda tək yol var ancaq
                             O da inqilabdır, yalnız inqilab
                             Devrim sevdasıyla dolmuşdur cahan
                             Dünya işçiləri birləşsə bir an
                             Dünyadan hər türlü  zillət silinər
                             Sinfi eşitsizlik yox olub gedər
                             Cahanşümul devrim öndərliyini
                             İşçilər edəcək rəhbərliyi
                             İşçi sinifinin böyük savaşda
                             İtirəcək şeyi yoxdur dünyada
                             İtirər əsarət zəncirlərini
                             İşçilər canından maya qoymalı
                             Burjua sinfini devirməlidir
                             İşçi bu gerçəyi tam bilməlidir
                             Onun iradəsi yaradıcıdır
                             Bunun bilincində olsa işçilər
                             Evrənsəl devrimə hazırdır demək
                             Bu devrim yörsəl olamaz çünkü
                             Bütün işçilərin ortaq sorunu
                             Ortaq düşməni var, o da kapital
                             Onu devirməkdir, biricik amal
                             Yalnız bir tək amac, tək yol var demək
Dünya işçiləri birləşsin gərək
                             Ən böyük düşüncə, ən böyük duyğu                     
                             Yalnız işçilərin diktatorluğu
                             İşçi istibdadı hakim olursa
                             Tarix öz yoluna girmiş olacaq
                             Bütün əski çağlar silinib gedər
                             İnsanlar bir yerdə yaşar qardaşca
                             Yeni insan türü, düşüncə türü
                             Dünyanı dolaşar başdan ayağa
                             Əskilər dəfn olub gedər yoxluğa
                             Əskini devirmək üçün biz öncə
                             İşçi istibdadın anlatmalıyıq
                             İşçilər diktator olmazsa əgər
                             Əsla qurtulamaz bir türlü bəşər
                             İnqilabi qəzəb duyqularını
                             Yalnızca eyləmə dönüşdürməli
                             Bu üzdən milləti silahlandırıb
                             Böyük inqilaba yönləndirməli
Səməd Behrəngi:
                             Tarixdən, gerçəkdən dışlanmısınız
                             Bütün bu görüşlər yanlışdır, yalnız
                             Çünkü amacınız diktatorluqdur
                             Sizin qafanızda özgürlük yoxdur
                             Sanki qaranlıqda yol gedənlərin
                             Kəndi başlarına qonuşmasıdır
                             Gerçəkdən qafanız aydınlıq deyil
                             Sizlər sanki birər dinçisinizdir
                             Çünkü bilgiylə yox, inancınızla
                             Gerçəyi, tarixi görməkdəsiniz
Qorxunc dumanlığa batmış beyniniz
Gerçəyi anlama yöntəmləriniz
Xəyal dünyasına dayanmaqdadır
Xəyal, çox dadlıca, sevimli xəyal
Böylə anlaşılmaz bu durum, bu hal
Nabdil Oxtay:
                             Tarix sifinlərin çatışmasından
                             Oluşan olqudur,
bütün savaş, qan
                             Üstün siniflərin çıxarı üçün
                             Hakim siniflərin istəyi üçün
Behruz Dehqani:
                             Hakim sinifləri devirsə bəşər
                             Yaşam ədalətlə varıb birləşər
                            
Mərziyə Üskülü:
                             Bütün tarix boyu baxıldığında
                             Qadın qullanılmış bir nəsnə kimi
                             Hakim siniflərin görüşlərinə-
                             Uyqun şəkildə
Ancaq nəsnə kimi qullanışmıdır.
                             Sonra da din gəlmiş, bütün dinlər də
                             Toplumu uyutmuş, yatırmış dərin
                             Sömürü aracı olaraq dinlər
                             Sömürü ortamı etmiş müyəssər
                             Qadın sərmayənin, dinin əlində
                             Canlı əşya kimi görülmüşdür həp
                            
Behruz Dehqani:
                             Əvət din, çox dadlı uyuşdurucu
                             Bu qanlı tarixdə o da qurucu
                             Sürəkli millətin ağlın söndürən
                             Bir etkən olmuşdur tarix boyu din
                             Yoxsulu sömürmək amacı ilə
                             Varlının əlində bir silah ikən,
                             Xalqın həm gücünü, həm də ağlını
Sömürüb, söndürmüş din qaranlığı
Yalnız tarix boyu olmamış böylə
İndi də bu durum öylədir, öylə
Əl-ələ vermişdir sərmayə və din
Bu yoxsul, zavallı bu ac millətin
İki düşməni var, sərmayə və din
Bu iki düşmənə qarşı biz yəqin
Savaş düşüncəsi var etməliyik
Şəriət zindanı düşüncələrdə
Davam eylədikcə inqilab olmaz
Çağdaş insan türü oluşdurmalı
Təqlid kültürünə qarşı çıxmalı
Bu tarixi ortam dəyişmədikcə
Sürüb gedəcəkdir qaranlıq gecə
Pərviz Puyan:
                             Istərsə quldarlıq ya feodalizm
                             Ya da burjuazi dönəmi olsun
                             Siniflər arası savaşlar sürmüş
                             Tarix siniflərin savaşı kimi
Yoğrulub gəlmişdir bu günə kimi
Bu gün də siniflər savaş vardı
Dünkü savaşların tamamən ardı
Bizim görəvimiz indiki halda
İşçi sinifini bilincləndirmək
Bilincli silahlı savaşa girmək
Böylə duruş içrə girər isək biz
Mutlu yarınlara çıxar ölkəmiz
Səməd Behrəngi:
                             Xəyal dünyasında yaşayırsınız
                             Çox dadlı bir xəyal, zərərli, yalnız
                             Həm tarix, həm də ki, indiki durum
                             Sizin ağlınızda yanlış bir yorum
                             Bu dadlı xəyala inanmaq için
                             Bənzər görürsünüz tarixi neçin?
                             Sinif deyirsiniz, Türk toplumunda
                             Söylədikləriniz sinif olmamış
                             Bam-başqa bir yaşam qoşulu olmuş
                             Ayrıca, sizin bu topdan görməniz
                             Gerçəyi görməyə əngəldir tamam
                             Millət deyirsiniz, nədir bu millət?
                             Frəqli millətlər var ölkədə əvət
                             Hər bir millətin də sorunu başqa
                             Siz isə, görməzdən gələrək bunu
                             Dəyişik varlığı, fərqli olqunu
                             Yalnız bircə kimlik görməkdəsiniz
                             Dünya işçisinin sorunuyla siz
                             Uğraşıb durmaqda nə edirsiniz?
                             Heç bir şey, sadcə, yalnız və yalnız
                             Milli kimliyimiz zərərə uğrar
                             Bu görüş fəlakət, zillət doğurar
                             Öz ana dilindən yoxsun bir millət
                             Dünya miqyasına çıxamaz, əvət
                             Bizim kimliyimiz yox olmaqdaykən
                             Yanlış xəyallara qoşulur nədən?
(Üzünü Behruz Dehqaniyə tutaraq)
Sənin kimliyinə Behruz Dehqani
Saldırmaq üzrədir min türlü cani
Dilin, ana dilin əzilməkdəykən,
(üzünü Oxtaya tutaraq)
Evrənsəl xəyaldan söhbət edirsən
Tarixdə ən böyük devrimcilər bax
Aydınlıq doğuran insandır ancaq
Bu yoxsul, zavallı Türk insanları
Talanıb getməkdə hər türlü varı
Hər gün daha viran olur ölkəmiz
Tarixdən silinmək üzrə ikən biz
Türk oğlu böyləcə düşünə bilməz
Anlamsız silahlı savaşa girməz
Sizdən bir sorum var, Pərviz bəy Puyan
Bu sorum haqqında düşünün bir an
Kəndi dilinizdə oxudunuz siz
Bu üzdən ruhi bir güvəndəsiniz
Ancaq mənim dilim, yasaqdır, yasaq
Yasaqlar içində boğulur dil bax!
Dili yasaq olmuş bu millətdən siz
Evrənsəl inqilab istəyirsiniz?
Öz dilində oxul səadətindən
Ölkəmin ulusu tamam məhrumkən
Ona yanlış amac göstərirsiniz
Milləti boş yerə yem edirssiniz
Yalnız bir yöntəmlə baxıb tarixə
(Üzünü Mərziyə Üskülüyə tutaraq)
Yorum yapmaq doğru deyil Mərziyə
(Səsini get-gedə yüksəldərək)
Mən hər gün oxula girdiyim zaman
Sanki vücudumdan tütüyor duman
Səssizcə bağırır sanki çocuqlar
Ana dildə məktəb istəyir onlar
Nabdil Oxtay:
                             Milli sorunların çözüm üçün
                             Gözümüz önündə örnək var bu gün

Səməd Behrəngi:
                             Nə imiş o örnək
Nabdil Oxtay:
                             Sovetlər və Çin

Səməd Behrəngi:
                             Yenə də boş xəyal, anlamsız yəqin.
                             Böylə yəqin ilə çözülməz sorun
                             Bizə gerçək olan bilgilər sunun!
                             Qaranlıq örnəklər deyildir doğru
Cəllad Lenin ilə Maotistonqu
Örnək kimi əgər alqılarsanız
Xalqa güvənməyə yoxdur haqqınız
Yanlış görüşlərə yem olmaq için
Bizim milləti yox, başqasın seçin
Ayrıca, bilin ki, bu görüşlərlə
İntihar edirsiz sanki boş yerə
Nə xalqa yararı vardır nə sizə
Açıqca tuzaqdır qurulmuş bizə
Demişdim, dinləyin, deyirəm bir kəz
Türklər bu görüşə yem ediləməz
Hakim faşizm ilə bu görüş birgə
Yaymışlar türklərə qarşı bildirgə
İçərik olaraq ikisi də bir
İranda tək dilli millət istəyir
Silaha sarılmaz aydın bir kişi
Onun qələm ilə olmalı işi
Qələm savaşında qazanmasaq biz
Çözgəsiz* qalacaq bizim dərdimiz
(Cebindən bir qələm çıxarıb göstərər)
Mənim tək silahım bu qələmdir bax
Qələmlə sökülər qaranlıq ancaq
Hər tür özgürlüklər boğulduğundan
Doğru yol bulmaqda zorlanır insan
Yanlış yoldasınız siz də bu üzdən
Sizləri yem görmək istəmirəm mən
Yalnız siz bir qələm uzmanısınız
Qələmlə verimli olmalısınız
Son sözüm böylədir: qurtuluş ancaq
Mədəni devrimlə mümkün olacaq.
(Hər kəs səssizcə yerində donuq qalar. Pərviz Puyan və Behruz Dehqani başları aşağı duruşları ilə çox dalqın görünürlər. Pərviz Puyan dalqınlıqdan geri döbüb və sanki öz-özünə qonuşarcasına söhbətə başlar)
Pərviz Puyan:
          İştə durum böylə, Səməd Behrəngi
          Bizimlə paylaşmır eyni ahəngi
          Bir şey qalmamaışdır qonuşulacaq
          Məncə, getsək, daha yaxşı olacaq
          Dəyərli Səməd bəy, izninizlə biz
          Sizlərdən ayrılıb biz getməliyiz
(Behrəngi ilə əl sıxışaraq)
Umarım gələcək günlərdə bir də
          Buluşmaq müyəssər olur bir yerdə
(Mərziyə və Səməd, Puyanı, Oxtayı və Behruzu uğurlarlar)
Səməd Behrəngi:
                   Görüşmək üzərə dəyərli dostlar
Yenə görüşürüz gələn günlərdə

                   Mərziyə Üskülü:
                                      Oxtay bəy, unutma bir həftə sonra
                                      Bulud Qaraçörlü Səhənd gələcək
                                      Söyləmiş səni də, gəlsə, görəcək
                            
Nabdil Oxtay:
                                      Unutmam, Səhəndi görmək istərim

                   Behruz Dehqani
                                      Görüşmək üzərə, əsən qalnız
                            
                   Səməd və Mərziyə bir yerdə:
                                      Yaxşı yol!
(Mərziyə və Səməd geri dönüb yerlərində otururlar. Səməd Behrəngi çox dalqındır. Səssizlik qısa sürə davam edər. Daha sonra Mərziyə danışar)
         
                    Mərziyə Üskülü:
                             Səməd bəy, dedikləriniz
                             Mənim ilgimi çox çəkir doğrusu
                             Milli dil, özgürlük və dil duyqusu
                             Ağlımda gerçək bir sorun olaraq
                             Daim düşündürüb durmaqda məni
                             Bəlkə anlayıram bu üzdən səni
                             Milli kimliyimiz haqqında bizlər
                             Topluma bir bilgi verməzsək əgər
                             Məncə də anlamsız olur bu savaş
                             Milli sorunlarla biz yavaş-yavaş
                             Düşünüb yaxşıca, uğraşmalıyıq
                             Kəndi haqqımızı biz almalıyıq

                    Səməd Behrəngi:
                             Sənin qələmin var, yaza bilirsən
                             Yalnız ana dildə yazmalısan sən
                             Öz ulusumuzu qurtarmaq üçün
                             Yalnız bilməliyik türkçəni üstün
                             Çünkü bu dil bizim milli ruhumuz
                             İçi sevgi dolu çağlar duyqumuz
                             İnsanlar yüksələr ana dilində
                             Dilsiz ki, bir insan olmaz, Mərziyə
                             Ulusun canlıca tarixi ancaq
                             Onun qonuşduğu dilindədir bax
                             Varlığa uzanan bir yoldur hər dil
Yalnız ilətişim aracı deyil

Mərziyə Üskülü:
                             Çox ilginc sorular oluşdu məndə
                             Dilin önəmini düşünməyimdə
                             İstərdim mümkünsə davam edəsən
Bir az da dərindən açıqla lütfən!

Səməd Behrəngi:
Anlaşılan tək şey vardır, o da dil
Varlığa və ağla olur oda dil
Usun1 doğasını dil uluşdurar
Bütün bu uzutlar2 dillə qurular
Varlığı anlaya bilmək üçün biz
Dilin parçasına çevirməliyiz
Dildə yuva salır hər türlü varlıq
Genişlədikcə dil, doğar aydınlıq
Aydınlanma ancaq dillə oluşar
          Varlıq zərrələri dildə buluşar     
Bizim sevgimizin yuvası dildir
Azadlıq da dildən ayrı deyildir
Bizim içimizdə bulunan dünya
Sözlərlə bağlaşar bütün varlığa
Sonsuz dışımız var, bir də içimiz
Ancaq dildə vəhdət halındayıq biz
Varlığı, insanı, həyatı əgər
Öyrənməyə təlaş edirsək, bizlər
Əslində sürəkli öyrəndiyimiz
Ancaq dildir və dil öyrənirik biz
Doğuşdan yaşamın sonuna qədər
Sürəkli dil ilə uğraşır bəşər
Yalnız birey üçün deyildir böylə
Bir ulus üçün də öylədir, öylə
Milli varlığın da sütunu dildir
Dilsiz milli varlıq mümkün deyildir
Bütün hisslərimiz odaqlaşaraq3
Dildə tanımlayar kəndini ancaq
Bizim eşqimizin qaynağı dildir
Xəyal dünyamızın oylağı dildir

Mərziyə Üskülü:
                   Sevgini sonsuz güc anlayıram mən
                   Dillə sonsuz gücün ilişkisindən
                   Doğrusu, dərindən bilmək istərdim
                   Çünkü mən könlümü sevgiyə verdim
                   İçimdə çağlayan sönməz sevgi var
                   Aydınlıq arayan güclü sezgi var
                   Nə imiş sevginin qaynağı böylə?
                   Bilmək istəyirəm, Səməd bəy, söylə!

Səməd Behrəngi:
                             Çevrəmiz, yaxın da, sonsuz uzaq da
Eşqin varlığını çağrışdırmaqda
                             Həm iç yolçuluqdur, həm dış öyrənim
                             O bir tür inancdır, bir tür güvənim
                             Daim genişləyən bir görüşdür eşq       
Sürəkli, bitməyən yürüyüşdür eşq
                              Və eşq içimizdə doğduğu zaman
                             Bütün kötülüklər edilər viran
                             Yenidən doğular, qurular adam
                             Eşqin atəşində pişər hər bir xam
                             Bütün bu oluşlar, bu oluşumlar
                             Kəndini sürəkli dildə tanımlar
                             Dildə barınmışdır eşqin qüdrəti
                             Varlığın giz dolu əzəliyəti

Mərziyə Üskülü:
                             Aşqın mutluluqla ilişkisi nə?
                             Necə mutlu olmaq mümkündür, söylə!

Səməd Behrəngi:
                   Keçmişinlə olan bağları qırma
İçin darılarsa saqın aldırma!
Çevrəmizi sarmış hər bir nəsnədə
Hər tür görüntüdə, hər türlü səsdə
Mütləq olan eşqin görüntüsü var
Mütləq bütünlüyü içimiz arar
Mütləq bir eşq ilə çevrələnmişiz
Mütləq bir sevgiyə can atarıq biz
Böyük iç güvəni önəmsəyərək
İndiki zamanda yaşamaq gərək
İndidə yaşamaq böyük bir işdir
Həm də gələcəyə bir yönəlişdir
Gözəl olmaqdansa, önəmli olmaq-
Daha dəyərlidir, üstündür ancaq
İnsan önəmlilik duyqularından
Uzaq düşməməli bir ləhzə, bir an
Yalnız bir kəs üçün önəmli olsaq,
Həyatımız yenə zövqlü olacaq
İçi önəmlilik duyqularından-
Boş olan bir insan, yazıqdır, inan
          Kəndi inancıyla bu insan ki, var
          Qura bilər isə, ussalca bağlar
          O mutlu günlərə varıb yol açar
          Sanki günəş kimi aydınlıq saçar
Kiçik olmaq deyə bir anlayış yox
Kiçik ortamda da ümidlər var, çox
İstər dəniz kimi böyüklük olsun
Duru deyilsənsə ümiddən yoxsun
Ancaq çox balaca duru gölçədə
Mümkün ulduzları görmək gecə də
Bu üzdən duruluq genişlikdir pək
Duru könüllərdə sevgi var, gerçək
Dup-duru ruhlarda varlıq bulunur
Eşqin istəyinə uyumlu olur
                    Eşq ilə mutluluq arxadaşdılar
                    Biri gəldi isə, digəri də var

Mərziyə Üskülü:
                   Çox doğru, həm də çox dərin duyqular
                   Duyduqca iç dünya genişlik arar
Böylə dərin-dərin düşüncələrdən
Feyzi-yab olmalı hər bir həm vətən
Ancaq ki, istibdan vurmuş ölkəni
Söndürüb durmaqda hər düşüncəni
Təhdid altındadır düşünən insan
İstibdad durmadan almaqdadır can
Bu olqun görüşlər ötəsində biz
Həm də istibdadı devirməliyiz
Bu zülmü devirmək olmazsa ərək4
Sürəkli aydınlıq söndürüləcək
Yalnız evrim5 ilə tarix yürüməz
Devrimsiz devinim6 oluşa bilməz
Evrimlə oluşan güc zaman-zaman
Birikib devrimlə olmalı əyan
Tarixin anlamı, məzmunu evrim
Evrim kimliyini tanımlar devrim
Evrim yavaş gedər, devrimsə qoşar
İkisi bir yerdə bərabər yaşar
Devrim də eşq ilə oluşar fəqət
Böyük bir inancla dop-dolu həyat
Devrim sevdasına bağlanar gerçək
Evrim üçün, ancaq devrimdir ərək
Sizin görüşünüz dərindir ancaq
Bu məntiqlə devrim oluşmayacaq
Mədəni inqilab istəyirsiniz
Böylə olur isə, qurtulur Təbriz
Çox gözəl, ancaq bu yüz illər sürər
Böylə iç gücümüz yox olub gedər
Devrim inancıyla yola çıxmalı
İstibdadı birgə söküb yıxmalı
Bu da dışa dönən eşqin gücüdür
Bu eşq istibdadın közün söndürür
Dirək savaşmalı bu qaranlıqla
Bu, ancaq olmuyor yaradclıqla
Bu ac yoxsulları birləşdirərək
Böyük bir savaşa başlamaq gərək
Səməd bəy, istərsən, qalsın bu sözlər
Bir də dartışarıq bir başqa səfər

Səməd behrəngi:
                   Əvət, çox haqlısan, qalsın məncə də

Mərziyə Üskülü:
                   Bir az da gəzəlim dərim bu gecə

Səməd Behrəngi:
Gülüstan bağında gəzəlim bir az

Mərziyə Üskülü:
                   Hava çox gözəldir, bir az da ayaz
(Dışarı çıxarlar)
pərdə

                            

Ikinci pərdə
*
Səməd Behrəngi masanın arxasında oturmuş. Önündə bir kitabı oxumaqla məşğuldur. Səməd Behrənginin anası içəri girər.

          Behrənginin anası:
                   Oğlum, Hənifməjad adlı bir cavan
                   Telefon etmişdi dünən bu zaman

Səməd Behrəngi:
                   Çox yaxşı ana can, gəlsin görüşək
                   Onun fikirləri nə imiş görək?
         
Ana:
                   Sanıram bir azdan gəlməlidi o

(Qapı çalınır. Ana qapını açmağa gedərək)
                   Yəqin Hənifnəjad olmalıdır bu

(Hənifnəjad içəri girər. Behrəngi onun əlini sıxaraq)
Səməd Behrəngi:
                   Xoş gördük hörmətli Hənifnəjad bəy

Hənifnəjad:
                   Ağayi Behrəngi, sağ olasınız

Səməd Behrəngi:
                   Buyurun oturun
                  
Hənifnəjad:
                   Xeyli məmnunam

Səməd Behrəngi:
                   Vəziyyət necədir?

Hənifnəjad:
                   Xoş deyil, əyyam
                   Hər gün uzaqlaşır dindən ölkəmiz
                   Buna qarşı tədbir almalıyıq biz

Səməd Behrəngi:
                   Dindən uzaqlaşıb nə olur ölkə?
                   Xristianlaşır yurdumuz bəlkə?!

Hənifnəjad:
                   Ağayi Behrəngi, qara istibdad
                   Doldurmuş ölkəyə yabancı və yad
                   Əzilir günbəgün dini dəyərlər
                   Durum böylə davam edərsə, əgər
                   Ümmətin müqəddəs din duyquları
                    Tarixdən silinər din bulquları

Səməd Behrəngi:
                   Bu istibdada qarşı, düşünürəm, siz
                   Yanlışca bir yöntəm önərirsiniz
                   İstibdada qarşı yaşıl istibdad
                   İçərik eynidir, tək dəyişən ad

Hənifnəjad:
                   Ağayi Behrəngi deyildir öylə
                   Sizə mən fikrimi anladım böylə:
                   İslami ədalət uğrunda ölkə
                   Cihada qalxmalı bu ümmət birgə

Səməd Behrəngi:
                   Cihad peyqəmbərə özgü əməldir
                   Hər bir müsəlmana aid deyildir
                   Cihad nədir?
                   Böylə sorarsaq əgər
                   Ən doğru biləni olmuş peyqəmbər
                   Bu üzdən cihadın zamanı bitmiş
                   Yalnız peyqəmbərə özgüdür bu iş

Hənifnəjad:
                   Qutsal dinimizin çağrılarından
                   Xəbərdar olmalı yaşayan insan
                   İslami ədalət qurulmadıqca
                   Ümmətin əxlaqı çökər açıqca
Cihad duyqusunu gəlişdirərək
İstibdada qarşı savaşmaq gərək
Qərb əxlaqsızlığı ölkəni almış
Dinə, şəriətə ölkə daralmış
Batı yanlıları bu satqın başlar
İslam düşmənləri fasid əyyaşlar
Talayır ölkəni ayaqdan başa
İmperialist güclər əlində maşa—
Olmuşlar ölkəni sömürmək üçün
Din kimliyimizi gömdürmək üçün
Bütün bu gerçəyi xalq bilməlidir
İslami inqilab edilməlidir

Səməd Behrəngi:
                   Söylədikləriniz doğrudur qismən
                   Yalnız sizin kimi düşünmürəm mən
                   İslami inqlab yoluyla bəlkə
                   Sərt bir qaranlığa gömülər ölkə
                   Dini hörütləri7 açıqlamanız
                   Əski yöntəmlərə dayanır yalnız
                   Bu yöntəmlərlə siz nə etsəniz də
                   Yalnız qaranlığa gömülər ölkə

Hənifnəjad:
                   Bir çox şeyx-ul islam, bir çox seyidlər
                   İslami devrimi təsdiqləmişlər
Səməd Behrəngi:
                   Seyidlər, yenə də seyid və molla!
                   Bir ölkə qurtulmaz böylə oyunla

Hənifnəjad:
Peyqəmbər soyundan olur seyyidlər
Səməd Behrəngi:
Bunun bir önəmi varmıdır məgər?

Hənifnəjad:
                   Onlar bərkişdirər dini bağları
                   Ümmətçilik kimi pak duyquları

Səməd Behrəngi:
                   Bütün bu qavramlar bilgi üçün yox
İnandırmaq üçün ürətilmiş çox
İnanmaq, həmi də inanmaq nəyə?
Mollaya, Seyyidə inanmaq niyə?
Mollanın, seyyidin üstünlüyünə
İnanmaq zorunda qalmalı ölkə!

Hənifnəjad:
Bizim kitabımız, sünnətimiz var
İslam ümməti də həp ona uyar
Əskidən var olan bir həqiqətdir
Bu da bizim üçün bir məziyyətdir

Səməd Behrəngi:
                   Həqiqət var deyil, var ediləndir
                   Siz deyən həqiqət sanki bir kəndir
                   Boğmaq üçün hər tür düşünən beyni
                   Qara istibdadla eynidir, eyni
                   Evrənsəl tarixə girmək üçün biz
                   Dini inqilabdan vaz keçməliyiz
                   Özdeş8 olduğunda siyasətlə din
                   Doldurar tarixi rəzalət və kin
                   Dini hörütləri açıqlarkən biz
                   Siyasətlə özdeş etməməliyiz.

Hənifnəjad:
                   Siyasi bir dindir bizim dinimiz
                   Müsəlman bir ümmət olaraq da biz
                   Dindən əsinlənib9 edərik cihad
                   Böyləcə devrilir, yalnız istibdad

Səməd Behrəngi:
                   Tarixdə bir anda din kökənli biz
                   Azadca bir dönəm heç görməmişiz
                   Ən qəddar tutumlar həp görülmüşdür
                   Hər tür aydınlıqlar söndürülmüşdür              
                    Sizin övdüyünüz qara tarixin
                   Hər yanı qaranlıq, hər tərəfi kin
                   İndidə yaşamaq yerinə nədən?
                   Fərar edirsiniz tarixə həmən?

Hənifnəjad:
                   Deyildir tarixə fərar bu giriş
                   Tarixdən örnəklə yapmaq lazım iş

Səməd Behrəngi:
                   İnanmırsınız siz heç hürriyətə             
                   Yer vermiyorsunuz dini kisrətə10
                   İstibdad kök salmış inancınızda
                   Zillət çağrışdırır inancınız da

Hənifnəjad:
                   Evrənsəl tarixlə nə işimiz var?
                   Vardır dinimizdə açıqlamalar
                   Dini qardaşlıqdan yanayız yalnız
                   Dinin ötəsində əsla olmayız

Səməd Behrəngi:
Dini hörütlərlə ilişki qurmaq
Çağdaş bir yöntəmlə mümkün olacaq
Əski təfsirlərin əsarətindən
Qurtuluş olmazsa, bilməlisən sən
Günümüz batacaq qaranlıqlara
Qaranlıq saldırar aydınlıqlara
Yeni bir yöntəmlə əski çağları
Açıqlamaq gərək tüm olmuşları
Keçmişi indiyə daşımaq ancaq
Min türlü fəlakət oluşduracaq
Tarixi bilincin kəndini aşma
Aşıb da çağlardan çağa ulaşma
Nitəliyi vardır,
Yalnız bu yolla
İlişki sağlanır doğru olanla
Yoxsa əski mətni tam olduğu tək
Gərəkməz indi də qəbul eyləmək
Çünkü hər zamanın öz ölçüsü var
Hər çağın içindən yenilik doğar
Keçmişə qapanmış olan ağıldan
Gərəkdir qurtuluş ummasın, insan
Kəndi ulusuna uyqun bir rəhbər
Yüksələr olmuşdur hər bir peyqəmbər
Peyqəmbər sözündə doğru var, fəqət
Kəndi zamanının doğrusu, əvət
Zamanlar arası ilişki qurmaq
Mütləq itaətlə oluşmayacaq
Çağın ehtiyacı əsasında biz
Yeni uyqulama yürütməliyiz
Din yolunda savaş dönəmi bitmiş
Insanlıq bu yolu təcrübə etmiş
Tarixdə ən böyük qanlı savaşlar
Ən çox din yolunda ancaq olmuşlar
İslam inqilabı söylədiyində
Qanlı bir görüntü durur önümdə
İslam devrimiylə olmaz qurtuluş
Böylə bir düşüncə tam bir burxuluş
Qanlı diktatorluq, qatil dindarlar
Başqa bir istibdad devri qurular
Dini düşüncədə insana sayqı
Olmamış, olamaz böylə bir qayqı
Din mütləq haqlılıq savunduğundan
Fərqli düşüncəni söndürmüş hər an
Bütün dinlərdən də üstün duracaq
İnsanın şərəfi olmalı ancaq
Böyləcə qaranlıq qatil tarixi
İnsana sayqısız batil tarixi
Örnək göstərirsən cahil millətə
Millət uğrayacaq dərin zillətə

Hənifnəjad:
                   Dini mərifətlə din başqa şeydir
                   Bunlar heç bir zaman eyni deyildir
                   Xalis din ölkədə olursa, hakim
                    Zülmə, əsarətə uğramaz heç kim         
                   Dini törələrdən danışmıram mən
                   Dediyim gerçək din ilkələrindən
                   Bəşəri qavrayış çox yetərsizdir
                   Din isə bitməyən sonsuz dənizdir
                   Dini sonsuzluğu anlamaz bəşər
                   Bəşərdə anlama vardır müxtəsər
                   Bu üzdən Allahın mütləq bilgisi
                   Daim olmalıdır bəşər ilgisi
                   Dini mütləqiyət olmazsa hakim
                   Dövləti idarə edəcəkdir kim?
                   Dövlətin başında dayanan adam
                   Mütləq ölçülərlə davranmalı tam
                   Mütləqdir, dəyişməz əmri Allahın
                   Bu yetki deyildir Pəhləvi şahın
                   Buna örnək də var tariximizdən
                   Öyrənmək peyqəmbər əfəndimizdən
                   Dini kisrətdən də söz ola bilməz
                   Şəriətə tabe olmalı hər kəs

Səməd Behrəngi:
                   Yaxşı, ölkədə çox, ulus var ancaq
                   Onların yazqısı nasıl olacaq?

Hənifnəjad:
                   Milliyət yox bizim görüşümüzdə
                   Şiə ümmətinə bağlıyıq biz də
                   Ümmət kimliyimiz bütün olmalı
                   Hər türlü nifaqdan uzaq durmalı
                   Bizim dinimiz bir, inancımız bir
                   Hər zaman sürəkli amacımız bir

Səməd Behrəngi:
                   Sizin dediyiniz “bir”lik əslində
                   Böylə bir düşüncə yaradır məndə
                   Faşizm yuva salmış içərinizdə
Yerləşib yurd salmış düşüncənizdə

(Hənifnəjadın üzünə şaşqınlıq qonar. Şaşqınca Səməd Behrəngiyə baxar. Bir az sürə səssizlik sürər. Hənifnəjad əllərini həyəcandan ovuşdurar. Ayaq qalxıb sərt bir üslubla oturuduğu oturacağı masanın altına itələyib və getməyə hazırlaşaraq danışar)

Hənifnəjad:
                   Ağayi Behrəngi, baxışlarınız
Bölücü fikirdən oluşur, yalnız
Bizim ümmətimiz bunlara uymaz
Böylə görüşləri ciddiyə saymaz
Bilmiş ol, böyləcə rəftarınla sən
Cavab alacaqsan ümmətimizdən

(Sürətli adamlarla Behrəngi ilə əl sıxışmadan səhnəni tərk edər. Səməd Behrəngi əlini alnınına dirək edib fikrə dalar. Daha sonra yavaşca ayağa qalxıb səhnənin önündə gəzişər. Səhnənin tam önünə gəlib öz-özünə danışar)

Səməd Behrəngi:
Dili kor edilmiş, əzilmiş ulus
Nə düşüncə anlar, nə də anlar us
Qaranlıq yurduma vahimə salmış
Yetişkin gənclərin ağlını çalmış
Kəndi kimliyini buraxmış hər kəs
Boş-boş xülyalara göstərmiş həvəs
Özgürlük anlamı məzmunsuzlaşmış
Yabancı fikirlər yurda bulaşmış
Ey Azərbaycanın türk evladı sən
Dili qurtarmaqla görəvlənmisən
Təhlükə var isə, qurtuluş gərək
Dilimiz qurtuluş bəkləyir demək
Özgürlük— yararlı olmaq duyqusu
Yurduma lazımdır sanki hava-su
Duysun məni zaman, söyləyirəm tam
Türkçənin özgürlük savaşçısıyam
(Pərdə)

Üçüncü səhnə
Bulut Qaraçörlü Səhənd ortada, Behruz Dehqani Sağda və Əlirza Nabdil Oxtay solda bir yerdə səhnəyə daxıl olurlar. Masa arxasında otururlar.

Behruz Dehqani:
                   Bulut Qaraçörlü Səhənd, ulu ad
                   Marağa elindən yüksələn fəryad
                   Xoş gördük,
Səhənd:
                   Xoş bulduk
Nabdil Oxtay:
                   Xoş gəlmişsiniz!
Səhənd:
                   Təbrizə gəlişkən, düşündüm ki, mən
                   Sizləri görmədən getsəm Təbrizdən
                   Əsla yaxşı olmaz, sizlər çox cavan
                   Sizlərdən çox şeylər bəkləyir zaman
                   Səməd Behrəngi bəy hardadır Şimdi?
Behruz Dehqani:
                   Bir azdan gələcək dün söyləmişdi

Səhənd:
                   Xeyli məmnun qalır, zövq alır insan
                   Səməd Behrənginin çabalarından

                   Behruz Dehqani:
                                      Ədəbi axımda varoluşçuluq*
Daha çox etkindir oluşumçuluq
                  
                   Səhənd:
                                      Bilgilər, duyqular odaqlaşmalı
Ana dilimizdə kitablaşmalı
Endikcə biz dilin dərinliyinə
Vararıq varlığın ənginliyinə
Əgər dil gedərsə, vətən də gedər
Ancaq dil torpağı bir vətən edər
Dil əski soylardan tutruqdur11 bizə
Dədəmiz qorquddan tutsuqdur12 bizə
Varlığın gizləri dildə saxlanar
Anlamlar birikib dildə sağlanar

Behruz Dehqani:
Məncə bir alt qurum var bir üst qurum
Dil bu qurumları bağlayan durum
Maddəylə mənanın arasında dil
Bağlacdır, bu üzdən önəmli deyil

Səhənd:
Dil ağlın doğası, ruhun bilgisi
Dirək düşüncəylə vardır ilgisi
Dili yaxşı bilmək kəndiliyindən
Bir uzut sayılır həm də dərindən


Nabdil Oxtay:
Soruyla cavabın çatışmasından13
Doğub da yoğrulur yep-yeni zaman
                   Zaman dəyişimlər bütünüdürsə
                   Bizlərdə dəyişməz qalmış nədənsə

Səhənd:
Zamanın ruhunu işıqlandıran
Əsərlər yazılsa, dəyişər zaman
Zaman düşüncədə yaxalanırsa,
Qoşar, aydınlığa qovuşar dünya
Yəni bizim dünya, milli dünyamız
Çağdaşlaşmaq ilə nurlanır yalnız
Daşlaşmış düşüncə sanki zərrədir
Devingən14 düşüncə dalğa kimidir
Zərrə mərkəzləşmiş enerji ikən
Dalğalar bir gücdür daim devingən
Zərrələr iç-içə girməzkən, ancaq-
Dalğalar içləşər qucaqlaşaraq
Devinən düşüncə sanki dalğadır
Aydınlama özü dalğa-dalğadır
Daşlaşmış fikirlər zərrələşmişdir
Zərrəylə uğraşmaq boşuna işdir
Öz millətimizin varlığından biz
Dalğalı görüşlər öyrənməliyiz
Əgər qaranlığa batmışsa zaman
Biz dərs almalıyıq Dədə Qorquddan
Dədəmiz Qorqudun buyuruqları
Sökər hər tür saxta uyduruqları
Dalğadır, aydınlıq dalğasıdır o
Ordakı igidlik, şərəfli duyqu
Bu gün gərəklidir millətimizə
Aydınlıq gətirər kimliyimizə

Nabdil Oxtay:
                   İşçilər qalxırkən inqilablara
Millətçi duyquyla çıxılmaz yola
İnqilab eşqiylə yaşarkən cahan
Millətçi duyqudan danışmaq ziyan
Bütün zəhmətkeşlər birləşirkən biz
Devrimə ihanət etməməliyiz
Zaman, inqilablar zamanı indi
Millətçi görüşlər artıq yenildi

Səhənd:
                   Oxtay!
                   Diqqətli ol, öz millətinə
                   Qarşı gəlmə yersiz görüşlərinlə
                   “İndiki zaman”ın anlamı nədir?
                   Ulusdan ulusa zaman fərqlənir
                   Başqa ölkə üçün indiki zaman
                   Bizimçün də eyni olmadığından
                   Biz öz zamanımız istəklərindən
                   Söhbət etməliyik, qurtulsun vətən
                   Sən öz millətinin zamanlarından
                   Ayrılsan, həyatın məhv olur inan!
                   Bütün sağlı-sollu görüşlər ancaq
                   Türkləri yox etmək üçün bir tuzaq
                   Sən türksən, türklüyün olmalı öndə
                   Madamki şairlik var imiş səndə
                   Yaz ana dilində yüksəlsin bu dil
                   Ağlından yabancı görüşləri sil!

Nabdil Oxtay:
                   İnqilab olmasa bu yoxsul kütlə
                   Necə qurtulacaq, ustadım, söylə!

Səhənd:
                   Ən böyük inqilab türkçə yazmaqdır
                   Türkçə yazmaq üçün çabalamaqdır
                   Türk dili ölkədən silinməkdəykən
                   Türkçəni sevməli hər bir həmvətən
                   Türk dili eşqimiz və sevgimizdir
                   Türkçəmiz çağlayan coşqun dənizdir
                   (Cebindən bir kağız parçası çıxarıb davam edər)
                   Yenicə yazdığım bu şeirimi mən
                   Oxuyum sizlər də dinləyin lütfən!      
                   “Talehimə sən bax!
                   Düşüncələrim yasaq!
                   Duyqularım yasaq!
                   Keçmişdən söz açmağım yasaq!
                   Gələcəkdən danışmağım yasaq!
                   Ata— babamın adlarını çəkməyim yasaq!
                   Bilirsən?
                   Anadan doğulandan belə,
                   Özüm bilməyə- bilməyə
                   Dil açıb danışdığım dildə
                   Danışmağım da yasaq imiş
                             Yasaq!”**
 (Bir az duruxub sorar)
                   Səməd Behrəngidən çıxmadı xəbər!

Behruz Dehqani:
                   Yəqin gecikmişdir, bir azdan gələr
(Bu zaman Mərziyə Üskülü ağlayaraq, qoşa-qoşa səhnəyə girər. Mərziyəni ağlar görən hər kəs ayağa qalxar)

Mərziyə Üskülü (qorxunc həyəcanla):
                   Oxtay!
                             (ağlamaq danışmasına izn verməz. Oxtay Mərziyəni düşməməsi üçün tutar. Mərziyə özünü zorla toparlayıb davam edər)
                   Oxtay, Behruz!
                   Səməd boğulmuş!
                   O, bizim dostumuz qarabaxt olmuş!
                   (Hər kəs şaşqınca bir birinə baxar. Mərziyə özünü toparlayıb davam etməyə çalışar)
                   Səməd Behrəngini boğmuşdur Araz!

Behruz Dehqani:
                   Yanlış xəbərdi bu, yox, belə olmaz
(Mərziyəni oturacaqda oturdurlar. Mərziyə içini çəkə-çəkə başı əllərinin arasında. Bir sürə kimsə danışmaz. Daha sonra Səhənd kədərli səslə sözə başlar)
Səhənd:
                   “Səməd!
                   Nə yazım Səməd?
                   Dənli xarmanımın yanmasın yazım?
                   Sərin su kuzəmin calanmasın yazım?
                   Dağlı sinəmin alovlanmasın yazım?
                   Mən sənə nə yazım Səməd?
                   Həsrətimi kim yaxacaq?
Göz yaşıma kim baxacaq?                                    
Araz...yenə də axacaq!
Kimi çağırım?
Nə qədər bağırım?
Sə..məə...d!
Söylə mənə!
Söylə Araz!
Nədən bizimlə oldun böylə Araz?
Kəsdin iki qardaşın arasın,
Aldın Muğanın “Sara”sın,
Boğdun yurdumun dəyərli balasın,
Bəsdir!
Bəs...dir!
Qurbanımı qəbul eylə Araz!”***
(Səssizlik davam edər. Daha sonra Nabdil Oxtay danışmağa başlar)

Nabdil Oxtay:
“Oxudu qaranquş ayrılıq sözün,
Mürüvvət əhlinin gözü yoldaykən.
Cumdu tufanlara, unutdu özün,
Ulduza nə cavab verəcəyəm mən?

Düşmən tənə vursa, Səməd hardadır,
Əlimi sinəmə çalıb deyərəm -
Səməd könlümdədir, ürəy
imdədir,
Döyüşər, ölsə də, dönməz elindən.

Qışda qarlı dağlar soraqlasalar
Təbrizin gül oğlun, mehriban oğlun.
Bir haray çəkərəm - Ey uca dağlar
Axtarın Arazın Çənlibelindən.

Onun sədaqəti can verir bizə.
Alovlu eşqindən ilham alırıq.
Hər dəqiqə baş çəkir ürəyimizə.
Müğayatlıq edir öz əkdiyindən.

Bu bir nağıldır ki, ellər söyləyər,
Bir səsdi, düşsə də o biri deyər.
Nağılçı dayanar, söz davam edər,
El üçün yaşayar burda bəslənən.

Söyləyən gedəcək, sözü qalacaq,
Ədalət nağılın el doğduracaq,
Zülm evi ədlinən bərbad olacaq,
Səmədı qarşıda görəcək düşmən.”****
(Kədərli susqunluq davam edər. Qəmli musiqi altında pərdə qapanar)
son
05.11.2010
Səhər saat 05.45
Finlandiya-Tampere




* Pəhləvi Rejimi dönəmində işkəncə altında öldürülmüş türkdür.
** Pəhləvi Rejimi dönəmində işkəncə altında öldürülmüş türkdür
*** Böyük şair
**** Pəhləvi rejimi dönəmində öldürülmüş türkdür.
***** Pəhləvi rejimi dönəmində marksist örgütün qurucusu olaraq öldürülmüşdür.
****** Hənifnəjad dini bir örfüt qurduğu üçün edam edilmişdir.
******* Səməd Behrəngi çocuq yazarı və Güney Azərbaycanda türk folklorunun araşdırmacısı. Araz çayında boğulmuşdur.
* Çözgə- çarə
1 Us— ağıl
2 Uzut— sənət
3 Odaqlaşmaq—mərkəzləşmək
4 Ərək—hədəf
5 Evrim— təkamül
6 Devinim—hərəkət
7 Hörüt— mətn
8 özdeş— eyni anlamlı
9 Əsinlənmək— ilham almaq
10 Kisrət— pluralizm
* Existencialism
11 Tutruq— əmanət
12 Tutsuq— vəsiyət
13 Çatışma—toqquşma
14 Devingən— hərəkətli
** Şeir Səhəndə aid
*** Şeir Səhəndə aid
**** Şeir Nabdil Oxtaya aid.

Hiç yorum yok: