Sünnət əhli, yalnız peyqəmbərin söylədiklərini hədis olaraq qəbul edər. Şiə əhli isə, imamların da söylədiklərini hədis kimi qəbul edər. Siffeyn savaşından sonra Hz. Əli tərəfdarlarının izlənməsi durumu daha da kötüləşdirmişdi. Bu təqiblər üzündən istər-istəməz fikri örgütlənmə daha da güclənməyə başlamışdı. Xəvaric eyni cümə günündə Əlini, Müaviyəni və Əmroası öldürməyi qərarlaşdırmışdılar. Əmroas o cümə namaza getmir və öz yerinə pişnamaz olmaq üçün şəhərin polis rəisini göndərir. Bu saldırıda şəhərin polis rəisi öldürülər. Müaviyə yaralanar və Əli də yaralandıqdan üç gün sonra vəfat edər. Əlioğlu Həsən bu zaman 37 yaşında olmuşdur. Müaviyə və Həsən arasında barış andlaşması imzalanır. Bu andlaşmaya görə Müaviyənin ölümündən sonra xilafətin Həsənə keçməsi gərəkirdi. Hüseynin bu andlaşmaya qarşı çıxdığını yazarlar. Həsən və Hüseyn Müaviyədən hədiyələr alırdı.[1] Ancaq Müaviyənin planı üzərinə Həsənin qadınlarından biri onu zəhərləyib öldürər. “Həsən ibni Əli çox evlilik yapmışdı. Yetmiş kənizlə evlənmişdi.”[2] Əməvilər dönəmində camilərdə cümə namazından sonra toplu şəkildə Əli və oğullarına lənət göndərərdilər. Zamanla bu alışqanlıq halına gəlmişdi. İndiki şiənin “aşura ziyarəti” namazında Əbubəkirin, Ömərin, Osmanın lənətləndiyi kimi. Əməvi Ömər ibni Əbdüləziz (679-720) iki illik iqtidarı dönəmində Əli və oğullarına lənət göndərməyi yasaqlayır. Abbasi Əlmütəvəkkil iqtidara gəldikdən sonra Əlioğlu Hüseynin məzarını söküb yerinə su bağladı. Əlmütəvəkkil öldükdən sonra oğlu Hüseynin məzarını qismən onardı və ziyarətini əngəlləmədi. Daha sonra Büveyh oğulları tərəfindən onarıldı. Səfəvilər, Nadir Şah və Qacar dönəmində indiki duruma gətirildi.[3] Qədiri-xum olayını da Büveyhlilər rəsmi gün və bayram olaraq tarixə soxmuşlar.[4]
Şiə axımının oluşumunda üç etkili etkən olmuşdur: 1- Peyqəmbərin vəfatından sonra Əbubəkirin xəlifə olaraq seçilməsi. Tarixi verilərə görə Əli peyqəmbərin dəfn mərasimi ilə məşğul ikən Əbubəkiri xəlifə seçmişlər. Şiə bunu Əliyə qarşı yapılmış haqsızlıq olaraq dəyərləndirər. 2- Siffeyn savaşından sonra 661-ci ildə xilafətin Müaviyəyə devr edilməsi. 3- Əlioğlu Hüseynin 680-ci ildə Müaviyəoğlu Yəzid tərəfindən öldürülməsi.
Əlinin Osmanın qətlində əli olmamışdır. Ancaq Müaviyə deyirdi ki, qətli Əli planlamış. Hz. Ayişə, Təlhə və Zübeyr qatilləri yaxalamadığı üçün Əlini tənqid edirdilər. Onlara görə Əli qatilləri cəzalandırmaq yerinə dövlət vəzifəsində çalışmaqdadır. Bu üzdən də Əli və Hz. Ayişə arasında savaş olmuşdur. Cəməl savaşında Hz. Ayişə yenilər və yaxalanar. Hz. Əli deyər ki, Ona sayqı göstərmək bizim görəvimiz, günahı varsa, Allaha həvalə edirik. Hz. Əli xəlifə olduqdan sonra müxalifləri üç dəstədən ibarət idi: 1- Nakəsin. Öncə Əli ilə biət sonra biətlərindən vaz keçənlər. Təlhə və Zübeyr kimi. 2- Qasitin. İlk başdan Əlinin xilafətini qəbul etmirdilər. Müaviyə və yandaşları kimi. 3- Mariqin. Siffeyn savaşından sonra Hz. Əlidən ayrıldılar və “xəvaric” adlandılar. Bunlar Hz. Əli üçün Müaviyədən də təhlükəli düşmənlər oldular və sonunda da xəvaricdən biri olan İbni-Mülcəm Hz. Əlini öldürdü.
Əli zamanında şiə siyasi və etiqadi bir anlam daşımazdı. Tərəfdar anlamında idi. Ərəb dilində də şiə tərəfdar deməkdir. Əli şiəsi və Müaviyə şiəsi var idi. 28-ci surənin 15-ci ayətində və 37-ci surənin də 83-cü ayətində “İbrahim şiəsi” ifadəsi keçər. “Şiə” qavramının tərəfdar anlamının dışında siyasi və etiqadı anlam daşıması sonrakı tarixi olayların ürünü olacaqdı.
Həsən ibni Əli də öldürüldükdən sonra qardaşı Hüseyn də Müaviyəyə qarşı etirazda bulunmadı. Müaviyə həyatda ikən oğlu Yəzidi varis duyurdu. Bu, İslam gələnəyini pozmaq idi. Çünkü Əbubəkir və Ömər öz oğullarını varis olaraq duyurmamışdılar. Müaviyə Hüseyndən oğlu üçün biət almaq istəmədi. Bunu zamanın axışına buraxmışdı. O, həm də güclü siyasətçi və düşmənşünas idi. Oğlu Yəzidə tapşırmışdı ki, Hüseyn ibni Əli və Ubeydullah ibni Zubeyrə diqqət etsin. Böyləcə Müaviyə öldü və Yəzid atasının yerinə keçdi. Yəzid Mədinənin elbayına (valisinə) bir məktub yazaraq Hüseyndən biət almasını istədi. Hüseyn silahlı adamlarını götürüb valinin yanına getdi və dedi ki, əgər görüşmə çox uzun sürsə içəri girərsiniz. Vali biət təklif etdi və Hüseyn qəbul etmədi. Bir gecə düşünmək üçün vaxt istədi. Evinə döndüyündə bilirdi ki, yarın biət etməyə getməsə öldürüləcək. Bu üzdən ailəsi ilə bir yerdə o gecə gizlincə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin ağlından keçənlər bilinmir. Yəzidə qarşı savaş açma ehtimalı olmamışdı. Ancaq Yəzidi qəbul etmədiyi bəllidir. Məkkədə də Yəzid adamlarının onu və ailəsini öldürəcəyindən çəkinirdi. Hüseynə xəbər verdilər ki, paltarlarının altında silah gizlətmiş olan adamlar həcc törəni etməkdədirlər. Bunlar kəsinliklə səni və ailəni öldürmək üçün göndərilmişlər. Keçici də olsa, Hüseyn özünün və ailəsinin güvənliyini təmin etmək fikrində idi. Bu zaman Kufə ağsaqqallarının Hüseyni dəvət etmə məktubları gəldi. Kufə Hz. Əlinin də başkəndi olduğu üçün Əli soyuna sayqı var idi. Bu ana qədər Hüseynin söhbətlərində qiyam, inqilab kimi sözlər keçməməkdədir. Bunlar 20-ci əsrdə ürətilmiş və Hüseynə ətf edilmiş anlamlardır. O, sadəcə ailəsinin güvənliyini sağlamaq üçün düşünmüşdü. İmam əmisi oğlu Müslim ibni Əqili Kufənin durumunu yoxlamaq üçün oraya göndərir. Müslümü yaxşı qarşılayırlar. Müslüm də İmama yazır ki, Kufəyə gəlsin. Bir ay sonra Kərbəla hadisəsi gerçəkləşəcəkdi. Yəzid, İbniziyadı olayı yatışdırmaq üçün Kufəyə göndərir. Hüseyn də bu arada Məkkədən kufəyə doğru yola çıxmışdı. İbniziyad təhdidlə Kufə əhlini imam yandaşlığı yapmaqdan alıqoyar və Müslim ibni Əqili də yaxalayıb öldürərlər. İbniziyad kufəliləri həm də Hüseynə qarşı silahlandırar. Hüseyni Kufəyə dəvət edənlər bu dəfə silahlanıb O´nunla savaşmaq üçün bəklərlər. Kufəyə yola düşmüş olan Hüseyn Müslümün ölüm xəbərini duyduğundan Kufəyə getmək istəməz. Ancaq Hüseyn öylə bir məkana çatmışdı ki, orada Onu və ailəsini səssizcə quşatıb öldürmək mümkün idi və Əməvilər bu fürsəti qaçırmaq istəmədilər. Əməvi ordusunun başında duran Hürr Hüseynin ailəsini mühasirə edər və Yəzidə biət etməsini istər. Hüseyn deyər ki, buraxın mən gedim başqa ölkəyə. Ancaq Hürr izn verməz və deyər ki, biət etməlisiniz, mənə böylə əmr verilmiş. Hüseyn bu səhrada tuzağa düşdüyünü hiss edər. Artıq çıxış yolu qalmamışdı. İmam Hüseynə dayatırdılar ki, ya Şama gedəlim Yəzidlə biət et, ya da Kufəyə gedəlim Yəzidin nümayəndəsi İbniziyadla biət et. Ya da burda biət et və xəbərini biz Yəzidə göndərəlim. İmam Hüseyn burada dirənmək qərarına gəlir. Kərbəla olayı bu şəkildə gerçəkləşər. Hüseyn ölmək üçün yola çıxmamışdı. Hətta Yəzidlə savaşmaq üçün də bu yolçuluğa çıxmamışdı, çünkü savaşa çıxan ordu ilə çıxar, sadəcə yanındakı balaca yaşlı çocuqları və ailəsi ilə deyil. Ona görə də aşura günündən öncəki gün açıqca ətrafındakılara deyir ki, mən buraya savaşmağa gəlməmişdim. Ancaq durum öylə olmuş ki, geriyə dönüş yoxdur, Yəzidə də təslim olamam. Siz istərsəniz gedə bilərsiniz. Çünkü Yəzid mənim biətimi istəyir sizin deyil. Ancaq Hüseynin yanındakılar Onu yalnız buraxmır və orada Hüseynlə qalıb savaşaraq ölməyi tərcih edirlər. Hz. Hüseyn yola çıxdığında o zaman hələ həyatda olan bəzi səhabilər İmama deyirlər ki, bu yol uğurlu yol deyil, vaz keç bu yoldan. Ancaq Hüseyn başqa hesablar yapmışdı. Onları da dinləməyərək yola çıxmışdı. İbniziyadın əlinə qaçırmaması gərəkən fürsət düşmüşdü. Hüseyn öz ayağı ilə öylə bir səhraya gəlmişdi ki, orada öldürülməsinin xəbərini də kimsə duymayacaqdı. Necə ki, çox sonralar Hüseynin və ətrafındakılarının şəhadət xəbəri yayılmağa başladı. Kimsə xəbər tutmadan Əməvi dövlətinə zidd olan Hüseyn amilini ortadan qaldırmaq üçün İbniziyad uyqun fürsəti əldə etmişdi. Fürsəti qaçırmadılar və susuz bir səhrada Hüseyni ətrafındakılarla bir yerdə şəhid etdilər.
Yəzidə qarşı qiyam edən bir başqası idi. Ubeydullah ibni Zübeyr idi. Müaviyə oğluna ona diqqət etməsini tapşırmışdı. Ubeydullah ibni Zubeyr Mədinədə açıqca Yəzidə qarşı savaş açdı. Yəzid Mədinəni bu savaşda viran edib çoxlarını öldürdü. Ubeydullah ibni Zubeyr Mədinədən Məkkəyə fərar etdi. Yəzid Məkkədə də onu izlədi. Məkkəni mühasirə etdi. Ancaq tam bu sırada Yəzid öldü və məkkəlilər qətl edilməkdən qurtuldular. İmam Hüseynin metodu Ubeydullah ibni Zubeyrinkindən fərqli idi. Daha sonrakı dönəmlərdə şiə ədəbiyatında Hüseynin şəhadəti üzərinə çox bilgi ürətildi. Bəzən də gerçək olmayan xəyali şeylər bu olaya yüklədilər. Kərbəla olayının hər kiçik anısına şeirlər yazıldı, rəsm əsərləri çizildi. Ordakı fədakarlıqlar sənətlə estetizə edildi. Göz yaşlarına bürünərək insanların ruhlarına daşındı. Tarixi hadisə olmaqdan çıxıb bir sənət hadisəsinə dönüşdü. Yüzillər boyunca Kərbəla olayı üzərinə məzhəbi, etiqadi, estetik yöndən yatırıım yatırıldı. Bunun yanı sıra Kərbəla olayından siyasi amac üçün yararlanma olayı da olmuşdur.
Aşura günü sünnət əhli üçün də önəmli bir gündür. Bu gündə oruç tutarlar. Çünkü peyqəmbər ilk orucu bu ayda və bu gündə duyurmuş, ancaq daha sonra oruçluq ramazan ayına keçmişdir. Bu üzdən də Aşura günü orucunu yadigar olaraq hələ də unutmamışlar. Mərakeş kimi bəzi sünni ölkələrdə günün yarısını sevinər və yarısını kədərlənərlər. Günün birinci yarısı ilk oruc sevincidir və sonrakı yarısı Hz. Hüseynin kədəri. Bəzi sünnət əhli alimlər yəzidin bu işdə əlinin olduğunu şübhə ilə qarşılamışlar. Ona görə də Yəzidi lənətləmənin doğru olmadığını söylərlər. Onlara görə Yəzid xəta etmiş müsəlman ola bilər, ancaq bu, lənətlənməsi anlamına gəlməməlidir. Bu olay gerçəkləşdiyində nə sünnilik var idi, nə də şiəlik. Yəzid Əbusüfyanın nəvəsi idi. Peyqəmbərin qarşısındakı yenilgələrini unutmamışlar və intiqam peşində olmuşlar. Bunu Yəzid açıqca söyləmişdir. Demişdir ki, Bənihaşim qəbiləsi vəhy adına iqtidarı ələ keçirmişdi. Nə vəhy var, nə pərdə arxasında bir şey var. Mən sevinirəm ki, öz borcumu yerinə yetirmişəm. Dədələrimin intiqamını peyqəmbərin nəvələrindən aldım. Kərbəla faciəsində İmam Hüseyn şəxsiyətinin höküməti təhdid etməsinin yanı sıra bir də olayın kökündə Əməvilərin əski intiqam duyqusu durmuşdur. Şiə düşüncə həyatını etkiləyən İmam Hüseynin həyatı bir istisna olmuşdur. Ancaq bu istisnanı sonrakı yüzilliklərdə qanuna uyqunluğa dönüşdürdülər. Sanki bütün imamlar Hüseyn kimi davranmışlar kimi bir tablov çizdilər. Ancaq imamların heç birisi qiyam etməmişdir. Əli Müaviyə ilə barışı qəbul etdi. Həsən də o şəkildə. Sonrakı imamların da hamısı zamanın iqtidarları ilə anlaşmışlar, xilafətə qarşı çıxmamışlar.[5] Kərbəla olayı şiənin etiqadı istiqamətə yönəlməsinə təkan verər.
Kərbəla olayından beş il sonra Muxtar Səqəfi Hüseynin intiqamını almaq üçün qiyam edər. Muxtar Səqəfinin qiyamı şiənin radikal bir ideoloji olması yolunda böyük təsir göstərər. Zeynəlabidin Yəzidə biət etdiyi üçün Muxtar onun imamlığını qəbul etməz. Əlinin Məhəmməd Hənifə adında bir oğlunu kəndisinə imam olaraq bəlirlər. O da siyasətdən və devrimdən uzaq bir həyatdan yana idi, böylə işlərə qatılmaq fikri yox idi. Muxtar Səqəfi Sasani ordularını yenən Sə´d ibni Vəqqası, Hüseynin qatilləri İbniziyad və Şimri işkəncə altında öldürdü. Muxtarın və Hənifənin qətli ilə bu hərəkət durduruldu.
Şiə fiqhinin iki qolu var: 1- İxbari. 2- Üsuli. Sosial gəlişmələr baxımından önəmli sonuçları olan bu məktəblərdən, ixbarilər fiqh üçün əhli-beytdən gələn hədislərə ağırlıq verər. Üsulilər isə, ağlı önə çıxarmağa çalışaraq ictihadı savunarlar. Bunlara görə insanlar təqlid edən və təqlid edilənə bölünürlər. Ixbarilərə görə isə, bütün insanlar imamı təqlid etməlidirlər və müctəhid olmaları caiz deyildir. Dini də hər yönü ilə ancaq imam bilməkdədir. Bütün müctəhidlər uyulması gərəkən otoritələrdir. Ancaq birisi mərcəi-mütləqdir. Yəni digər müctəhidlər də ona uymalıdır.
Zeyn-əl Abidinin iki oğlu arasında imamət haqqında sorun olmuşdur. Zeyd və Baqir. Zeyn-əl Abidin öldükdən sonra bir qisim baqiri deyil, Zeydi imam olaraq qəbul etdi. Bu firqə zeydiyə olaraq tarixə keçdi. Zeyd və qardaşı Baqir arasında ixtilaf var idi. Zeyd qardaşını Əməvi zülmü qarşısında səssiz qalmaqda suçlayırdı. Zeyd imamətin şərtini qılıc və qiyam olaraq görürdü. Bir gün qardaşına demişdi: bizim atamız gerçək imam olmamış, çünkü heç bir zaman qiyam fikrində olmamışdır.[6] Zeyd özü Əməvi xəlifəsi Hişam ibni Əbdülməlikə qarşı qiyam edib şəhid oldu. Günümüzdə Yəmən əhalisi zeydi məzhəbindədir. Şiənin beşinci imamı Baqir də dönəmin iqtidarları ilə sorun yaşamamışdı. İmam Cəfər Sadiq elmlə daha çox uğraşırdı. Şiə məzhəbinin əsasında Cəfər Sadiqin təlimlərinin durduğunu yazarlar. Yalnız onun öyrənciləri şiəliyin deyil, sünni məzhəblərinin əsasını qoymuşlar. Ancaq Cəfər Sadiq heç bir yazılı qaynaq miras buraxmamışdır. Yalnız ondan nəql edilən rəvayətlər vardır. Bu nəqllər sonradan yetişən Şeyx Müfid, Şeyx Tusi, Şeyx Seyid Mürtəza kimi şiə fəqihlər tərəfindən qələmə alınmışdır. Şiənin dörd ana qaynağı bu kitablardır: 1- Məhəmməd Koleini “Üsuli-kafi.” 2- Əbucəfər Babuyə Qumi “Mən la yəhzərət-ül fəqih.”* 3- Şeyx Tusi “Təhzib vəl-ehkam”. 4- Şeyx Tusi “Əl-istibsar.”[7] Cəfər Sadiq ortaya öz məktəbini qoymuşdu. Bu məktəb sonrakı yüzillərdə “Cəfəri şiə” adlanacaqdı. Cəfər Sadiqdən yazılı mətn qalmadığı üçün bütün əldə olanlar rəvayətlərdir. Rəvayətlərin nə qədər güvənli olması bəlli deyil. Cəfər Sadiqə görə dünya bir gün də imamsız olmamışdır, olmayacaqdır. Cəfər Sadiq imamlığı ən yüksək mənəvi-ilahi məqam olaraq nitələsə də onlar üçün siyasət və hökümət haqqı tanımamışdı.
Cəfər Sadiqin vəfatından sonra ifrat bir şiə məzhəbi olan batiniyə ortaya çıxdı. Bunlar Cəfər Sadiqin böyük oğlu İsmayılı imam kimi tanıyırdılar. İsmayıl atası həyatda ikən ölmüşdü.[8] Cəfər Sadiqdən sonra iki şiə cərəyanı ortaya çıxar. Cəfər Sadiqin birinci oğlunu imam qəbul edən İsmailiyə və ikinci oğlu Musa kazimi qəbul edən imamiyə və ya isna-əşəri şiəsi.
Şiə, tarixi sürəc içində yüzə yaxın firqəyə parçalanmışdır. Onlardan ibrahimiyə, isna-əşəri, imamiyə, ismailiyə, zeydiyə, əhli-fətrət, əshabi-səhifə, səkkakiyə, fatimiyə, şeyxiyə, rafizi, hürufiyə, nöqtəviyə kimi firqələr daha məşhurdur.
Musa Kazimin oğlu və 8-ci imam Rza, Abbasi xilafətinin Xorasandakı vəliəhdidir. Həm imam Rza həm də oğlu 9-cu imam Cavad, Abbasi xəlifəsi Məmunun qızları ilə evlənmişlər. İmam Rza Ümmülhəbibə və oğlu Cavad isə, Ümmülfəzl ilə evlənmiş və toylarında xəlifə bol para xərcləmişdir. Riyan ibni Şeyb Məmunun vaqiənevisi olmuşdur. Şeyb 9-cu imam Cavadın Məmunun qızı ilə evlənməsi haqda bilgi vermişdir: “Saraydan yüksək sevinc və musiqi səsləri eşidilirdi. Saray sanki dənizdə bir gəmi kimi görünürdü. Xəlifənin kölələri başlarında altun qabları ortaya çıxdılar. Məmun kürəkəni imam Cavadın başına altun parçaları səpirdi. O gecə Məmunun bəyin və gəlinin başına səpdiyi altunlar hesabına çox adam yoxsul idisə, birdən-birə zənginləşdi.”[9] Daha sonra onun oğlu Nağı onuncu imam olaraq bilinir.
11-ci imam Samirədə yaşayırdı. Samirə əsgəri və hərbi şəhər olduğundan ona Həsən Əsgəri deyirdilər. Həsən Əsgərinin üç qardaşı bir bacısı var idi. Səfəvilər dönəmində Ayişə adı yasaqlanıb lənətlənsə də Onun bacısının adı Ayişə idi. Qardaşının birinin adı Cəfər idi. Şiə əhli ona “Cəfər kəzzab” deyirdi. Çünkü 11-ci imamın varisinin bəlirlənməsi üçün düzənləndiyi kommissionda Cəfər Allaha and içdi ki, qardaşı Həsən Əsgərinin oğlu olmamışdır. “Mehdi” adında dörd yaşında oğlunun olub qeybə çəkildiyinə inananlar ona “Cəfər Kəzzab” dedilər, yəni yalancı Cəfər. Həsən Əsgərinin dəfn mərasimində Cəfər meyit namazı qılmaq istər. Təkbir etmək üzrə ikən kimsənin gözünə görünməyən buğdayı bir çocuq önə çıxıb Cəfər Kəzzabı uzaqlaşdıraraq atasının meyit namazını özü qılmışdır. Cəfər çox az yaşasa da çoxlu evladları varmış.[10] Bu gözə görünməyən çocuq 12-ci imam “Mehdi”dir.
12-ci imam Mehdi atasının ölümündən dörd il öncə dünyaya gəlmiş və Samirədə bir quyuda qeybə çəkilmişdir. Yalnız “naib”lər və ya “bab”lar onunla irtibat qurmuş. Canını qorumaq üçün kimsəyə görünməmişdir. Osman ibni Səid adında birisi Mehdi ilə təmasda olduğunu iddia edib və şiə əhlindən para toplayırdı. Osman ibni Səid 45 il bu adla şiə əhlindən para topladı. Qeybə çəkilən Mehdi bu paraları harda xərcləyirmiş bəlli deyil. Sanki qeyblərdə də dükan bazr varmış, alış-veriş davam edirmiş. İmam Mehdi ilə irtibatda olan dörd kişidən biri də Məhəmməd Seyməri adında bir fars olmuşdur. Mehdinin qeybi iki mərhələdən ibarət olmuş. 1- 70 il davam edən kiçik qeybət. 2- Böyük qeybət. Kiçik qeybət ərzində dörd kişi ilə ilişkidə olmuş: 1- Osman ibni Səid. 2- Məhəmməd ibni Osman. 3- Hüseyn ibni Ruh. 4- Əli ibni Məhəmməd Seyməri.* Böyük qeybət bu dörd kişinin ölümündən sonra başlamışdır.**
Seyməri öldüyündə bir məktub göstərdi və bu məktubu Mehdinin yazdığını iddia etdi. Bu məktub Şeyx Tusinin “Qeybət” adlı kitabında verilmişdir. Səfəvilər dönəminin şeyxlərindən biri olan Məclisi də bu məktubu “Mehdiyi-moud” kitabında vermişdir. Bu məktubda yazılmış:
Tanrının adı ilə
Ey Əli ibni Məhəmməd Seyməri! Sənin ölümündən sonra Tanrı qardaşlarına səbr versin. Çünkü altı gündən sonra öləcəksən. İşlərini yerbəyer eylə və kimsəni də canişin təyin etmə. Çünkü böyük qeybət başlamışdır. Mən bir də tanrının izni ilə ortaya çıxacağam. Bu da zamanlar keçdikdən və yer üzündə zülm aşıb-daşdıqdan sonra olacaq. Şiələr arasında kimsə məni görüdüyünü iddia edib ortaya çıxacaq. Bilmiş ol ki, süfyaninin ortaya çıxışından və göylərdən fəryad gəlmədən öncə kimsə məni gördüyünü iddia edərsə, yalan söyləmişdir, yalançının biridir. Gerçək güc və iqtidar Tanrıya məxsusdur.
Qeybəti-kübradan (böyük yox oluşdan) sonra 945-ci ildə Əbuşüca´ Buveyh tərəfindən qurulan və imamiyə tərəfdarı olan Büveyhlilərin hakimiyəti ələ keçirməsi, imamiyə şiəsinin gəlişməsinə səbəb oldu. O tarixlərdə imamiyə şiəsi hədis, kəlam və fiqh sahəsində böyük irəliləmə qeyd etdilər. Şiənin ən mötəbər əsərləri bu dönəmdə yazıldı. Səlcuqlu hökmdarı Toğrul bəy 1055-ci ildə Bağdadı alaraq onların iqtidarına son verdi.[11] İslam tarixində heç bir hadisə “imamlıq” qədər haqsız qan tökməmişdir. İslamla heç bir bağlantısı olmayan iki anlayış da şiəyə məxsusdur. Onlardan biri “xums” və digəri “mütə”dir. Xums, yəni hər şiə var-dövlətinin beşdə birini beyt-ül mala,[12] yəni mollaya verməlidir. Mütə, yəni məta və şey. Yəni qadın bir əşyadır və keçici olaraq “siğə” adı ilə qullanıla bilər. Hər iki anlayış mollalıq və ayətullahlıq qurumunun maddi və seksual ehtiyacını gedərmək üçün gəlişdirilmişdir. İslamla ilgisi yoxdur.
[1] Peyğəmbərin vəfatından 40 il sonra Müaviyə öz siyasi rəqibi Əbutaliboğlu Hüseynin könlünü ələ almaq üçün ona o zaman cariyə adlanan bir neçə kəniz göndərdi. Havva adında bir cariyənin həyatı islam tarixində köləliyin necə çirkin bir vəziyətdə davam etməsini ifşa etməkdədir. Çünkü Havvanın Quranla dərin tanışlığı olmasına baxmayaraq, müsəlman olmaq istəməməsi diqqəti cəlb edir. Ən diksindirici hadisə odur ki, Havva Quranı əzbər bilsə də, ancaq müsəlman olmaq istəmir. Nədən? Çünkü müsəlmanların davranışlarından, iyrənc, qeyri-əxlaqi və alçaq davranışlarından qorxmuşdu. “Bir nəfər Müaviyəyə gözəl bir kəniz gətirdi. Müaviyə kənizin qiymətini sorduğunda adam “min dirhəm” dedi. Müaviyə bu məbləği ödəyib, digər əşyalarla bir yerdə kənizi Əlioğlu Hüseynə hədiyə göndərdi.”28 Hüseyn, dinin qaydaları əsasında yaşayan müsəlman idi. Bu qadından bir neçə soru sorduqdan sonra dərhal onun azad insan olmasına qərar verdi. Tarixi sənədlərdə Hüseynin bu qadının gözəlliyinə heyran olduğu söylənir. Onların arasında keçən söhbət bu şəkildə olmuşdur:
Hüseyn: Sizin adınız nədir?
Kölə qadın: Havva.
Hüseyn: Bu ad sizə çox uyğundur. Nə iş görərsiniz?
Havva: Quran və şeir oxumağı bacarıram.
Hüseyn: Qurandan bəzi parçalar mənə oxuya bilərsinizmi?
Havva: “və qeyb xəzinələrinin açarları onun yanındadır. Bunu onun özündən başqa kimsə bilməz. Torpaqda və dənizdə nə varsa, hamısından o xəbərdardır.”29
Hüseyn: İndi bir şeir də söyləyə bilərsinizmi?
Havva: Özgürcə danışa bilərəmmi? Sən mənim özgürlüyümü təmin edirsənmi?
Hüseyn: Bəli, edirəm.
Havva:
Səninlə daima bir yerdə olmaq,
Mutluluq və sevgi qaynağıdır, bax.
Ancaq nə etməli? Fanidir həyat,
Mutlu birlikdəlik mümkünmü? Heyhaat...!*
Tarixi qaynaqlardan alındığına görə, Əlioğlu Hüseyn bu zaman ağlamağa başlamış və demiş: “Artıq sən özgür bir qadınsan və Müaviyənin mənə göndərdiyi bütün hədiyələr də sənin olsun.” Daha sonra Hüseyn qalxıb namaz qılmışdı. (Fatimə Mernisi “Pərdələr arxasında gizlədilən tarix”, Qanun nəşriyatı Bakı-2008, s. 243-244)
[2] Dr. Taha Hüseyn, Əli və oğulları, s. 219.
[3] Həsən İmadzadə, Ondörd məsum, s. 801.
[4] Baqir-ul İslam univeristeti, “İslam tarixi” dərgisi, Sasan Təhmasibi “Ali-Buveyh”, s. 107.
[5] Dr. Əbdülkərim Soruş.
[6] Şəhristani, Əlmiləl vəl nəhl, 1-ci cild, s. 251.
* For him not in the Presence of a Jurisprudenceş
[8] İsmail Mutlu “Tarihte ve Günümüzde Caferilik”
[9] Şücaəddin Şəfa “1400 ildən sonra” s. 944.
[10] Dairət-ul maarifi- şiə 5-ci cild, Qamus-ul rical 2-ci cild, Əl-maarif vəl-maarif 2-ci cild.
* Səfəvilər dönəmində yasaqlanıb lənətlənməsinə baxmayaraq Mehdinin naiblərinin də adları Osman olmuş!
** Səfəvi qaynaqlaqlarında Mehdinin zühuru ilə bağlı bilgilər:
Səfəvi qaynaqlarında “Mehdi”nin zühuru ilə bağlı bilgilər bu şəkildədir: Səfəvi dövləti Mehdinin zühuruna qədər davam edəcək. Mehdi zühur etdiyində bəvasir və cüzam xəstəliyi yayqınlaşacaq. Mehdi zühur etdiyində günəş Doğudan deyil, Batıdan doğacaq. Mehdidən öncə “Süfyani” zühur edəcək. Süfyani Əbusüfyanın soyundan və çox çirkin görünümlü olacaq. Süfyaninin zühurundan amac şiələri qətl etmək olacaq. Məclisi “Mehdiyi-moud” adlı kitabında israrla yazır ki, Mehdidən öncə Süfyani zühur edəcək. Şeyx Tusi “Qeybət” kitabında “Amer ibni Vasilə”dən bir rəvayət nəql edər. Vasilə rəvayət edər ki, Əbutaliboğlu Əli “zühur zamanı günəş Doğudan deyil, Batıdan doğacaq və günəş günortadan axşama qədər hərəkətsiz qalacaq” söyləmiş. Mehdi zühur etdikdən sonra Ayişəni, Əbubəkiri, Öməri, Osmanı dirildəcək. Əhli-beytə zülm etdiklərindən dolayı onları yarqılayıb yenidən atəşdə yaxacaq. Məkkədə İslam düşməni olan bütün sünniləri qətl edəcək və qan su yerinə axacaq. Mehdi 19 illik iqtidarı sürəsincə bütün sünniləri öldürüb dünyanı şiələşdirəcək. Daha sonra saqqallı bir qadın tərəfindən öldürüləcək. Mehdinin cəddi Əlioğlu Hüseyn diriləcək və Mehdini dəfn etdikdən sonra “Müntəsir” (zalimdən intiqam alan) imam kimi 309 il iqtidarda olacaq. Daha sonra Əbutaliboğlu Əli gələcək və “Səffah” (natiq) imam kimi 44 min il iqtidarda olacaq. Sonra da Hz. Məhəmməd gələcək və 50 min il iqtidarda olacaq. Bu zaman bitdikdən sonra Mehdinin yenidən zühuru ilə bu proses sonsuzluğa qədər təkrarlanacaq. (Bax: Məclisi, “Bəhar-ul ənvar”, 13-cü cild, “Mehdiyi-moud”, tərcümə Əli Dəvani, s. 1223).
[11] İsmail Mutlu “Tarihte ve Günümüzde Caferilik”, s. 55.
[12] Ruhullah Xomeyni, İslami hökümət, İslami nehzət yayınları, 1971-ci il, s. 34.
Hiç yorum yok:
Yorum Gönder