Turan xanım Cavid
Anlamadığım bir
səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa çağırmışdı sanki. Orta
məktəbdə oxuduğum zaman Hüseyn Cavidin bir neçə lirik şeirini və özəlliklə
“İblis” dram əsərindən İblisin monoloqlarını əzbərləmişdim. Nədən sırf Cavidin
şeirlərini əzbərlədiyimin səbəbini bilmirdim. Bu monoloqları bir neçə dəfə də
Savalanın zirvəsində yüksək səslə, bağıraraq söyləmişdim. Yayda məktəblər
bitirdi və biz kəndə geri dönməli olurduq. Kənddə üç ay örüşlərdə qoyun otarırdım.
Bəzən qara buludlar göyləri sarıb, küləkli, boranlı yağış yağdığında qoyunlar
başlarını bir-birlərinin qarnının altına soxub duruşurdular. Göy gurultuları
qoyunları hürküdüb bir-birinə dayanmalarını daha da sıxlaşdırırdı. Qorxunc
ildırımlar çaxırdı. Bu zaman mən böyük bir qayanın üstünə çıxıb “İblis”dən
monoloqlar söyləyirdim. Təbiətin bu durumunu Hüseyn Cavidin “İblis” əsərində
səhnələşdirdiyi ortama bənzədirdim. Üzümü qoyunlara tutub “İblis”in
monoloqlarını yüksək səslə, bağıraraq söyləyirdim. Səsimi özüm belə, çətin
eşidirdim. Küləyin, yağmurun, göy gurultusunun səsi mənim səsimi boğurdu. Böylə
təbii ortamlarda Cavidin monoloqlarını söyləməkdən zövq alırdım. Sinifdə
tənəffüs saatlarında İblisin monoloqlarını yüksək səslə oxuduğum zaman sinif
yoldaşlarım heyrətlə dinləyib əl çalardılar. O zaman Hüseyn Caviddən əzbər
bildiyim şeirlər çevrəmi etkiləmək üçün bir vasitə olmuşdu. Bəzən evdə kimsə
olmadığında təkbaşıma bu monoloqları söylərdim. Böylə işlərdən anlamayan
qonşularımız səsimi eşitdiklərində dəli olduğumu sanırmışlar. Bir neçə dəfə
qonşularımız gəlinimizə “O, niyə öz-özünə danışıb bağırır?” deyə sormuşdular.
Hüseyn Cavidin şeirləri ilə içimdəki fırtınaları dışarıya boşaldırdım. Bir çox
hallarda da monoloqların sonunda hönkürtü ilə ağlayırdım. Artıq Hüseyn Cavid könlümün
ən yaxın sirdaşı olmuşdu. Elə bilirdim ki, Cavid bu əsərləri mənim üçün, yalnız
mənim üçün yazmışdır. Bir çox əsərlərini əzbərləmişdim. Bunları içimdə
təkrar-təkrar demək mənə zövq verirdi. Təbrizdə tələbə olduğum illərdə,
Tehrandakı münasibətlərimdə mədəni toplantılarda Hüseyn Caviddən monoloqlar
söyləyirdim. Bu monoloqları söylərkən, sanki ruhum qanadlanıb uzayın
sonsuzluğunda uçurdu. Hüseyn Cavidin başına gələn fəlakətləri öyrəndiyim zaman
çox ağır psixoloji sıxıntılar keçirmişdim. Xəstəhal olmuşdum. Savalanın
ətəklərinə çəkilib təkbaşıma ağlamışdım. Savalanla üz-üzə dayanıb göz yaşlarımı
tutamadan Cavidin monoloqlarını söyləmişdim. Savalan dağlarına, qayalıqlarına
vuruş kimi çarpılan hayqırtılarım geri dönmüşdü. Zirvədən dərəyə doğru qayalqılar qopub yuvarlanmışdı.
Cavidin
başına gətirilən faciələri bildikdən sonra monoloqlarını daha da enerjili
oxuyurdum. Hər oxuduğumda, sanki intiqam alırdım, Cavidin intiqamını. Dağın
bağrına çarpılan hayqırışlarım göylərə yüksəlmişdi:
“Ah, bilməm
ki, bu aləm nərəsi?
Bana bir
söylə, cəhənnəm nərəsi?
Şu sönük
qəlbimə atəş dilərim,
Ağlamaq istər
ikən həp gülərim.
Onlar, eyvah,
o səfil insanlar,
Qəlbi,
vicdanı sönük qaplanlar!..”
Savalan
ağrılarımı duymuş olmalı ki, mənimlə danışmağa başlamışdı:
“Söylə, aç
söylə, bilinsin dərdin,
O sönük qəlbi
ısındırmaq için,
Nə dilərsin
yaparım, etmə kədər..”*
Və cavab
vermişdim bu səsə:
“İntiqam
istərim, ancaq bu qədər!.. “
Savalanın
uçurumlarından yüksələn səs sorularına davam etmişdi:
“Söylə
kimdən? Əcaba, kimlərdən?”
Və cavab
vermişdim köksüm parçalanaraq bu suala:
“Tanrıdan,
yırtıcı sərsəmlərdən,
Şu batan
qanlı günəşdən, göydən.
Heçliyin
qəhqəhəsindən...
Ey sən!
Sən ki fəxr
etmədəsin ədlinlə,**
Bu nə xilqət,
bu nə hikmət? Söylə!”
Hayqırtılarım
Savalanı sarmalamışdı. Sanki öz ruhumu da Cavidin şeirlərinə qatıb
dinləyicilərin diqqətinə sunurdum. Heç vaxt yadımdan çıxmaz: Təbrizdəki
məclislərdə Cavidin monoloqlarını bütün enerjimlə oxuduğum zaman məclis əhli
bunu təəccübllə qarşılayır və dərin sükuta dalırdı. Hər şeir oxuyuşumdan sonra
məclisdəkilərin mənə olan sayqı və ehtiramları artırdı. Bu da mənim böyük iş
gördüyümü göstərirdi. Böyük işləri böyük insanlarla görmək olur. Cavid mənim
qəlbimdə və ağlımda yol göstəricim olmuşdu. Hətta məndən sonra muğam oxuyacaq
insanlar da özlərini çətin toparlayıb konsertə başlayırdılar. Milli şüurum
gəlişdikcə, dərinləşdikcə Cavidin ruhu və yaradıcılığı ilə təmas şəklim də
dərinləşirdi. Cavidin yaradıcılığındakı dərinlik, üslubundakı epik tutum, dil
zənginliyi məni tərbiyə edirdi. Ən çox əzbər bildiyim Hüseyn Cavid və Səhənd
idi. Bu iki uluruh mənə enerji verirdi. Artıq mən yalnız deyildim o fars
vurmuş, kimliyi itmiş, itirilmiş mühitdə. İçimdə Cavidin ruhunu daşıyırdım, yüksəlirdim,
güclənirdim. Özümü tarixi bir görəvin adamı olduğumu sanırdım. O zaman ulusal
görəvliliyin ən dərin və düşünsəl biçimini Cavidin əsərlərində görürdüm.
***
Bu şəkildə
gəncliyimin ən enerjili çağında Hüseyn Cavid ruhuma girmiş və məni
yönləndirməyə başlamışdı. Yazqım məni Bakıya sürüklədiyində içimdə Hüseyn Cavidin
yaratdığı dünya ilə gedirdim. Heç bir zaman xəyallarım və şeir dünyam Hüseyn Cavidsiz
olmadı. Əzbər bildiyim əsərlərini bəzən təkrar kitabın üzündən oxuma ehtiyacı
duyurdum. Bu gün də elədir. Yeni dünyaya gəlmiş oğlum Alpərə Hüseyn Cavidin
monoloqlarını yüksək səslə oxuyuram. Bakıda Hüseyn Cavidin nəslinin qalıb-qalmaması
ilə maraqlandım. Bir qızı həyatdadır, dedilər. Turan xanım adında. Turan xanım ailə
qurmamış, kimsə cürət edib onunla evlənmək istəməmiş. Çünki atası Hüseyn Cavid
kommunistlər tərəfindən xalq düşməni elan edilmişdi. Hüseyn Cavid öz millət
sevgisinin cəzasını, sadəcə özü çəkməmişdir, qızı Turan xanım da çətin bir
həyat yaşamağa məhkum edilmişdi. 2002-ci ildə Nasir Purpirarın “On iki əsr
sükut” kitabını tərcümə edib Bakıda yayınladım. Kitabdan bəzi tanıdığım
insanlara hədiyə verirdim. İki cild də Turan xanıma vermək istədim. Düşündüm
ki, Hüseyn Cavidin soyunu yaxından görmək üçün də yaxşı fürsət olar. Elmlər
Akademiyasında Turan xanımın hüzuruna vardım. İllər boyu qəlbimdə daşıdığım Cavidimin
soyundan birisini görə bilmə duyqusu məni həyəcanlandırırdı. İş otağında yalnız
idi. Görüşdükdən sonra tərcümə etdiyim kitabın ilk səhifəsini yazaraq hədiyə
etdim. Sonra da söhbət etdik. Haradan olduğumu soruşdu. “Ərdəbildənəm”
dediyimdə gülümsəyərək “O tərəflərdən gələnlərə bənzəmirsən” dedi. “Çünki ana
dilim üzərində çox zəhmət çəkmişəm, bu yolda Hüseyn Cavid də mənə yardımçı
oldu” dedim. “Necə yardımçı oldu?” deyə sordu Turan xanım. Ona “əsərləri ilə,
əsərlərini oxudum və əzbərlədim. Cavidi oxumaq Türk dilini dərinliyinə qədər
öyrənmək deməkdir həm də” dedim və sonra da Cavidin iki kiçik şeirini oxudum Turan
xanıma. Dalğın-dalğın dinləyirdi məni. Gözlərimi Turan xanıma zilləyib şeirləri
oxuyarkən Hüseyn Cavidin bu xanımda ölməz ruhunun cizgilərini axtarırdım.
Sibirdə sürgündə və işgəncə altında öldürülən Hüseyn Cavidin, qızının gözləri
ilə məni görməsini istəyirdim. İstəyirdim görsün ki, uzun illərdən sonra
Ərdəbilin kəndindən çıxmış bir gənc adam onun ideallarının arxasındadır, onun
açdığı yolda yürüməkdə qərarlıdır. Şeirləri oxuyarkən nədənsə gözlərimin yaşını
tuta bilmirdim. Öz-özünə axıb gedirdi. Turan xanım da səssizcə mənim göz
yaşlarıma baxaraq şeir oxumağımı dinləyirdi. Şeir bitmişdi. Turan xanımın da
gözləri dolmuşdu. Sanki göz yaşlarının yanaqlarından süzülməsini əngəlləmək
istəyirdi, ancaq bacarmadı. Çantasından bir dəsmal çıxarıb göz yaşlarını sildi.
Boğazım tutulmuşdu. Bir söz demək istəyirdim, ancaq boğazımı sıxan qəhər imkan
vermirdi. Özümü toparlayıb “Mən zəif adam deyiləm Turan xanım. Hüseyn Cavidin
ruhu və əsərləri ilə böyüyən insanlar güclü olurlar. Göz yaşlarım yüksəliş
anlamındadır” dedim. Turan xanım oturduğu yerdən qalxıb mənə yaxınlaşdığında
mən də yerimdən qalxdım. Yaxınlaşıb alnımdan öpərək “çox sağ ol!” söylədi. Mən
də Hüseyn Cavidin qızının önündə baş əyib əlindən öpərək “Hüseyn Cavid yenilmədi,
Cavid qalib gəlmiş Turan xanım. Onun monoloqları Savalan dağlarında öz əks-sədasını
bulmaqdadır” dedim.
Turan xanım
vəfat etmiş. Onu atasının məzarının yanında dəfn etmişlər. Ancaq Cavidin
əsərləri yaşayır. Yenə də Finlandiyanın ormanlarının dərinliklərində Cavidin
monoloqlarını söyləyirəm. Qonşuları rahatsız etməyim deyə ikərləyimlə
(velosipedimlə) çox uzaqlara gedirəm, kimsənin olmadığı yerlərə. Yalnız mən
oluram və bir də Hüseyn Cavid. Bəzən də Finlandiyanın qorxunc buz bağlamış
ormanlarında monoloq hayqırışlarım bəyaz səssizliyi qırır:
Şərqin əsəbi yavrusu bilməz
ki, nə yapsın,
Bilməz ki, sağır göylərə,
yaxud mənə tapsın…
2008-Finlandiya
Hiç yorum yok:
Yorum Gönder