21 Kasım 2012 Çarşamba

Füzulinin “söz” qəzəlinin açıqlanması




Füzulinin “söz” qəzəlinin açıqlanması

            “Söz” üzərinə bir çox düşünür fikir ürətmişdir. Bunlardan ən önəmlilərindən biri də Füzuli olmuşdur. Füzuli hürufilər kimi hərf və söz üzərinə cadugəranə və tilismli açıqlamalar etməmişdir. Varlığın, doğanın gizəmlərindən, Tanrının heyrətli yaradılışlarından biri kimi dil və söz üzərinə açıqlamalarda bulunmuşdur. Hürufiyə və aşırı şiə cərəyanları bu gün əlimizdə mövcud olan Quranı qəbul etməzlər. Başqa gizəmli bir kitaba inanarlar. Hz. Peyqəmbərin Əbutaliboğlu Əliyə verdiyi, o da evladlarına verərək gəlib Mehdiyə ulaşan və Mehdi ilə bir yerdə qeybə çəkilən “cəfr” və “camiə” adlı kitaba inanarlar. Ancaq günümüzdə İslamın inanc kitabı olan Qurani-kərim gerçəkdən də dünyanın ən böyük möcüzələrindən biridir. Hz. Peyqəmbər də “mənim möcüzəm bu kitabdır” söyləmişdir. Ərəb dilbilimciləri Quranı Ərəbcənin mərkəzləşmiş olağanüstü imkanları olaraq nitələməkdədirlər. Hər bir dil öz iç olanaqlarını səfərbər etdiyində böyük əsərlər yarana bilir və bu əsərlər bəşər mənəviyatını öz etkisi altına alır. 
            Füzuli bu bağlamda sözü düşüncənin ürəticisi və göstərəcisi kimi anlatmaqdadır. Bütün sirlərin, bilgilərin məkanı sözdür. Hər an yoxluqdan varlığıa bilgi axışı sağlayan və insanın düşüncəsini kainatla ilişkiləndirən sözdür. Ancaq bu sirrin necəliyini insan heç bir şəkildə anlamış deyildir. Söz necə var olur? Bunun yaradıcısı kimdir? Sözün insanın zehni ilə ilişkiləri necədir? Zehnin işləvsəlliyi sözləri qullanma və məna ürətmə doğrultusunda necə gerçəkləşir? Bu soruları sorumaqdadır Füzuli. Hürufilər bu sirrin mütləq doğru cavabını bulduqlarını iddia edirdilər. Hürufilərin tərsinə olaraq Füzuli cavabı bilməməkdədir. Sadəcə soru sormaqdadır və düşünmək və hətta inanmaq soru sormaqla başlar:
“Xalqa ağzın sirrini hər dəm qılır izhâr söz,
Bû, nə sirdir kim olur hər ləhzə yoxdan vâr söz?!”
            Söz Füzuliyə görə bir ölçüdür. Mənəviyatın, ülkünün, bilginin və əxlaqın ölçüsü sözdür. Yalnız sözə dönüşən, sözlərlə hörülən düşüncələr anlaşıla bilir. Sözə dönüşməyən mənanın varlığı duyulmaz. Məna sözlə ifadə olur. Sözlə toxunmuş olan məna alqılanır biçimini alır və qalarğı olur. Bu açıdan bu ölçünü sahiblənmiş insanlar bir dəyər ifadə edərlər. Sözə dəyər verməklə kişi öz dəyərini göstərmiş və artırmış olur. Hər kəsin ölçüsünü və “miqdarını” bəlli edən sözdür:
“Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, eylər əhlin ol miqdar söz.”
            Mənalı yaşam Füzuliyə görə sözə dəyər verməklə başlar. Sözü ehya etmək (diriltməklə) insan öz ağlının qaranlıqlarını aydınlatmış olur. Aydınlanma söz olmazsa, mümkün olamaz. Çünkü kainatda nəsnələr arasındakı sınırları bəlli edən yalnız sözdür. “Dağ”, “qaya”, “daş”, “çınqıl” kimi nəsnələrin cinsi eynidir. Ancaq bu sözlər eyni nəsnə arasındakı fərqi bəlli edir. Bu açıdan bilgi ürətmək, ağlın çalışqanlığını sağlamaq, ancaq sözə dəyər verməklə olanaqlı olur. İnsan cəhalət yuxusundan da söz dolayısıyla oyanmış olur. Sözə dəyər vermək həyat duyqularını canlı tutmaqdır, sözə dəyər verməmək ölüm və qaranlıq doğurar:
“Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.”
            Varlığı dərk etmənin tək bir açarı dildir və ikinci açarı yoxdur. Dil, varlıq və düşüncə üçü bir yerdə gözəlliklərin yaradıcısıdır. Düşüncənin ən kiçik birimi söz olduğundan insanın zehni dildən və sözlərdən asılı olur. Zehnin necə çalışdığı haqda bilim dünyası bilgisizdir. Tək bilinən zehinlə söz arasında gizəmli ilişkinin var olmasıdır. Bu gizəmli ilişki olmazsa zehin də çalışamaz. Bu açıdan dil zehnin güzgüsü kimi görünər. Beyinlər arası ilişkilər sözlərlə sağlanmış olur. Çağlar arası, minilliklər arası zehni ilişkilər də, yalnız və yalnız sözlər dolayısıyla mümkün olur. Yüzillər, miniillər öncədən qalıtım (miras) olaraq qalan və sözlərlə hörülmüş olan hörütlər (mətnlər) o çağlar haqqında bizə bilgi verər. Bu mətnlər dolayısıyla biz əski çağlarla əqli və zehni ilişki qura bilərik. Hörütnilim (mətnşünaslıq) bu açıdan əski, çox əski quşaqlarla zehni ilişkilər biçimində ortaya çıxar. Bu açıdan ölməz gözəllik sözdə barınmaqdadır. Gerçək gözəllik söz dolayısıyla sadəcə bir quşağa aid olmaz, bütün bəşərə və əbədiyətə aid olar. Könüllərdə yuva salan gözəllik sözlərlə hörülər. Qeybdən bizə xəbər verən də sözdür. Gerçəkdən də din kitablarını tanrı buyuruğu olaraq qəbul ediriksə, bu da ancaq söz aracılığı ilə gerçəkləşmiş olur. 
“Bir nigari-ənbərin xətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.”*
Gerçək bilinir qılınmadığı sürəcə xəyaldır, təvəhhümdür, gerçək deyildir. Bilinir qılınmaq idrak etmək deməkdir. Evrənsəl gerçək olsa bilə, idrakına varmadığımız şey bizim üçün yoxdur. Gerçək necə bilinir qılınar? Onu ölçülü duruma gətirməklə. Ölçü bəlirləmək şübhəni ortadan qaldırmaq və durumu ölçüsü bəlli olan aydınlığa qovuşdurmaqdır. Deyəlim ki, ormanlıqdayıq. Orada bir ev var. Bu evin içində adam olub olmadığını bilmirik. Durumu aydınlığa qovuşdurmaq üçün onu idarakımızın ölçüsünə buraxmalıyq. Uğrayıb qapını çaldıqdan sonra evin içində kimsənin olub olmadığını ölçmüş olacağıq. Ölçmədən gerçəyə ərişmək olmaz. Ölçü qavramı dərinliyinin bəlli qismi inanc və bəlli qismi isə idarkla bəlirlənir. Ancaq həm idrak, həm də inancın buluşduğu ortaq yer sözdür. Bunu da ancaq sözlərlə alqılanır və sezilir duruma gətirmək mümkündür. Bu ortamda ağlın söz alqılayışı ilə qəlbin söz alqılayışı fərqlidir, ancaq yenə də sözlədir qəlbin sezisi və ağlın qavrayışı. Sözlərlə Ölçəmək fərqindəliyi, bilincində olmağı gərəkdirər. Kainatın içində bir şey var və o, insan bilincində olanla uyum içindədir, bənzər şeylərdir. Bu bənzərlik olmasa, alqılama da olmaz. Ölçən bir ağıl olmasa, ölçülənlərin bir anlamı qalmaz. Ölçən və ölçülən arasında tək bağ quran sözdür. Bütün bu sirli oluşumların izhar meydanı sözdür və dil:
“Xazini-gəncineyi-əsrardır hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.”**
Kainatın qorxunc boşluğundan, içimizin sonsuz boşluğundan bizə anlam çağrışdıran yalnız sözlərdir. Söz olmasaydı, Kainat bir bilinməzlikdən ibarət olurdu. Kainata baxdığımızda məntiqli və mənalı bir axış, bir tablov görməzdik. Ancaq bu boşluğun içindən cəvahir çıxarmaq sözlərlə müyəssərdir. Bəşər sözlərlə varlığa və həyata bağlıdır. Sözün dışında heç bir şey yoxdur. Olsa da, onun varlığının insan üçün anlamı yoxdur. Varlığını göstərməsi üçün öncə qavramlaşaraq  dildə bir yerə sahib olmalıdır. Bu açıdan söz, uzay boşluğunda və insanın vücudundakı məna dənizində gizlin dürr və mirvarid kimidir. Mərifət dənizində üzməyi başaranlar bu dürrə və cəvahirə sahib ola bilərlər:  
“Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz.”***
            Söz, bilinclənmə və bilincləndirmə aracıdır. Hər şeydə bir ölçü olduğu kimi sözün də bir ölçüsü vardır. Ölçü həm kainatda, həm toplumsal yaşamda mövcuddur. Kainatın ölçülərini biz qoymamışıq, ancaq bizə onu kəşf etmə olanağı sunulmuş. Toplumsal ölçülərin də bir qismini biz qoymamışıq, fitrətimizdə yerləşdirilmişdir. Ancaq sözün ölçüsünü biz qoymuşuq. Söz, ölçüsünü aşdığında anlamsızlığa və heçliyə yönələr, insan izzətinin azalmasına səbəb olar:
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.”****
Füzulinin sözün fəlsəfəsini anladan bu qəzəlindən anlaşıldığı üzərə kaitandakı bütün etki və təpkilər dilə yansıyıb sözə dönüşdüyündə insan tərəfindən alqılanmaış, anlam qazanmış olur. Tarixdə, insan həyatında nə tür etkilərə qarşı, nə tür təpkilərin meydana gəldiyini dillə anlayırıq, sözlərlə anladırıq. 


* Könüllər almaq üçün xoş qoxulu bir gözldir. Qeyb pərdəsinin arxasından hər dəm üzünü göstərə söz.
** Altun sirlər xəzinəsidir və hər dəm min-min sirlər gövhərini incə-incə bəyan edər. 
*** Mərifət dənizində üzməyi başarmayan arif deyil, şahanə cəvahir kimi söz də bədənlə tərkib haındadır.
**** Füzuli dəyərini itirmək istəmirsənsə az söz söylə, çünkü bir çox dəyərli insanı söz, çox olduğundan dolayı dəyərsizləşdirmişdir.

4 yorum:

Adsız dedi ki...

Qəzəl çoooox gözəl təhlil olunub.

Unknown dedi ki...

Aaaa by istoriyadi😩😩😩😩

Unknown dedi ki...

Aaaa by istoriyadi😩😩😩😩

Adsız dedi ki...

uh