14 Şubat 2013 Perşembe

Füzulinin bir qəzəli üzərinə açıqlamalar

 Füzulinin bir qəzəli üzərinə açıqlamalar

 İçindəkilər:
1-    Qəzəlin mətni.
2-    Qəzəl şeir biçimi üzərinə özət açıqlamalar.
3-    İrfan ədəbiyatında ney.
4-    Qəzəlin izahı.
I.                   Qəzəlin mətni


Nâlədəndir ney kimi âvazeyi-eşqim bülənd,
Nâlə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.

Qıl mədəd, ey bəxt, yoxsa k
âmi-dil mümkün deyil,
Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd.

D
âğlərdir odlu könlümdə qârâsı qopmamış,
Ya səbâti-eşq üçün od üzrə bir neçə səpənd.[1]

Âçılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Âçar ol gülrux təbəssüm birlə ləli-nuşxənd.

Xaki-r
âhindən məni qaldıra bilməz sâyə tək,
Qılsa gərdun afitâbın hər şüâın bir kəmənd.

C
âm tut der, sâqiyi-gülçöhrə, zâhid, tərki-câm,
Ey könül, fikr eylə gör kim, qansıdır tutmâlı pənd.

Ey Füzûli, sûrəti-fəqrin qəbuli-dostdur,
Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.


II.                 Qəzəl şeir biçimi üzərinə özət açıqlamalar

  “Qəzəl” ərəbcə bir sözcükdür və sözlük anlamı “müğazilə” deməkdir. Türk dilində müğazilənin qarşılığı sevişməkdir. “Dehxuda” sözlüyündə qəzəl sözünün açıqlanmasında yazılır: Qəzəl qadınlarla eşq haqqında danışmaq, qadınlarla sevişmək qonusunu içərir.[2] Qəzəlin keçdiyi tarixi evrələr göstərir ki, buradakı sevişmək ləmsi və doxunuşlu bir anlam ifadə etməmişdir. Qəzəl sözcüklərlə sevişmə və ya sevişmək xəyallarını sözcüklərlə təsvir etmək və sevəşməni etik və bir türlü qapalı ortamda açıqlamaqdır. İslam doğusunda qadınlarla ilişki qurmaq çox çətin olduğundan bu açıdan xəyal dünyasında qadını və onun bədənsəl varlığını düşləmək yayqın psikolojik duruma dönüşmüşdür. Bu aşırı düşsəllik şairlərin yaradıcılığında öz yansımasını bulduğunda sözcüklər sevişmə və erotik duyqularla yüklənmişlər. Ədəbi yaradıcılıq türləri içində qəzəlin daha çox sevilməsininin əsas səbəbi insanların bu şeir türü aracılığı ilə erotik düşlərini dilə gətirmələri olmuşdur. Genəldə qəzəl 5-15 beyt arasında yazılmalıdır. Beş beytdən az və 15 beytdən çox olmamalıdır. Çünkü qəzəl özəlliyi ilə yazılan və 15 beytdən artıq olan şeir türünə qəzəl deyil, “qəsidə” deyilər. Burada qəzəl və qəsidə fərqi üzərinə kiçicik açıqlama gətirməkdə fayda var. Genəldə qəsidənin sonunda mədh olunan şəxsin adı gətirilməlidir. Sözlük anlamı ”məqsəd” və ya ”amac” olan qəsidənin sonunda vəsf edilən məqsədin kimliyi, nəliyi açıqlanmalıdır. Daha çox din böyüklərinin, peyqəmbərin, şiələrdə imamların, sultaların üstün cəhətlərini öymək qəsidənin məzmununu təşkil etmişdir. Qəzəldə isə sonda mədh edilən deyil, şairin öz adı çəkilməlidir. Qəzəl və qəsidə formaca bir-birinə bənzəsə də onları bir-birindən fərqləndirən beytlərin sayısı və mövzularıdır. Qəzəldə şair öz məşuqəsi ilə danışıb raz-niyaz edir. Bu məşuqə yerdə də ola bilər göydə də. Qəzəlin ana qonusu məşuqəyə həsrət, bəxt və zamandan gileylənmək olmuşdur. Qəzəlin başlanqıc beytinə mətlə´, son beytinə məqtə´ deyilir. “Mətlə, ulduzların doğduğu yer, sözün başlanışı, qəzəlin ilk beytidir.”[3] Son beyt və ya məqtədə şair qəzəli dış dünyadan kəsərək onun varlığını bütünləşdirir. “Məqtə, qzəlin son beytidir və genəldə şair məqtə betdə öz adını da çəkər. Məqtə, kəsilmə və ayrılma yeri, sözün sonu.”[4] Hikmət və əxlaq məsələsini qonu edən qəzəllər böyük şairlərin olqun yaşlarında ortaya çıxmışdır. Qəzəl bu istiqamətə qaydığında onun məzmununu irfan və təsəvvüf təşkil etmişdi. 
Əsasən yaxşı və etkiləyici olan qəzəllər yeddi beytdən ibarət olmuşdur. Yeddi beytdən ibarət olmasının önəmli səbəbi vardır. Yeddi rəqəmi İslam dünyasında çox önəmli rəqəmdir. Çünkü müsəlmanlar namaz qılarkən təkrarən oxuduqları “Fatihə” surəsi yeddi ayətdən ibarətdir. Ayrıca, yenə də namazda da oxunan “Maun” surəsi də yeddi ayətdən ibarətdir. İslamın kitabı olan Quranda göyün yeddi qatdan ibarət olduğu yazılmışdır.[5] Bu üzdən müsəlman ariflər və şairlər tərəfindən qəzəlin də genəldə yeddi qatdan ibarət olması daha uyqun görülmüşdür. Üzərində qonuşacağımız Füzulinin bu qəzəli də yeddi beytdən ibarətdir. Füzulinin divanında “Qəd ənar-ul aşq lil-üşşaq minhac əl-hüda[6][7] misrası ilə başlayan qəzəli də yeddi beytdən ibarətdir. Füzuli divanının sonunda “Buraxdı xakə hüsnun, aftabi-aləm arayi”[8] başlıqlı qəzəli də yeddi beytdən ibarətdir. Yeddi beytdə rədif, qafiyə və vəznlə təsvir edilən erotik xəyal oxucuya çox təsir edir, tez əzbərlənib yadda qalır və insanın erotik duyqularını açığa çıxarır. Həyat duyqularını coşduran sənət türləri doğu insanları tərəfindən çox sempati ilə qarşılanmışdır. Qəzəl öz içində musiqi və rəqs də daşıdığından bir çox hallarda depresiona uğramış insanlar üçün psikolojik ilac təsiri bağışlamış, insanların xəyal üfüqlərini genişlədə bilmişdir. Bu açıdan qəzəl Doğu ölkələrində çox sevilmişdir. Doğunun ortaq musiqisi olan muğam[9] sənəti qəzələ ayrıca bir rəng qatmış, özəllik və gözəllik qazandırmışıdır. Çünkü muğamlarda istifadə edilən şeir türü genəldə qəzəl olmuşdur. “Şəmsi-Təbriz eşq təsəvvüfünün bəyan aracları kimi, musiqi, şeir və rəqsi bir yerdə bir bütün olaraq görər.”[10] Şairlərin yetişmə, olqunlaşma durumları göz önündə bulundurulduğunda qəzəlin iki mərhələli inkişaf sürəci yaşadığına tanıq olmaqdayıq. Birinci mərhələ də qəzəl toplumsal içərik daşımışdır. Örnəyin Füzulinin hamamda çimən qızın çılpaq bədənini sözcüklərlə təsvir etməsi, bəyaz bədənində və məmələrində damlalara dönüşərək mirvarı və çox dəyərli yaqut incisi kimi süzülən tər axıntılarını bətimləməsi (təsvir etməsi) onun gənclik duyqularını yansıtmışdır. Füzulinin “Qıldı ol mah yenə nazilə həmmamə xəram”[11] misrası ilə başlayan qəzəli daha çox onun ömrünün təşxis mərhələsini göstərməkdədir. Bu şeirdə erotizm və sənət duyquları iç-içə girmişdir. Qəzəldə erotizm şeirin dadı-duzu olaraq görünməkdədir. Sənətdə, özəlliklə də “şeirdə təşxis təcrid üçün və elmdə təcrid təşxis üçündür.”[12] Birinci evrəni şairin toplumsal və etkiləşimli yaşamı kimi dəyərləndirərsək, ikinci dönəm bireysəl və ruhsal mərhələsidir. Ruhsal yaşamın qəzələ yansıması ilə irfan qonuları daha da qabarıq şəkildə ortaya çıxmışdır. Füzuli qəzəllərinin çoxu da irfan içəriklidir. İrfan nədir? “İrfan” sözünün “mərifət” və bilgi əksənli olduğu üzərində duranlar da var. Daha çox hikmət, əxlaq və teoloji bilgilərini içərən sezgisəl[13] qazanımlar bütünüdür. Ancaq “irfan”ı eyni zamanda “ərf” kökənli olaraq görənlər də mövcuddur. “Ərf” aşırı xoş qoxu deməkdir.[14] İrfanda isə Tanrının qoxusunu yaxalayıb və o qoxunu təqib edənlərə arif deyilmişdir. Zaman keçdikcə bəlli yaşam qurallarına uyaraq və nəfsi eyitərək bu qoxunun miqdarını artırmaqla Tanrıya yaxınlaşma söz qonusu olmuşdur. Qəzəl bu arifanə təqibin anlatım meydanına dönüşmüşdür. Qəzəlin əruz vəznində oluşu kəndiliyindən buna imkan sağlaya bilmişdir. Çünkü əruz özəlliyi və tarixi mahiyəti etibarı ilə fəlsəfi olmuşdur. Əruz şeir forması irfani məzmunu qullanım və anlatım üçün uyqun bulunmuş və bu doğrultuda çox, ama çox təcrübə qazanmışdır. Şair hürriyəti əruz vəzni, biçimi və çərçivəsi içində aramışdır. Əruz formaları içində azadlığın aranmasına etirazlar da olmuşdur. Bu qəlibi qırmaq istəyənlər olmuşdur. Mövlana Cəlaləddin Rumi ilk qəlib qıranlardan sayılmaqdadır. Sevdiyini görməsi üçün vəznin, qafiyə və rədifin sıxıntı oluşdurduğunu söylər.[15] Çünkü əruz və heca müqayisəsində əruzun iç dünyanı daha çox dış dünyaya bağladığı üzərində durulmuşdur. “Heca, dışı içə bağlayıcı, əruz isə, içi dışa çəkər.”[16] Bu özəlliyindən dolayı əruz irfan əhlinin içini dışa çəkməsi üçün əlverişli bir açıqlama aracı olaraq qullanılmışdır. Əruz irfan şeirində varlığın hermeneutiyi[17] kimi istifadə edilmişdir. Anlatmağa çalışacağımız aşağıdakı Füzulinin qəzəli də bir tür varlığın hermeneutiyi kimi qonuları ələ almışdır.

III.                          İrfan ədəbiyatında ney

Füzulinin bu qəzəli ney macərası ilə başladığından irfan ədəbiyatında neyin yeri üzərinə özət açıqlamalar gərəkməkdədir. Çünkü bu açıqlama olmazsa, Füzulinin də bu qəzəlini anlamaq və açıqlamaqda zorluq yaşana bilər.
Neyin sızlayışı üzərinə bir çox şair şeir yazsa da, Mövlana Cəlaləddin Rumi qədər ney üzərinə daha ayrıntılı və irfani yanaşan olmamışdır. Mövlana Cəlaləddin Rumi Məsnəvisinin ilk 18 beyti ədəbiyatşünaslıqda “neynamə” də adlanmaqdadır. Mövlana Məsnəvisinin giriş bölümü olan bu 18 beyt ney macərasını, ney sızlamalarını və ney həsrətini anlatmaqdadır. Nədir neydəki bu sızlayış və çağrılar sorusu cavablanmaqdan daha ziyadə sorunun kəndisi sorulmaqdadır. Çünkü neyin sızlamalarındakı soruların cavabı bəlirsizdir. Hər kəs öz sanısı və zənni ilə bir şey anlamaqdadır.[18] Mövlana anlatısında ney insan ruhunun və neyistan da bütün və mütləq olanın rəmzidir. Bütünlüyün göstərgəsi olan neyistandan ayrı düşən ney ayrıldığı mütləq bütünlüyün həsrətində sürəkli nalə edib durar. Bütün zərrələri ilə o mütləq bütünlüyü arar və zərrələrində saxlı olan bütünlük anılarını sızıltı və inləyişlə xatırlar. Bu inləyişlər eşqə dönüşər. Eşq mütləq bütünlüyə qovuşmaq üçün coşqulu bir yolçuluq şəklində ortaya çıxar. Neyə nəfəs toxunduğunda əzəli eşqi gizəmli və hüznlü musiqi ilə dilə gətirdiyi kimi, insan da mütləq həqiqətini və ruhundakı sirli əzəliyəti buna bənzər şəkildə dilə gətirər. İnsanda da eşq varlığın həqiqətini sezmə ilə təzahür edər. İçi boş olan ney aşiq insanın durumunu göstərməkdədir. Onun boşluğunu dolduran yalnız həyat verici nəfəsdir. Nəfəs bu boşluğa dolduğunda ney əski bütüncü kimliyini xatırlayır. İnsan da aşiqlik durumunda nəfəs aldığı sürəcə yalnız mütləq bütünlüyü anımsamalı, yalnız Tanrıya qovuşmağı düşünməlidir. İnsan da ney kimi bütünlük həsrəti ilə yaxılmaqdadır. İnsanın da içi ney kimi boşluqdur. Bu boşluğu doldurub anlamlandıran eşqdir. İnsanın musiqiyə olan təmayülü də sırf bu üzdəndir. Ney sayağı olan insan boğazından yüksələn səs və məlodiyalı çağrışlar da ilk əzəl gündə bəşərin fitrətinə yerləşdirilmişdir. Bu melodi göylərin, sonsuzluğun səsidir.[19] Neyin dəlik-deşik olduğu kimi aşiqin də köksü coşqulu eşqdən dəlik-deşik olmadıqca mütləq hüznün, kədərin nə olduğunu anlayamaz.[20]
Füzulinin də əsərlərində sadə musiqi aləti olan ney sözü çox keçmişdir. Füzuli fars dilində yazdığı “Yeddi cam” adlı əsərində altı musiqi altı və bir də insan səsi üzərinə mənzum açıqlamalar vermişdir. Ney, dəf, çəng, ud, tənbur, qanun, mütrib (xanəndə). Çox uzun olan bu poemasında Füzuli, ney hüznü üzərinə çox geniş açıqlamlar vermişdir. Ney hüznünün fəlsəfəsini anlatmışdır.[21] Bunun dışında Füzulinin 14 qəzəlində ney sözü keçmişdir.[22] Bu izahdan sonra Füzulinin qəzəlinin açıqlanmasına keçəlim.

IV.                         Qəzəlin izahı

Füzulinin “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd” misrası ilə başlayan qəzəli əruzun “failatun, failatun, failatun, failat” vəznində yazılmışdır. Ərəb dilində böylə yayqın bir söyləm var: “Əl-mə´na fi bətn-il şair”, yəni məna şairin içindədir. Şeirin şairin iç dünyası ilə olan bağlantılarını tam anlamı ilə bilmək mümkün deyildir. Şeirdəki kədər sevdiyi qadın, öldüyü oğlu, itirdiyi dostu üçün olmuşdur, yoxsa irfani hüzn və Tanrıya qovuşmaq özləmidirmi? Bunu bilməmiz mümkün deyildir. Füzulinin bu qəzəlindəki özləmin nəsnəsinin və səbəbinin nə olduğunu bilmək çətin işdir. Bu qəzəlin genəl yapsında dərin hüzn və sonunda isə ariflə zahidin dünyagörşülərinin qarşılaşması söz qonusudur. Bu, qəzəlin genəl havası bundan ibarətdir, indi isə qəzəli beyt-beyt açıqlamaq gərəkməkdədir.
Birinci beytdə insan fitrətində saxlı olan gizəmli hüzn dilə gətirilmişdir. Ney səsi kimi aləmi sarmış olan bu hüznün qaynağı insanın yaradılış doğasıdır. Xilqətdən bəşər fitrətinə hüzn də yerləşdirilmişdir. Kədərin parça-parça ortaya çıxışı da ola bilər, ancaq köklü və tam bir qaynaqdan qaynaqlanmaqdadır. İnsanın mutlu və fərəhli hallarında da bir kədr saxlıdır. Hər mutlu bir durumun içində hüzn var. Hüznün sevincə, sevincin hüznə dönüşmə diyalektiyi fitri yasalara tabedir. Bunu da biz bilmirik. Çünkü insan özü yaratmadığı olquları tam anlamı ilə biləməz. İnsan özünün yaratmadığı ağılın işləvsəlliyini, necə çalışdığını bilmədiyi kimi, hüznün də iç dünyada hərəkətini anlamış deyildir. Füzuliyə görə eşqin “məşhuri-cahan”[23] olmaq istəməsi fitrətdəki nalədəndir. Neyin öz bütüncü həyatından ayrıldığı andan onun doğasına kədər yerləşdiyi kimi, insanın da doğasına bu nalə yerləşdirilmişdir. Bütünlük və həyat qaynağı olan nəfəs və ya nəfəsdəki ruh neyin boşluğunu doldurduğunda sızlamaları və nalələri yüksəlmiş olur. İnsan da bu durumdadır. Mütləq doğruluğu anımsama və ona qovuşma duyqusu, insanın içini qutsayıcı və düşündürücü kədərlə doldurmaqdadır. Neyin bir özəlliyi vardır. Neçə parçaya bölünsə də, hər bölüm bir ney olar. Ney bənd-bənd doğransa da, doğasındakı nalə və hüznü unutmaz. Hər bənd əski anılarını anımsayaraq nalə edər. Füzuli də hüznünü neyə bənzədərək, bənd-bənd kəsilsə də hər bəndinin eyni naləni avazlayacağını söylər:
“Nâlədəndir ney kimi âvâzeyi-eşqim bülənd,
Nâlə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.”
İnsanın bilgiləri bilinənlər, bilinə bilirlər və bilənəməzlər olaraq üç parçadan ibarətdir. Həyatımız boyunca bilinəməz olanlar daha çox yönləndirici olmaqdadır. Qısıtlı olan və bilinən bilgilərlə güncəl və nəsnəl yaşam sürdürülməkdədir. Bütün ussal və mənəvi təlaşlar bilinməz olanları bilinə bilir hala gətirmək üçündür. Xəyallarımız, röyalarımız (yuxularımız), inanclarımız bilinməzlik gizəmləri ilə iç-içədir. Könlümüzü çalan (dilrüba) da bu bilinməzliklərdir. Bunu yaxşı niyyətlə “bəxt” qavramı ilə də tanımlamağımız söz qonusudur. Daha olumlu və anlaşılır olaraq bəxt qavramı ilə nitələrkən, daha geniş və qapsaycı qavram olan “Tanrı” sözü ilə nitələrik. Bu bilinməzliklərdən imdad diləmək bilinənlərin yetərsizliyindən qaynaqlanmaqdadır. İnsanın ruhunun, arınmış qəlbi istəklərinin yönəldiyi o mütləq olan doğruluq,  və ya dadlı röya aldırış etməməkdədir. Nə qədər dərdmənd olsaq da, o bidərd olanın aldırış etməsinə tanıq olmarıq:
“Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil,
Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd.”
Səpəndin (üzərliyin) bir özəlliyi vardır. Bir çox toplumların inancına görə, üzərlik közdə yaxılarkən kötü və xəstəlik doğurucu duyquları, bədnəzəri yox edər. Yanaraq xoş qoxu yayar və yanaraq olumlu etki buraxar. Üzərliyin verimli olmasının şərti onun yaxılmasıdır. Eşq atəşində insan üzərlik kimidir. Bu atəşdə yaxılmaqla həm özü aydınlanır, həm də aydınlandıqca, üzərlik kimi yandıqca çevrə üçün də verimli olar. Atəşli könüldə qasnaq bağlamamış yaralarda eşq öz sabitliyini qoruya bilməsi üçün üzərlik danəcikləri lazımdır. Bu atəşdə yanması və yararlı olması gərəkən üzərlik danəcikləri. Üzərlik öz maddi varlığını atəşdə yaxaraq xoş qoxu icad edər. Xoş qoxu icad etməsi üçün onun gövdəsi yaxılmalı və gerçək cövhəri olan sevimli qoxusu ortaya çıxmalıdır. İnsanın da Füzuliyə görə buna bənzər durumu söz qonusudur. İnsanın kötü halları eşq atəşində yaxılaraq onun insani və dərin etik özəlliyi üzə çıxmalıdır:
“Dâğlərdir odlu könlümdə qarâsı qopmamış,
Ya səbâti-eşq üçün od üzrə bir neçə səpənd.[24]
Türk dilində mövcud olan “könül” qavramının farscada qarşılığı yoxdur. Ərəb dlində mövcud olan “fuad” sözü qismən könül sözünə eşitdir. Türk dilində bir “ürək” var, bir də “könül”. Ürək sözünün qarşılığı farscada “del”, ərəbcədə “qəlb” və ingilizcədə “heart” olaraq keçməkdədir. Ancaq “könül” bunların heç birisi deyildir. Çünkü könül qavramının içində ürək, ruh, beş hisslər, sevgi, məhəbbət kimi duyqular, vicdan, insanın varlıqla olan ilişkilər bütünü də yerləşməkdədir. Hətta könül qavramının içində Tanrı da yerləşməkdədir. Türk dilindəki irfan ədəbiyatında könül istəyi ilə tanrısal istəklər örtüşməkdədir. Könül, arayanla arananın buluşma yeri kimi də anlaşılmışdır. İnsanın bütün arzuları, gələcəkdə bəxtdən dilədikləri də könül istəkləridir. Ürəkdə sevgi duyqularının olduğu kimi həsəd duyquları da ola bilər, ancaq könül, yalnız və yalnız olumlu duyquların buluşub qaynaşdığı məkandır. Könül dünyası dərin hüznlə aydınlığa qovuşa bilər. Düşündürücü və aydınlatıcı kədər könül aydınlanmasına səbəb olar. Köklü bir hüznlə könül dünyası aydınlandıqca, sevgilinin gülər üzü orada görünməyə başlar. Könül, üfüqlərin buluşduğu və qaynaşdığı məna məkanı kimi alqılanmışdır:
“Âçılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Âçar ol gülrux təbəssüm birlə ləli-nuşxənd.”
İrfanda azadlıq anlayışının “bağlan və hürr ol!” kimi bir tanımı vardır. Bu bağlanmanın özünə xas çətin keçidləri mövcuddur. Bu sərt və şübhəli yollardan keçdikdən sonra şübhə götürməyən imana ərmə ortaya çıxar. Bu mərhələdən sonra bağlanmaq, şübhələrdən arınmış yolçuluq və yaşam biçimi doğurar. Bu yolla əldə edilən iman təqlid imanı deyil, təhqiq imanıdır. Təqlidlə əldə edilən iman Füzuli irfanında anlamsız bir durumdur. Necə ki, başqa qəzəlinin bir beytində bunu bu şəkiləd açıqlar:
“Gər özün təqlid ilə dana bilir zahir pərəst,
“Aləmi-təhqiqdə biz ânı nadan bilmişiz”
İrfanda şübhə imana ərmək üçün bir aracdır. İmana ərdikdən sonra bu araca gərək qalmaz. Bu beytdə də imana ərmişliyin boyutunu Füzuli açıqca anlatmışdır. Yolundakı torpaqda kölgə kimi olsam da, fələk günəşin ışınlarını kəmənd edərək bu kölgənin boyuna atsa da, onu ayaqlarının altından qaldıra bilməz:
”Xaki-râhindən məni qaldıra bilməz sâyə tək,
Qılsa gərdun âfitâbın hər şüasın bir kəmənd.”
İrfan ədəbiyatında “saqi” batini bilgilərin və “zahid” isə, zahiri bilgilərin təmsilçiləridir. Saqi batinə enməyə, eşqə səslərkən zahid dinin şəri´ qurallarını uyqulamağa səslər. Saqi sezgisəl, zahid isə dini gələnəklərin rəmzləridir. Zahid yasaqlar, saqi yasaqları qırar. Saqi özgürlükçüdür, zahid özgürlüyü sınırlayıcı. İrfan ədəbiyatı bu baxımdan saqi-zahid çəlişkiləri ortamında sürüb gedər. Saqi eşq şarabından sərxoş olmağı önərər, zahid şarabı yasaqlar. Zahidlik gerçəyin, saqilik gerçəkliyin hermeneutiyidir. Zahidlik var olanların (ontic), saqilik varlığın (ontoloji) bəyanıdır. Saqiliyin içəriyində ontolojik sezgi durmaqdadır. İki bilgi türü arasında Füzuli yenə də könül dünyasına müraciət edərək, seçimi könülə buraxar. Hansının nəsihətinin tutarlı olub olmadığını könül qəbul etməlidir:
“Câm tut der, sâqiyi-gülçöhrə, zâhid, tərki-câm,
Ey könül, fikr eylə gör kim, qansıdır tutmâlı pənd.”
İrfan ədəbiyatının köklü özəlliklərindən biri Quranın və İslam peyqəmbərinin söyləmlərini təfsir etməkdir. Təsəvvüfi ədəbiyat İslam doğusunda bir türlü Quran və peyqəmbər söyləminin hermeneutiyindən oluşmaqdadır. İslam peyqəmbərindən “əl-fəqru fəxri”[25], yəni “Fəqirliyim övüncümdür” kimi bir hədis mövcud olmuşdur. Fəqr, möhtac olunan şeyin var olmadığı, yox olduğu anlamındadır. Lazım olmayan, gərəksiz olan şeyin yoxluğu deyildir. İnsanın sonsuz istək və arzuları vardır, bu sonsuz istəklərin olması və insanın onlara ehtiyac duyması fəqirlik anlamını daşımaz. İnsan çox dadlı bir yeməyə ehtiyac duya bilər, ancaq ona ulaşamaması onun fəqirliyinin göstərgəsi olmaz. Ancaq insan mütləq bir ehtiyacı öz içində daşıyar və buna ulaşamamaq fəqirlik sayılar. O da Tanrı varlığına olan ehtiyacdır. Bu ehtiyac qarşısında insan, sürəkli fəqirdir. Bu fəqirliyinin bilincində olan insan, əslində zəngin insandır. Bu fəqirlik duyqusunu təvəkkül və imanla gedərməyə çalışar. Bunun ötəsində bu hədisə görə insan bədənsəl ehtiyacını da fəqirlik ilkələrinə görə gedərməlidir. Nəfsinin ehtiyaclarını sərbəst buraxan və onu zəngin yaşam biçiminə yeltəyən insan fəqirliyin olumsuz yanını sərgilər. Oysa fəqirlik insan könlündə diyanətli, denəyimli bir məqam olmalıdır. Füzuli bir başqa qəzəlinin məqtəində bunu böylə açıqlar:
“Fəqrimiş, fəqr Füzuli, şərəfi-əhli vücud,
Özünə eyləmə həmdəm, füqəradan qeyri.”
Fəqirlik gerçək dostun, yəni diqqətin və sevginin mərkəzləşmiş yönü olan Tanrının məqbuludur. O sultan bu durumu bəyənər:
Ey Füzûli, sûrəti-fəqrin qəbûli-dostdur,
Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.
13. 02. 2013



[1] Səpənd, üzərlik, harmal.
[3] Həsən Əmid, Fərhəngi-Əmid, Əmirkəbir yayınlar, Tehran- 1377 (h.ş), s. 1132.
[4] Həsən Əmid, Fərhəngi-Əmid, Əmirkəbir yayınlar, Tehran- 1377 (h.ş), s. 1149.       
[5] Quran, nuh (71), surəsi, 15-ci ayət.
[6] Məhəmməd Füzuli, Divani-Türki, hazırlayan: Mirsaleh Hüseyni, Fəthi nəşriyatı, Tehran-1371 (h.ş), s. 1.
[7] İştə aşq işığı aşiqlər üçün hidayət yoludur.
[8] Məhəmməd Füzuli, Divani-Türki, hazırlayan: Mirsaleh Hüseyni, Fəthi nəşriyatı, Tehran-1371 (h.ş), s. 393.
[9] Azərbaycan muğam, digər ölkələrdə məqam, İranda dəstgah adlanır.
[10] Nasirəddin Sahibəzzəmani, Üçüncü Xətt (Xətte sevvom), Ətai nəşriyatı, Tehran- 1351 (h. ş) , s. 325.
[11] Məhəmməd Füzuli, Divani-Türki, hazırlayan: Mirsaleh Hüseyni, Fəthi nəşriyatı, Tehran-1371 (h.ş), s. 228.
[12] Necip Fazıl Kısakürek, Çile kitabı “şiirde iç şekil” bölümü, 17. basım, Temmuz- 1991.
[13] Sezgisəl-intuational.
[14] http://www.loghatnaameh.org/dehkhodasearchresult-fa.html?searchtype=0&word=2LnYsdmB
[15] Mövlana Cəlaləddin Rumi, Məsnəvi:
Mən nədanəm failatun failat,
Şeir quyəm behtər əz qənd o nəbat.
*
Qafiye əndişəm o deldare mən,
Quyədəm məndiş coz didare mən.
[16] Necip Fazıl Kısakürek, Çile kitabı “şiirde iç şekil” bölümü, 17. basım, Temmuz- 1991.
[17] Hermeneutic.
[18] Məsnəvi:
Hər kəsi əz zənne xod şod yare mən,
Əz dərune mən nəcost əsrare mən.
[19] Mövlana, Məsnəvi, çevirən: Güntay Gəncalp
Söylər olmuşlar ərənlər ol nəfəs
Göylərin sonsuzluğundandır bu səs
Ol fələklər seyrinindir kim bu saz
Söylər olmuş böylə tənburla boğaz
Biz ki, həp adəm soyundan gəlmişiz
Ilk əzəldən varlığa sərpilmişiz.
Böylədir sazlardakı ol inləyiş,
Anladar bir çox anımlar, dinləyiş
Şiklə örtmüşsə bizi torpaq və su
Köksümüzdə var əzəllik duyqusu
Ol əzəl gündən olan səslər gəlir
Musiqi şəklində bizdə yüksəlir.
(Şik-Başqurt dialektində şübhə anlamındadır.)
[20] Mövlana, Məsnəvi:
Sine xahəm şərhe-şərhe əz fəraq,
Ta be quyəm şərhe dərde eşteyaq:
Köksü qəmdən parçalanmış dinləsin,
Şərh edim də dərdimi o, inləsin!
[21] Füzuli, farsca divanı, hazırlayan Həsibə Mazi oğlu, İran kültür nazirliyi, Tehran- 1374 (h.ş), 678, 679, 680, 681, 682.
[22] Füzulinin ney sözü keçən qəzəllərindəki misralar:
1.
Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə tə’siri-səda.
2.
Çü yox, eşq atəşi bir şö’lə çəksə, taqətin, ey ney,
Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et!
3.
Ney kimi cismim oldu oxundan dəlik-dəlik,
Dəm urduğumca yerli-yerindən səda verər.
4.
Sinəm həvayi-eşqin ilə doldu ney kimi,
Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.
5.
Xali etdim dil həvayi-ixtilati-xəlqdən,
Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs.
6.
Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,
Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.
7.
Sinəmi ney oxların dəldi dəm urduqca könül,
Ün verir hər bir dəlikdən nalə musiqar tək.
8.
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
9.
Vücudim ney kimi surax-surax olsa, ah etmən,
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən.
10.
Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney,
Dəm urduqca əgər çıxsaydı atəş bənd-bəndindən.
11.
Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver,
Oda yanmış quru cismimdə həvadən qeyri.
12.
Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim,
Nə təməttö bulunur neydə sədadən qeyri?
13.
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
[23] Füzuli:
Can vermə, qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
[24] Səpənd-üzərlik, harmal
[25] Əl-fəqru fəxri. 

Hiç yorum yok: