Tahirə Qurrətuleyn
Dörd pərdəli oynav*
(pyes)
İlk dəfə olaraq
başından hicabı atıb və şeirlərini toplantılarda oxuyan, qadınla haqlarından
yana olan, Babi hərəkətinə qatılaraq din üzərinə yeni açıqlamalar edən
Tahirə Qurrətuleyn 1852-ci ildə Şəriətin əmri üzərinə Tehrana öldürüldü.
Tahirə Qurrətuleyn
Birinci
pərdə
Qəzvində Tahirə Qurrətuleyn´in evi. Qadınlar gizlincə toplanmış,
yerdə dairə şəklində oturmuşlar. Tahirənin dışında bütün qadınların başı
örtülüdür. Tahirə qadınlara üzünü tutaraq danışır.
Tahirə Qurrətuleyn:
Yüz illər boyunca din adı ilə,
Edilmiş bizlərə hər türlü hiylə.
Dindarlar qadını saymamış insan,
Qadına bir zindan edilmiş cahan.
Heç yaşamamalı, sürünməliymiş,
Qadın qaranlığa bürünməliymiş.
Varlığın verdiyi özəlliklərdən,
Utanc duymalıymış gözəlliklərdən.
Bizim iradəmiz yox sayılmalı,
Başımız üstündə kişi olmalı.
Dindarlar qoymuşlar hər türlü yasaq,
Bizim iradəmiz üstünə ancaq.
Nə azadlıq, nə də mutluluq bulduq,
Sanki ömür boyu bir əşya olduq.
Baxırsan keçmişə, aydın qadın yox,
Ey qadın, tarixdə sənin adın yox.
Gömülmüş ruhumuz qaranlıqlara,
Böylə çıxmaq olmaz aydınlıqlara.
Qadını bir əşya görən zehniyət,
Həm də kişilərə zülm edər əlbət.
Bizim kişilərin burxulmuş fikri,
Yasaqlardırsa, yalnız onların zikri,
Nə kişi nə qadın olamaz özgür,
Böylə, iradəmiz əsla deyil hür.
Sanki nəfsi olan varlıq deyiliz,
Məhkum edilmişik köləliyə biz.
Saxta din odaqlı qaranlıqlardan,
Azad edilməli zavallı insan.
Yalnız bu azadlıq yolunda qadın,
Qadın kimi, ancaq duyursun adın!
Yeni bir quruluş uğrunda bizlər,
Aydın yarınlara açalım izlər.
Qaranlıq bu tarix hər ləhzə, hər an,
Ancaq qidalanır qadın qanından.
Azadlıq yoxdursa, zindandır cahan,
Sökülüb dağılsın bu qara zindan.
Deyirəm dostlarım, çətin olsa da,
Savaş başladalım biz bu dünyada.
Birinci qadın:
Mənim bir sorum var, Tahirə, söylə!
İlk öncə nə yapmaq gərəkir böylə?
İkinci qadın:
Bizim paramız yox, gəlirimiz yox,
Başımız üstündə duran kişi çox.
Əqrəbamızdakı bütün kişilər,
Özəl sahəmizə qolayca girər.
Əgər dinləməzsək döyərlər bizi,
Üçüncü qadın:
Əvət, xor görərlər iradəmizi.
Dördüncü qadın:
Yanlış qurulmuşdur toplum əzəldən,
Nə çıxar, verimsiz çalışmaz əldən?
Əgər çalışmağa yoxdursa, imkan,
Kölə kimi yaşar qadın hər zaman.
Beşinci qadın:
Bu haqqı bizlərə verməz şəriət,
Bizim dərimizi soyarlar, əvət.
Tahirə uğraşır qorxunc bir işlə,
Azad olamayız biz bu gedişlə.
Bizi dəstəkləyən kimsə yox bu an,
Qorxuram hacıdan, şeyx-ul islamdan.
Altıncı qadın:
Əvət, xurafələr etdikcə davam,
Qadın qanı ilə bəslənər müdam.
Nə edə bilərik? Yoxdur çarəmiz,
Çağlar boyu məhkum edilmişik biz.
Tahirə Qurrətuleyn:
Əvət, haqlısınız, çox haqlısınız,
Məhkumdur, dünyaya gələn hər bir qız.
Ancaq nə etməli? Ömür boyu biz,
Qaranlıq bu yolla getməlimiyiz?
Bu çirkin tarixi aydınlatmalı,
İlk öncə başlardan hicab atmalı.
(Qadınların başından bir hicabı çəkib əlinə
alıb işarə edərək)
Bax bu, köləliyin rəmzidir hicab,
Bizim ağlımızı eyləmiş xarab.
İlk öncə hicaba qarşı çıxmalı,
Onu yandırmalı, onu yaxmalı.
Söküb atmalıyıq bilincimizdən,
Əl çəksin, yox olub getsin də bizdən.
Bu qorxunc bəladan qurtarsaq əgər,
Sonra iradəmiz hər gün ilərlər.
Hicabdan ayrılmaq cəsarət istər,
Ey əzilmiş qadın, iradə göstər!
Hicablar altında sürünməkdənsə,
Şərəfli bir ölüm yaxşıdır məncə.
Bəlkə öldürərlər bu düzən bizi,
Azad ki, edərik həmcinsimizi.
Bu əski düzənin əmrində olmaq,
Mütləq köləlikdir, köləlik, ancaq.
Bu, bizim köləlik tariximizdi,
Bizim ruhumuzu yox edib, əzdi.
Ruhsuz yaşayışdan sanki nə çıxar?
Bizim etirazda böyük bir ruh var.
Ruhsuz yaşayırıq, ruhsuz ölürük,
Mollalar qatından həp döyülürük.
Mən böylə qərara gəlmişəm kəsin,
Azadlıq haqqıdır, haqqı hər kəsin.
Əgər olmasa da bir arxadaşım,
Mənimlə gedəcək bir can yoldaşım.
Bu yolda yalnızca savaşacağam,
Yepyeni aydın bir yol açacağam.
Qaranlıq bu tarix devrilməlidir,
Qadınlar da azad edilməlidir.
(Qadınlar Tahirənin bu nitqindən sonra
başlarından hicabı atarlar və başları açıq şəklidə Tahirənin evini tərk edib
küçəyə çıxarlar.)
pərdə
İkinci pərdə
Qəzvinin baş mollası Şeyx Həsənin evində
mollalar toplanmışlar. Mollaların üzündə təşviş və həyəcan var.
Şeyx
Həsən:
Həzərat, yəqin ki, bilmişsinizdir,
Bu toplantımızın amacı nədir.
Təhlükə altına girmiş dinimiz,
Babilər günbəgün artırsa da biz,
Heç bir şey etmirik din əldən gedir,
Ümmətin içində şübhə yüksəlir.
Böylə gedər isə qısa zamanda,
Dinimizdən bir iz qalmaz cahanda.
Dinin, şəriətin bəkçisi bizlər,
Seyirci qalarsaq gedişə əgər,
Allah cəzasını göndərər açıq,
Bir ovuc imansız, dinsiz və sapıq.
Hicab ayətini məxluq bilirlər,
Allahın sözləri deyil, deyirlər!
Həzərat, bu söyləm yayılsa əgər,
İslam təməlindən yox olub gedər.
Bizə düşən görəv bu olmalıdır,
Bizim iradəmiz duyulmalıdır.
Fitnə yerindəcə söndürülməli,
Qırılsın yox olsun fitnənin əli.
(Şeyx Həsənin sözləri mollaları təşvişə
salmış. Mollalar həyəcan içində görünürlər.)
Birinci molla:
Duyduq ki, bu günlər Babi Tahirə,
Toplamış da xeyli qadın bir yerə.
Qadın haqlarından söhbət edirmiş!
Hicaba qarşı da sözlər deyirmiş!
İkinci molla:
Allahu əkbər!
Birinci molla:
Deyirmiş Quranda keçən bu ayət,
Ərəb kültürünə eylər işarət!
Üçüncü molla:
Deyirmiş, adilsə ulu yaradan,
Nədən yazqımıza yazmalı zindan?
Çünkü zindan imiş hicab qadına,
Sayqısızlıq imiş qadın adına.
Deyirmiş ki, hicab deyilən bu bez,
Qadın yaşamından çıxmalıdır tez.
Dördüncü molla:
Ya Rəbbim, müsəlman bir ölkədə biz,
Nədən bu sözləri eşitməliyiz?
Həzərat, biz əgər səssiz qalarsaq,
Dinin təməlləri sökülər ancaq.
Bir tədbir alalım, yoxsa bu şeytan,
Müsəlman qızları edər pərişan.
Beşinci molla:
Görünür çox ciddi bir təhlükə var,
Səssiz qalar isək, təhlükə artar.
Şəriət yasasın təfsir edəlim,
Yardım almaq üçün şaha gedəlim.
Əgər bürümüşsə ölkəni günah,
Cavab verməlidir Nasirəddin şah.
Meydan oxuyursa, babi bir qadın,
Həmən söndürəlim onun muradın.
Şeytan qadınların cəzası bəlli,
Daş-qalaq edilib öldürülməli.
Bu haqda sünnətdə möhkəm örnək var,
Şəriət, sünnəti daim uyqular.
Şeyx Həsən:
Həzərat, tək bizim istəyimizə,
Şah baxmaz, çox diqqət yetirməz bizə.
Nəcəfi-əşrəfdən şeyx-ul islamlar,
Təkfir göndərsələr iş yaxşı olar.
Bu təkfirnaməylə bir yerdə bizlər,
Şahın hüzuruna çıxarsaq əgər.
Ölüm fətvasına etiraz etməz,
Ölüm fətvasının tərsinə getməz.
Mollalar hamısı bir ağızla:
Doğrudur, ən doğru olan budur bu,
Qadında olmalı ölüm qorxusu.
Yoxsa ki, sarsılar dinin ərkanı,
Çökər şəriətin tüm xanimanı.
Bizim arxamızda durmuşdur Allah,
Allahın kölgəsi Nasirəddin şah.
Nəcəfdən də ancaq hökm gəlməlidir,
Tahirə daş-qalaq edilməlidir.
Bizim arxamızda durmuşdur Allah,
Allahın kölgəsi Nasirəddin şah.
Pərdə
Üçüncü pərdə
Qacar sarayı. Nasirəddin
şah taxtda oturmuş. Şahın hüzurunda başı hicabsız Tahirə Qürrətuleyn və Şeyx Həsənlə
üç molla. Nasirəddin şah üzünü mollalara tutub danışır.
Nasirəddin şah:
Nəcəfdənmi fətva gəlmiş
şeyx Həsən?
Nədəndir bu fətva, gəlmişdir
nədən?
Bir qadın hicaba qarşı
çıxarsa,
Onu dardan asmaq lazımmı
yoxsa?
Örtmürsə, örtməsin varmı
saqınca?
Buraxın yaşasın özgür
qadınca.
Şeyx Həsən:
Aləmlər sultanı ulu şahənşah,
Sizə uzun ömür versin də
Allah.
Sorun yalnız hicab olsaydı
hər gah,
Bizlər də dözərdik, bəlkə
də ey şah!
Yanlış təfsirlərdə bulunur
ancaq,
Babi görüşləri
açıqlayaraq,
Tahirə gətirmiş islama bidət,
Bidət qəbul etməz İslam da
fəqət.
Öylə türlü-türlü təfsirlər
olsa,
Hər gün bir bidətlə fiqh
elmi dolsa,
O zaman sarsılarİislamda
birlik
Zaman keçdikcə də artar gərginlik.
Gərgin ortamları sevməz
dinimiz,
Barış və güvənlik istəyirik
biz.
Əgər gərgin ortam uzanıb
getsə,
Dövlət üçün doğar ağır təhlükə.
Nasirəddin şah:
Necə zərər gəlir dövlətə, söylə!
Şeyx Həsən:
İndi anladacam, şahənşah,
böylə...
İdarə olunmaz üsyankar ümmət,
Ümmət bir inancda olmalı fəqət.
Şiənin özünün təfsirləri
var,
Bu təfsirsiz, dövlət zərərə
uğrar.
Nasirəddin şah bu sözləri
dinlədikdən sonra bir az fikrə dalar. Daha sonra üzünü Tahirə Qurrətuleynə
tutaraq sonrar.
Nasirəddin şah:
Buyursun Tahirə xanım, söyləsin,
O da öz fikrini bəyan eyləsin.
Nədən bu tarixə çıxırsan
qarşı?
Açıqla fikrini, anlat da
yaxşı.
Tahirə Qurrətuleyn şahın
qarşısında sayqılı bir duruş alır. Başını əyib sayqısını göstərərək sözə
başlar:
Tahirə Qurrətuleyn:
Böyük şahənşaha salamlar
olsun!
Dövləti hər zaman bərqərar
olsun!
Möhtərəm şahənşah olsunlar
agah,
Mən İslam qarşıtı deyiləm
ey şah!
Yalnız tarixilik bağlamından biz,
Gerçəyi doğruca sezə biliriz.
Hər din tarixiyət içində
doğar,
Hər dində bəlirli
doğruluqlar var.
Şeyx Həsən:
Bəlirli doğruluq?! Allaha
pənah!
İslamı mütləq haq bilməyir,
ey şah!
Nasirəddin şah:
İmkan ver fikrini
açıqlasın tam,
Tahirə Qurrətuleyn:
Haşa, mən demədim kötüdür
İslam.
Öncə bir gerçəyi söyləməm
gərək,
Mənim qadınlığım əngəlmiş
demək!
Bilmək istəyirəm, nə üçün,
nədən?
Təfsirlərdən məhrum
edilmişəm mən?
Nədən yoxmuş haqqım təfsir
etməyə?
Kəndi idrakımla bir yol
getməyə?
Qaxınc edilməkdə
qadınlığım həp,
Böylə də dindaşlıq olurmu
ya Rəb?
Tanrının verdiyi ağıldan
ancaq,
Qadın olduğum çin,
qullanmam yasaq!
Öncə baş qaldırdım bu
yasaqlara,
Mən sayqı duyuram hər tür
haqlara.
İştə, mən ən doğru olsam
da bilə,
Doğrum gəlməməli qadınsam
dilə.
Dini təkəlində* tutan mollalar,
Deyirlər fikrin də cinsiyəti
var!
Qadın zəkasına yasaq
vurulmuş,
Erkək mərkəzli din
oluşdurulmuş.
Bütün təfsirlərdə bu necə
işdir?
Qadın sırf bir əşya göstərilmişdir!
Böylə bir inancı qəbul etmədim,
Bunların həpisinə
yalandır, dedim.
Bütün inanışlar
çağdaşlaşmalı,
Əsrin istəyiylə
bağdaşlaşmalı.
Dəyişməz təfsirlər sayəsində
biz,
Özgür ruhumuzu əsir
etmişiz.
Şəriət yasası, deyildir
mütləq,
Mütləqiliklə həp
söndürülmüş həq.
Şex Həsən və yanındakı
üç mollalar bir yerdə:
Dinə, şəriətə asilikdir
bu,
Qutsal dinimizə qurulmuş
qurqu.
Böylə yanaşmalar olarsa əgər,
İnanc əldən gedər, din əldən
gedər.
Tahirə Qurrətuleyn:
Bu inanc, bu təfsir yüz
illərdi bax,
Sizləri feodal etmişdir
ancaq.
Əsla İslam deyil, sizin dərdiniz,
Yalnız sərmayədir sizin
virdiniz.
Aclıqdan ölürkən bu səfil
ümmət,
Şeyx-ul islamların süfrəsində
ət!
Zülmün aracına dönüşmüşdür
din,
Ey şah, lütfən çıxıb bir
az seyr edin!
Görün bu ölkədə nələr var,
nələr?
Riya içindədir ölkə sərasər.
Bir yanda acından ölən
adamlar,
Bir yanda da zəngin
şeyx-ul islamlar.
Siyasətlə özdeş olarsa
iman,
Qaranlıq günlərdə yaşayar
insan.
İkinci molla:
Bu, Mənsur Həllacın səfsətəsidir,
Qadın simasında onun səsidir.
Öldürülməsəydi Həllac da əgər,
İndi şəriətdən qalmazdı əsər.
Tahirə Qurrətuleyn:
Bu eşqin səsidir, haqqın fəryadı,
Bütün çağlar boyu duyulmuş
adı.
Nə qədər çalışıb söndürsəniz
də,
Eşqin qığılcımı sönmədi
bizdə.
Yüksəldi bu yolda Nəsimi,
Həllac,
Onlar olmadılar yalana
arac.
Bilirəm bu yola girən ərənlər,
Həp dar ağacında vermişdilər
sər.
Sormaq istəyirəm böyük
sultandan,
Mənə cavab verin lütfən,
ey xaqan!
Əgər izn varsa bir qadın
kimi,
Anlatmaq istərdim görüşlərimi.
Nasirəddin şah:
Siz bir qadın kimi,
anladın lütfən!
Sizi çox diqqətlə dinləyirəm
mən.
Tahirə Qurrətuleyn:
Oxudum tarixin mən
harasından,
Gördüm qaranlıqda yaşamış
insan.
Harda bir aydınlıq olmuşsa
əyan,
Şeyxin qəzəbinə tuş olmuş
o an.
Dini hörütləri** yanlış izahlar,
Söndürüb yox etmiş bir çox
həyatlar.
Düşüncə həyatı
durdurulmuşdu,
Qorxunc və qaranlıq dünya
oluşdu.
Hər hansı təfsirə baxsanız
əgər,
Insanı yalnızca qul etmək
istər.
Deyil bu təfsirlər insan
mehvərli,
Ancaq əsarətdən söylər təməlli.
Böylə bir qərara gəldim
iştə mən,
Dini çoğulçuluq olmalı həmən.
İnsan gündən günə həp yüksəlməli,
Kəndi tanrısını kəndi bilməli.
Təməldən yanlışdır böylə
bir yorum,
Şeyx-ul islamçılıq adında
qurum.
Olmamış İslamda böylə
quruluş,
İslam qarşıtıdır bu yanlış
buluş.
Tarix öz içində burxulmuş
indi,
Bir çox səbəbi var, biri də
dindi.
Bütün varlqıları yaradan
Allah,
İnsana ixtiyar vermişdir
ey Şah!
Dini seçim haqqı olmazsa əgər,
Daim qaranlıqda yaşayar bəşər.
Bu üzdən mollalıq
yasalarından,
Uzaq gəzməlidir çağdaş bir
insan.
Məni hansı hüquq yöntəmləriylə,
(Üzünü Şeyx Həsənə
tutaraq)
Öldürmək istəyir mollalar,
söylə!
Şeyx Həsən:
Şəriət qanunu əsasında
biz,
Sən şeytan qadını öldürməliyiz.
Tahir Qurrətuleyn:
Niyə öldürürsüz, günahım nədir?
Üçüncü molla:
Ən böyük günahın pis niyyətindir.
Şübhə yaradırsan ümmətimizdə,
Heç türlü şübhəyə yol
yoxdu bizdə.
Dini hörütlərdə təfsirin xəta,
Xəta qəbul etməz dinimiz əsla.
Tahirə:
Çox əski bir mətni anlamaq için,
Açıqlamaq gərək o mətnin için.
Əskiylə yeninin dialoqundan,
Yoğrulan doğrunu dərk edər insan.
Əskiylə ussalca*
ilətişimdən,
Yana olmuşumdur bilincimdə mən.
Yoxsa ki, əskilik vermədən məcal,
İndiki zamanı edəcək işğal.
Əski söyləmlərə bərk-bərk sarılmaq,
İnsanın ağlını kor edər ancaq.
Nə əski zamanlar, nə də ki, indi,
Kor olmuş ağılla anlaşılmaz ki.
Doğrunu anlama təqlidlə olmaz,
Təqlid, yetişdirir bir sürü aymaz.**
Bütün zamanların rəhbəri deyə,
Mollalıq göndərməz Tanrı bəndəyə.
Mollalıq nə iman, nə də ki, dindir,
İnsan zəkasını boğmaq içindir.
Dəyişməz gələnək, ağlı söndürür,
Hər çağın özlüyü ona özgüdür.
Çağlar arasında ilişki qurmaq,
Yalnız ağıl ilə mümkündür ancaq.
Ağlın da qaynağı Tanrıysa əgər,
Nədən qullanılmaz olmuş bu əsər?
Mənim söylədiyim bu ağıl ki, var,
Varlığı tümüylə içinə alar.
Varlığın doğası ağıldır yalnız,
Nədən bu varlığa siz qarşısınız?
Sizin düşüncəniz böylədir iştə,
Ağıl olmamalı heç bir gedişdə.
Gərəksiz varlıqsa, bu ağıl böylə
Heyvan yaranmadıq biz nədən? söylə!
İnancla ağılı düşmən eyləmək,
İnsan şərəfinə deyildir gərək.
İnanc yoxsundursa ağıldan əgər,
Onun daxilinə qaranlıq çökər.
İnancla ağılın özdeşliyindən,
Doğru alqılanır bu sonsuz evrən.
Şeyx Həsən:
Böyük sultanımız, tüm bu
söyləmlər,
Şeytan sözləridir, eyləmiş
əzbər.
Vəhdəti—kəlam var ümmətimizdə,
Vəhdət bəkçisiyik
sultanım, biz də.
Girmiş bu qadının ruhuna
şeytan,
Şeytanı susdurmaq gərəkdir,
Sultan!
Hər kəs susar. Nasirəddin
şah səssizcə fikrə dalar. Qısa susquluqdan sonra Nasirəddin şah sözə başlar.
Nasirəddin şah:
Şeyxlər, siz gedin görək nə
olur,
Daha sonra sizə xəbər
duyrulur
Mollalar Nasirəddin şahın
önündə əyilib təzim edərlər. Mollalar çıxdıqdan sonra Nasirəddin şah bir az
susqunca qalar. Daha sonra taxtdan enib Tahirənin önündə əlləri arxada
addımlar. Bir az düşündükdən sonra sözə başlar.
Nasirəddin Şah:
Hörmətli Tahirə xanım, mən
sizi,
Yaxşıca dinlədim
dediyinizi.
Ölkəmdə siz kimi bir qadın
için,
Qürur duymaqdayım mən
için-için.
Səni öldürəcək şeyx-ul
islamlar,
(öz-özünə sorar:)
Burda ölüm üçün bir
günahmı var?
(Bir az susub davam edər)
Bunun önlənməsi çətindir, əvət,
Yaxşı bir durumda deyil məmləkət.
Mollalar yaymışlar xəbər hər
yerə,
Edam ediləcək kafir Tahirə.
Sənin ölmən üçün bütün
toplumda,
Hazırlıq yapmışlar
Tehranda, Qumda.
Bu fətvanı qəbul etməsəm əgər,
Mollalar ölkəmdə qiyam edərlər.
Söylərlər bəlkə də kafir
olmuş şah,
Kafir bir qadına vermişsə
pənah.
Nələr dedinizsə, hamısı
doğru,
Bir çox din xadimi xırsız
və oğru.
Onların arxası güclüdür
çünkü,
Şəriət qonusu deyil bu
günkü.
Toplumun məzhəbi
hissiyyatını,
Dini duyqusunu, din həyatını.
Onlar yönləndirir, güc
onlardadı,
Onların önünü kəsən
olmadı.
Şeyxin əmrindədir bir sürü
aymaz,
Ümmət çox cahildir, cahil
və yobaz.
Bir fətva uğruna bu cahil
ümmət,
Qalxar inqilaba, batar məmləkət.
Bu üzdən nə yapa bilərəm
ki, mən?
Nələr gələ bilər mənim əlimdən?
Tahirə Qorrətuleyn:
Böyük sultanımız çox üzülməsin,
Mənim ölümümü dəhşət bilməsin.
Mən ruhən ölümə hazıram
artıq,
Mənə yaşam haqqı verməz
qaranlıq.
Önəmli budur ki, gələcəklərə,
Aydın bir yol açmış oldu
Tahirə.
Mənim ölümümlə son bulmaz
bu yol,
Nasirəddin şah:
Əgər bu fətvaya çəkməsəm də
qol.
Yenə də onların önü kəsilməz,
Bunu artıq kimsə önləyə
bilməz.
Bir yol var, onu da qəbul
etsəniz,
Tahirə Qurrətuleyn:
Nə imiş Sultanım, söyləyiniz
Siz!
Nasirəddin şah:
Ölkə sultanının eşi
olsanız,
Böylə olur fətva keçərsiz,
yalnız.
Bu haqda yaxşıca düşünün
lütfən!
Böylə qurtulursan ancaq
ölümdən.
Mənimlə birlikdə yaşamasan
da,
Həyatın boşuna verilməz
bada.
Şeyx-ul islamlardan
qurtuluş budur,
Başqa bir seçənək ortada
yoxdur.
Tahirə Qurrətuleyn:
Ulu padişaha sonsuz
sayqılar,
Böyük ürəyiniz, niyyətiniz
var.
Zati-alinizin bu sözlərindən,
Çox böyük özgüvən hiss
edirəm mən.
Köşkün köşəsində hüzünlü
yaşam,
Mənim amacımla uyuşmaz
tamam.
Çəkinmək istəməm öz
savaşımdan,
Çəkinsəm içimi yandırar
vicdan.
Vicdan sezgisiylə
yaşamışam mən,
Ayrılmaq istəməm sezgilərimdən.
Mənim sezgilərim ruhumla
özdeş,
Sezgi dünyasına bulunmaz
bir eş.
(Nasirəddin çox kədərli bir hal içində
Tahirənin önündə diz çöküb əlindən öpər.)
pərdə
Dördüncü
pərdə
Üç molla Tahirəni bəyaz
paltarda bir quyunun kənarında tutmuşlar. Tahirənin uzun saçları pərişanca
dağınıqıdr.
Birinci molla (qabaca):
Bax bir şeytan qadın, bu
quyuya bax!
Bu qaranlıq quyu qəbrin
olacaq.
(Tahirə quyuya baxar)
İkinci molla:
Şeyx Həsən buyurdu,
öldürülmədən,
Buraxın danışsın
iblisliyindən.
Üçüncü molla:
Üç-dörd dəqiqəlik yaşamın
qalmış,
Könlün nə istərsə, ey
iblis, danış!
Tahirə yavaş addımlarla səhnənin
tam önünə gələr. Yavaş- yavaş başını qaldırıb çevrəyə baxar. Gözləri yumulu
olaraq öncə pıçıltı şəklində öz-özünə danışar. Daha sonra yavaş- yavaş səsi
yüksəlməyə başlar.
Tahirə Qurrətuleyn:
Ey eşq, gəldin, mənim
köksümə doldun,
Gəldin də həyatım və ruhum
oldun.
İçimi işıqla doluşdurdun sən,
Qaranlıqla nasıl
barışardım mən?
İçimdəki dünya, tam bir
aydınlıq,
Dışımda beyinlər mütləq
qaranlıq.
Məni öldürəcək qaranlıq
başlar,
(Barmağı ilə mollalara işarə edərək)
Şəriət bəkçisi bu leş əyyaşlar.
Ölüm hər insanın
yazqısı, doğru,
Çevrəmi sarmışkən qatil və
oğru.
Səssiz bir yaşamı seçəməzdim
mən,
Öz ölüm şəklimi seçdim bu
üzdən.
Ölüm qaçınılmaz, bir çarəsi
yox,
Ancaq necə ölmək önəmlidir
çox.
İtaət zülmünün altında hər
gün,
Yaşamaq, kəndisi bir türlü
sürgün.
Sürgün yaşamını sevməz ərmişlər,
Eşq üçün varlığa göndərilmişlər.
Ey sonsuz uzaylar bağrında
günəş,
Yüksəlib oldum da mən sənə
özdəş.
Sönməz, doğruluğun günəşi
sönməz,
Varlıqlar devinər*** yolundan dönməz.
Mən nasıl dönərəm sevgi
yolundan?
Doğruluq və ülkü, sezgi
yolundan?
Ey qorxu, uzaqlaş, məndən
uzaqlaş!
Mən öz düşüncəmlə olmuşam
yoldaş.
Bütün basqılara sinə gərərək,
Mutlu ölməyi də başarmam gərək.
Öz haqqı yolunda ölsə də,
qadın,
Qalxıb almalıdır öz doğru
haqqın.
Əbədi köləlik
duyqularından,
Uzaq durmalıdır sürəkli
insan.
Qadın da insandır deyildir
əşya,
Kəndi hüququnu etməli
ehya.****
Özgürlük duyqusu, nə mutlu
duyqu,
Öylə bir sevgi ki,
anlatılmaz bu.
Yüksəlib özgürlük zirvələrindən,
Aydın yarınlara qatılıram
mən.
(Əllərini göylərə açaraq,
gözləri ilə göydə bəlirsiz bir nöqtəyə baxaraq)
Ancaq sən, diqqət et, sən
ey yaradan,
Gör nələr eyləyir insana
insan?
Dinin qatillərin əlində
arac,
Qaranlıq dünyaya bir
aydınlıq saç!
Birinci molla (sinirli):
Yetər, daha artıq bu
şeytan qadın,
Ağzına almasın Allahın
adın.
İkinci və üçüncü molla
Tahirənin əllərindən tutub quyuya sarı sürüklərlər. Birinci molla əlindəki ipi
Tahirənin boğazına keçirər. Tahirənin boğazına kəməndi salıb, əlini-qolunu iplə
sarıyıb quyuya sallarlar. Quyunun dibinə əllərindəki daşları atarlar. Daha
sonra səhnənin önünə gəlib əllərini göyə açaraq dua edərlər.
Üç molla bir səslə:
Sənə sığınırıq, ey böyük
Allah,
Sənsən bu dünyada möminə pənah.
Biz sənin əmrinlə durub-
oturduq,
Çalışdıq, əmrini xalqa
duyurduq.
Sən öz kitabında böylə
demişdin,
Möminlərə zəfər və´d eyləmişdin.
Şeytan üzərinə qazandıq zəfər,
Ey Allah bizlərə mərhəmət
göstər!
Alınlarını yerə yapışdırıb səcdəyə düşərlər
Bu zaman uzaylardan Tahirənin
səsi pıçıltı şəklində eşidilər:
Azadlıq, ey qutsal, ey ulu
varlıq,
Sən var ol, sən yaşa, var
ol azadlıq!
Pərdə
Son
02.09.2010
Finlandiya

Hiç yorum yok:
Yorum Gönder