6 Eylül 2014 Cumartesi

Modernitə, din, tarix





Modernitə, din, tarix

Modern olmaq və ya modernitənin legitimliyini sağlayan onun “gələnəklərlə, əski ənənələr və həyat ölçüləri ilə mücadilə etməsidir.”[1] Modernizm və modernist ifadələrinin XVIII əsr aydınlanma çağına aid olduğunu yazanlar var. Alman mütəfəkkir xanım Hanna Arendt “modernitə dövrü sadəcə modern dünya deyildir. Elmi baxımdan modern dövr XVII əsrdən başlayaraq XX əsrin əvvəllərində sona çatmışdır”[2] deyə yazırdı. Arnold Toynbi kimi tarixçilər isə renesansdan etibarən, modernitənin üç mərhələsini təsbit etmişlər: 1- Renesans. 2- Renesansdan başlayaraq XVII əsrə qədər davam edən rasionalizm sürəci. 3- XVIII və XIX əsri içinə alan intellektualizm və siyantizm (scientifical) mərhələləri. Toynbi XX əsri postmodern dönəm adlandırmış. Toynbi bu üç mərhələni ağılpərəstliyin ortaya çıxışı və XX əsrdə postmodernitəni modernitənin antitezi kimi dəyərləndirər.[3] Rasionalizm və intellektualizm arasındakı fərqi də açıqlamamız gərəkir. Rasionalizm tekniksəl ağılın, intellektualizm də nəzəri ağlın inkişafı anlamındadır. İntellektualizm ağlın öz işığına bürünməsidir. Bunu daha yaxşı açıqlaya bilməmiz üçün müsəlman bilim adamı və Nobel ödülü alan pakistanlı Abdussalamın fikirlərini gətirməkdə fayda var. Abdussalam deyir ki, Avropada olan bəzi teknik gəlişmələr Çində yüzillər öncədən var idi. Lakin bu teknik inkişafın arxasında nəzəri və teorik bilgilər olmadığından əqli aydınlanmaya səbəb olmurdu. Qərb bu nəzəri aydınlanmanı kəşf etdi və Qərbdə insan ağlı bu şəkildə öz işığına bürünməyə başladı.[4]
Modernitənin əsasını nəzəri bilgilərin bir-biri ilə qarşılaşması təşkil edər. XVIII əsrdə bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyat, sosial və kültürəl həyatda yeni fenomenlər orataya çıxdı. Bir çoxları bunu modernitənin şüuru olaraq nitələmişlər. İqtisadi sərbəstlik, siyasi və fikri plüralizm modernitənin gətiriləridir. Modernitə və liberalizmin savunucularından biri Karl Popper olmuşdur. O, “Açıq cəmiyət və onun düşmənlərı” adlı ünlü əsərində liberalizmi və modernliyi savunmaqdadır. Ona görə, əski Yunan filosofları Platon və Sokrat açıq cəmiyətə qarşı olmuşlar. “Bəzi araşdırmaçılara görə, ilk dəfə XIX yüzildə yazıçı Şato Beryan “modernitə” sözünü qullanmağa başlamışdır. Yenə də XIX əsrdə Cohn Raskin “Modern rəssamlar” haqqında bir əsər yazmışdır. Hegel də modern dövr haqqında fikirlərini söyləmişdir. Ona görə, modern dövr öylə bir çağdır ki, insan bu çağda özünü hər şeydən daha öncə insani və sosial münasibətlərin məhsulu kimi görməkdədir və öz iç dünyasına baxıb niyətlərini göz önündə bulundurduğunda müqəddəs sayılan ölçülərdən fikirlərini uzaq tutur. Əski çağlarda cəsarət fərdi bir davranış idi, Ancaq modern anlamda cəsur olmaq öz şəxsi ölçülərinə görə davranmaqdan ibarət deyildir, əməllər başqaları ilə ilişkilər bütünü içində şəkillənməlidir. Bu, Heglin fikirləridir. [5] Bundan da şöylə anlaşılır ki, kollektiv şüur, kollektiv davranış modernliyin əsas özəlliyidir. Diqqət edilərsə, kollektiv nəzərin seçimi olan prezident və ya başbaxan, parleman da bu dövrlərdən sonra açıqca gündəmə gəlmişdir. Yəni demokrasinin doğuş tarixini əski Yunan olaraq görsək də, modern çağda demokrasi özünü yeni modern iqtisadi, texnoloji, siyasi və fəlsəfi imkanlarla gəlişdirmiş, genişlətmişdir.
Bu arada modernitə əməli davranışlara deyil, feili davranışlara üstünlük vermişdir. Əməlin arxasında hansısa bir nəzəriyə və bilgi durmaz, əməl bir törəyə və gələnəyə görə davranış şəklidir. Lakin feilin arxasında bir teori, bir nəzəriyə durmaqdadır. Feil, arxasında bir nəzəriyə duran əməldir. Şarl Budler modernliyi bu şəkildə anlatmışdır: “Modernlik bir gerçəkliyin idrakıdır. O gerçəklik ki, orada əski həyat ölçülərindən yeni həyatda bəzi şeylərin izi qalmışdır və biz onunla qarşılaşmalı, savaşmalıyıq.”[6] Görüldüyü kimi, modernlik tam anlamı ilə mühafizəkarlığa qarşıdır. Lakin əski və yeni öyləsinə incə biçimdə həyatda iç-içə keçmişdir ki, yeni olanı əski olandan ayırd etmək asan iş deyildir. Bu gəlişmələrin yanı sıra “ağıl” ünsürünün modernitə dartışmalarının mərkəzində yerləşdiyi də görülmüşdür. Modern dövrdə ağılmərkəzli fəlsəfələrin inkişaf etməsinin yanı sıra onu tənqid edən filosoflar da meydana çıxmışdır. Modern dövrün ağılpərəstliyini ilk tənqid edən Jean-Jacques Rousseau (Rosso) olmuşdur. Rossodan təsirləndiyini dilə gətirən aydınlanma çağının böyük filosofu Kant “dinin əsasını ağılpərəstlik veriləri olan fəlsəfə və məntiqlə incələyib açıqlamaq mümkün deyildir, bunun üçün başqa ölçüyə, yəni iman və sezgi ölçüsünə ehtiyac vardır”[7] deyirdi. Bu kimi, yanaşmalar hesabına din elmi və fəlsəfi həyatdan kənarlaşdırıldı. Din özü də teoloji elmi adı altında incələnməyə alındı. Modern dövrün inkişaf sürəcinə baxdığımızda bir şeyə tanıq oluruq: modernitə öncə gələnəklərə saldırmış, sonra onu ya yox edib öz gələnəyini icad etmiş, ya da yox edə bilməsə də, onu bəzi reformlara uğradaraq özününküləşdirmişdir. Modern dövr, insanların göylərdən imdad və qurtarıcı bəkləməsinə qarşı çıxaraq buna son vermişdir. Sırf bu dönəmdən sonra siyasətin qaynağı göylərin və Allahın iradəsi deyil, yerdə yaşayan insanların ortaq iradələrinin ürünü kimi meydana çıxmışdır. “Modernitə dünyanın liberal ölçülərlə yenidən şəkillənmə sürəcidir.”[8] Modernitəni bu şəkildə də tanımlayanlar var: Modernitə Avropa dışında qalan ölkələrin sömürgə ölkələrə dönüşdüyü gündən başlar. Çünkü əqli inqilablarla Avropa irəlilədi və digər ölkələr dəyişim düşüncəsini yaxın buraxmadan öz adət-ənənələrinin bataqlıqlarında saplanıb qaldılar. Modern çağın mərkəzində haqq, modern öncəsi çağın mərkəzində görəv bulunmuşdur. Modern çağda həyat əqidə və inancdan, modern dışı çağlarda inanc candan və həyatdan üstün olmuşdur. Din dəyişdirmənin cəzası ölüm idi, ancaq modern çağda kimin dinini dəyişdirib dəyişdirməməsi heç bir hüquqi və cəzai qurumu ilgiləndirməz. İslam ölkələrinin çoxunda hələ də din dəyişimi böyük təhlükə ilə qarşılaşmaq deməkdir.
Postmodernizm modernizmə qarşı tənqid zəminində ortaya çıxmışdır. Tənqid olmazsa ən gözəl fikirlər də paslanmağa, çürüməyə başlar. Postmodernizmin tənqidləri modernliyi ortadan qaldırmaq doğrultusunda deyildir. O, modernliyin ağlı tanrılaşdırmasına qarşı çıxmışdır. Postmodernliyin tənqidləri mühafizəkarlığa söykənmirdi. Ancaq modernlik özü ağıl məsələsində bir növ mühafizəkar olmağa başlamışdı. Modernizm ağıl tənqid edilərsə, əski çağ geri dönər əndişəsini daşıyırdı. Lakin postmodernitə əski çağı geri gətirmədən modernitənin sırf ağılmərkəzli yöntəmini tənqid edirdi. Postmodernitənin modernitəni tənqidində yeni dəyərləndirmələr ortaya çıxırdı. Modernitə bütün dəyərlərə qarşı çıxaraq ağlı önə çəkib onu tanrılaşdırdı. Postmodetnitə ağlı da tənqid etməyə başladı və böyləcə postmodernitə “uğrunda öləcək heç bir şey və dəyər yoxdur” kimi bir görüş ortaya qoydu. Ölməmək və sadəcə yaşamaq gərəkir. Bu da, sanki bəzi sorunlara yol açdı. Çünkü insanın doğasında alturistik duyqular vardır. Başqaları üçün fədakarlıq edərək həyatı təhlükəyə atmaq kimi, bir duyqu. Postmodernitənin ana söyləmi “həyat və yaşamaq o duyqulardan daha üstündür” fikrindən ibarətdir. Bütün dəyərlər, ülkülər və ideallar böyləcə çökmüş oldu. Postmodernitənin haqlı olduğu yerlər var. Aşırı fədakarlıq və alturizm insanı cahil saxlayaraq aqressiv edər. Lakin postmodernitə öz inkişafı sürəcində dini verilərin güncəl həyata daşınmasından yana tutum sərgiləmişdir. Modernitənin görməzlikdən gələrək üzərindən keçdiyi dini dəyərləri bu dəfə modernliyin də əqli imkanlarından yararlanaraq daha ussal (rasional) biçimdə postmodernitə canlandırmaq istəmişdir. Postmodernitənin tənqidlərinə cavab olaraq Habermas ”modernitə hələ tamamlanmamış sürəcdir, öz əksikliklərini düzəldəcəkdir”[9] demişdir. Theodor Adorno “ağıl mərkəzçiliyi tekniksəl ağıla olan inanc kimi nitələyərək, onu çox təhlükəli hesab edirdi.”[10] Anlaşılan postmodernitə modernliyin əksikliyini ortadan qaldırmaq amacı ilə onun öz içindən doğmuşdur. Postmodernizm modernizmin bir üst mərhələsədir. Postmodernizm, özəlliklə dilçilik və qramatoloji sahəsində böyük elmi bilgilər ortaya qoyaraq, dil fəlsəfəsi üzərində çox durmuşdur.
Aydınlanma heç bir zaman dinin dışında gerçəkləşməmişdir. Çünkü din həm qurtarıcı, həm də toplumu qaranlığa gömə bilən vəsilədir. Bunu ən gözəl biçimdə Karl Marks açıqlamışdır. O deyir ki: din, mövcud durumlara bir etirazdır, din, ruhsuz vəziyətləri ruhlandırandır, din, əzilən insanın iç fəryadlarıdır, din ürəksiz dünyanın qəlbidir və nəhayət din, xalqların tiryəki, əfyunu və uyuşdurucusudur. Din yüksək təbəqənin xalqın şüurunu uyuşdurmaq üçün aracdır. [11] Marksın bu təsbiti çox doğru və yerindədir. İslam ölkələrində Quran bir yana buraxılaraq yanlış törələr və gələnəkləri İslam adına qəbul etmişlər. Bu içi boşaldılmış din də tam uyuşdurucu rolu oynamaqda, diktatorluğun və kapitalizmin yanında yer almaqdadır. Əzənlərlə işbirliyi edərək əzilənləri daha çox əzməkdədir. Bu üzdən Marksın arxadaşı Engels “dinə və dini təsəvvürlərə hər zaman üçün topdan savaş açdıq”[12] deyə yazar. Din qonusunda Tolstoy Marksın tam tərsinə düşünməkdədir. “Tolstoy, dini, insanların həqiqi mutluluğunun ilk şərti olaraq sayar.” [13] Avropadakı aydınlanma nə idi? Müqəddəsləşdirilmiş kilsə, keşiş anlayışını, dini sinfi bir yana buraxıb İncilin özünə və cövhərinə dönəmək idi. Bizdə də böylə bir aydınlanma sürəci başlamalıdır.
İslamın tək qaynağı Qurandır və başqa şey deyildir. Quranın dışında xəlifə və imamlıq kimi anlayışlar təfərrüatdır və İslam tarixində ortaya çıxmışdır. Biz isə yalnızca və sadəcə olaraq Quranı dini görüşlərimizin rəhbəri kimi görməliyik. İslam tarixində ortaya bir sürü sapıq cərəyanlar çıxmışdır. Bir örnək söyləmək istərdim. Quranın “Yasin” surəsində bolca hikmət və bilgi var. Bu surə başdan sona qədər, ancaq dirilərə xitab edər. Həyatında bu surəni və ya tərcüməsini oxumayan müsəlmanların çoxu yaxınları öldüklərində oxuyub, oxutdurarlar. Baxın “Yasin” surəsində keçən ifadələrə: "And olsun hikmət dolu Qurana", "Sən peyqəmbər olaraq göndərildin", "Doğru yoldasan", "Bu kitap diriləri uyarmaq üçündür", "Bizə düşən görəv, ancaq açıqca təbliğ etməkdir." Bu ayətlərin ölü ilə nə əlaqəsi var? Hələ Yasin oxuyan mollaya para da verilir. Quranda din üzərindən para qazanmaq yasaqlanmış, haram elan edilmişdir. Çünkü Quranda mövcud olan bu qədər bilgi və mənanı Tanrı para almadan bizə təmənnasız olaraq vermişdir. O paranı verən də, alan da İslam və Qurana qarşı davranırlar. Aydınlanma da bu xurafələri ifşa etmək və dinin təməl ədalət və əxlaq anlayışına dönəməkdən ibarətdir. İslamda molla deyə dini bir sinif və din adamı qrupu olmamışdır. Peyqəmbər indiki sözdə din adamları kimi, fərqli sarıq və cübbə geyinərək özünə din adamı deməmişdi. Onun geyimi də xalqın geyimindən heç fərqlənməmişdi. “Din adamı”nın üzərinə bir cübbə taxıb xalqdan fərqlənməsi Peyqəmbərin icad etdiyi İslam kültürünə tərsdir. Nə Peyqəmbər bu işi etmişdi, nə də Əbubəkir, Ömər, Əli və Əbuhənifə kimi din bilginləri. Din adamı deyə bir status İslamda yoxdur. Hər kəs təqvasına görə fərqlənir və bunu bilən də yalnızca və sadəcə olaraq Tanrıdır. İslamda saqqal deyə də zahirilik yoxdur. O zaman Peyqəmbəri əziyət edənlər də saqqal buraxarlardı. Saqqalarını qırxanlara Peyqəmbər saqqalınızı qırxmayın deyə bir uyarıda bulunmamışdır. Peyqəmbər heç bir zahiriliyi İslamın dünyagörüşü kimi sunmamışdır. Bir halda ki, Peyqəmbər saqqalını qırxar, ya da toplumdan fərqli bir geyim biçimi sunsaydı, bütün müsəlmanlar o şəkildə davranmalıydılar. Bu üzdən də saqqal buraxıb buraxmamanın islamda və peyqəmbər sünnətində heç bir yeri yoxdur. Bu, özəl zövq və səliqə məsləsidir və bu qonuda dini hökm olmamışdır. Sırf bu üzdən molla sinfi və onun geyim şəkli tamamıyla İslama qarşı bir davranış biçimidir. Səfəvilərdən sonra molla-feodal sinfi adında dinə “bilgələr!” sürüsü girdirilmişdir. Bilgə var İslamda. Bu bilgələr sinif oluşdurmazlar. Din üzərindən para qazanmazlar. Ən haram para din üzərindən qazanılan paradır. Peyqəmbər zamanında ölünü basdırırkən yasin oxunaraq paramı qazanılmışdır? Bunların hamısı molla-feodal sinfinin İslam tarixinə soxduqları sapıq və İslama zidd olan olaylardır. Peyqəmbər zamanında bu batil ənənələrin heç biri yox idi.
Başqa fanatik davranışlar örnəyi də dinə yüklənmişdir. İslamda dörd suçun cəzası var: 1- Qətl, 2- Zina, 3- İftira və yalan, 4- Başqasının əməyini çalma, oğurluq. Quranda içki içmənin cəzası yoxdur, sadəcə içməmək tövsiyə edilmişdir. Ancaq İslam ölkələrində içki içəni şallaqlayıb adamın şəxsiyətini heç edirlər. Mövlana “Məsnəvi”sində “Heç bir kafiri də aşağılamayın ki, son nəfəsində müsəlman ölməsinə bir fürsət və şans qalsın”[14] deyə yazar. İslam və İslam böyükləri bu şəkildə düşünməkdə ikən, hansısa ayətullah Allahmıdır ki, ölüm fətvası çıxarır? Canı Allah vermiş və yalnız O, ala bilər. Günümüzdə xalqımızın şüuru İslam adına uydurulmuş qavramlarla əsir alınmışdır. İranda Xomeyni öndərliyində gerçəkləşən şiə üsyanından sonra səfəviyət yenidən xortladı. Əslində İranda inqilab olmadı. Çünkü inqilabın kitabı və teorisi olmalıdır. Sasani məcusiliyi İslam kültürünə sızaraq imamət adında bir anlayış uydurmuşdur.
İslamın kitabı olan Quranda isə nə xilafət, nə də imamət adında siyasi qurumdan söhbət edilər. Heç birisi yoxdur. İslam kitabında sorunların çözümü üçün şuranın qərarına görə davranmaq hökm edilmişdir. Peyqəmbərin vəfatından sonra da xilafət o günün şərtlərinə görə, siyasi teori olaraq gəlişdirildi. Bu, eyni siyasi sistemin əbədiyən sürməsə gərəkir anlamında deyildir. Quranda keçən şura sözünün modern tanımı demokrasidir. Nə xilafətə gərək var, nə də imamətə. Bu haqda böyük müsəlman mütəfəkkir İqbal Lahuri də çox düşünərək fikirlərini kitablaşdırmışdır. Ona görə “son peyqəmbərlik” ifadəsinin anlamı budur ki, artıq bundan sonra elmi və təcrübi ağlınızı qullanmalısınız və daha sizlərə bir daha peyqəmbər gəlib kitab gətirməyəcəkdir. Bu üzdən də İqbal Lahuri Atatürkün Türkiyədə xilafəti qaldırıb laik düzənə keçşini böyük həyəcanla alqışlayırdı. İslamın və insan haqlarının önündə əngələ dönüşən xilafət və imamət anlayışları modern siyasi yöntəm olaraq qəbul ediləməz. Atatürk laikliyi Anadoluda tətbiq etməsəydi, indi Türkiyə də Misir, Əfqanistan və İran kimi Doğu Orta Çağının qaranlıq bataqlığında batıb qalacaqdı. İmamət isə, tam olaraq İslam qarşıtıdır. Bu anlayışa görə, Əlinin haqqı yeyilmiş və imam da peyqəmbər kimi Allahdan vəhy alır! İmam xəta etməz və məsumdur! Siyasi iqtidar ona xasdır və son Mehdi gələnə qədər iqtidar Mehdinin naibləri, yəni yardımçıları olan müctəhidlərə, ayətullahlara məxsusdur! Yeri gəlmişkən xalqımızın bu mövzuda aydınlanması üçün “mehdi” məsələsi ilə bağlı bəzi açıqlamalar vermək istərdim.
Böyük İslam mütəfəkkiri İbni-Xəldun və XX əsr islam düşünürü İqbal Lahuri görəlim “Mehdi” haqqında nələr düşünmüşlər? İbni-Xəldun “Müqəddimə” kitabının bir bölümündə “mehdiliyi” incələmişdir. Onun araşdırmaları mehdiliyin batil bir inanc olduğunu isbatlayan ən önəmli və tutarlı qaynaqdır. XX əsrin ən böyük müsələman mütəfəkkiri olan İqbal Lahuri də mehdiliyin batil inanc olduğunu isbat etmək üçün İbni-Xəldunun araşdırmalarından yararlanmışdır. İbni-Xəldun mehdiliyin batil inanc olduğunu isbatlayan 24 rəvayəti öz əsərində verərək hər bir rəvayətin batil olduğunu isbatlamışdır. İqbal Lahuri də bunlardan yararlanmışdır. Bu 24 rəvayət sünnət əhlinin kitablarında mövcuddur. Şiələrin bu istiqamətdə əfsanəvi və mifik rəvayətləri daha çoxdur. İbni-Xəlduna görə “Mehdi” ilə bağlı bütün rəvayətlər saxta, yalan və etibarsızdır. İbni-Xəldun hesab edir ki, mehdilik İslami fikir olmamış, sonradan İslam kültürünə girdirilmişdir. İbni-Xəldunun bu görüşündən ilham alan İqbal Lahuri dostuna yazdığı bir məktubunda “Məncə məcusi-zərdüşti görüşlər daha sonra mehdilik adı ilə İslam kültürünə sızmışdır. Çünkü tarixi, yaxşı və pis olaraq iki yerə bölmə İslam düşüncəsi deyil, məcusi düşüncədir. Bu da İslam kültürndə mehdilik adı ilə ortaya çıxmışdır. Tarixin axışında yaxşılar pislərə qalib gələcək və bunu da Mehdi bərqərar edəcəkmiş” yazır. İbni-Xəlduna görə isə tarixin dinamizmi Habil və Qabildən başlayaraq davam edən bu təzadlardan ibarətdir. İbni-Xəlduna görə, mehdilik tarixin də sonu deməkdir və tarixin sonu ola bilməz. İqbal Lahuriyə görə, şiə əhli nübüvvətin (peyqəmbərliyin) bitmə sürəsini 260 il gecikdirmişlər. İslamda peyqəmbərlik 23 il olmuşdur, ancaq şiəyə görə, peyqəmbərlik 23+260 il olmuşdur. Şiə görüşündə imamlar peyqəmbərin varislərdir və bütün peyqəmbərlik özəlliklərinə sahibdirlər. İmamlara vəhy gəlirmiş, qeybdən xəbər verirmişlər! Quranda və şəriətdə sabiqəsi olmayan qanunlar təsis etməyə imamların səlahiyəti varmış! Bu isə yalnız peyqəmbərə xas olan bir yetki idi. İmamların missionu peyqəmbərliyi imamət adı ilə sürdürmək olmuşdur. Şiələrə görə, peyqəmbərin bütün yetkiləri imamlarda da olmuşdur. Şiələrin imamlara tanıdıqları özəlliklər xatəmiyəti (son peyqəmbərlik fikrini) inkar edir. Şiə Mehdisinin qeybə çəkilməsi ilə bağlı mövcud dəlillər də yetərsizdir. Şiələr deyirlər ki, Mehdinin düşməni olduğu üçün qeybə çəkilmişdir. O zaman bunu sormaq gərəkir ki, digər imamların düşmənləri yoxmu idi, onlar niyə qeybə çəkilmədilər? Bir başqa cavabları da budur ki, Allah 12 imamla bu sürəci kamala ərdirdi. Ancaq bu da tutarlı və yetərli cavab deyildir. Çünkü imamların sayısı yeddi də olsaydı, eyni iddiada bulunmaq mümkün idi. Necə ki, yeddi imama inanan ismailiyə də eyni iddiada bulunmaqda idi. Peyqəmbərin səhabilərindən heç birisi mehdiliyə inanmamış və müsəlman da olmuşlar. Mehdi qonusu etiqadi bir məsələdir. Yəni tarixi baxımdan onun varlığını isbat edəcək heç bir dəlil yoxdur. Peyqəmbər isə etiqadi bir məsələ deyildir. Tarixdə olmuşdur. Bəlli bir zamanda dünyaya gəlmiş, bəlli tarixi zamanda peyqəmbərliyə yüksəldilmiş, bəlli zamanda da vəfat etmişdir. Digər 11 imamlar da o şəkildə. Ancaq Mehdi böylə deyildir. Dünyaya gəlməsi də əfsanələr və miflər dumanlığındadır. Tarixi şahidlərlə Mehdinin varlığını isbat etmək mümkün deyildir, ancaq bir ideologiyaya inanaraq tarixdə olmayan birinin olduğuna inanmaq mümkündür ki, bunun rasional tərəfi ola bilməz. Çünkü Mehdinin tarixdə olduğunu isbatlayan heç bir tarixi sənəd mövcud deyildir. Şiələrin özü bilə, onun anasının hamiləliyinin gizlində olduğunu yazırlar. Dünyaya gəldikdən sonra da 5 il gözlərdən iraq yaşamışdır. O zaman bunu kim görmüşdür? Böylə bir şəxsin varlığını tarixi sənədlərə dayanaraq isbat etmək necə mümkün ola bilər? Ancaq şiələr onun gizlincə doğulduğuna inanır. Kimsə şiənin uydurduğu bu mifə inanmazsa, Allah onun yaxasından yapışmaz. Çünkü Allah ağıl dışı olana inanmağı təklif etməmişdir.
Quranda da Mehdi haqqında heç bir ipucu, heç bir bilgi mövcud deyildir. Şiənin təsvir etdiyi Mehdinin qlobal amacı da yoxdur. O, zühur etdiyində ilk olaraq Əbubəkiri, Öməri, Ayişəni və peyqəmbərin digər ən yaxın dostlarını qəbirdən çıxarıb dirildəcək, onları kafir, münafiq və Əlinin haqqını yedikləri üçün işkəncə edib atəşdə yaxacaqdır! Şiənin təsvir etdiyi Mehdinin qlobal ədalət anlayışı yoxdur, sadəcə sünni öldürməyə gələcəkdir. Bu ideoloji inanca görə, bəşəriyətin tək düşməni müsəlmanlardır, yəni sünnilərdir. Bunun da Sasani kültüründən şiələrə keçdiyinə inanmaq gərəkir və tarixi tanıqlar da bu yöndədir. Çünkü müsəlmanlar Sasani imperatorluğunu devirdilər. Bu üzdən Sasani-məcusi kültürü İslam və müsəlman düşməni olmuşdur. Sasaniliyin yenidən canlanması olaraq tarixə girən Səfəviyət bu ideologiyani daha da yayqınlaşdırmışdır. İndi bu ideologiyanın qaranlıq dünyasında ölkəmizdə ayətullahlar hər türlü fərqli düşüncələri boğur, düşünənləri edam edib, zindanlarda çürüdürlər. İslamınsa ana söyləmi iman məsələsidir. İman nədir? İman sözünün kökü "əmin", "əmniyət"dir. İman etmək yəni əmniyət (güvənlik) bərqərar etmək deməkdir. İman edən insanın daxilində iç kontrol sağlayan, əmniyət bərqərar edən bir güc, bir denətim mexanizması ortaya çıxar. İman etmək də bu denəticinin olduğunu könüldə kəşf etməkdir. Bu denətləyici, insanın içində yoxdursa, Dostayevskinin yazdığı kimi, o, artıq bir canavardır, insan deyildir. Bu üzdən də psixolojik güvənliyin sağlayıcısı imandır. Böyük psixoloq Yung xəstələri arasında bir araşdırma aparmış. “Psixolojik sorunu olan xəstələrin çoxu iman etməyən insanlar olmuşdur.”[15] Çünkü psixolojik dəngəni heç bir şey iman qədər sağlaya bilmir. İştə iman ölçəyində insan heç bir şəkildə yalnız deyildir. İmanı itirmək, imandan uzaqda durmaq, qorxunc boşluğa və öldürücü yalnızlığa təslim olmaqdır. Psixolojik dəngəsizlik də buradan başlar. İçindəki o qutsal səslə birlikdə deyil isən, milyonların içində də yalnız qalacaqsan. Lakin bu, xurafələrə inanmaq anlamında deyildir. Din anlayışında köklü bir reform olmalıdır, reform demək dinin ilkələrini dəyişmək deyildir. Dinin ana qaynağına dönməkdir. Bizim dinimiz İslamdırsa, onun da kitabı Qurandır. İmamlar, imamzada, pir, molla kimi dinlə bağlantısı olmayan bu anlayışlar haradan çıxmış? Bunlar dinin təməl qaynağı ilə insan arasında uçurum və məsafə yaradırlar.
“Tarix nədir?” sorusu fəlsəfi bir sorudur. Ancaq genəldə “tarix mədəniyətlərin tərcümeyi-halıdır.”[16] Tarixçinin bir gözü keçmişə, digər gözü gələcəyə yönəlməlidir. Bu şəkildə bir tarixçilik bizdə olmamışdır. Tarixçilik Qərb aydınlanma hərəkətinin ürünüdür. Çünkü tarixçilik, sadəcə tarixi olayların xronikasını bəlli etmək deyildir. Tarixçilik həm də tarixi azad etmək, onu azadlığına qovuşdurmaqdır, keçmişin nostalgiyasına gömülmək deyildir. Hegel “fəlsəfi şüur və elmi bilgəlik tarix bilinci dışında mümkün deyildir” deyir. Tarix bu baxımdan elmin, incəsənətin və fəlsəfənin araşdırması gərəkən meydandır. Bir çox millətlərdə, o cümlədən bizdə tarix heyranlığı var. Sanki bizim dədələrimiz tarixdə böyük işlər görüblər, ancaq biz o mirasa sahib çıxa bilməmişik! Hanı o ulu dədələrin düşüncə mirası? Hansı kitablardadır? Bunların hamısı ölüpərəstliyin nəticəsidir. Almanlar da bu xəstəliyə düçar idilər. Alman aydınları milləti bu xəstəlikdən xilas etdilər və aydınlanmanın da əsas amacı budur. Böyük filosof Nitşe almanların tarixpərstliklərini “kor və cahilcə vurqunluq”[17] adlandırırdı. Tarix, keçmişimizdə bulunan təcrübələr yığınıdır. Bu təcrübələrin yararlı və yararsız tərəfləri vardır. Ondan günümüzdə yararlana bilmək üçün bir çox yöndən araşdırılıması və sorqulanması gərəkməkdədir. Bilinməyən, tanınmayanın harasının verimli və harasının zərərli olduğunu necə idrak edə bilərik? Alman mütəfəkkir Teodor Lissinq “Tarix məna və mənasızlıq bağışlayan durumdur”[18] söylər. Şüurlanmaq varlığın və tarixin aydınlığında yer bulmaqdır. Bu aydınlıq ortamında gizlin imkanlar üzə çıxarıla bilər. Bir tarixpərəst və tarix heyranı olan adam nə öz ağlına güvənər, nə də ağlın icad edici funksionuna önəm verər. Onun görüşləri daha öncədən tarixdə mövcuddur. Tarixdə bəlli aqressiv ideologiyalar, inanclar olmuşdur. Bunların mahiyəti açıqlanaraq tarixə gömülməli, günümüzə müdaxiləsi önlənməlidir. Tarix sorqulanmadıqca bütün aqressiv və kötü yanları ilə bir yerdə millətin indiki zamanını işğal edər. İndiki zamanı keçmiş zaman tərəfindən işğal edilən millətlər həm öz varlıqları üçün, həm də bəşəriyət üçün təhlükəlidirlər. Tarixi ilə hesablaşıb başarılı addımlarla modern dünyaya girən millətlərdən biri japonlardır. Japoniyada Samuraylar bir-birini kəsərdi. Japonların şiddət enerjisini japon aydınlar yaradıclığa, elmi, fəlsəfi fəaliyət sahəsinə yönəltdilər. Japoniya öz əski tarixi ilə vidalaşıb daha modern və insani tarixə girdi. Günümüzdə Japoniya dünyanın ən demokratik ölkələrindən biridir. Qərbdə japon siyasi mühacir tapılmaz. Ancaq Çin öz tarixinin qaranlığında gömülü qaldı. 60 milyon Çin vətəndaşı bu qaranlıq tarixin Çinin indiki zamanını işğalı üzündən Qərb ölkələrində siyasi mühacir durumundalar. Ya da İran öz tarixinin Səfəvi qaranlığına və bataqlığına çox sərt bir şəkildə saplanmışdır. Digər İslam ölkələri də hələ öz Orta Çağ qaranlıq tarixlərindən qopmuş deyillər.
Modernitə indiki zamanda gələcək yönümlü yaşama yetənəyidir. Tarixi təcrübələri sorqulamaq düşünən ağlın görəvidir. Yalnız bu sorqulamalar işığında yeni elmi, fəlsəfi bilgilər ürətmək olar. Tarix elmi ilə daha rasional şəkildə məşğul olan böyük İslam mütəfəkkiri İbni-Xəldun olmuşdur. İbni-Xəldun deyir ki, tarixçi olmaq üçün başqa bir elmə ehtiyacımız vardır. O, bu elmin adını “Müqəddimə” kitabında “imran” olaraq yazar. İmran elmini günümüzdə sosiologiya elmi olaraq tanımlaya bilərik. Alimə görə bu elm olmadan tarixi açıqlamaq mümkün olmayacaq. İbni-Xəldunu bir çox bilim adamı ümmətsiz peyqəmbər olaraq adlandırmışlar. Şərq bu böyük alimin metodlarından istifadə etmədi. Yenə də Qərb onu kəşf edib yöntəmini mənimsədi. “Qərb özünün olmayan, özü icad etmədiyi elmi, fəlsəfi dəyərləri mənimsəmə bilincinə sahib olmuşdur. Qərb başqa mədəniyətləri və dəyərləri də alıb dəyişdirərək özününküləşdirir”[19] İbni-Xəldun sosiologiyanı da tarixi araşdırmaq üçün yetərli bilməyərək tarix fəlsəfəsinə ehtiyacın olduğunu dilə gətirər. Lakin o, “tarix fəlsəfəsi” ifadəsini bu şəkli ilə dilə gətirməz. Yazar ki, mənim təsis etdiyim elm hikmət cinsindəndir. Modern çağda hikmət cinsindən olub tarixi incələyən elmə “tarix fəlsəfəsi” deyirik. Tarixçi olmaq sadəcə nəqliyatı araşdırmaqdan ibarət deyildir. “Tarix qismən elm, qismən sənət, qismən də fəlsəfə olaraq qarşımıza çıxar.”[20] Tarix elmində bir historioqrafi var, bir də historioloji. Historioqraf olayların baş verdiyi zaman yaşar və hadisələri gördüyü və ya eşitdiyi kimi qələmə alar. Onun hadisəşünaslıq və tarixşünaslıqla işi olmaz. Əsasən xidmət etdiyi sultanların və görüşlərin yararına yazar. Lakin historioloq sonrakı çağlarda yaşar və o, bir tarixşünasdır. Historioloq hadisələrin oluşduğu zamanda yaşarsa, öldürülə bilər. “Tarix haqqında yazılan kitablar və sorqulamalar olayların oluşduğu zaman yazılsa, tarixçini tutuqlardılar.”[21] Bu üzdən də anladıldığı kimi, historioloji sənətə, elmə və fəlsəfəyə, ədəbiyata, törə biliminə və digər sahələrə ehtiyac duyar. Historioloji açıdan baxdığımızda bir acı gerçəklə qarşılaşmaqdayıq. Səfəvizədə tarixi İran mühitində türklük şüuru doğmaz, doğa bilməz. Türk milli şüuru bu tarixin antitezi kimi ortaya çıxa bilər. Səfəvilərdən sonrakı sürəcdə İranda fars milliyətçliyinin ideologiyasını yazan əsasən səfəvizədə türklər olmuşlar. Bir sünni kürdün, türkmənin və ya ərəbin, özəlliklə modern dönəmə keçişdə fars milliyətçiliyi nəzəriyəsinin yazılımında təsiri olmamışdır. Ancaq səfəvizədə türklər farsçılıq etməkdə meydanı boş buraxmamışlar. Yüzlərcə deyil, minlərcə səfəvizədə türk farsçılıq edərək türkləri aşağılayan kitablar, mətnlər yazmışlar.
                                                                                                                            2014 yay


[1] Babək Əhmədi, Modernitə müəmması, Mərkəz yayınlar, Tehran- 1377 (1998), s. 4.
[2] Eyni qaynaq., s. 26.
[3] Babək Əhmədi, Modernitə müəmması, Mərkəz yayınlar, Tehran- 1377 (1998), s. 26-27.
[4] Abussəlam, Armanha və vaqeiyətha (İdellar və gerçəklər), farsca.
[5] Babək Əhmədi, Modernitə müəmması, Mərkəz yayınlar, Tehran- 1377 (1998), s. 6.
[6] Babək Əhmədi, Modernitə müəmması, Mərkəz yayınlar, Tehran- 1377 (1998), s. 9.
[7] Babək Əhmədi, Modernitə müəmması, Mərkəz yayınlar, Tehran- 1377 (1998), s. 16.
[8] D. Held, Modernitədən postmodernitəyə, farscaya çevirən: Hüseynəli Nozəri, Nəqşi-cahan yaynınları, II yayən, Tehran- 1380 (2001) s. 255.
[9] Jurgen Habermas, Modernitədən postmodernitəyə, farscaya çevirən: Hüseynəli Nozəri, Nəqşi-cahan yaynınları, II yayən, Tehran- 1380 (2001) s. 255.
[10] Babək Əhmədi, Həqiqət və gözəllik, Mərkəz nəşriyatı, III yayın, Tehran- 1375 (h.ş), s, 35.
[11] Plexanov, Sanat ve toplumsal hayat, Türkçeye çeviren: Selim Mimoğlu, Sosyal yayınları, II baskı, İstanbul-1967, s. 122.
[12] Eyni qaynaq.
[13] Eyni qaynaq.
[14] Mövlana, VI dəftər, 80-ci bölüm.
[15] Karl Qustav Yunq, Din psikolojisi, Əmirkəbir nəşriyatı-Tehran, farscaya çevirən Fuad Ruhani, s. 99.
[16] Cemil Meriç, Mağaradakiler, s. 127.
[17] Babək Əhmədi, Heidegger və köklü sorular, Mərkəz Nəşriyatı, Tehran- 1381 (h.ş), 652.
[18] Eyni qaynaq.
[19] Karl Yaspers, Tarixin başlanqıcı və sonu (Ağaz və əncame tarix), farscaya çevirən Məhəmməd Həsən Lofti, Xarəzm yaynınları, Tehran-1363 (h.ş), s. 98.
[20] Will Duran “Mədəniyət tarixi” giriş kitab.
[21] Bertrand Russel, Sorqulayan denəmələr, türkcəyə çevirən: Nermin Arık, s. 4.

Hiç yorum yok: