Qafqaz türklərində Səfəvi-qızılbaş-moğ kültür
hövzəsindən qopmaq üçün çalışmalar, yalnızca dil, ədəbiyat və düşüncələrin
mətnləşməsi yolunda getmirdi. İncəsənətin başqa sahələrində, özəlliklə də
musiqi sahəsində böyük uğurlar və irəliləmələr əldə edilirdi. Səfəvilikdən öncə
musiqi araşdırmanın qonusu olsa da, Səfəvilərdən sonra bu sürəc durdurularaq
mərsiyyə və ağlaşma onun yerini almışdı. Səfəvi-qızılbaş-moğ ortamından qopuş
sonucunda musiqinin həm də düşüncə və araşdırma obyekti olma meylləri ortaya
çıxmışdı. Səfəvi dövləti qurulduqdan sonra bütün musiqi mirasımız yox edildi.
Əski çağlarda ədəbiyat, xəttatlıq, dilçilik, rəssamlıq və musiqi xanigahlarda
öyrənilərdi. Sufilərin barınağı olan xanigahlar musiqinin inkişafında böyük rol
oynamışdı. Səfəvi dövləti qurular-qurulmaz xanigahların hamısını Livandan
gətirilən şiə şeyxlərinin fətvası üzərinə qapadıb “hüseyniyə”lərə
dönüşdürdülər. Hüseyniyələrdə muğamlar üzərində ağlaşma mərsiyələri
öyrədilirdi. Musiqi alətləri yasaqlandı və yalnız mərsiyə söyləyib ağlama
kültürü gəlişdirildi. Qəmsevərlik və sızıldama Səfəviyətlə eyni zamanda bir
dəyər halına dönüşdü. Toplu şəkildə ağlaşma toplumsal bir dəyər ölçüsü halına
gəldi. “Mömin insan sürəkli mutlu, sevincli olmalı və çevrəsinə mutluluq
dağıtmalıdır” önərməsinin yerini saxta qəm və kədər aldı. Mutluluq deyil, qəm
və bədbəxtlik duyqusunu icad etmək sənət sayıldı. Mutluluq və sevinc icad etmək
yerinə, Kərbəla olayı ətrafında saxta bilgilər uydurub ağlamaq hünər sayıldı.
Oysa ki, Kərbəla şəhidləri özləri də cəsarətlə, ağlayıb sıtğamadan ölümü
seçmişdilər. Kərbəla şəhidlərinin özgülük və etiraz fəlsəfələrini anlamaq
yerinə, onlar üçün qəmli və ümidsiz musiqi notlarında ağlamaq bir gələnəyə
dönüşdürüldü. (Bu zehniyətə və yaşam biçiminə qarşı musiqi və onun nəzəriyəsi
ilə uğraşan Üzeyir bəy kimi aydınlar təknik gəlişmələrin, muğamı
modernləşdirmənin yanı sıra şöbələr arasına rənglər əkləyərək muğamata
yüklənmiş Səfəvi mərsiyəxanlığını rədd edəcək, dəstgahlara həyat duyqusu
yükləyəcəklərdi. Bu da sənət və zövq alqılayışı üzərinə dəyərlər ölçülərində
bir inqilab nitəliyi daşıyacaqdı.) Ağlı sıfırlaşdırmanın sonucu olaraq
şəkillənən Səfəvi gələnəyi sənət türlərinin təcrübələrini də sıfıra çarparaq hissən
və ruhən leşləşmiş sosial insan örnəyi oluşdurmaqda idi. İslamla, ağılla,
Peyqəmbər həyatının təcrübələri ilə bütün ilişkiləri qoparaq qaranlıq və
qoxumuş həyat biçiminə məhkum edilən insan türü. Əbulfərəc İsfahani, Farabi,
İbni-Sina, Urməvi, Mövlana Cəlaləddin, Marağalı kimi böyük musiqi
nəzəriyəçilərinin hamısı istisnasız olaraq Səfəvilərdən öncə yetişmişdilər. Səfəvi-qızılbaş-moğ
səltənətindən sonra sanki yer dəlinərək bölgəmizdəki estetik duyum
qabiliyətini, özəlliklə musiqi zövq anlayışını öz içinə alıb yox etmişdir. Bütün
sahələrdə olduğu kimi, musiqi sahəsində də Səfəvilərdən sonra bir tək şəxsiyət
yetişməmişdi. Yetişə bilməzdi. Musiqinin ortaya çıxması üçün dörd etkən bir
yerdə bir bütün təşkil etməlidir: 1- Bəstəkar, 2- İfaçı, 3- Çalğıçı, 4-
Dinləyici. Bu dörd amil Səfəvi öncəsində xanigahlarda denənirdi. Səfəvilərdən
sonra nə bəstəkar qaldı, nə ifaçı, nə çalğıçı, nə də dinləyici. Hüseyniyəyə və
mərsiyəxanlığa yuvalarına dönüşdürülən xanigahlarda bunlar yasaqlandı. O zaman
musiqi necə yarana bilərdi? Xanigahlarda rindlik təcrübəsi qazanılırdı. Bu da
musiqi zehniyətinin doğumuna olanaq sağlayırdı. Rind sürəkli mutlu olan
insandır. Onun rindilik halındakı mutluluğu və kədəri musiqiyə yansıyırdı.
Muğamdakı sevinc və kədərin əsasında rindlik halı durmaqda idi. Rindilik özünü
şeirdə, musiqidə və rəqsdə ifadə edirdi. Səmazənlik də rindlik hallarından
biridir. Səfəvi öncəsi eşq irfanında “şeir, musiqi və rəqs irfani hədəfə
ulaşmaq üçün bir yerdə bütün olaraq arac kimi qullanılırdılar.”[1]
Səfəvi sonrasında sənət üzərinə bu kimi dərin fəlsəfi yanaşmalar yox edilərək yas
kabusu ortalıqda dolaşmaq başlamışdı. Yalnız xalq içində ozan sənəti əməkçi
kütlə arasında davam etdi. Lakin ozan sənəti də Səfəvilərdən sonra köklü
təhriflərə məruz qaldı. Ozançılıq Dədə Qorqud kimi öz tarixi anılarından
ayrıldı və qullandığı mətnlərdə Səfəvi zehniyətinə təslim edildi. Ayrıca,
Səfəvilərdən sonra ozan sənəti şəhər həyatından dışlanaraq kənd və köçəri
ortamda öz etkinliyini sürdürməyə məhkum edildi. Tarixsəl köklərindən qoparılan
ozan sənəti dışında qalan nə vardısa söndürüldü. Əflatun “bir millətin musiqisi
dəyişdiyində onun anayasası da dəyişər” söyləmiş. Çünkü anayasa toplumun
dünyagörüşünü və sosial zövq anlayışını da yansıdar. Səfəvilərlə eyni zamanda
musiqimizin yox olmasıyla bir yerdə yönətim şəkli də dəyişdi və səfəviyət
xalqımızı məscidlərdə ədəbsizləşdirməyə başladı. İslam peyqəmbərinin
qadınlarını, ən yaxın mömin dostlarını yüksək səslə lənətləyib aşağılamaq din
adlandırıldı. Rus sömürgəçiliyində bu sürəcin tam tərsi yaşanmağa başladı.
Qafqazda yeni musiqimiz şəkillənirdi. İran-Səfəvi kültür hövzəsinin musiqi və
zövq anlayışından qoparaq bağımsız və evrənsəl duyqulara və dünyagörüşünə
dayana musiqi zehniyəti icad etmək üçün girişimlərdə bulunulurdu. “XIX əsrin ortalarında
xanəndəlik sənəti ilə əlaqədar olaraq kamança, tar musiqi alətləri də
təkmilləşər... keçən əsrin əvvəllərində kamança üç simli, tar isə beş simli
olmuşdur. Lakin sonralar XIX əsrin ikinci yarısında tar daha da
təkmilləşdirilmişdir. Böyük tarzən Sadıqcan tara 6 sim əlavə etmiş,
artıq pərdələri qırıb atmış, onu döşü üzərində çalmışdır.”[2]
Bu dəyişikliklər tarda yeni keyfiyətlər
üzə çıxararaq onu sinədə çalmağa uyqunlaşdırmışdır. Sadıqcanın bu dəyişimi ilə
tar İran-Səfəvi tarixi xatirələrindən ayrılaraq modern sürəc içinə girəcəkdi.
Sadıqcanın bu dəyişimi İran-Səfəvi musiqi ortamından ayrılmaq üçün böyük
inqilab hesab edilə bilər. Tar irani kimlik və kültür ortamından qoparaq yeni
və türk kimliyi əksənli bir zəminə oturmağa başlamışdı. Şirvan bəyi Mahmud ağa kimi
zənginlərin musiqini təqdir və musiqiçiləri təşviq etmələri ilə sənətə verilən
dəyər fərqli və antisəfəvi ölçülər istiqamətinə qaymaqda idi. Bethoven kimi
faciəvi aqibət yaşayan böyük sənətçi Mirzə Məhəmməd Həsən muğam ifaçılığına
yeni boğazlar və ifa biçimi əkləyərək musiqimizi bir addım daha irəli daşıdı.
Bu ortamda S. Ə. Şiravani kimi şairlər də musiqi ifaçılarını təşviq və təqdir
edərkən Səfəvi tarixsəl ortamında olduğu kimi, molla-feodal sinfinin
basqılarına məruz qalmırdı. Onun Mirzə Məhəmmədhəsəni öyməsi musiqi və ədəbiyat
arasında köklü bağlantı oluşdurmaqda idi:
Əqlimi başımdan nə gülü
yasəmən aldı.
Nə bülbülü, nə sünbülü bağu çəmən aldı.
Davud məgər zində olub dəhrdə, Seyyid,
Arami-dilim sövti-Məhəmmədhəsən aldı.[3]
Nə bülbülü, nə sünbülü bağu çəmən aldı.
Davud məgər zində olub dəhrdə, Seyyid,
Arami-dilim sövti-Məhəmmədhəsən aldı.[3]
Gürcülər kimi, böyük mədəniyət sahibi olan bir
millətlə estetik boyutda ilişkiyə girmək Qafqaz türklərinin musiqi zövqünü
dəyişdirirdi. Üzeyir Hacıbəyli Gürcüstanda təhsil aldığında gürcü musiqisinin
gözəlliyi qarşısında heyrətlənirdi. Heyrətini yazılarında da dilə gətirmişdi.
Gürcü musiqisindən etkilənən Üzeyir Hacıbəyli bu xalqın musiqi zövqünü Qafqaz
türklərinin kültürünə tətbiq etməyə çalışdı. Daha sonra rus və Batı musiqisi
ilə də tanış olan Üzeyir Hacıbəyli tətbiqatını daha qapsamlı şəkildə
gerçəkləşdirdi. Qapalı İran-Səfəvi kültür ortamından azad olan Qafqaz
türklərinin sosial zövq anlayışı erməni-gürcü və rus millətləri ilə ilişkiyə
girərək yeni oluşum və olqunlaşım sürəcinə girirdi. Ortaq Qafqaz kültür və
musiqisinin bir parçası olma yolunda çabalar var idi. Bunu Üzeyir Hacıbəyli bu
şəkildə ifadə edər: “Azərbaycan türklərinin lisanı ümumisi Zaqafqaziyada
beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqiləri dəxi yenə eyni
vəziyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təəssürata erməni və gürcü
qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət
edən mahir ustaları dəxi çoxdur. Ermənilərdə gözəl tar və kamança çalanlar çox
olduğu kimi, gürcülərdə də zurna və balaban çalanları məşhurdur.”[4]
İran kültür hövzəsindən qoparaq gürcü, rus və Batı musiqi kültür hövzəsinə
giriş başarı ilə gerçəkləşirdi. Lakin Üzeyir Hacıbəyli öz amaclarını
gerçəkləşdirə bilmək üçün uyqun mühit tapa bilmirdi. Çünkü bizim xalqın
dinləyicilik kimi tarixi təcrübəsi yox idi. Musiqi düşməni olmaqla bilinən Səfəvi
kültür basqıları estetik zövq alqılayışımızı məhv etmişdi. 500 illik
tariximizdə bir tək musiqi eyitim mərkəzi olmamış, musiqi eyitim odaqları olan
xanigahlarda qapadılaraq yerini mərsiyə və növhəyə buraxmışdı. Musiqi səsini
haram sayan molla-feodal sinfi zehniyətinin arxasınca sürünən sürüngənlər
şəklində yaşantı mövcud olmuşdur. Tahirə Qurrətuleyn kimi bir çox musiqi həvəskarı
mütəfəkkir qadınlar örgütlənmiş Səfəvi zehni mirası tərəfindən öldürülmüşdür. Rus
sömürgəçiliyində bu sürüngənliyə son vermək istənmişdi. Lakin necə? Bir tək
musiqi mərkəzi və musiqi sarayı tariximizdə və şəhərlərimizdə yox idi.
Operalarda rol alacaq qızlar və xanımlar yox idi. Tam bir yoxluq və heçlik
varisləri idik. Bu üzdən də heçliklə donatılmış olan ölkəmizdə mədəniyət
doğmadı. Modern mədəniyətimiz Gürcüstanda doğdu. Musiqimiz də, yazı dilimiz də,
teatral əsərələrimiz də Gürcüstanda şəkilləndi. “Molla Nəsrəddin” də ilk olaraq
Tiflisdə işıq üzü gördü. Gürcü mədəniyəti ortamına dayanaraq Qafqaz türkləri
aydınlarinin qaranlıq tarixini aydınlatma və İran-Səfəvi kültür hövzəsindən
ayırma eyləmi başlamışdı. Öz şəhərlərimizdə yobaz və heçlik varisləri olan
qoçular sənətkar qadınları dərhal öldürərlərdi. Necə ki, Şövkət Məmmədovanı
Üzeyir bəy və arxadaşları çətinliklə qoruya bildilər. Heçlik varisliyinə rəğmən
Üzeyir Hacıbəyli kimi böyük şəxsiyətlər öz çalışmalarına davam edirdi. Onlar
heçlik varisləri olan qaranlıq başlılara musiqi bəstələmirdilər. Gələcəyin
tarixini oluşdururdular. Çünkü gələcək yönümlü indiki zamanı aydınlatmaq həm də
tarixi azad etmək anlamındadır. Gələcək quşaqlar üçün heçlikdən fərqli olan bir
miras buraxmaq çabası içindəydilər. İndi o zamandan bəri musiqimizdə böyük
irəliləyişlər sağlanmışdır. Üzeyir məktəbində böyük musiqiçilər yetişdi. Lakin
İran-Səfəvi ortamında gömülü qalan xalqda hansı musiqi gəlişmələri oldu? Heç
bir şey. Son yüzillik tariximizdə Təbrizdə üç mahnı bəstələnmişdir: “Ayrılıq”,
“Sizə salam gətirmişəm”, “Qaragilə”. İlk iki mahnını bəstələyən də Qafqazda
yetişmişdi. O mahnıların bəstəcisi olan Əli Səlimi Bakıda Üzeyir məktəbində
oxumuşdu. Musiqi bir toplumun zövq anlayışını və dünyagörüşünü sürətlə
dəyişdirə bilər. Böyləcə tədricən Qafqazda yeni bir ulus yetişirdi.
İstər-istəməz bu sürəcin siyasi şəkli də ortaya çıxacaq idi.
18.09.2014
[1] Nasirəddin Sahibəzzəmani,
Üüçncü xətt, Ətai nəşriyatı, Tehran-1351 (h.ş), 324.
[2] Firidun Şuşinski, Azərbaycan xalq musiqiçiləri, Yazıçı nəşriyatı,
Bakı-1985, s. 16.
[3] Yegzar Cəfərli, Əli Fəhmi
dünyası, Adiloğlu nəşriyyatı, Bakı-2011, s. 127.
[4] Üzeyir Hacıbəyov, Seçilmiş
əsərləri, Birinci cild, Bakı-2004, 305.
Hiç yorum yok:
Yorum Gönder