25 Eylül 2014 Perşembe

Qafqaz türkləri aydınlarının sekularizm sorunu



Qafqaz türkləri aydınlarının sekularizm sorunu

Rus hüquq sistemi cangüvənliyini sağladığı üçün ilk olaraq Axundov batı siyasi, sosioloji və fəlsəfi litraturundakı qavramları dilə gətirib açıqlaya bilirdi. Axundov dil və ədəbiyat sahəsində ılımlı türk, tarix alanında aşırı fars milliyətçiliyinin qurucusudur. Onun gəlişdirdiyi əlifba daha çox türk dilinin hərflərinə görə düzənlənmiş və ayrıca, türk dilində ədəbi əsərlər yazmış, ədəbi tənqidlə uğraşmışdır. Anlaşılan Axundovu vətəni anlamda İran milliyətçisinə gətirib çıxaran onun ölkəsiz və vətənsiz olması olmuşdur. O zaman “Azərbaycan” adında tarixdə bir ölkə və tarixi-siyasi bölgə yox idi. İranın içindəki Azərbaycan da Səfəvilərdən sonra İrani kimliyin qalası və İran milliyətçiliyinin fikri odağı olmuşdur. Bu gerçəklər o zamankı Axundov, M. Ə. Sabir, M. Hadi* kimi şəxsiyətlərin İrançı oluşlarına meydan açmışdı. Onların söyləm və şeirlərində İran özlənən vətən və ölkə kimi görünmüşdür. Osmanlı ilə ilətişimə girildikcə bu görüş çökməyə başlamışdır. İran-Səfəvi-Sasani tarixsəl ortamından qopuşdan sonra səfəviyətin təlqin etdiyi osmanlı düşmənliyi Qafqazda qismən də olsa, keçərliliyini itirmişdi. Özəlliklə sekular zehniyət Qafqaz türklərində ortaya çıxdıqca xurafələrə gömülmüş İran-Səfəvi tarixi mühitinə qarşı ikrah hissi də ortaya çıxmışdır. İran-Səfəvi kimliyinə qarşı çıxmanın üç səbəbi olmuşdur: 1- Sekular dünyagörüşünün ədəbi mətnlərdə biçimlənməsi, 2- Osmanlı ilə ilişkiyə girmələr. 3- Rusiya dolayısıyla modern mədəniyətlə tanışlıq. Bu dönəmlərdə Osmanlı gənc aydınları da batılılaşma fikirini təbliğ edirdilər. Avropada oxumuş Osmanlı gəncləri sekular ədəbi mətnlər oluşdurmağa başlamışdılar. Bu ortaq amaclar Qafqaz və osmanlı türklərini birləşdirirdi.
Lakin sekularizm nədir? Düşüncənin heç bir sınır və çərçivə tanımayışı olaraq nitələyəlim. Renesansdan sonra ilk kəz olaraq “həqiqət” qavramı din dışı anlam daşımağa da başlamışdır. Bu da həqiqətin kəndi zatında bir olmasına qarşın, onun alqılaşım şəklinin bireylərə görə dəyişdiyi fikrini ortaya qoymaqda idi. “Hər kəsin öz eşqi, öz Allahı var”[1] Böyləcə həqiqətin bir olmadığı, çoğul və çoğulcu olduğu düşüncəsi doğdu. Həqiqət “bir” olsa da, onun çoğul təzahür və anlaşım şəkilləri mövcuddur. Buna meydan açılmalıdır. Batı Orta çağ litraturunda həqiqət, yalnız dini qavram olaraq nitələnirdi. Doğu Orta Çağında burxulmuş olan bir çox İslam ölkələrində də günümüzə qədər həqiqət bütün siyasi, fəlsəfi, sosial boyutları ilə ancaq egemen sinfin din anlayışının içində bir anlam daşımaqdadır. Bu din alqılayışının dışında həqiqət deyə bir durum olmamışdır, olamaz. Doğu Orta çağı qaranlığına qarşı ilk kəz olaraq Axundov qarşı çıxmışdır. Qafqaz türklərində ortaya çıxan sekularizm Doğu Orta Çağının durağan zehniyətinə qarşı devingən bilincin doğuşu və doğuruşu idi.
Sekularizmin ortaya çıxışının ilk səbəbi kitabla tanış olmaları idi. O dönəmə qədər kitab deyildiyində molla-feodal sinfinin yazdıqları müzəxrəfat nəzərdə tutulurdu. İbni-Sina, İbni-Rüşd, Biruni kimi sekular dünyagörüşünə sahib olan şəxsiyətlər, yalnızca öz yaşamları zamanında basqı altında tutulmamışlar, yüzillər boyunca şəriətçilər tərəfindən əsərləri yasaqlanmışıdır. Fizik, kimya, matematik oxunumu və bu yolla Tanrının bir olduğunu isbatlama yasaqlanmışdır. Bu yolda İbni-Rüşdün ələşdirdiyi Qəzzalinin fətvaları vardır. Qafqaz türkləri Rusiya bilim mərkəzlərində kimya, fizika, matematik kimi bilimlərlə tanış oldular. Sekularizmin də bilimə və bilimin sinifləndirilməsinə dayanmaqdadır.  
Bilgilər üç bölümə ayrılır və bu üç bölüm dışında bir şey yox kimi görünməkdədir: 1- Bilinən bilgilər (bilimsəl bilgi). Bilimdə atılım, ancaq düşüncənin sərbəstliyi ilə gerçəkləşər. Azad düşüncə olmayan ortamda bilim də gəlişəməmişdir. Bilim adamlarının çoğu Orta Çağdan bəri həp azad düşüncə ortamı yolunda mücadilə etmiş və çoxları da bu yolda öldürülmüş, ya da basqı altına alınmışlar. “Karl Popper´ə görə, bireyin üç fərqli dünyası vardır. Bilimsəl bilgi bu fərqli dünyaların qarşılıqlı etkiləşimi sırasında qurular. Bireyin birinci dünyası dış dünyadır. Bireyin çevrəsindəki fiziksəl olaraq gördükləri, yaşadıqları, qullandıqları və ehtiyac duyduqları şeylər dış dünyanı oluşdurar. İkinci dünya bireyin kəndi iç dünyasıdır, öznəl dəyərləri, birinci və üçüncü dünya ilə ilgili kişisəl yorumları, kişisəl fəlsəfələri bireyin ikinci dünyasını oluşdurar. Üçüncü dünya bireyin etkiləşim içində bulunduğu media, kitabxanalar, kitablar, dəyərlər, bilgisayarlar, konferanslar, dərslərdir. Bireyin birinci və ikinci dünyasında denəyimləri yoluyla nə tür bilgilər oluşdurduğunu bilməmiz zordur. Çünkü onlar bireyin öznəl bilgiləridir. Nə zaman bu bilgi üçüncü dünyada sorqulanar, dartışılar, tanınar və uyqulanarsa o zaman bireyin bilgiləri nəsnəlləşər və buna da bilimsəl bilgi deyilməkdədir.”[2] 2- Bilinə bilir olanlar (bilimsəl sorunlar, teorilər).  3- Bilinəməz olanlar (mistik sorunlar və ya teoloji). Bilgiləri bu biçim sinifləndirmə sekular qafanın və bilimsəl olaraq düşünən qafanın özəlliyidir. Bu qonuda cüzi də olsa Qafqaz türkləri Rusiya dolayısıyla bilgilər əldə etmiş, gələnəksəl düşünmə şəkillərində fərqlilik ortaya çıxmışdır. Hətta təsis edəcəkləri ölkə üçün nəzərdə tutduqları bayraqda bu üç evrəli sekular anlayış öz yerini bulmuşdur. Bilimsəl olaraq bildikləri türk kimlikləri idi (mavi rəng). Modernləşmə bilimsəl sorun idi (al rəng) və bu iki verilərdən yola çıxaraq İslam alqılayışı meydana çıxırdı (yaşıl rəng). 
Din politik bilgilər icad etmək mükəlləfiyətində deyildir. Din ədalət söyləmi və əxlaqi dəyərlər icad etmək yolunu seçdiyi üçün insanın vicdanına xitab edər. Quranda “Biz sizə şah damarınızdan da yaxınız”[3] söylənməsinin səbəbi də bu olsa gərək. İstisna durumları nəzərə almazsaq, politika vicdandan uzaq bir aktivitədir və genəldə ölkələr arası, qruplar rası və bireylər arası çıxarları təqib edər. Lakin din yaşantı biçimi olaraq bu ilişkilər ortamında əxlaqi dəngə bərqərar edər. Minillər boyunca dinsəl və məzhəbsəl çatışmalar yolunda saysız insan qanının axıdılmasının səbəbi dinlə siyasi mənafeləri birləşdirmək olmuşdur. Bəşəriyət uzun tarixi təcrübədən sonra sekular zehniyəti yaxalayaraq dini dövlət işlərinin dışında tutmağı başarmışdır. Bu, siyasilərin dinsiz olması anlamında deyildir. Siyasətçi hər bir insan kimi dindar və ya dinsiz ola bilər. Lakin laiklik öncəsi dönəmlərdə dinsiz siyasətçilər bilə, çıxarları adına kəndisini dindar göstərib xalqı sömürmək yolunda idi. Böyləcə də şu an bir çox İslam ölkələrində olduğu kimi siyasiləşən din, əxlaqı da siyasiləşdiridi. Dövlətin dindən bağımsız olması, onun dinə qarşı savaş açması anlamında deyildir. Siyasiləşən əxlaq isə əxlaqsızlığın tam olaraq kəndisidir. Din adına keşiş-feodal, molla-feodal sinfi böyük cinayətlər etdiklərindən Fransa kimi bəzi ölkələrdə bu qaranlıq dini tarixə qarşı aşırı sekularist duruş meydana çıxmış, keşişlərə qarşı saldırılar düzənlənmiş, kilsə mal varlığı milliləşdirilərək onların sərmayəsi olmaqdan çıxarılmışdır. Bu bağlamda dünyada iki tür sekularizm təcrübəsi ilə qarşı-qarşıyayıq: 1- Aşırı sekularimz. Böyük Fransa Devrimindən sonra ortaya çıxdı. Xalqı aşırı şəkildə yüzillər boyunca sömürən kilsəyə qarşı Böyük Aydınlanma sürəcinin ürünü kimi meydana çıxmışdır. Devrimci sekularizm 1789-cu il Fransa İnqilabının ürünüdür. Günümüz İranında molla-kapitalizm sinfinin molla-məscid örgütünün uyqulamalarında olduğu kimi o zamanın da Fransasında duyqu zəminində sömürücü kilsə-keşiş örgütünə qarşı kütlədə antipatiya oluşmuşdu. Volter, Montesquieu, Diderot, John Lock, Rosso kimi böyük aydınların əsərləri də digər yandan aydınlatıcılıq missionunu öz üzərlərinə götürmüşdü. Böyləcə keşiş-kilsə otoritəsi devrilərək ona qarşı inqilab gerçəkləşdi və bu möhtəşəm inqilab bəşəriyətin böyük tarixi sorununu da çözmüş oldu. İnqilab da buna deyərlər. İnqilabın kitabı, aydınlanma sürəci və teorisi olar. Yoxsa bir ovuc molla-feodal sinfinin düşüncəsiz kütləni başına toplayıb fətvalarla İranda olduğu kimi qətl törədərək azadlıqları sınırlamaq inqilab sayılmaz. Bu, cinayət törətmək adına baş qaldırıdır. Heç bir tarixi problemi də bəşər üçün həll etmədi. 2- İlımlı sekularizm. Ilımlı sekularizm XIII yüzildə İngiltərədə meydana çıxmış və kralın yetkilərini sınırlamağa başlamışdır. Sekularizm Fransada devrimci və İngiltərədə evrimci şəkli ilə ortaya çıxmışdır. “Sekularimzlə laiklik arasında bir ayrım var, amma, bu eyni qavrama iki ayrı kültür ölkəsinin tarixlərindən gələn fərqli baxış açısından yaxlaşımdır. Sekularizm sözcüyünü ingilislər qullanır. Fransızlar bu qavramı laikliklə qarşılamışlar. Aralarındakı fərqsə ingilis və fransızların fərqli kültürəl və siyasi keçmişləri. Aydınlanma dönəmi də ilkin İngiltərə də başlamış, ancaq bütün dünyaya yayılması Fransız Devrimi ilə olmuşdur. İngiltərədə yazılı anayasa olmadığından Fransız anayasası örnək alınmış və genəldə laiklik qavramı qullanılmışdır.”[4] Sekularizmi evrimci və reformist laiklik və laikliyi də devrimci sekularizm olaraq nitələmək mümkündür.
Yeri gəlmişkən böyük yazar Viktor Hüqo´nun 10 ocaq 1850-ci ildə Fransa Milli Məclisində laiklik vurququ qonuşmasını burada vermək yararlı olar:
Hökümətin qatilolma imkanlarını əlindən ala biləcək bir toplum inşa etməliyik. Hökümət yırtıcı heyvan kimi davrandığında onunla da yırtıcı heyvan kimi davranacaq bir toplum olmalıdır. Keşişin yeri kilsədə, dövlət orqanlarının yeri isə siyasi orqanlarda olacaq bir toplum inşa etməliyik. Nə hökümət keşişlərin moizə işlərinə, nə də məzhəb budcə, siyasət və dövlət işlərinə qarışmalıdır. Qadın və erkəklərin eşit haqlara sahib olduğu bir toplum inşa etməliyik. İlk oxuldan başlamış, kolecin bitiminə qədər eyitim parasız olmalı, bütün istedadların önündəki sorunlar qaldırlmalıdır. Bir düşüncənin olduğu yerdə kitab da bulunmalıdır. Nə bir kənd ilk oxulsuz, nə bir qəsəbə orta oxulsuz, nə də bir şəhər universitəsiz qalmalıdır. Bütün bunlar yalnız laik bir hökümətin gözətimində gerçəkləşə bilər. Tam olaraq laik və ancaq tam olaraq laik bir hökümət bu sorunları çözə bilər.
Aclığın yıxıcı və yaxıcı bəlasından uzaq olan bir toplum inşa etməliyik. Ey qanun yazanlar, bu sözü məndən duymuş olun ki, yoxsulluq bir sinfə özgü durum deyil, bütün topluma aid bir sorundur.Yoxsulun əzabları sadəcə ona özgü deyildir, bu, bütün toplumun ortaq fəlakətidir. Yoxsulun can çəkişməsi zənginin də ölümünə yol açar. Düzən və qanunun ən kötü düşməni yoxsulluqdur. Yoxsulluq da cəhalət kimi dan sökülməsini bəkləyən qaranlıq gecədir.[5]  
Sekular yönətim şəkli doğduğu gündən bəri özgürlüklərin, demokrasinin, insan haqlarının və dini çoğulculuğun önü açılmağa başlamışdır. “Özgür bireylərin yetişə biləcəyi ortam demokrasi ilə yönətilən toplumdur. Birey ancaq təməli laiklik olan demokratik bir toplumda gəlişmə olanağını bular. Bunu sağlayacaq olan da laik bir eyitimdir.”[6] Sekularizm nəsnəl (obyektiv) və öznəl (sunyektiv) olaraq görmək mümkündür. Nəsnəl sekularizm dini qurumların siyasi qurumlarla ayırd edilməsi ilə gözlə görülür biçimdə ortaya çıxmışdır. Öznəl sekularizm bilinclərdən xurafələrin uzaqlaşdırılması və ağlı önə çıxarmaqla mövcudluq göstərmişdir. Özəlliklə matematik, bioloji, fizika, kimya elmlərinin gəlişməsi və oxullarda oxudulması ilə zehni sekularizm daha da gəlişmə göstərmişdir. Olqulara xurafələrin açısından deyil, səbəb-nəticə bağlantılı bilimsəl yöntəmlə yanaşmaq zehni sekularizasionun özəlliyidir. Sekularizm bilimsəlliyi və demostifikasion sürəcini gücləndirməklə varlığı sezgisəl olaraq anlamanı göz ardı etməz.
Renesans sonrası Batı tarixi xristianlığın sekularizə edilmiş şəkilidir. Xristianlıqdakı Tanrı qarşısında eşitlik və axirət qavramları sekularizə edilərək qorunmuşdur. Tanrı qarşısındakı eşitlik və bərabərlik eşit haqlara sahib olan vətəndaşlar qavramı ilə açıqlanmışdır. Axirəti qurtarmaq bu dünyanı abad etməklə açıqlanmışdır. Çünkü o dünya bu dünyanın uzantısı isə, o zaman bu dünyanı yaşanılır hala gətirmək gərəkməkdədir. Batı fəlsəfəsinin icad etdiyi sekularizmin bəlirtilərini İslamın kitabında görmək mümkündürmü? Quran üzərinə modern hermenevtik ölçüləri ilə yanaşarsaq, sekular söyləmin oradan çıxarımı olanaqlı olarmı? Quranın heç bir yerində axirət dünyadan öncə gəlməmiş, axirət qavramı daima bu dünyadan sonra keçmişdir, yəni öncə bu dünyanı yaşanılır duruma gətirmək gərəkir. Bu dünyanən düzənləyici etkəni isə ancaq və ancaq ağıldır. Lakin Batı toplumlarında sekularizm öz qurumlarını da oluşdura bilmişdir. Özəlliklə eyitim sistemində sekular görüş egemən olmuşdur. Səfəviyətdə olduğu kimi xristianlıqda da bəşər sıfırlaşdırılmış, heçləşdirilmiş ağılla qarşılaşırdı. Ağıla sayqı göstərilmə sürəci başladıqdan sonra insan öz onuru və şərəfi ilə tarix səhnəsinə girməyə başlayaraq sıfır olmadığını isbatlamağa çalışmışdır. İştə sıfır olmadığını isbatlamağa çalışan Batı insanının əqli verilərinin ürünü olaraq fəlsəfi, hüquqi, siyasi alanda sekularizm qurumsallaşmışdır. Sekularizmin siyasi, hüquqi və fəlsəfi alana daşınmasında nominalizmin (qavramsallaşdırmanın) böyük etkisi olmuşdur. Doğuda fiqh ünsürü və fəqahət qurumunun kəndi qavramları ilə İslam tarixində otoritəsini bərqərar etməsi nominalizmin meydana çıxışını önləmişdir. Klasik fiqhin qaranlıq kabusu insan ağlı üzərinə öz kölgəsini salmış, hüququn, insan və doğa haqlarının doğumunu əngəlləmişdir. İnsan zehninin genişləyərək fəlsəfi, teoloji, elmi, politik, sosioloji, kültürəl, hüquqi gəlişmələr sağlaya bilməsi, yalnız qavramsallaşdırma və yeni qavramlar ürətməklə mümkün ola bilər. İslam dünyasında fəlsəfənin sönüklüyü də sırf bu üzdən olmuşdur. VIII-IX əsrlərdə Mötəzilə məzhəbinin Yunan və Hind fəlsəfə və elmini ərəb dilinə tərcümə edərək yeni qavramlar ürətdilər. Bunun uzantısı olaraq Farabi, Biruni, İbni-Rüşd, İbni-Sina kimi şərhçilər və bilim adamları İslam tarixində meydana çıxdı. Sonrasında bu sürəc durdurularaq düşüncələr susduruldu. Hətta “riyazi və fəlsəfi yolla Tanrının varlığını isbata qalxışan Farabi, İbni-Sinalar kimi alimlər Qəzzali kimi fəqihlər tərəfindən tənqid edilmişlər.”[7] Riyaziyat yasaqlandıysa, ağıl susdurulmuş deməkdir. Batıda təcrübi bilgilərin önündə kilsə və Doğuda da məscidlər əngəl oluşdururdular. Kilsə əngəli qalxdığından nominalizmə meydan açıldı, lakin İslam Doğusunda yeni düşüncə və təcrübi bilgilərin önündə ən böyük əngəl, durağan əqli pozisiona sahib olan molla-şeyx irticası olmuşdur. Nominalist olmaq üçün denəyci, təcrübəçi olmaq gərəkir. Çünkü evrənlə (kainatla) ilişki qurmanın tək yolu dildəki qavramlardır. Quran da evrənlə əqli irtibat yolunda tutarlı bilgilər var: “Və göylərdə və yerdə olanların hamısını sizin araşdırmanız sundu”[8] Ayrıca, Quranda iki kitaba işarə edilər: “Zali-əlkitab” (o kitab)[9] və “haz-əlquran”[10] O kitab uzaydakı varlıqlar, kainat kitabıdır, bu kitab isə əldə bulunan mətndir. Digər tərəfdən Peyqəmbərə ilk nazil olan “Ələq” surəsinin ilk beş ayəti başdan sonra qədər bilgi, elm, kitab və qələm haqqında danışar. Yəni bütünüylə ağlın kəndisini realizə edən araclara işarə edər. Quran üzərinə molla-feodal inhisarçılığı olmazsa, toplum kəndiliyindən sekularizmə doğru sövq edilər və bu sövq edilişdə də Quran onun yolunu açar. İsim əşyanın özəlliyini bildirən addır. Bu üzdən nominalizm əşyanın özəlliyini qavramlarla yansıtma çabalayışıdır. Bu, sadəcə fizik elmləri alanında deyil, sosial və hüquq alanında da öz etkisini sürdürmüşdür. Sosial elmlərdə ürətilən hüquq qavramları sekularizmə uzanma yolu olmuşdur. Sekularizmin özəlliklə egemen və sömürücü dindən bağımsızlığının bir neçə anlamı mövcud olmuşdur: 1- Siyasətin dindən bağımsızlığı anlamında siyasi sekularizm dini qurumu siyasi qurumdan ayırmışdır. 2- Etiqadın dindən bağımsızlığı anlamında sekularizm. Etiqadi sekularizm dinsəl zorakılığı və molla-feodal sinfinin etiqad alanından uzaqlaşmasını və Tanrı ilə insan arasında heç bir aracın olmaması gərəkdiyi bilincini doğurmuşdur. 3- Dindən bağımsız əxlaq anlayışı da əxlaqi sekularizmi doğurmuşdur. Əxlaqi sekularizmin izlərini mötəzilə öyrətilərində görmək olar. “Mötəzilə məzhəbinə görə, Tanrı əxlaqi bir varlıqdır. Əxlaqi dəyərlər Tanrıya tabe deyil, Tanrı əxlaqi dəyərlərə tabedir. Tanrı əxlaq ötəsi varlıq deyildir. Əşə´riliyə görə isə, Tanrı əxlaqın ötəsində bir varlıqdır və əxlaq da O´ndan qaynaqlanmaqdadır. Əxlaqi sekularizm anlayışında Tanrı özü də əxlaqi bir varlıqdır. Mötəzilənin əxlaqi sekularizm anlayışına görə, əxlaqın dinə ehtiyacı yoxdur, əxlaq dindən bağımsız bir olqudur. Bu üzdən də mötəzililər vuruldular. Mötəziləyə görə bir şey iyidirsə, o, Tanrının istədiyi üçün iyi olmamışdır. İyi olan bir varlıq Tanrı tərəfindən də qəbul edilmişdir. İslam aləmində bunun tərsi bir fikir yayqın idi. İyi olan bir olqu Tanrının istəyi üzərinə iyi olmuşdur. Mötəziləyə görə, iyilik Tanrı iradəsindən bağımsızdır. Tanrı sadəcə iyi olanların iyi olduqlarını bəyan etmiş. Mötəzilə qarşıtı olan əş´ərilik bunun tərsini düşünürdü. Ona görə, iyi olan şəriətin istədiyi üçün iyidir. Əşə´riliyə görə, din olmasaydı yalan və doğrunun anlamı olmazdı”[11] Modern fəlsəfədə əxlaq dindən bağımsız bir qonu başlığıdır. Sekular əxlaq anlayışı üçün insan mahiyətinə görə önəmli yaradılış deyildir, çünkü mahiyət insanın kəndisi tərəfindən yaradılar. Lakin insan kəndisi öz vücudunun yaradıcısı ola bilməz. O zaman onun mahiyətinin müsəlman, xristian, və... olmasından asılı olmayaraq vücudunun sayqıya dəyər olduğunu anlamaq lazımdır. Əxlaq üçün mahiyət yox, vucud var. Tanrının ən dəyərli yaratdığı əsər insan vücududur. Avropada bu əxlaq və hüquq anlayışını ortaya qoyan eqzistansial fəlsəfənin hesabına milyonlarca Doğu insanı bu ölkələrin quraq iqlimindən, dini basqısından qaçaraq Avropada insan kimi yaşaya bilməkdədir. Sekularizm doğmadan öncə Avropa zehniyəti üçün xristianlığın dışında olanlar düşmən görülməkdə idi. Yəni Doğu tarixində halən davam edən və müsəlman olmağı üstünlük olaraq görən irqçi qaranlıq görüş Batı tarixində də mövcud idi. 4- Hüquq ölçütlərinin dindən qopuq şəklinə hüquqi sekularizm deyəlim. Hüquqi sekularizm, yəni insan haqlarının idrakı. “15-ci əsrdən bəri bütün buluşlar laiklərin və sekularistlərin əsəridir.”[12] Ayrıca, milli dillər, milli dövlətlər, milli mədəniyətlər də sekularizasion sürəcinin ürünü olmuşdur. Yalnız demokratik və laik ölkələrdə insan psikolojisini dərindən incələyə bilən ədəbi mətnlər işıq üzü görmüşdür. “Aşırı dərəcədə qapalı, ya da aşırı dərəcədə dinsəl bir toplumda başarısızlıq dövlət, ya da din tərəfindən gözlərdən saxlanar. Demokratik ölkələrdə və daha özgür və laik toplumlarda başarısızlığı dəngələmək şeirə düşər.”[13]
Sekularizm də “azadlıq”, “ədalət”, “demokrasi”, “barış” qavramları kimi insan haqlarını savunmaq amacı ilə ortaya çıxmışdır. Sekularizmin amacı sosial olquları qutsallıq statusundan dışlamaq olmuşdur. Heç bir dini və ideoloji qurum, heç bir dini şəxs, peyqəmbər və imam qutsal deyildir. Dini açıdan qutsallıq, ancaq Tanrıya özgüdür və insanı qutsallaşdırmaq Tanrıya şərik qoşmaqdır. Peyqəmbər kəndisi də “Mən də sizin kimi insanam”[14] demişdir. Böyləcə heç bir din və ideoloji qutsal və insan həyatından üstün deyildir. Vətən anlayışı bilə insan həyatından üstün və qutsal deyildir. Qutsal olan insanın həyatıdır. Həyatın yaşanılır olması üçün maddi-mənəvi çalışmalar sekularizmin içəriyini təşkil etmişdir. Bu baxımdan sekularizm sosial  və siyasət işlərində ağıl əksənliliyi önə çıxararaq, hər kəsə “düşünmə cəsarətin olsun!”[15] deyə imkanlar sağlamışdır. Molla-feodal sinfinin qutsallaşdırdığı teoloji dışı xurafi din anlayışı dini xunxar bir qurum nitəliyinə soxmuşdur. Səfəviyətlə başlayan imamların, pirlərin məzarlarını ziyarət din sayılaraq İslamın kitabı bir yana buraxılmışdır. Quran “kimsəni ölçüsünün ötəsində sorumlu tutmarıq” deyə bəyanda bulunar. Hər kəsin bir ölçüsü var, bu ölçüsünü dünyada realizə etmək üçün molla-kapitalist sinfi adındakı əngəl ortadan qaldırlmalıdır. Sekularizm bireyin kəndi ölçülərini dini otoritənin basqısı dışında gerçəkləşdirməsinin yolunu açar. 
İranlı düşünür A. Soruş sekularizmi iki qismə ayırar: 1- Siyasi sekularizm, 2- Fəlsəfi sekularizm. Ona görə, siyasi sekularizm din ötəsi bir hökümətdir və siyasi sekularizm siyasi qurumla dini qurumun yerlərini ayıraraq etkinlik alanlarını bəlli edər. Qeyri-sekular və dini hökümətlərin din və məzhəblərlə çatışmalı olmasına qarşın, sekular düzəndə hökümətin heç bir din, məzhəb, təriqət və görüşlə sorunu olmaz. Dinlərə, məzhəblərə və görüşlərə dövlət eyni məsafədə durar. Soruş siyasi sekularizmi siyasətin dindən ayrı olması olaraq deyil, hökümətin dindən ayrışımı kimi tanımlar. Siyasi sekularizmin dinlə bir sorunu olmadığı halda fəlsəfi sekularizm ona görə, fikrən diyanətə və dinə qarşıdır. Fəlsəfi sekularizm bir tür materializm olaraq dinlə düşünsəl qarşıdurmaya girər. Biz bunun örnəyini Axundovun əsərlərində görməkdəyik. Axundovun sekularizm anlayışında din qarşıtlığı açıqca görülməkdədir. Siyasətin din qonusunda tərəfsizliyini savunan sekularizm humanist tutum olaraq insan haqlarının bərqərarı üçün sosial, siyasal, düşünsəl ortam sağlaya bilmişdir. Bu baxımdan Batıdakı sekularizm tarixi sürəc içində doğal doğuş olaraq aydınlanmanın, insan haqlarını savunma yolunda mücadilənin və demistifikasionun (xurafələrdən arınmanın), ussallaşmanın və bilimsəlləşmənin ürünü kimi meydana gəlmişdir. Sekularizm qavramının sırf bu özkeçmişinə dayanaraq ərəb aydınları onu elmlə uğraşan qavram kimi “elmaniyət” olaraq ərəbcəyə tərcümə etmişlər. Sekularizm Batıda aydınlanma çağının qaçınılmaz zehni ürünü olmuşdur. Doğuda xalqı din adına sömürən molla-feodal düzəninə, din anlayışına qarşı etirazlar olsa da, bunlar siyasi fəlsəfə çatısı altında bəlirlənməmişdir. Füzuli kimi bir çox əski aydınlar İslam ölkələrində şeyx-molla basqısı üzndən yaşamağın çox zor olduğunu və azad yaşaya bilmək üçün içdən müsəlman və zahirən xristian olmağı da düşünmüşlər. Çünkü kəndisini müsəlman göstərən şəxsin həyatı üzərində molla-şeyx basqısı başlayaraq onun bireysəl azadlığını həp sınırlamışdır. Füzuli deyir:
“Qeydi-İslam Füzuli, sənə bir afətdir,
Bir hisar eylə səndən ondan özünə zünnarı”[16]
Yəni müsəlman görünmək bir bəladır, bu üzdən azad yaşaya bilmən üçün başına xristianlıq göstərgəsi olan bir sarıq sarmala. Daha da irəli gedərək Füzuli açıqca namaz və təsbih əhlinə inamamağı tövsiyə edər:
“Könül, ta vâr əlində camı-mey təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!”[17]  
Füzulinin namaz əhlinə yanaşmamağı önərməsi Quranın “Maun” surəsindən əsinlənmişdir. Maun surəsində Allah vay namaz qılıb da xeyirli iş görməyən, yoxsulun halına göz yumub, yetimə qeydsiz qalanların halına deyə bəyanda bulunar.
Pəki, o zaman heç bir elmi, fəlsəfi, aydınlanma təcrübəsi olmayan, qorxunc qaranlığın varisləri olan Qafqaz aydınları necə oldu da siyasi sekularizmi gerçəkləşdirə bildilər? Səfəvilərdən qalan qavramlar ağılı söndürən sadist və mazoxist qavramlar idi. Ağlaşma, sızlama, lənət, nifrət və kin qavramlarından başqa səfəviyət tarix üçün mənəvi bir şey miras buraxmamışdır. Sekular zehniyət Qafqazlarda necə doğdu? Qafqazın molla-feodal bilgilərinin orbitindən uzaqlaşması kəndiliyindən qurtuluş şansı doğurmuşdu. Səfəviyətlə qaranlığa gömülən, çevrə və dünya ilə təmasını qopararaq leş kimi qoxumuş sosial ortama dönüşən bölgənin gələnəklərindən, pislik təqlidindən, din anlayışından qopuş istər-istəməz aydınlanmaya yol açacaqdı. Qafqaz türklərinin aydınları az da olsa Səfəvi-qızılbaş qaranlığına qarşı ədəbi mətnlər və ayrıca, düşünsəl qavramlar oluşdurmuşdular. Türkləşmə, modernləşmə və islamlaşma geniş üfüqləri olan qavramlar idi. Zatən bu üç qavramın bir yerdə oluşu və bir-birini aydınlatmaları kəndiliyindən sekularizmə doğru devinim (hərəkət) etkənləridir. Qafqazlarda sekularlaşma və milli kimlik qazanma, milli dövlətə doğru irəliləmə sosial bir hərəkətlilik deyildi. Toplumsal hərəkətlilik xalqla iqtidar arasındakı bir olqudan ibarətdir. Nə xalq var idi, nə iqtidar. Yəni xalq Səfəvi-qızılbaş pislik mirasının içində çabalayıb durur, “ölülər”inin dirilməsi üçün Səfəvilərin tarixi başkəndi olan İsfahandan gələn “Şeyx Nəsrullah”[18]ların əlində oyuncaq idi. Ortada olan iqtidarsa rus egemenliyi idi. Qafqaz türk aydınları xalqsız bir devinim başlatmışdılar. Bu devinimdə səfəvizədə xalqın iştirakı yox idi. Daha irəlidə göstəriləcəkdir ki, ermənilər Bakıda və digər şəhərlərdə soyqırım yaparkən səfəvizədə miskin xalq da kəndisini savunmaq yerinə, şəhərlərin başqa yerlərində aşura günlərində başarını qanadıb, zəncirlə cahil və qaranlıq başlarına döyürdülər. Qafqazda başlayan aydınlanma olqusu azınlıq, çox azınlıq barmaq sayı insanların düşünsəl devinimi idi. Milli dövlət də bu azınlığın iradəsi və osmanlı türk ordusunun müdaxiləsi ilə quruldu. Xalq öz baş yarmağı, zəncir vurmağı ilə məşğul idi. Yalnız xalqdan qopuq azınlıq bir kəsim maddi-mənəvi həyatın zövqünü kəşf etmişdi. Bu azınlığı da xalq qəbul etmirdi.
29.08.2014
Finlandiya




* M. Hadinin “Yazıq olsun sənə ey məskəni-əhrar olan İran”, yəni ey azadlıqların məskəni olan İran sənə yazıqlar olsun! İranın hansı tarixində azadlıq və onun fəlsəfəsi olmuşdur? Bu nalə sayağı söylərin səbəbi ilk vaxtlar qopduqları yeri özləmələri idi.
[1] H. Cavid.
[2] Adnan Baki, Öğretmen eğitimi üzerine düşünceler, Türk Yurdu Dergisi, şubat-1999, sayı 138.
[3] Quran, Qaf (50), 16-cı ayət: وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
[4] Bedia Akarsu, Değişen dünya, değişen değerler”, s.132.
[5] Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (bə´d əz hezaro çəhar səd sal), I cild, s. 5.
[6] Bedia Akarsu, Değişen dünya, değişen değerler”, s.141.
[7] Həna Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi), s. 533-534.
[8] Quran, Casiyə (45) surəsi, 13-cü ayət: وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ
[9] Bqərə (2), 1.
[10] İsra (17), 9.
[11] Dr. Abdulkərim Soruş.
[12] Cemil Meriç, Saint-Simon ilk sosyolog, ilk sosyalist.
[13] Jean-Paul Sartre, Edebiyat nedir, Can yayınları, 4. basım, 2011-İstanbul, s. 27.
[14] Quran, Kəhf, 110.
[15] Kantın ünlü cümləsi.
[16] Divani-Muhəmməd Füzuli,  Fəthi nəşriyatı, 1371 (h.ş), hazırlayan M. S. Hüseyni,  s. 356.
[17] Eyni qaynaq.
[18] Mirzə Cəlil, Ölülər.

Hiç yorum yok: