15 Ekim 2014 Çarşamba

Qafqaz türkləri aydınlarının dil sorunu



Qafqaz türkləri aydınlarının dil sorunu


Bəşər tarixi var olan gündən dil məsələsi də gündəmdə var olmuş kimi görünməkdədir. İnsanı kainat və çevrə ilə bağlayan tək etkənin dil olduğu bilinməkdədir. Dil olmasaydı toplum da olmazdı. Toplumsal varlığı təşkil edən etkən dildir. Dil aracılığı ilə ilətişim, anlatışım olmasaydı insan da digər heyvanlar sürüsü kimi yaşam biçiminə məhkum olardı. “Dil, dış dünyada var olanları dolaylı, zehndə var olanları doğrudan yansıdar.”[1] Bu açıdan varlığın, zehndəki düş və düşüncələrin anlatıcısı və tək tarixsəl yatağı olaraq dil qarşımıza çıxar. Us (ağıl) deyilən olqunun da tək etkin alanı dil və qavramlar dünyasıdır. “Dilin evrənsəlliyi ağlın evrənsəlliyi ilə qoşutluq (paralellik) təşkil edər.”[2] Evrən ögələri (ünsürləri) dildə sözcüklər şəklində var olduğu sürəcə anlaşılar, anlatılar. “Varolan hər hansı bir şeyin varlığı sözcükdə yatar, sözcüklərin olmadığı yerdə heç bir şey varlıq olaraq görülməz. Düşüncə və varlıq dil içində yerləşmişdir.”[3] İnsan topluluğunu ulus adı ilə bir-birindən ayıran tək etkən də dildir. Dilinin dışında köklü bir ayrıcalıq ulus tanımında söz qonusu olamaz. Humboldt “Ulusların ayrılmasını sağlayan dildir”[4] söylər. İlk başlanqıcdan insan kainat qarşısında heyrətlənərkən, onun heyrətinə yataqlıq edən də dil olmuşdur. Bu üzdən bu heyrətlər qarşısında oluşa gələn mitolojilər, əfsanələr, bilməcələr, elmi buluntular kəndisini dildə mühafizə etmişdir. Tarix deyildiyində də insan bilinci qarşısına dil(lər) çıxar. Dilin dışında olanlar bəşərin əqli hafizəsində yer bulamaz. Dilin sınırları sözcüklərlə sınırlı deyil. Arxeik qalıntılar da dilin sınırları içində. Çünkü Leibnizin də ifadə etdiyi kimi, “dil, ağlın güzgüsüdür.”[5] Bütün əqli ürünlər dolaysız və dolaylı olaraq dil güzgüsündə görünər. Uluslar üçün nəzərdə tutulan ruh ayrıcalığını da dil göstərmiş olar. “Dil ulusal ruhun dış görüntüsüdür. Ulusun dili ruhudur, ruhu da dili.”[6] Hansısa ulusun ruhsal ürünlərini, dərinlik və ya dayazlığını ölçmək üçün dilin dışında başqaca bir ölçək mövcud deyildir. Mədəniyət və kültür ölçəklərinin ən bariz göstərgəsi yalnızca və sadəcə olaraq dildir. Kültür və mədəniyətin gəlişməsi və evrənsəlləşməsi üçün də dil genişləməli və evrənsəl yaşam ölçüləri və dəyərlərini kəndi içində barındırmalıdır. Nə var ki, insan yalnız dilin içindəkiləri anlaya biləcək yaratılışdadır. Dilin dışında olanlar onun qavrayış və düşüncə dünyasında yerləşəməz. Yerləşə bilməsi üçün öncə dilin içində ona bir yer verməli, bir sözcüklə onu tanımlamalıdır. “Dil varolanların varlığını qonuşmasıdır. Dil varlığın evidir.”[7]
Böyük fəlsəfi axımlar və intelektual yönəlişlər, yalnızca dilsəl etkinlik (fəaliyət) olaraq mövcud olmuşdur. Leibniz kimi filosoflara görə, “alman kültürünün irəliləməsi üçün alman dili irəliləməlidir.”[8]Əski Yunanistanda da düşünürlər küçələrdə danışılan xalqın dilini fəlsəfəyə soxaraq böyük zehni devrimlər və dünyagörüşləri ortaya qoya bildilər. İnsana sayqı, topluma düzən anlayışı da bir başa dilə göstərilən özən sonucunda ortaya çıxmışdır. Dilinə özən göstərməyən xalqlar ya tarixdən silinib getmiş, ya da miskin və zavallıca duruma endirgənmişlər. İrəlicilik və gericilik dillərdəki elmi, fəlsəfi, mədəni, kültürəl və dini təcrübələr birikiminə görə tanımlanmaqdadır.
İlətişim yatağı və ortamında dil öz səsini və musiqisini təcrübə edər. Çünkü dil hər şeydən öncə səsdir. Dilin musiqisi ilə insan kainatla tanış olar. Herakleitos “insanlar eşitmədən öncə sözü anlamadılar”[9] demiş. Anlaşılan səsin sözcüyə dönüşərək zehndə qavrama sürəcini sağladığı görülməkdədir. “Bəyan türlərindən bir sistem olaraq dil, beş mehvər üzərində sürəkliliyini sürdürər: 1- Dilin qaynaqlandığı danışan mehvər-söyləyici. 2- Dilin yönəldiyi adres olaraq dinləyən mehvər-dinləyici. 3- Dilin yatağı olan mətn mehvəri-kitablaşma. 4- Ortaq ilətişim və anlatışım məkanı olaraq xalq mehvəri- sosial ilişkilərdə dil. 5- Dilin bəyan etdiyi içərik mehvəri-düşüncə.”[10] “Dil, söyləyici əksəndən* qaynaqlanır, dinləyici əksənə doğru yönəlir. Mətn (kontekst) əksəni dilin yuvasıdır. Xalq əksəni dilin ilətişim və anlatışım ortamıdır. “İçərik” əksəni dilin anlatdığıdır.”[11] Böyləcə dil “1- Söyləyici. 2- Dinləyici. 3- Mətn. 4- Kontekst (bağlam) 5- Dilin içəriyi-düşüncə” [12] ünsürləri ilə gerçəkləşim sürəcini ortaya qoyar. Söyləyici, dinləyici və xalq ilətişim yatağı olaraq bağlam şifahi sahələri içərdiyi üçün bütün xalqlarda və dillərdə mövcud olmuşdur. Lakin dilin genişləməsi və fəlsəfəyə əyilməsi düşüncənin mətnləşməsi ilə mümkün olmuşdur. Mətnləşən düşüncələr zaman axışı içində toplumun ortaq düşüncə və davranışlarını etkiləyərək gəlişmələrə yol açar.
         Türk tarixində türkcə söyləyici, dinləyici və xalq ilətişim yatağı olan şifahi sahəni içərməkdə sürəklilik daşısa da, “mətn” və “düşüncə” qonusunda böyük əksiklik və axsaqlıqlarla qarşılaşmışdı. Yazı dilinə sahib olmama kimi, bir bədbəxtliyimiz olmuşdur. Bu açıdan qaynaqlar baxımından farsca-ərəbcə qarşısında türkcə geri qalmış, geri qalması üzündən də bəzi hallarda aşağılanmışdır. Bu durumu XIV əsrdə yaşayan Aşıq Paşa “Qəribnamə” adlı əsərində böylə təsvir edər:
“Türk dilinə kimsənə baxmaz idi,
Türklərə hərgiz* könül axmaz idi.
Türk dəxi bilməz idi bu yolları
İncə yolu, ol ulu mənzilləri.”[13]
Türk tarixində düşüncə gələnəyi olmamışdır. İslamdan öncə Uyqur türklərində qismən dil və düşüncə üzərinə çalışmalar olsa da, İslamdan sonra yenə də düşünsəl fəaliyyəti uyqur türkləri sürdürmüşlər. Türkləri İslamın qılıcı və farsları da İslamın qələmi olaraq nitələmişlər. Farsların dillərinə verdikləri dəyər dolayısıyla ərəb imperatorluqları Sasani ölkələrində siyasətlərini başarılı biçimdə sürdürə bilmək üçün farscanı önəmsəmişlər. “733-cü ildə çox sayıda olan taciklər nədəniylə ərəb ordusunun dili farsca olar.”[14] Qılıc və qələm savaşında nəticə olaraq bütün dönəmlərdə sonunda qələm qılıcı yemnişdir. İndiki İranda yaşayan türklərin sorunu fars qələmləri tərəfindən yenik düşmələridir və ən qorxunc yenilmişlik də qələm tərəfindən vurulan zərbədir. Bu yenilmişliklə ulusal dildə zehnin işləvsəlliyi yox edilir. Bu üzdən türk dilində köklü və evrənsəl boyutu olan bir mətnlə qarşılaşmaq mümkün deyildir. Kim oxuyacaqdı? Yanında qələmi olamayan qılıc qullanaraq keçmişini xatırlayan insanların kitab oxuması mümkün ola bilərmi idi? Bu baxımdan ərəbcə-farsca ilə müqayisədə türk dili çöllükdür, mənəvi və fikri dərinliyi yoxdur. Bu üzdən elmi və fəlsəfi içəriyi olan heç bir söz türk dilindən başqa dillərə keçməmişdir. Türk dilinin dirilişi və elmə, fəlsəfəyə, din bilgilərinə girişi Atatürklə başlar. Atatürkdən öncə türkcənin önəmi olmamışdır. Hətta türk dili Füzuliyə görə xərabəlik imiş və Füzuli bu xərabəliyi təmir etmək iddiası ilə bu şəkildə bir görəv üstlənər:
“Təmiri-xərabə talibəm mən,
İnşâallah ki, qalibəm mən.”[15]
Türk dilində Farabi, İbni-Sinaya, Hafiz, Mövlana, Xaqani kimi bilgələrlə qarşılaşmaq olanaqsızdır. Hətta türk tarixini bilmək üçün də türk dilinə gərək yoxdur. Erməni, gürcü, fars, ərəb dillərinə gərək var. Yağma və talanla uğraşanların mədəniyət icad etmə fikri olmamışdır. Çünkü uyqarlıq yağma ilə deyil, qələm və kitabla icad və inşa edilər. Bu da türk tarixində olmayan bir durum. Bu üzdən türk milləti tarixi hafizəyə sahib olmayan topluluq halına gəlmişdir. Tarixi hafizə dildə mətnləşən əsərlərdə barınar. Dünya mədəniyətləri arasında türk dilində etkili mətnlərin sayı çox azdır. Mədəniyət icad etmək üçün qrameri olan, kəndi yapısı üzərində gəlişib genişləyərək düşüncələri mətnləşdirən dil gərəkməkdədir. Bu da olmamışdır. “Qramer incələmələri, ayrıntılara girişməmə qoşuluyla, başlıca iki disiplin, iki ana qonu üzərinə yapılanmaqdadır. Biri dilin “iç tarixi”, digəri də dilin “dış tarixi”nə görədir.”[16] Dilin iç tarixi mətnlərdə sürəkliliyini qoruyarkən, dış tarixi də dünya və çevrə olayları ilə qarşılaşarkən şəkillənər. Bu da olmadığından anladacağımız üzrə, özəlliklə Səfəvilərdən sonra türklərin qılıcını qələm əhli əllərindən alıb kəndilərinə tabe etdilər. Bəzən “nədən türklər farsca yazmışlar?” deyə sorarlar. Çünkü türklər kitabla tanış olarkən iş işdən keçmiş, fars dili türklərin düşüncəsini əsir almışdı. Əlinə qələm alıb düşünə bilən türk də onun əsərlərini oxuya biləcək kütlə üçün, yəni farsca oxuya bilənlər üçün yazmışdır. Türk dilində oxucu kütlə tarixdə olmamışdır. Xalqlar kəndi yönəticilərinə bənzələr.
“Şahların xisləti xalqı etkilər,
Təmiz su çevrəni yamyaşıl eylər.”[17]
Türk dilinə dəyər verən siyasi yönətim olmadığından xalq da türkcə ilə öz şahları və sultanları kimi davranmışdır. Bu tarixi fəlakəti Rəsulzadə bu şəkildə özətlər: Türk ulusu milli zülmü öz soyundan gördüyü üçün nəfsini qoruma duyqusunu itirmişdir. “Xəvas (seçkinlər) təhsilini farsca görür, fars tərbiyəsi alırdı. O, get-gedə farslaşırdı. Fars kimi düşünür və kəndisinin doğrudan-doğruya iranlı olduğuna inanırdı. Xalqın ağlını əlində bulunduran bu xəvas (seçkinlər) kimi, mənəviyatına hakim olan alimlər sinfi dəxi eyni ruhda, eyni tərbiyədə və eyni zehniyətdə idi. Nəticədə tühaf bir millət vücuda gəlmişdi: Dili başqa, yazısı başqa bir millət.”[18]    
         Türk dilinin bölgəmizdə yayqınlaşdığı dönəmlərlə qarşılaşmaqdayıq. Səlcuq imperatorluğu dönəmində türk dili bölgənin ən yayqın və qonuşulan dili halına gəldi. XI əsrdən etibarən bölgədə türk olqusunun varlığı ortaya çıxmışdır. Bölgəyə yeni axın edən türklər şübhəsiz ki, həmən ədəbi ürətimə keçə bilməzdilər. Dilin ədəbiyata keçməsi üçün zaman lazım idi. Yeni gələn axınlar öncə uyqun yerləşim yerlərində məskunlaşmalı və torpaqla tanışaraq kəndiləri üçün iqtisadi keçim qaynaqları bulmalıydılar. Bu sürəc yaxlaşıq 200 il sürdü və türk dilinin ədəbi qaynaqları da XII əsrin sonlarında ortaya çıxmaya başaladı. Moğol axınları ilə türklərin bölgədəki varlığı daha da yoğunlaşdı. “Moğollar, ilk devirlərində ərəbcə ilə farscanı yasaqlayaraq, onun yerinə, moğolca ilə uyqur türkcəsini qoyarlar.”[19] Türk dilinin işlək dil olması özəlliklə Əmir Teymur dönəmində daha da yayqınlaşar. Çünkü Əmir Teymur Türk dilinə çox önəm verir və kəndi anılarını da türkcə yazırdı. “Teymur fəthlərindən sonra və Teymurilərin təşəbbüsləri ilə saraylar türkləşməyə başlar.”[20] Əmir Teymur dönəmində türk və türkcə övülməyə başlar. Daha əski ədəbiyatda, özəlliklə farsca şeirlərdə türk aşağılanarkən Əmir Teymur dönəmində türk və türkcə yüksəldilmişdir. Böyük şair Hafiz Şirazinin şeirlərində türk, güclülük, gözəllik, dürüstlük və vəfalılıq anlamında qullanılmışdır. Əmir Teymurun türkcəyə verdiyi önəm onun vəfatından sonra da davam edər və Əlişir Nəvai kimi türkcəni önəmsəyən düşünürlər meydana çıxar. Nəvai məktəbinin uzantısı olaraq Füzuli kimi şairlər yetişər. Osmanlıda bu sürəc qismən davam edər. Bizim bölgəmizdə Səfəvilər dövlətinin qurulması ilə türkcənin düşüncə dili olması durdurular.
Səfəvilərdən öncə də türk dili fars dilinin etkisi altında olmuşdur. Lakin Səfəvi öncəsi dillərin etkiləşimi genəldə maddi planda idi. Səfəvilərdən sonra farslarla ortaqlaşan inancdaşlıq və duyqudaşlıq üzündən türk dilinin ruhu farsca tərəfindən əsir alınmışdır. Səfəvilərdən etibarən farslarla yazqı ortaqlığı üzündən türkcənin Türk Dünyası ilə olan duyqudaşlıq və inancdaşlıq bağları qoparılaraq farscanın altküməsi halına gəldi. Səfəvilərdən sonra dilə qonu olan nəsnələr kökündən dəyişmiş, yalan və iftiralar xalqın zehnini işğal edərək onun tarixi hafizəsini unutdurmuşdur. Bütün yorumlar və dəyərləndirmələr dil analizindən başqa bir şey deyildir. Səfəvilərdən sonrakı dildə var olanlara baxmamız gərəkir. Dildə nə var? Dilimizdə olan və “qutsallıq!” ifadə edən sözlərə diqqət edəlim: Məşhədi, kərbəlayi, şaxsey-vaxsey, Nəcəfi-əşrəf kimi çoxtanrılıq çağrışdıran sözlər sadəcə dilimizi deyil, ruhumuzu da qaranlığa gömərək “tövhid” alqılayışından ayırmışdır. Öz əksənindən qayaraq sağu (mərsiyə) və ağlaşma, müsbibət və saxta fəlakət dilinə dönüşən dillə fəlsəfə, ədəbiyat, elm, düşüncə ürətmək olarmı? Səfəvi sonrası dildəki təcrübələrimiz bizi düşünməkdən, ulusal kimliyimizdən uzaqlaşdırmaya sövq etmişdir. “Bitkilər torpaqdan bitdiyi kimi, qavramlar da təcrübələrdən boy göstərər. Qavramlar da bitkilər kimi baxıma ehtiyac duyarlar.”[21] Baxımsız buraxılan qavramların içi boşladılaraq dəyərsizləşdirilmiş və yalnız saxta bir şəkildə Kərbəla olayını anladan dil halına gətirilmişdir. Səfəvi-Sasani çoxtanrılığı ölkəmizi və ruhumuzu işğal etdikdən sonra türk dili və kimliyi komik və məsxərə pozisiona düşürüldü.
Səfəvi sonrası türk dili düzyazı (nəsr) sahəsindən tam olaraq uzaqlaşdırıldı. Bayındırlı dövləti zamanında Quranın türkcəyə tərcüməsi və Dədə Qorqud kimi düzyazı örnəkləri ilə qarşılaşsaq da, Səfəvi sonrası bu sürəc tamamən durduruldu. Düzyazıdan yoxsun olan dil uzun sürə öz qramatik bütünlüyünü qoruya və düşüncə-duyqu dili ola bilməz. “Nəsr insan oğlunun rəsmini çizər, şeir onun söyləncəsini (mifini) oluşdurar”[22] Səfəvi sonrasında dilimiz sadəcə ozan ədəbiyatında öz əski anılarından ayrılmadan mövcudluğunu sürdürmüşdür. Əhalinin daha sıx yaşadığı şəhərlərdə ozan sənəti mövcud olmamışdır. Bu sənət sadəcə kəndlərdə və köçəri xalq arasında yayqınlığını sürdürmüşdür. Ayrıca, ozan sənəti dərin düşüncə ilə uğraşmağı denəməmişdir. Çünkü ozan şeirinin qonusu birey deyil toplum, “mən” deyil, “biz” olmuşdur. “Ozan toplumla eyni görüşdədir.”[23] Dünyagörüşü olaraq ozan toplumun irəlisinə keçəcək olsaydı, toplum tərəfindən qəbul ediləməzdi. Hər dil bir dünya görüşüdür. Türkcənin dünyagörüşü olma şansı Səfəvi sonrası ortadan qaldırılaraq mərsiyə və ağlaşma sahəsində qullanılan bir nəsnə halına gətirilmişdir. Dilimizdə dünyagörüşü oluşduracaq qavramların içi boşaldırmışdır. “Səfəvilər zamanından bəri İran artıq əski şairlər və mütəfəkkirlərə yaxınlaşan deyil, hətta zikrə şayan olacaq bir tək şair və mütəfəkkir yetişdirə bilmir... Yalnız din sahəsində və Kərbəla müsibətini tərənnüm edən növhə və minacat sahəsində bəzi şəxslər yetişmişdi.”[24] Səfəvi sonrası irfani qavramların da içəriyi dəyişmişdir. Öncəki irfan ədəbiyatında Allaha xas olaraq mövcud bəyanların hamısı imam və pirə yönəldilmişdir. Bunun da səbəbi Səfəvilərin soyqırımlar nəticəsində fərqli məzhəbi axımları bölgəmizdə yox edərək tək bir məzhəbi hakim qılmaları idi. Bir ölkədə bir tək məzhəb varsa, orada diktaorluq və tək tür gəlişmələr mövcud olar. İki məzhəb olarsa, bir-birlərini parçalarlar. Çox məzhəb olarsa, orada anlaşma və güvənli ortam sağlanar. Hər üç halda görüşlər, duyqu və düşüncələrin güzgüsü o ölkənin yayqın ortaq ilətişim dili olar. Səfəvilərdən sonra tamamən ortadan qaldırılan türk etnik sezgilərin səbəbi də bu olmuşdur. Türk xalqı Şah İsmayılın törətdiyi soyqırım sonucunda ortaq Türk-İslam keçmişindəki duyqu və düşüncələrdən qoparılaraq arxasında fars dili və kimliyi duran şiəlik tərəfindən həzm edilmişdir. Türk dilinin kəndi keçmişi ilə geniş ölçülü bağları qoparılmışdır.
“Humbolt dillərdəki gəlişməni üç bölümə ayırar: 1- Dillərin orqanik yapısının (strukturunun) ilk, ancaq tam olaraq oluşması, biçimlənməsi. 2- Dillərin yenidən durağan duruma keçməsi üçün yabancı qarışımlarla dəyişmələri. 3- Dillərin başqa dillərə qarşı dışdan sınırları bəlli edildikdən və yapıları bir bütün olaraq dəyişməz bir biçimdə yerləşdikdən sonra içdən və incədən incəyə gəlişmələri.”[25] Səfəvilərdən sonra türkcənin farsca qarşısındakı dış sınırı yox edilərək farsca öz tarixi təcrübələri ilə türkcəyə təcavüz etmiş və farscanın bu saldırısı qarşısında türkcə savunmasız qalmışdır. Özəlliklə Səfəvi sonrası məscidlərin yazı dilinin farsca olması mərsiyəyə alışmış xalqın zehnində türkcəni sıxışdırmışdır. Alman, fin, erməni, gürcü dillərinin gəlişməsində kilsə böyük rol oynar. Ərəbcə məscidlərdə gəlişər. Şiə məscidlərində də farsca gəlişər. Türk dilinin məscid sığınağı deyə məkanı olmamışdır.
Farslarla inancdaşlıq üzündən fars dilində qarşılığı olmayan sözcüklər dilimizdən sökülüb atılmışdır. Çünkü türkcə yazılan mərsiyə ədəbiyatı da farscanın ilkələrinə və söz tərkibinə görə yazılmışdır. Səfəvilərə qədər dilimiz Anadolu və Türkistanla ilişkidə olaraq gəlişmə sürəci yaşamışdır. Səfəvilərdən sonra Türk Dünyası arasına ideolojik və məzhəbi sərhəd qoyuldu. Türk dili fars dilinin qrameri və söz dağarcığı altında əzilib büzülməyə başladı. Səfəvi sonrası dilimizdən çıxarılan və ya təhrif edilən bir qisim sözlərə baxalım:
·        Türk dilində kök hərflər genəldə öz varlığını ək alımında qoruyar. Bu üzdən də türk dilində “mən” zəmiri (şəxs əvəzliyi) yoxdur. “Bən” zəmiri var. Çünkü “b” hərfi öz varlığını qoruyaraq zəmirin çoğul biçimində də təkrarlanır və “biz” olur. “Mən” doğru olsaydı, o zaman “biz” yerinə, “miz” deyilməli idi. “M” hərfi səfəvilərdən sonra “b” hərfini sıxışdırıb çıxararaq farslaşdırmışdır. Səfəvilərə qədərki ədəbiyatımızda (Füzuli, Nəsimi, Kişvəri, Qorqud, Həbibi, ...) “mən” zəmiri ilə qarşılaşmarıq. Həp “bən” yazılmışdır. “Mən” farsca və “bən” türkcədir.
·        “Kəndi” olaraq dilimizdə dönüşlülük zəmiri kimi nitələnən zəmirin fars dilində qarşılığı olmadığı üçün Səfəvilərdən sonra dilimizdən çıxarılmışdır. Səfəvilərə qədər “kəndi” dönüşlülük zəmiri qullanılmışdır. “Kəndi” dönüşlülük zəmiri yox edilərək yerinə “öz” oturdulmuşdur. Türk dilində “kəndi” dönüşlülük zəmiri gövdəsəlliyi, “öz” isə cövhəri bildirər. Dilimizdə səfəvilərdən sonra qullanılan “öz” yanlış və fəlsəfi içəriyini itirərək qullanılır duruma gəlmişdir. 
·        Fars dilində qarşılığı olmayan “şu” işarə zəmiri dilimizdən sökülüb atılmışdır. Səfəvilərə qədər bu zəmir qullanılmışdı. Fars dilində “bu-in” və “o-an” zəmirlərinin qarşılığı var, lakin “bu” ilə “o”nun arasına işarə edən “şu” işarə zəmirinin qarşılığı yoxdur. Yalnız səfəvizədə türkcədə bu zəmir və digər sözlər yox edilmişdir. İki milyon civarında olan Səfəvi nəfəsi ilə zəhərlənməmiş İran türkmənlərində “şu” zəmiri qullanılmaqdadır.
·        Fars dilində “doğmaq” feilinin qarşılığı yoxdur. Bu üzdən də Səfəvilərdən sonra “doğmaq” feili günəş və ay doğumunda doğru qullanılsa da, canlıların doğurma əməliyatında yanlış qullanılmışdır. Türk dilində doğmaq kəndiliyindən var oluş deməkdir. Qadın və ya inək doğmaz, doğurar. Doğan isə çocuq və ya heyvanın yavrusudur. Fars dilində doğurmaq feilinin qarşılığı var, ancaq doğmaq feilinin qarşılığı yoxdur. Böyləcə Səfəvilərə qədər yazılı mətnlərdə doğmaq olaraq keçən dünyaya gəlmək, Səfəvilərdən sonra farscanın “dünyaya gətirmək” anlamında olan “zayidən” feili yerinə oturdulmuş və “doğurmaq” isə dilimizdən sökülüb atılmışdır.
·        Səfəvilərdən sonra fars dilində qarşılığı olmayan “onarmaq” feili və bu feildən törəyən “onarım, onarı” kimi sözlər dilimizdən sökülüb atılmışdır.
·        Fars dilində qarşılığı olmayan “enmək” feili dilimizdən qismən çıxarılaraq yerinə “düşmək” feili oturdulmuşdur. Çünkü fars dilində “düşmək” feilinin qarşılığı var: oftadən. “Enmək” feilinin qarşılığı yoxdur və fars dilində onun qarşılığı söz-feil birləşməsindən oluşmaqdadır: forud amədən.
·        Fars dilində “bulunmaq” feilinin qarşılığı olmadığından bu feil və bu feildən törəyən bütün sözlər Səfəvilərdən sonra dilimizdən silinmişdir. 
·        Fars dilində qarşılığı olmadığı üçün “ilətmək” və ona bağlı ürəmə sözlər Səfəvilərdən sonra dilimizdən silinmişdir. Füzulinin “Leyli və Məcnun” əsərində sıxca keçər.
·        Buluşmaq feilinin qarşılığı olmadığı üçün dilimizdən sökülüb atılmışdır.
·        Fars dilində qarşılığı olmadığı üçün “bunalmaq” və ondan törəyən “bunalım” kimi sözlər dilimizdən silinmişdir.
·        “Ayə” kimi köksüz xitab farscadan dilimizə keçmişdir. Farscada soru ədatı olan “âyâ” türkcələrin heç birində olmazkən dilimizdə xitab şəkli almışdır. 
·        “Məm” inkar əkinin farscada qarşılığı olmadığından dilimizdən çıxarılaraq yerinə farsca düşünmə biçimi yerləşmişdir: “Gedəməm” yerinə, “gedə bilmərəm” demək farsca düşünmənin və farsca qramerin basqısı nəticəsində ortaya çıxmışdır. Bu, farscada “nəmitəvanəm berəvəm” ifadəsinin tam olduğu kimi dilimizdə tərcüməsidir. Bütün feillərdə də bu şəkildə olmuşdur: edəməm yerinə, edə bilmərəm, biləməm yerinə, bilə bilmərəm, ... “də, lə, la bilmərəm” bəlli ölçüdə qullanıla bilər, lakin bütünüylə “məm-mam” inkar əkinin yerinə keçməsi sırf farscanın düşüncə və qramatik şəklinin Səfəvi sonrası dilimiz üzərinə etkisinin nəticəsidir. 
·        “Ərdəm”, “nitəlik” kimi sözlərin farscada qarşılığı olmadığından dilimizdən çıxarılmışdır. Türk dilində “kişi” sözü cinsiyət bildirməyən qavramdır. Fars dilində “kişi” sözünün qarşılığı olmadığından bu söz də təhrif edilmiş və sadəcə erkək adamları içərmişdir. Oysa türk dilində “kişi” həm qadına, həm də erkəyə xitab edər. 
·        “Girmək”, “girdirmək”, “soxmaq”, “soxuşdurmaq”, “təpmək”, "təpişdirmək”, “dürtmək", “dürtüşdürmək" kimi fərqli psixoloji durumları ifadə edən feilərimiz ədəbsiz sözlər kimi anılaraq məsxərə edilmişdir. Oysa bu feillərin anlatdığı pozisionlar və hərəkətlər çox önəmli və fərqlidir. Bunların heç birinin farscada qarşılığı yoxdur. Bu sözlər Səfəvi sonrasında sırf cinsəl ilişki anlamında istifadə edilmişdir. Bu kimi sözlərin sayını artırmaq da mümkündür.
Səfəvilərlə eyni zamanda İslam öyrətilərindən uzaqlaşaraq çoxtanrılığın yayqınlaşmasının yanı sıra dilimiz köləlik və qulluq çağrışdıran sözlər və adlarla dolub daşmışdır. Çocuqlara verilən adlar zamanla onlara karakter və ruhsal özəlliklər sağlar. Quranda bütün peyqəmbərlər Allahın qulu olaraq nitələnərlər. İslam peyqəmbəri də Allahın qulu və peyqəmbəri olaraq tanıdılmışdır. Yəni Muhəmmədin peyqəmbər oluşu Onun Allahın qulu olmadığı anlamına gəlməmişdir. İslam öyrətilərinə görə, ancaq və ancaq Allahın qulu olunar və Allahın dışında insan kimsəyə və heç bir otoritəyə qul olamaz. Lakin Səfəvi çoxtanrılığı bölgəmizi işğal etdikdən sonra azad olaraq yaradılan insana onu qul olmağa məhkum edən və uca insani şəxsiyətini heçləşdirən adlar verilməyə başladı. Bu adlardan bir qisminə baxalım: məhəmmədqulu, əliqulu, həsənqulu, hüseynqulu, vəliqulu, imamqulu, imanqulu, qurbanqulu, abasqulu, cəfərqulu, musaqulu, kazımqulu, rzaqulu, cavadqulu, mehdiqulu, sadatqulu, əkbərqulu, əsgərqulu, hacıqulu, ağaqulu, şahqulu, qənbərqyly, nəcəfqulu,...” Bu adlarla böyüməyə başlayan çocuğun öz ulu insani yaradılışına güvəni ola bilərmi? Səfəvilərlə eyni zamanda əşyalaşdırılan, kölələşdirilən insan şəxsiyəti sadəcə bununla sınırlı qalmamışdır. İnsanı doğuşdan qul və kölə olmaya məhkum edən səfəviyət, bir də Şahnamə-Sasani yaşam ölçülərini bölgəmizdə yayqınlaşdırmışdır. Səfəvi sonrası çocuq adları türkcəyə və islami kimliyə qarşı saldırı nitəliyi daşımışdır. Şahnamədə keçən bütün əski fars adları türk çocuqlarına isim olaraq verilmişdir: Rüstəm,, kiyan, kiyumərs, fəramərz, fəriborz, mənuçehr, bijən, söhrab, sam, təhmasib kimi adlarla dilimiz sürətlə farslaşma yoluna girmişdir. Hətta bunların da ötəsinə çıxaraq Səfəviyət türk insanını “kəlbəli” (Əlinin köpəyi), kəlbəsən, kəlbhüsən kimi adlarla daha da aşağılamışdır. Köpəkləşən bir insanda şəxsiyyətmi olar? Hanı Quranda insan ən ulu Tanrı yaradılışı olaraq təqdim edilməkdə idi? Ad fəlsəfə dünyası üçün də önəmsiz bir qonu deyildir. Antroponimlər bütünlə ad elmini təşkil edər. “Ad, uzay-zamanın bəlirli sürəkli bir parçasını qapsayan bir nəsnədir. Bu nəsnə birlikdə olan nitəliklərin məcmuəsidir.”[26] Bütün bu gəlişmələr Səfəvi tarixi mühitində türkcəni öz kökündən və tarixi anılarından ayıraraq onu kəndi içində köləlik psixologiyası barındıran dilə dönüşdürürdü.
“Türkmənçay” andlaşması ilə Qafqaz türklərinin Səfəvi-Sasani tarixsəl mühitindən qoparaq yeni və ayrıcalıqlı yazqı peşində qoşmaları üçün ortam oluşduğunu daha öncə söyləmişdik. 1828-ci il Türkmənçay andlaşmasından tam on il sonra Osmanlıda Tənzimat hərəkəti başladı. Rusiya sömürgəçiliyində bulunaraq fərqli ortam və mədəni ölçülərlə tanış olan Qafqaz türkləri aydınları Osmanlıda gəlişən yeniliklər və düşüncə həyatı ilə də tanışma fürsətini əldə etmişdilər. Tənzimatla eşzamanda türkcəyə dəyər vermə sürəci də başlamışdı. Tənzimatla Osmanlı mədəniyəti kəndi içinə qapanmışlıq qaranlığından qurtulmaq və evrənlə ilişkiyə girmək istəmişdi. “Tənzimat´la birlikdə dilin önəmi anlaşılmışsa da, 14-cü yüzildən bəri dartışıla gələn osmanlıca sorunu Cümhuriyət Dönəminə qədər çözülməmişdi. Çünkü Osmanlı-Türk aydınlarının çoxu türkcənin gəlişməyə əlverişli olmayan “ikinci dərəcədə bir dil” olduğu görüşündəydilər.”[27] “Bir əlində qılıc, bir əlində Quran tutan Osman oğulları düşüncənin hərəkət etməsinə izn verməz.”[28] Tənzimatla Osmanlıda cüzi düşüncə hərəkəti başlayaraq dilə yansıyar. Osmanlıda türkcənin düşüncə nəsnəsi olması kəndiliyindən varacağı amacı da bəlli edirdi. Türkcənin öz kökü üzərində gəlişib genişləməsi Osmanlı türk aydınlarının ilgi alanına dönüşməkdə idi. Osmanlı ilə düşünsəl və yazqı birliyi görüşünə varan Qafqaz türk aydınları bu sürəci Rusiya sömürgəçiliyində bulunsalar da, ibrətlə izləyirdilər. Rusiya ilə və Rusiya dolayısıyla Batı ilə təmasların yanı sıra Osmanlı və Osmanlı dolayısıyla Batı ilə fikri təmas yeni sosial ortam oluşdurmaya davam edirdi. Şübhəsiz ki, bu sürəci başladan Axundov idisə, onu yayqınlaşdıran və “Əkinçi” adlı qəzətini Qafqaz türklərinin düşüncə meydanına dönüşdürən Həsən Bəy Zərdabi idi.
         İlk kəz olaraq türk dili Axundov aracılığı ilə düşüncənin nəsnəsinə dönüşməkdə idi. Axundovun ana dilində nəsr əsərlər yazması türkcənin yazqısı açısından böyük devrim nitəliyində idi. Bunun ötəsində türkcənin yapısına uyqun bir əlifbanın icadı da önəmsənməsi gərəkən ciddi tarixi hadisə idi. Çünkü əlifbasız bir dil əlifbalı dillər qarşısında savunmasız buraxılaraq öz varlığını tarixdə uzun zaman sürdürə bilməmişdir. “Yazı sənəti İsadan dörd min il əvvəl misirlilər və ondan çox sonra olmayan bir tarixdə babillərdə bulunmuşdur. Hər ölkədə yazı, anladılmaq istənən şeyin rəsmini çizməklə başlamışdır. Minlərcə il sonra bu sıxıcı sistem əlifba yazısına dönüşmüşdü.”[29] Anlaşıldığı kimi əlifba sorunu bəşərin ən əski problemlərindən biri olsa da, bəzi uluslarda bu soruna çözüm bulma fikri çox gec vaxtda doğmuşdu. İştə Qafqaz türkləri aydınları bu sorunla qarşı-qarşıya gəlmişdilər. Ərəb əlifbası, yalnızca türkcə və farsca üçün yetərsiz deyil, ərəb dilinin kəndisi üçün də yetərsiz əlifba olmuşdur. Bu haqda min il öncə Əbureyhan Biruni kimi mütəfəkkirlər təsbitlərdə bulunaraq ərəb əlifbasının heç bir dilə, hətta ərəbcənin özünə də uyumlu olmadığını dilə gətirmişlər. “Min il öncə Əbureyhan Biruni kimi böyük mütəfəkkir ilk kəz olaraq ərəb əlifbasının qüsurlarını dilə gətirərək, bu əksiklikləri “böyük afət (bəla)” adlandırmışdı.”[30] Ərəbcənin özündə mövcud olan bu əksikliklər doğal olaraq türkcəyə heç uyqun olamazdı. Modern batı dünyası islam şərqi ilə də maraqlanarkən önlərində ən böyük əngəl olaraq ərəb əlifbasını görmüşlərdi. Marksın arxadaşı və materialist dünyagörüşünün gəlişməsində böyük etkisi olan Engels “Ərəb əlifbasındakı əksikliklər olmasaydı, farscanın yazı dilini qırx gündə öyrənərdim” demişdir.[31] İlk kəz olaraq türkcənin bu əlifba ilə bəyan ediləməyəcəyini elmi biçimdə qələmə almağa çalışan isə Qafqazlarda aydınlanmanın əsasını qoyan Axundov olmuşdur. Axundov tarix planında fars milliyətçiliyinin, dil və ədəbiyat planında türk milliyətçiliyinin qurucusu olmuşdur. Bir ilk olanın başladıcısı olaraq Axundov, yalnızca İslam şərqinin birincil şəxsiyəti olmamış, Orta Doğu və Uzaq Doğu olmaq üzərə O, mədəni bir ilkin qurucusu olmuşdur. “Osmanlıdan Japoniyaya qədər bütün Doğuda Avropa modeli ilk oynav (pyes) yazan Axundovdur. Axundovdan altı il sonra Osmanlıda İbrahim Şinasi oynav yazmağa başlamışdı. Lakin Şinasinin yazdıqları Axundovun əsərləri qədər sənətsəl dəyərə sahib deyillər.”[32] Axundovun türkcənin tekniyi, qrameri və ona uyqun əlifba üzərinə odaqlanmasının bir səbəbi də rus şairi Lermantova türkcə öyrətməsi olmuşdu. “Axundov Lermantova türkcə öyrədirdi.”[33] İstər-istəməz türkcəni yabancıya öyrətmə sürəcində onun əlifba olaraq əksiklikləri də açıqca görünməli idi. Sorunlar öyrənim sürəcində deyil, öyrətim sürəcində daha açıqca görünməyə başlar. Ayrıca, Qafqazlarda aydınlanma sürəci və Qafqaz dillərini düşüncə nəsnəsi etmə eyləmi yalnızca türklərə aid çalışma alanı deyildi. Gürcülər və ermənilərdə də modrnləşmə yolunda önəmli intelektual işləmlər meydana çıxmışdı. Hətta türk intelektualizmi türk yurdunda deyil, gürcüstanda doğdu. Ortaq Qafqaz aydınlanması ortamında türklər də kəndilyindən etkilənmiş və etkiləmiş olacaqlardı. “Modern erməni ədəbiyatının qurucusu Əbuviyanla Axundovun tanışlığı da etkili olmuşdur.” [34] Bütün çağlarda “mədəniyət sürəkli bir yürüyüş”[35] olmuşdur. Səfəvilər örnəyində görüldüyü kimi, sürəklilik durduğunda mədəniyət də çökmüşdür. “Tək bir mədəniyət vardır: O da, insan topluluqları arasındakı qarşılıqlı təsirlərin böyüməsi, çoxalması və genişləməsidir.”[36] Doğa qanunları dışında hər şey dəyişimə möhtacdır və dəyişimə uyum sağlamayanlar dinazavrlar kimi nə qədər böyük olsalar da yox olmağa məhkumdurlar. “İqtisadi, sosial və kültürəl dəyişimlər bir yerdə dəngəli olaraq ortaya çıxdığında inkişafdan söz edilə bilər.”[37]
         Tarix boyunca bütün dönəmlərdə ulusların ussal (əqli) oyanışlarında tərcümənin çox böyük rolu olmuşdur. Böyük mədəni açılımlar ancaq tərcümə yoluyla ortaya çıxmışlar. “Oyanış devirlərinə yaradıcılıq qüdrətini verən tərcümədir.”[38] Böyük açılımlara qapı aralayan və mədəni dönüm nöqtəsi olaraq tarixə keçən zaman dilimlərinə anlam qazandıran tərcümə hərəkətləri olmuşdur. Tərcümə dolayısıyla tarixin önəmli uyqarlıq birikimləri sonrakı çağlara, yüz və ya minilliklərə intiqal etmişlər. Çox əski mədəniyətlərin tərcümə yolula bir-birlərini etkiləyib və yaşatdıqları üzərində durulmaqdadır. Axundovun modern ədəbi əsərləri türkcəyə tərcümə edişi yolunda Səfəvi-qızılbaş ürünü olan molla-feodal sinfinin basqısı yox idi. Rus hüquq sistemi bunu önləmişdi. Bu üzdən də Qafqazlarda tərcümə yoluyla türkcə, estetik əsərlərlə tanış olma fürsətini yaxalamışdı. “Mulyer və Qoqol kimi bəzi yazarların əsərlərini Axundov türkcəyə tərcümə etdi.”[39] Bu mədəni açılımlar türkcənin yazqısı və Səfəvi mərsiyə mühitindən qopması üçün tarixi fürsət idi. Bu oluşumlar doğal olaraq Səfəvi-qızılbaş mərsiyə ortamından qopmanın və yeni sosial mühitdəki etkiləşimin ürünü idi. Böyük tarixi ürünlər ancaq böyük təsirlərin nəticəsi kimi ortaya çıxar. Andre Gide “”Həqiqi yaradılış bütün təsirlərə qapılarını ən geniş biçimdə açıq tutmaqla mümkündür. Yeni məhsul bu ünsürlərin yan-yana gəlməsi və ya tərkibi olmayacaq, fəqət orqanizm ilə onların çarpışmasından doğan büsbütün yeni bir əsər, yəni əskisindən daha böyük və daha evrənsəl olan bir orqanizm olacaqdır”[40] söylər. “Dilin tarixi, minlərcə ilin axışı içində, bölüm-bölüm izlənər.”[41] Türkmənçay öncəsi tariximizdə, Səfəvi-qızılbaş qaranlığına gömülən zehnlərdə, ancaq ağlaşma və mərsiyə mətnləri güncəlliyini qorumuşdur. Səfəvi sonrası və Türkmənçaya qədər sürən tarix bölümündə türkcə dil ürünü olan önəmli estetik bir əsərlə qarşılaşmamaqdayıq. Nə varsa, Türkmənçay andlaşmasından sonra Qafqazda meydana çıxmış və dil Səfəvi-qızılbaş basqısından qismən də olsa azad olaraq nəfəs almağı başarmışdır. Türkmənçay müqaviləsi öncəsində Səfəviyət zehniyəti tərəfindən gizəmli şəkildə türkcənin nəsrə girməsi yasaqlanmışdır. “Azərbaycanda hər kəs türkcə danışar, fəqət farsca yazar.”[42] Türkcə nəsr əsəri yazma gələnəyi Türkmənçay andlaşmasının doğurduğu fürsət olaraq tarixə girmişdir.
         Alman filosof Leibnizə görə “dil, ağlın güzgüsüdür. Alman kültürünün irəliləməsi üçün alman dili irəliləməlidir.”[43] Bu ölçü ilə yola çıxarsaq, Türkmənçay öncəsi Səfəvi kültür mühitindəki dilimizdə mövcud olan ədəbi ürünlər incələndiyində “bu millət kölə olaraq yaşamalıdır” önərməsinə varmaq çətin olmayacaqdır. Türkmənçay sonrası dilimizdəki ədəbi-mədni ürünlər incələndiyində “bu toplum qurtuluş yoluna girmişdir” önərməsi də qəbul ediləcəkdir. Zatən bu oyanışın ürünü olaraq Qafqazlarda 1918-ci ildə ilk kəz olaraq modern bağımsız türk dövləti doğdu. Bu dövlətin tarixdə doğuşuna fikri zəmin sağlayan amil, Səfəvi-İran mühitindən qoparaq türk kimliyinə və Türkiyəyə yönəlişlər olmuşdur. “Əsrimizin siyavuşu üçün İrandan ümidi kəsərək Türkiyəyə müraciətdən başqa bir çarə qalmamışdı.”[44] Səfəvi qaranlıq mühitində isə “Əvvəl nə idiksə, yenə biz şimdi həmanız”[45] məntiqi keçərliliyini sürdürdü. 
         Vitgenistein “səmavi dil yoxdur” deyər. Ərəb dili də səmavi dil deyildir. Ərəb dilində heç bir qutsallıq yoxdur. Bütün dillər Tanrının yaratdığı. Sadəcə dilin önəmsənib, önəmsənməməsi söz qonusudur. Səfəvi sonrası fars dili qutsallaşdırılaraq məscidlərin tək keçərli dili halına gəlmişdir. Səfəvizədə türklər çocuqlara məscidlərdə iştiyaqla farsca öyrədilməsindən yana olurkən, “Danabaş” əhali türkcə məktəblər açılarkən çocuqlarını otun, samanın, peyinin altında gizlədirdilər. Eyni durum Arazın güney tərəfində də davam etmişdi. XX əsrin əvvəllərində Həsən Rüşdi türkcə məktəb açdı. Kimsə evladını türkcə oxula buraxmadığından oxullar qapandı. Yalnız “Türkmənçay” andlaşmasından sonra Qafqaz türklərində dəyişim zorunlu hala gəldi. Bir çox hallarda da dəyişim zorunluluğun ürünü olaraq meydana çıxar. Dəyişim şüurundan yoxsun olan toplumlarda dəyişim zorunluluğun ürünü kimi ortaya çıxar və Qafqaz türklərində də durum bu şəkildə idi. Səfəvi qaranlıq mühitində dəyişimə ehtiyac yox idi. Lakin yeni rus sömürgəçiliyində dəyişimə uğramaq tarixi zorunluluğun basqısı və nəticəsi idi. Çünkü evrənsəl tarix anlayışı içinə girmək kəndiliyindən bölgəsəllik ilkələrindən qurtuluş zərurətini doğurar. Türkmənçay andlaşmasından sonra yaşanan da bu idi. İmamlardan, seyidlərdən və kimliyi bilinməyən məzar pisliklərindən imdad diləyən bir dil və onun sözdağarcığı miras qalmışdı. Bunu alt-üst edəcək ələşdirilər Axondov və digərləri tərəfindən Səfəviyətin gətirdiyi molla-feodal sinfinin basqısı olmadığından mətnləşə bildi. Böyləcə ilk kəz olaraq türk dili ədəbi tənqid, din tənqidi və sorqulaması içinə girdi. Sorqulama başladığında düşüncənin önünü tıxayan əngəllər yavaş-yavaş ortadan qalxar.
         Qafqaz türkləri aydınları səfəviyətin qaranlıq qızılbaş ruhlara qazdığı Osmanlı və türk düşmənliyinin bilincinə varmışdılar. Bu üzdən İstanbulla dildaşlıq, bilgidaşlıq və viziondaşlıq içinə girmə əyilimləri (təmayülləri) ortaya çıxmışdı. Anadolu ilə bizim dilimizin kökəndaşlığı, özdəşliyi bu biçim dilə gətirilirdi:
“Mümkün iki dil bir-birinə tərcümə amma,
Osmanlıcadan tərcümə türkə nə deməkdir?”[46]
Osmanlı ilə dildə, düşüncədə və duyquda ortaqlıq bilincinə ərmənin sənətsəl zirvəsi Hüseyn Cavidin yaradıclığında aşikar olmuşdur. “Fiyuzat” ekolu tam olaraq antisəfəvi dil yöntəmi gəlişdirmişdi. Bütün bu çalışmalar xalqın ortaq səfəvi-qızılbaş tarixi xatirələrini silməyə yönəlmişdi, çünkü bu iyrənc tarixi xatirə ilə millət olmaq mümkün deyildi. “Molla Nəsrəddin” isə bu iyrəncliyin tablosunu və məsxərə varlığını ifşa edirdi. Amac, səfəvizədə və mərsiyə dilindən və kültüründən uzaqlaşaraq bölgəmizin türkcəsini digər türkcələrlə bütünləşdirmək idi. Səfəvi-qızılbaş kültürünə aid məzar və pirpərəstlik kimi çoxtanrılıq ölçülərini toplumsal tarixi hafizədən silmək yolunda Axundov, Cavid, Hadi, A. Yıldırım, Hacıbəyli, Rəsulzadə, S. Mənsur, C. Cabbarlı, Y. V. Çəmənzəminli və digərləri önəmli əsərlər mətnləşdirdilər. Bu sürəc 1937-ci ilə qədər davam etdi. Daha sonra yenidən səfəvizədə və fars dilinin kölgə dili olan “azərbaycan dili!”nə dönüldü.   
         Modern millət dilin içindəki olanaqlara görə icad edilə bilər. Dilin dışında olanları zehnə daşımaq mümkün deyildir. Dilin içində nə var idi? Heç bir şey. Var olan mərsiyə və ağlaşma gələnəyi və mətnləri idi. Səfəvilərdən sonra səfəvizədə türkcə kəndi tarixindən, öz yapısından və çevrə türkcələrlə bağlarını qopararaq farscanın altküməsi olan dil halına gəlmişdir. Günümüzdə də “azərbaycan!” dili farscanın qramerinə görə yazılmaqdadır. Lakin Azərbaycan əhalisi farscanı bilmədikləri üçün bunun bilincində deyillər. Qafqaz türkləri aydınları bunun bilincində olduqları və türkcəni farscanın altküməsi olmaqdan qurtarmaq istədikləri üçün türkcənin Səfəvi kültür ortamı dışındakı təcrübələrini də özümsəməyə çalışırdılar. Bu üzdən onların dili daha geniş qapsamlı və estetik dərinliyə sahib idi. “Dildə türkizm” Qafqaz türkləri aydınlarının yaradıcılıq amacları idi. 1937-ci ildən sonra “dildə türkizm” tezisi yerinə, “dildə sovetizm” tezisi yerləşdirildi. Aydınlanma və dildə türkizasion sürəci sovet zamanında durduruldu. 1936-cı ildə Yazıçılar Birliyinin sədri S. Şamilov bu düşüncə ilə qurultayda çıxış edir: “mahiyətcə sosialist, şəkilcə milli mədəniyətin yaradılmasında bilavasitə iştirak edən xalqların həyatında internasional sözlərin artması, təbii və olduqca sağlam bir hadisədir. Biz məhdud milli vətəndaşlıq cəmiyəti deyil, beynəlmiləl proletar revolusiyanın istinadgahı və bazasını təşkil edəcək sinifsiz sosializm cəmiyəti qurduğumuzdan buna mütabiq bir dilin inkişafında iştirak etməliyik.”[47] Böyləcə səfəvizədə türkcəyə bir də sovetzədəlik sürəci artırılmışdı.  
15. 10. 2014
Finlandiya
Gecə saat 01.



[1] Betül Çotuksöken, Felsefi söylem nedir, İnkılap yayınları, 2000-İstanbul, s. 51-52.
[2] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 195.
[3] Ünal Nalbantoğlu, Martin Heidegger ve modern çağ, İmge yayınları,1997, s. 131.
[4] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, 1998-İstanbul, s. 51.
[5] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, 1998-İstanbul, s. 40.
[6] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, 1998-İstanbul, s. 52.
[7] Ünal Nalbantoğlu, Martin Heidegger ve modern çağ, İmge yayınları,1997, s. 47.
[8] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, 1998-İstanbul, s. 52.
[9] Bedia Akarsu, Değişen dünya, değişen değerler”, s. 53.
[10] Məhəmməd Müctəhid Şəbüstəri, Varlığın peyğəmbəranə oxunuşu teorisi, Qanun Nəşriyatı, Bakı-2013, s. 15.
* Əksən-mehvər.
[11] Məhəmməd Müctəhid Şəbüstəri, Varlığın peyğəmbəranə oxunuşu teorisi, Qanun Nəşriyatı, Bakı-2013, s. 138.
[12] Məhəmməd Müctəhid Şəbüstəri, Varlığın peyğəmbəranə oxunuşu teorisi, Qanun Nəşriyatı, Bakı-2013, s. 61.
* Hərgiz-heç vaxt
[13] İrene Melikoff, Uyur idik uyardılar, Cem yayın evi, İstanbul, Türkçesi: Turan Alptekin, s. 83.
[14] L. N. Gumilev, Kavimlerin türeyişi ve yeryüzü üzerindeki yaşam bölgeleri, Türkçeye çeviren: Dr. Nuri Eyupoğlu, Ötüken, İstanbul- 2001, s. 66.
[15] Füzuli, Leyli və məcnun.
[16] Ahmet Caferoğlu, Türk dili tarihi, Enderun kitabevi, III baskı, İstanbul-1964, s. 2.
[17] Mövlana Cəlaləddin Rumi, Məsnəvi, birinci dəftər, 136-cı bölüm, türkcəyə çevirən: G. G.
[18] M. Ə. Rəsulzadə, Azərbaycan Cümhuriyəti.
[19] M. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araştırmaları Vakfı, 1991-İstanbul.
[20] M. Ə. Rəsulzadə, Nizami, Türk Dünyası Araştırmaları Vakfı, 1991-İstanbul.
[21] Babək Əhmədi, Heidgger və varlığın tarixi, s. 95.
[22] Jean-Paul Sartre, Edebiyat nedir, Can yayınları, 4. basım, 2011-İstanbul, s. 26.
[23] Jean-Paul Sartre, Edebiyat nedir, Can yayınları, 4. basım, 2011-İstanbul, s.26.
[24] Əhməd Ağaoğlu, İran və İnqilabı, Bakı-2009, s. 22.
[25] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, 1998- İstanbul, s. 70.
[26] Bertrand Russel, Batı felsefesinin tarixi, türkçeye çeviren: Muammer Sencer, I cild, Say yayınları, 2002-İstanbul, s. 97. 
[27] Bedia Akarsu, Değişen dünya, değişen değerler”, s.168.
[28] Cemil Meriç, Sosyoloji notlar, s. 27.
[29] Bertrand Russel, Batı felsefesinin tarixi, türkçeye çeviren: Muammer Sencer, I cild, Say yayınları, 2002-İstanbul, s. 124.
[30] Feridun Adəmiyət, M. F. Axundzadənin düşüncələri (farsca), Xarəzm nəşriyatı, 1349 (h.ş)-Tehran, s, 71.
[31] Eyni qaynaq.
[32] Feridun Adəmiyət, M. F. Axundzadənin düşüncələri (farsca), Xarəzm nəşriyatı, 1349 (h.ş)-Tehran, s, 32.
[33] Feridun Adəmiyət, M. F. Axundzadənin düşüncələri (farsca), Xarəzm nəşriyatı, 1349 (h.ş)-Tehran, s, 38,40.
[34] Feridun Adəmiyət, M. F. Axundzadənin düşüncələri (farsca), Xarəzm nəşriyatı, 1349 (h.ş)-Tehran, s, 38,40.
[35] Hilmi Ziya Ülken, Uyanış devirlerinde tercümenin rolü, Ülken yayınları, İstanbul-1997, s. 6.
[36] Hilmi Ziya Ülken, Uyanış devirlerinde tercümenin rolü, Ülken yayınları, İstanbul-1997, s. 11.
[37] Erik From (Erich Fromm), Sağlıqlı toplum, farscaya çevirən: Əkbər Təbrizi, III nəşr, Behcət nəşriyatı, Tehran-1368 (h.ş), s. 16.
[38] Hilmi Ziya Ülken, Uyanış devirlerinde tercümenin rolü, Ülken yayınları, İstanbul-1997, s. 14.
[39] F. Adəmiyət, adıkeçən qaynaq.
[40] Hilmi Ziya Ülken, Uyanış devirlerinde tercümenin rolü, Ülken yayınları, İstanbul-1997, s. 13.
[41] Karl Jaspers, Felsefe nedir, Türkçeye çeviren: Zeki Eyupoğlu, Say yayınlar, VII baskı, 2007- İstanbul, s. 390.
[42] M. Ə. Rəsulzadə, Azərbaycan Cümhuriyəti.
[43] Bedia Akarsu, Dil-kültür bağlantısı, İnkılap yayınları, s. 40.
[44] M. Ə. Rəsulzadə, Əsrimizin siyavuşu.
[45] M. Ə. Sabir, Hophop namə, Fəxriyə.
[46] M. Ə. Sabir, Hophop namə.
[47] Qurtuluş dərgisi, 1937-ci il, Nr. 27, s. 780-781.




Hiç yorum yok: