Qafqaz türkləri aydınlarının din
sorunu
Sosial və iqtisadi
gəlişmələr hər ölkədə və bölgədə uzun zaman sürəci içində ortaya çıxan bir
bütündür. Gəlişməmiş ölkələrin ortaq özəllikləri din qonusunda durağan və
dəyişməz oluşlarıdır. Bir toplumda dini sahə əqli dartışmaya açılarsa, digər
sahələrdə də dialoq və düşüncə ürətmə imkanları doğar, mədəni gəlişmələr
sağlanar. Çünkü “mədəniyət, ruhi yüksəlişin şüuruna varılması və bu yüksəlişin
ehtiva etdiyi rasional inanc sistemidir.”[1]
Buradakı “rasional” qavramına diqqət etmək gərəkir. Çünkü ağıl deyilən olqu
ancaq dialektik duruma görə bir anlam ifadə edər və durağan, heç bir sorun və
sorqulama ilə qarşılaşmayan ağıl öz devinimindən yoxsundur və mövcud deyildir.
“Ağıl bizim üçün yalnız somut (konkret) tarixsəl şərtlərdə mövcuddur. Ağıl kəndi
kəndisinin əfəndisi deyildir.” [2]Bəşər
tarixində ağlın gəlişmədiyi dönəmlər olsa da, dinsiz və inancsız dönəm
olmamışdır. Kültürlər və mədəniyətlər bəlli dini görüşün və inancın ətrafında
şəkillənmişdir. “Hər bir mədəniyətin və törənin orta dirəyini bir inanc təşkil
etmişdi.”[3]
Lakin insanlıq, tarixi sürəc içində təcrübələr qazanaraq ağlını qullanmağı da
başarmışdır. İslam son din olaraq tövhidi, yəni Tanrının birliyini əsas
götürmüşdür. İslamın ilk 50 ilinin ədalət və bərabərlik dönəmi olduğu
anlaşılmaqdadır. İkinci xəlifə Ömərin orduları Sasani dövlətini devirdikdən
sonra iqtidar Sasani sarayına daşınmamış, tam tərsinə, saray bütün ehtişamı ilə
zülmün göstərgəsi olduğundan dolayı uçurulmuşdur. Gerçəkdən də “mədəniyət”in
gövdəsi kimi anladılan pramidlər, Çin səddi və saraylar yoxsul insanların
əzilməsi, sömürülməsi hesabına təsis edilmişlər. Divarların arasında
yüzminlərcə insan dəfn edilmişdir. Bu üzdən İslamın doğuşu sırasında fatehlər
fəth etdikləri saraylara yerləşmək yerinə, zülmün göstərgəsi olduğu üçün onu
uçururdular. Lakin İslamın ilk çağından uzaqlaşdıqca, siyasətin dini necə
sömürdüyünə tanıq olmaqdayıq. Bu arada Sasani qalıqları sürəkli İslama qarşı
fikri çalışmalarını davam etməkdəydilər. Bu çalışmalar kəndiliyindən türklərin
İslamı qəbul edilişləri sırasında etkili olmuşdur. Çünkü “Türklər islamiyəti və
İslam kültürünü daha ziyada Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və
mavəraunnəhrdə yerləşmiş İran mədəniyətinin etkisi və klavuzluğu ilə qəbul
etmişlərdi.”[4]
Bu haqda ayrıntılara girməyə gərək yox, başqa kitablarımda bu qonu ayrıntıları
ilə açıqlanmışdır. Ancaq şiə mehvərli bütün təriqətlər və cərəyanlar istisnasız
olaraq Sasani nostaljisi üzərinə qurulmuşdur.
Türk milləti
İslamiyəti qəbul etdikdən sonra İslam dünyası və İslam mədəniyətinin bir
parçası halına gəlmişdir. Lakin 1501-ci ildə Səfəvi-Sasani dövlətinin quruluşu
ilə bu coğrafiyada yaşayan türklük fikrən, hissən və varlığa baxış açısı olaraq
İslam və türk dünyasından qoparılaraq Sasani-Səfəvi kimliyi içində həbs edildi.
İslam ağlaşmadan, baş yarmaqdan, sinə vurmaqdan, imama, pirə, imamzadaya və
mollaya tapınmaqdan ibarət olan din halına gətirildi. Molla-feodal sinfi ortaya
çıxdı. Bu sinif İslamiyəti öz inhisarında bulunduraraq etiraz və tənqid
səslərini dərhal yerindəcə boğurdu. Xalq daxili və dini sömürgəçiliyə məhkum
edildi. Əlində geniş maddi imkanlar bulunduran molla-feodal sinfi meydana
çıxdı. Özünü din uzmanı adlandıran qorxulası və mərhəmətsiz molla-feodal sinfi.
Bu sinif cəhalət qonusunda uzmanlıq qazanmışdı. Özünü din uzmanı sayan hər
kəsdən qorxulmalıdır. Çünkü dinin uzmanı olmaz, din tarixinin uzmanı olar. Sadə
bir çoban çox vaxt dini dərin bildiyini sanan molla və şeyxlərdən dini daha
gözəl yaşar. İrfan ədəbiyatında bunun bir çox örnəkləri vardır. Dini bütün
ayrıntıları ilə bilən Allahdır. Kimsə özünü din uzmanı adlandırırsa, o, hər tür
cinayətə əl atacaq psikolojiyə hazır durumdadır. Tarix boyunca dini yaxşı
bildiklərini zənn edən insanlar tərəfindən bir çox cinayətlərin törədilməsinin
də səbəbi budur. Bu üzdən də modern türk aydınları tərəfindən dini plüralizm və
laiklik dini paltarda cinayətlərin qarşısını almaq üçün bir yöntəm olaraq
bəlirləndi. Yəni hər kəs öz ölçüsünə görə, dini anlar. “Hər kəsin öz eşqi, öz
Allahı var.”[5]
Quran da bunu bir ayətində açıqca söylər: “kimsəni gücünün ötəsində sorumlu
tutmarıq.”[6]
Səfəvi sonrası qaranlıq dönəm incələndiyində heç bir mənəvi, mədəni mirasın
qalmadığına tanıq olmaqdayıq. Gücü və intelektual düzeyi yetdi- yetmədi
üzərində molla libası olan kişi din uzmanı olaraq görülmüşdür.
Rus istilasına uğrayış
Qafqaz türklərinin dini həyatında da qurtuluş olanağı doğurdu. Yazıb-oxuma
oranı artdıqca, xalqı kölə halına gətirən inanc və saxta din anlayışı aydınlar
tərəfindən sorqulanmağa başladı. “Soru sorma düşünmə sənətidir. Ona dialektik
deyilər. Çünkü o, gerçək bir dialoqu sürdürmə sənətidir. Test etmə və sorqulama
sənətidir.”[7]
Tarixdə heç bir aydınlanma din məsələsinə toxunmadan davam etməmişdir. Dinə
qarşı etirazlar onun təməl qaynaqlarını yox saymaq anlamında olmamışdır. Din
qurumlarının xalqı sömürərək insanların ağlını qaranlığa gömməsi tənqid və ifşa
edilmişdir. Dinə qarşı ələşdiri dini anlayışa qarşı mövcud olmuşdur, yoxsa dini
reformu peyqəmbərlər gerçəkləşdirər və İslam da dinlər tarixində bir reform
hərəkətidir. Tənqid olmazsa, düşüncələr qaranlığa gömülər, duyqular
iyrəncləşər, kültür qoxuyan bataqlıq halına gələr. Necə ki,
Səfəvi-qızılbaş-Sasani-muğ tarixi mühitində tam da bu şəkildə olmuşdur.
Sorqulamaq insanın haqqıdır. İnsan hər şeyi, hətta Allahı da sorqulaya bilər.
Din öylə bir gücdür ki, xurafələrlə birləşdiyində durmadan qan tökər və hər tür
ussal (əqli), elmi gəlişmənin önündə əngəl divar oluşdurar. Bu əngəl divarı
ortadan qaldırmaq və dini xurafələrdən ayırd etmənin tək yolu sorqulamaqdır. Bu
açıdan səfəvilik dilin, bilginin, elmin, fəlsəfi bilincin önündə sərt divar
olaraq mövcud bulunmuş, dinə Sasani xurafələrini qarışdırmışdır. Bu xurafələri
ortadan qaldırmanın tək yolu da sorqulamaqdır. Sorqulamaq düşünmək deməkdir.
Quranda sizin sorqulamalarınıza cavab olsun deyə peyqəmbərlər göndərildi
şəklində bilgilər yer almaqdadır: “Müjdələyici və uyarıcı peyqəmbərlər
göndərilir ki, Allaha qarşı (bizi uyaran və müjdələyən bir rəsul gəlmədi deyə)
dəlilləri olmasın.”[8]
Yalnız sorqulama ilə dini aydınlanma gerçəkləşə bilər. Bu sorqulama olayını
Quran məqbul saysa da, din tüccarları tərəfindən yasaqlanmışdır. Gerçəkdə isə
din tüccarları Allahın sorqulanmasını deyil, bu vasitə ilə öz mənafelərinin
sorqulanmasını yasaqlamış, kəndi çıxarlarını qutsallaşdırmışlar. Ölümsüz və
sorqulanması yasaqlanan dəyərlər insan bilinci üçün tuzaqdır. Səfəviyət də
İslam qarşısında bir tuzaq olaraq meydana çıxmışdı. Oysa sorqulamaq düşüncəyə
can verməkdir, onu sürəkli yeniləndirməkdir. Sorqulama və düşüncə yeniliyinin
nə olduğunu anlada bilməm üçün bir durumu açıqlamam gərəkəcək. Qartalın 300 il
yaşadığını bəlirtmişlər. Lakin ömrünün yarısını doldurduqdan sonra onun
ayaqları və qanadları ətləndiyindən uça bilməz. Qartal öz dimdiyi ilə qanadını,
ayaqlarını sarmış ətləri qoparmağa başlar. Yaxlaşıq üç ay bu işlə uğraşaraq öz
qanına bürünər. Ağrılı-acılı olsa da, artıq ətini dimdiyi ilə qoparar və bu
özünü söküb yenidən qurma sürəci bitdikdən sonra ömrünün ikinci yarısını yaşama
haqqını qazanar. Sorqulama və yenilənmə budur. Toplumların və bireylərin
həyatında buna bənzər varoluş mücadiləsi meydana çıxmazsa, çürüyüb yox olarlar.
Səfəvi-qızılbaş-Sasani-muğ tarixi mühitində bu kimi yenilənməyə olanaq
olmamışdır. Rusiya istilasına uğrayan Qafqaz türklərinin ilk etdikləri iş
qartal kimi hərəkətə keçmələri və xalqın şüurunu qaranlığa gömən ölçüləri, tabu
və törələri söküb atmaq olmuşdur. Qartal öz varlığındakı gərəksiz fazla ət
yığınını söküb atdıqdan sonra yeni həyat qazandığı kimi, Qafqaz türkləri də
Səfəvi-qızılbaş-Sasani-muğ törə və alışqanlıqlarını söküb atmağa çalışmaqla
yeni bir ölkə təsis edə bildilər.
Səfəvi kültür və
törələrinin varisi olan xalq kütləsini o dönəmin aydınları tarixə girməmiş
canlılar olaraq görürdülər. Hürriyət düşüncəsini yaxın buraxmayan dəyərsiz,
xeyirsiz bu sürüləri böyük şair və düşünür M. Hadi bu şəkildə təsvir edirdi:
“Nə istedadi-hürriyət, nə də
irfanımız vardır,
Dəyərsiz, xeyrisiz yüz min sürü
nadanımız vardır.”[9]
Bunun səbəbi nə idi? Nədən bu xalq
aydın yetişdirə bilmirdi? Rusiya sömürgəçiliyində aydınlanan barmaq sayı
insanlar bunun səbəbini kəşf etmişdilər. Bölgə xalqının şüuru səfəviyətlə
qaranlığa gömülmüşdü. Çıxarcı və molla-feodal sinfi düzəninin qoruyucusu olan
din anlayışı xalqın şüurunu qaranlığa gömürdü. Aydınlar açqıca və cəsurca dini
qurumları tənqid edərək, İslamda özəl dindar bir sinfin olmadığını vurqulayaraq
bu bağlamda düşüncələrini mətnləşdirirdilər. İslamda özəl dindar bir sinif
yoxdur və Quran da insanlar arasında ayrım yapmadan “ya əyühənnas!”, yəni “ey
insanlar, ey topluluq” deyə xitab edər. Molla-feodal adında Quranın açıqlayıcısı
deyə bir sinif İslam kitabında mövcud deyildir. Tanrı haqqında qonuşmaq
molla-feodal sinfinə buraxılan bir qonu əsla olmamışdır. Molla-feodal sinfi
üçün İslamiyət bir gəlir qaynağına dönüşmüşdür. Ayrıca, onlar Tanrı kitabını
açıqlamaq yerinə, İslam tarixində bəzi şəxsiyətlərə qutsallıq yükləməklə Allaha
da şərik qoşmuşlar. Hətta müqəddəs imam adlandırdıqları İslamın bəzi böyük
şəxsiyyətlərini qeybləri bilən insanlar olaraq nitələmişlər. Quransa qeybin
ancaq Allaha xas olduğunu və Allahın dışında qeybi kimsənin biləməyəcəyini “de
ki, qeyb ancaq Allaha məxsusdur”[10],
“Qeybin açarları onun yanındadır, Ondan başqa kimsə qeybləri bilməz”[11],
“De ki, qeybi bilmirəm”[12]
kimi ayətlərdə bəyan edər. Quranın ayətlərində, özəlliklə “Hüməzə” və “Maun”
surələrində din üzərindən para birikdirənlərə Allah sərt uyarılarda bulunar.
Haram yolla para qazanmaları dolayısıyla cəhənnəm atəşində yanacaqlarını
vurqular, namazlarının da saxtakarlıqdan başqa işə yaramayacağını izhar edər.
Varlığı yalan və riya ilə yoğrularaq mənbərlərə çıxan iftiraçılar xalqın
aydınlanmasını önləyirdi. Bu qaranlıq və durağan, inkişafı durdurucu sürəci M.
Ə. Sabir bu şəkildə açıqlayırdı:
“Quş kimi göydə uçur
yerdəkilər,
Bizi gömmüş yerə
mənbərdəkilər.”[13]
Anlaşıldığı kimi bütün geri
qalmışlığın səbəbi səfəviyət və onun leşləşdirici din anlayışı olaraq
görülürdü. Səfəviyət xalqın şüurunu kor bir nöqtəyə həbs etmişdi. Millətə,
bəşərə yararı olmayan, düşüncə ürətəməyən,
çürüyərək ölən bu canlı meyitlərin sümüklərindən məqbər (məzarlıq)
düzələcəkdi. Səfəviyət tərəfindən bir kor nöqtəyə həbs edilən toplumun ağlı və
zəkası heç bir şey ürətmədən çürüyb yox olurdu. Qafqaz türkləri aydınlarının
çalışmaları bu kor nöqtəni uçurmağa yönəlmişdi:
“Bir nöqtədə dursan da düşünsən,
Məqbər yapacaqlar kəmiyindən.”[14]
İran-Səfəvi kültür hövzəsi olaraq
nitələnən bu kor nöqtədən qurtuluş üçün H. Cavid kimi aydınlar qartal misali
yenilənməyi ön görürdülər:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək.
Bizlər yeniləşsək bilə daim,
Bir əskilik az-çox bizə hakim.”[15]
“Din
nədir?” sorusu ortaya çıxmışdı. Məscidlərdə səfəviliyin leşləşdirdiyi kütlənin
saxtakar bir mollanın yalançı göz yaşlarına uyaraq Peyqəmbərin xanımlarına, ən
yaxın mömin dostlarına lənət göndərməsi dinmidir? Səfəvi mirası molla insan
tipini fitnənin, pisliyin, şərrin qaynağı olaraq görmə zamanı gəlmişdi və
“Aləmə fitnə salan mə´dəni-şərrdir vaiz”[16]
deyə sosial gerçəklər hayqırılırdı. Bu dinin kitabı Quran deyilmi? Quranın
harasında Ayişəyə, Əbubəkirə, Ömərə lənət yazılmışdır? Haradan girmişdi lənət və
nifrət psixolojisi sürüngən leşlərin zehninə? Əlini bəyənmək üçün Ömər və
digərlərinə nifrət etməkmi gərəkir? Əli Vəsfin qılıb da Ömərə lənət göndərən
molla-feodal sinfinə və Səfəvi mirası pisliyə qarşı S. Ə. Şirvani yazırdı:
“Əli vəsfin qılırsan, çəkmədən
həcvi-Ömərdən əl,
İlahi, xəsmin olsun ruzi-məhşərdə
Ömər vaiz!”[17]
Səfəviyət tək suçlu olaraq
görünürdü. Molla-feodal sinfi Quranı ya bir yana buraxmış, ya da öz əmmarə
(kötülüyə əmr edən) nəfsinin ehtiyacına görə təfsir edirdi. S. Ə. Şirvani
molla-feodal sinfinin xalqı sürüləşən və sömürülən leşlərə dönüşdürməsini
açıqca qınayaraq tənqid edirdi. Özünü din uzmanı olaraq nitələyib xalqın
üzərində sömürücü amil kimi yüzillər boyunca varlığını sürdürən molla-feodal
sinfinə xitabən yazırdı:
“Nola dil bilməsə, rəmzi-rüxi cananı dürüst,
Kimdir ol kəs ki bilə mə´niyi Quranı
dürüst?”[18]
Quranın mənası nədir? Molla-feodal
sinfinin öz vəhşi nəfsini təmin etmək üçün etdikləri təfsirlərmi Quranın
mənası? Kimdir ən doğru şəkildə Quranın anlamını bilən? Böylə ədalətsiz din
anlayışı olurmu deyə sorurdu Şirvani.
S. Ə. Şirvani molla-feodal sinfini
və molla-feodal sinfi tərəfindən sürüngən leşlərə dönüşdürülərək başını yarıb,
sinə və zəncir vuran əhaliyə “köpək oğlu” deyə xitab edərək yazırdı ki, böylə
dinmi olur?
”Şayistə deyil böylə şəniət, köpək
oğlu!
Biganə bizə etməyə töhmət, köpək oğlu!
Tutduz bir əməl ki, elədiz milləti rüsva,
Yandırdı məni
nari-xəcalət, köpək oğlu!
Quranda sizin
qəlbinizi zikr qılıb həq, *
Get, eylə
"əlif-lami" qiraət, köpək oğlu!
Bir tə´ziyəniz var idi
evladi-rəsulə,
Ancaq bu idi
əcri-risalət, köpək oğlu!
Cəddim tüpürər görsə
sizi ruzi-cəzadə,
Söylər ki, deyilsiz
mənə ümmət, köpək oğlu.”[19]
“Ömərə lənət” söyləyib başını yaran,
zəncirlə başına döyən, sinə vuran və molla-feodal sinfinə qoyun sürüsü kimi
təslim olan bir İslam anlayışı yoxdur, olmamışdır, deyə Şirvani şeirləri ilə
Səfəviyəti tənqid atəşinə tuturdu. Sürüngənlərin və Səfəvi-qızılbaş-Sasani-muğ
din anlayışı tərəfindən leşləşdirilmiş kütlənin aydınlanması üçün hər tür fədakarca
əməllər davam edirdi. Dini yöndən ən dərin aydınlanma işini, özəlliklə Hüseyin
Cavid başlatmışdı. Sürüngənləşdirilmişlərə və bu leşlərin mollasına xitabən
yazırdı:
“Nə əcayib sürü yahu bunlar?!
Öndə rəhbərlik edər meymunlar!”
Hüseyn Cavidin əsərlərinin çoxunda dini aydınlanma geniş ölçüdə yer
almışdır, lakin onun “Peyqəmbər” əsəri sırf dini aydınlanmaya həsr edilmişdi.
Dinin uzmanı olmaz,
din tarixinin uzmanı ola bilər söylədik. Çünkü dinin kitabı toplumun
uzmanlarına xitab etməmiş, çobanından, işçisindən tutmuş yüksək düzeydə
oxumuşuna qədər bütün insanlara xitab etmişdir. Hz. Muhəmməd özü də bir uzman
deyildi. Bir “ümmi”, sadə xalqın içindən çıxmış və ruhu vəhylə donatılmış olan
biri idi. Din insanlara fizika, kimya, həndəsə, riyaziyat öyrətmək üçün gəlməmişdir.
Allah hər şeyin bir ölçüsünün var olduğunu Quranda “hər şeyi yaratdı və sonra
hər şeyə bir ölçü bəlli etdi”[20]
kimi ayətlərdə vurqulasa da, bu qonularda əsas işləri insan ağlının
sorumluluğuna buraxmışdır. Tanrının bəlirlədiyi ölçüləri kəşf etmək ağlın
görəvi olmuşdur. İştə aydınlanma demək də ağlın sorumluluğunu anlamaq deməkdir.
Din genəldə əxlaqi dəyərlər icad etmək üçündür. Əxlaqsız bir toplum
düşünüləmədiyindən dinsiz bir toplum da düşünüləməz, lakin hansı din? Yüzillər
boyunca molla-feodal sinfinin şəhvət və mənafeyinə xidmət edən dinmi, yoxsa
Quran əksənli doğruluq və ədalət dinimi? Qafqaz türkləri aydınlarının qafasında
dolaşan bu sorular idi. Dində molla-feodal, ruhani-kapitalist sinfinin
olmadığını söylədik. Hz. Muhəmməd də heç bir sinfə mənsub deyildisə, o zaman
namaz qılaraq, ölü dəfn edərək, “Yasin” oxuyaraq para qazanan bu sinif haradan
ortaya çıxdı? Peyqəmbər və onun yaxın arxadaşları bu yolla para qazanırdılarmı?
Böylə haram yolla İslamda para qazanma olmamışsa, xalqın varlığı üzərinə zəli
kimi çöküb onu sömürən molla-feodal sinfi haradan meydana çıxmışdır? Əsas soru
bu idi və türk aydınlarının yaradıcılığı da bu soru ətrafında fikir ürətməkdən
ibarət idi.
İslam tarixində,
özəlliklə Əməvi və Səfəvi İslam anlayışında despotizm və istibdad Tanrı cəzası
kimi yorumlanmışdır. İslamı şiə meyarı ilə ölçən zehniyətə görə, zülm nə qədər
çox olsa, “Mehdi” bir o qədər tez zühur edər. İslamda isə, Mehdi deyə bir
anlayış yoxdur, bunu saxta hədislərə dayanaraq uydurmuşlar. Hədislərə şübhə ilə
yanaşmaq fərzdir, çünkü İslamın şübhə götürməyən tək qaynaq kitabı Qurandır və
başqa şey deyildir. Tövratda və İncildə müjdələnən Mehdi, Hz. Muhəmməd adı ilə
gəldi və bu iş bitdi. Mehdinin zühur edəcəyinə inanmaq Quranı inkar etməkdir.
Çünkü bundan sonra kitab gətirəcək Mehdi (hidayətə ərmiş olan) gəlməyəcəkdir.
Kitabla gəlməyəcəksə və Quran son kitabdırsa, o zaman onun gəlişinin nə anlamı
var? Sanki Quranda sürəkli Tanrının mərhəmətindən danışılmamışcasına,
molla-feodal sinfi tərəfindən despotizm Tanrı cəzası kimi izah edilmişdir. Yəni
ölkədə zülm, istibdad varsa, onun səbəbkarı zülm edən deyil, sadə xalq
kütləsinin ortaq günahları imiş! Bu şəkildə yorumun Quranın mətni ilə nə
əlaqəsi var?
Səfəvi-qızılbaş-Sasani-muğ
kimliyinin bölgəmizdə egemen oluşundan sonra əski Sasani dəyərləri İslam adı
altında xalqın yaşam biçiminə təzriq edilmişdir. İslam, Sasani teokrasi
anlayışı ilə özdeşləşmişdir. Sasanilikdə şah Tanrı tərəfindən qutsanmış kişi
olaraq onun buyuruqlarının dini dəyəri varmış və doğru din də onun ağlında dolaşmaqdadır.
Bu zehniyyət Səfəviliyin xalqın ruhunu işğal edib qaranlığa gömməsindən sonra
“vilayəti-təkvini” adında bir anlayış uydurmuşdur. Oysa teokrasi deyə İslamda
bir ilkə mövcud deyildir. Tariximizə teokrasi Səfəvi-şiə-şüubiyə tərəfindən
girdirilmişdir. Bu da İslamla ilgisi olmayan Sasani dəyərləridir. Müsəlmanların
yüzdə doxsan doqquzu bir məsələ üzərində ortaq qərara gəlsələr də şiə-şüubiyə
bunu qəbul etməz. Çünkü şiə-şüubiyəyə görə, məsum olan imam bu məsələdə qərar
verməlidir. İmam da ortada yoxdursa nə olacaq? Bu suala cavab olaraq bir
“Mehdi!” uydurub qeybə göndərmişlər. O Mehdi gəldiyi zamana qədər onunla
ilişkidə olan imam naibləri qərar verməlidirlər. Bu da Quranın öyrətilərinə
tamamən ziddir. Quranda “Və elmin olmayan bir şeyin arxasınca getmə! Kəsinliklə
eşitmə, görmə və idrak etmə, onların hamısı ondan (bir şeyin arxasınca
getməkdən) sorumludurlar”[21]
söylənməkdədir. Bu və digər ayətlər açıqca təqlid və teokrasini rədd
etməkdədir. Mehdinin və ya imamların məsum olması ilə ilgili əllə tutulur,
gözlə görünür dini bir dəyər və bilgi yoxdur. Bu, sadəcə etiqadi və ideolojik
bir olaydır. Quranda məsum imam deyə bir ifadə yoxdur. Quranda Peyqəmbər bilə
bir neçə kərə uyarılmışdır. Hətta “Əfaəllahu ənkə”, yəni “Allah səni əfv etdi”[22]
deyə uyarılarda bulunulmuşdur. İsra (17) surəsinin 73, 74 və 75-ci ayətlərində
də Allahın Peyqəmbəri uyardığı söz qonusudur. O zaman böylə bir soru ortaya çıxar:
İçində vəhy daşıyan Tanrı elçisi uyarılırsa, “imam!”lar nədən xəta
etməməlidirlər? Hz. İbrahim də oğlunu qurbanlıq olaraq kəsmək istərkən xəta
etdiyi ortaya çıxar. “İbrahimə İshaq şəklində görünən qoç idi. İbrahim röyasını
təbir və təvil etmədi. Röyasını təbir etmədən uyqulamaya çalışdı.”[23]
İbni-Ərəbiyə görə, İbrahim Peyqəmbər gördüyü röyasını yanlış təbir etmiş və bu
yanlışlıq Tanrı tərəfindən düzəldilmişdir. Yəni Peyqəmbər olan İbrahim də xəta
edər, ancaq imam xəta etməz! İmamlar məsumdurlarsa, o zaman nədən imamların
dualarında Allahdan əfv və bağış dilənməkdədir? Xətası olmayan nədən bağış
diləməlidir? Vəhydən ötə Tanrı bilgisi və Allah yönləndirməsi deyə başqa bir
olqu varmıdır? İştə bu zaman “vilayəti-təkvini” anlayışı ortaya çıxar. Nədir
vilayəti-təkvini? “Təkvin” yaratmaq və var etmək deməkdir.
Vilayəti-təkvini, yəni yaratma iqtidarı. Vilayəti təşrii isə, şər´i iqtidardır. Vilayəti-təkvini, yalnız
Allaha xas ikən şiə və ona bağlı inanışlar Peyqəmbərin, onun qızı Fatimənin və
12 imamın da böylə vilayətə sahib olduqlarına inanarlar. 14 məsum
adlandırdıqları Peyqəmbərin qızı, özü və 12 imam bütün aləmlərin işlərinə
müdaxilə etmə yetkiləri varmış! Sadəcə 14 məsumla sınırlı deyildir bu vilayət.
14 məsumun sirrinə ərmiş fəqihlər və seyidlər də böylə bir vilayətə
sahibmişlər! “Vilayəti-fəqih” də buradan gəlməkdədir. Xalqın bu vilayətə təslim
olması və onlara itaət etməsi fərzmiş. Şiədəki təqlid də buradan
qaynaqlanmaqdadır. Hər kəs öz mənəviyatının vilayətliyini bir fəqihə
buraxmalıdır. Düşünməməlidir, çünkü onun yerinə, düşünən və vilayəti-təkviniyə
sahib olan vilayəti-fəqih mövcuddur. Bu iqtidar və qüdrət iktisabi (qazanılır)
deyildir. Tanrı qatından verilən imkandır. Bu vilayət (iqtidar) Tanrı vilayəti
ilə qoşut (paralel) olduğundan şirk də sayılmazmış! Vilayəti-təkvini və ya
çoxtanrılıq anlayışını daha iyi anlaya bilməmiz üçün Şah İsmayıl Səfəviyə aid
edildiyi sanılan bir şeir parçasına baxalım. Bu vilayət anlayışına görə, Əlinin
şəfaəti olmasaymış, bütün peyqəmbərlər cəhənnəmə gedəcəkmişlər! İsmayıl
vilayəti-təkvinini bu şəkildə anlatmışdır:
“Ey
cəmalında sənin nuri-ilahidir tamam,
Ol
sifatın zikridir fikrim həmişə sübh-ü şam.
Ol
Əlisən ki, qamu peyqəmbərə sənsən şəfi´,
Cümlə
bu ümmid ilə qapuna gəlir xas-u âm.”[24]
İndi bu soruları sormaq mümkündür:
Peyqəmbərlər hansı cinayətlərinə görə cəhənnəmə getməliymişlər ki, Əlinin
şifaəti üzərinə cəhənnəmə getməkdən alı qoyulmuşlar? Peyqəmbərlər cəhənnəmə
gedəcək düzeydə cinayətlər etmişlərsə, böylə cinayətkarlara nədən Əli şifaət
etməli idi?
Böylə bir tarixsəl
tablola qarşılaşarkən ortaq tarixi bilincin boş və qaranlıq oluşundan ibrət
dərsi alınması gərəkirdi. Nədir ibrət dərsi? İbrət cəhalətdən elmə,
bilinməyəndən bilinənə, məchuldan məluma keçiş və tarixdən tarix üçün dərs
almaq deməkdir. Böyləcə o dönəm mətnləri incələndiyində gələcəyin tarixi haqda
düşüncələrin mətnləşdiyinə tanıq olmaqdayıq. Hegəl “hər toplumun durumu, o toplumun
dini duyqu və düşüncələrinin nə yerdə olduğunu göstərər” söylər. Tarixin
qaranlığına gömülüşümüzdə din üzərinə molla-feodal sinfinin çıxarı əksənli
baxışların çox etkili olduğunu Qafqaz türkləri aydınları ifşa edir, bu din
anlayışı ilə heç bir biçimdə topluluqdan millətə keçişin mümkün olmayacağını
açıqlayırdılar.
Qafqaz türkləri
aydınları molla-feodal sinfinin ideolojik İslam anlayışına qarşı teolojik
İslamı qoyurdular. Teoloji bilimsəl bilginin ölçülərinə görə davranmasa da,
bilimi qullanma teoloji üçün də bir sənət sayılar. Modernitə və modern fəlsəfə
Batıda ideolojik və kilsə çıxarları mehvərli dini yorumu şübhə altına alaraq
aydınlanmanın önünü açmışdı. Batıda fəlsəfə əksənli aydınlanma örnəyi Doğuda
baş qaldırmış, ancaq susdurulmuşdu. Özəlliklə bu fəlsəfi aydınlanmanın öndəri
böyük filosof İbni-Rüşd olmuşdu. İbni-Rüşdü Doğu fəlsəfi bilincinin sonu və
Batı fəlsəfi bilincinin başlanışı olaraq nitələrlər. “İnbi-Rüşd İslam
fəlsəfəsindən daha çox xristian fəlsəfəsində önəmlidir. İslam fəlsəfəsi üçün o,
bir sondur. Xristian fəlsəfəsi üçünsə bir başlanqıcdır.”[25]
İbni-Rüşd “Filosofların sözləri arasında dinə ayqırı heç bir şey olmamışdır”[26]
söylər.
Buna bənzər yanaşma
biçimi Qafqaz türkləri aydınlarının qafasında dolaşaraq molla-feodal və məscid
mənfəətləri əksənli İslami təfsirləri açıqca tənqid edirdilər. Bütün kainat və
yer üzü Allahın mülküdür. Məscid deyə özəl qutsal məkan İslamda möcvud
olmamışdır. İdeolojik İslam molla-feodal (çağımızda molla-kapitalist) sinfini
qutsayırdı. Teolojik İslam İslamiyəti bütün bəşər üçün görür, İslam üzərinə
bilimsəl və əxlaqi yanaşmağı önə çıxarırdı. İdeolojik İslam despotizmin,
molla-feodal sinfinin mənafeyini qoruyan sistem ikən, teolojik İslam xalqın
bütününü içinə alan hidayət və eşitlik ilkəsini önə çıxarırdı. İdeolojik İslam
Quranın “əmr bilməruf və nəhy inəlmünkir” məsajını da molla-feodal sinfi çıxarları
doğrultusunda təfsir etmişdir. Əmr bilməruf və nəhy inəlmünkir (doğru olana
çağırış və kötülüklərdən saqındırma) iqtidarın və din üzərindən haram para
qazanan molla-feodal sinfinin xalq üzərinə buyruqları deyildir. Bu İslami qural
xalqın iqtidarlara qarşı ələşdirəl tutumunu bəyan edər. İqtidar xalqın və
müxalifətin tənqidlərinə hazır olmalıdır. Bu, əmmaməli molla sinfinin xalqın
davranışları üzərinə casusluq etməsi və insanların bireysəl özgürlüklərini
sınırlaması anlamında əsla deyildir. Səfəvi-qızılbaş-Sasani-muğ çoxtanrılığı ölkəmizi
işğal etdikdən sonra din tüccarı olan molla-feodal sinfı “əmr bilməruf və nəhy
inəlmünkir” adı altında xalqın mənəviyatı üzərində hakim və casus olaraq ortaya
çıxdı. “Öylə etmə, böylə et!” kimi fətvalarla Quranın bu məsajını da ideolojik
İslamın sloqanına dönüşdürdülər. Örgütlənərək siyasi və iqtisadi qurumları ələ
keçirən ideolojik İslam geniş iqtidar imkanlarına sahib oldu və fətvalarına
qarşı gələnləri də məhv etdi. Bu məhv edilmələrlə elm, bilgi, əxlaq, insanlıq
və düşüncə ocaqları söndürüldü. Ölkəmiz İslam kitabından uzaqlaşaraq
Səfəvi-qızılbaş-Sasani-muğ qaranlığına gömüldü.
Qafqaz türkləri
aydınları ideolojik İslamın şərtlənmə ilkələrinə qarşı, azadlığı və insan
haqlarını savunan teolojik İslamı öyürdülər. İdeolojik İslam bəlli
gələnəklərdən ibarət idi və sosial ortamda deyil, daha çox qəbristanlıqlarda
aktiv və keçərli idi. Teolojik İslama görə, dinin birinci amacı insanın ontolojik
suallarına cavab vermək olmalıdır. İdeolojik İslam zülmün yandaşı, zalimin
arxadaşı ikən, teolojik İslam zülmə, molla-feodal sinfinin hiyləsinə qarşı
Quranın ədalət çağrılarını önə sürürdü. İdeolojik İslama görə, İslam orucdan,
namazdan, həccdən ibarətdir. Bunları topluma göstərib arxada hər tür alçaqlıq,
hiylə, xırsızlıq, haqsızlıq etmək ideolojik İslamın özəlliyidir. Teolojik
İslamı savunanlar bu riyakarlığa qarşı Quranın “Maun” surəsini önə
çıxarırdılar: “Vay saxtakar namaz qılanların halına” söyləmi ilə çıxış edir,
onların namaz və digər üzdə mömin görünmə davranışlarını sərt şəkildə tənqid
edirdilər. Zahiri din görkəmli olub, batini pisliklə dolub-daşan molla-feodal
sinfi böyləsinə ələşdirilirdi:
“Zahida, gəl çıxaraq
bir kərə paltarımızı,
Çıxaraq zahirə
batindəki əfkarımızı.”[27]
İdeolojik və teolojik
İslamı fərqləndirən amillərdən biri də İslamın qaynağı ilə bağlıdır. İslamda
dini dəyəri olan tək kitab Qurandır. Digər nə varsa, Hz. Muhəmməddən nəql
edilən hədislər daxil hamısı dini deyil, sosiolojik dəyər ifadə edər. İdeolojik
İslam Quranın oxunmasını əngəlləmək üçün bir sürü saxta qaynaqlar oluşduraraq,
bu qaynaqlara dini dəyər yükləmişdir. Teolojik İslama görə, Allah öz kitabından
sorar, yalnız Quranın dini dəyəri var, hədislərin, imamlar adına uydurulan
sözlərin dini dəyəri yoxdur, ola bilməz. Çünkü dini dəyəri olan bilgilərin
qaynağı vəhy olmalıdır. Onların olsa-olsa sosiolojik dəyəri olar və Allah da
sosiolojik dəyəri olan bilgilərdən öz bəndəsini sorumlu tutmaz. Lakin
sosiolojik dəyəri olan hədislərdən də öyrəniləsi gərəkən bir şeylər ola bilər.
İdeolojik İslamda din deyincə məzarlıq, molla, şeyx, din üzərindən haram para
qazanma, saxtakar seyidlər və seyidzadələr təsəvvür olunur. Sanki İslam
Peyqəmbəri bu dini seyid və mollanın rahat yaşaması üçün gətirmişdir! Xalq
aclıq içində yaşasa da, molla-seyid sinfi heç vaxt aclıq və çətinlik
çəkməmişdir.
Rəsulzadə
molla-feodal sinfinin ciblərini doldurmağa xidmət edən ideolojik İslamın
ölçülərinə tənqidi yanaşaraq Hüseynin şəhadət fəlsəfəsi üzərinə düşüncələrini
mətnləşdirmişdi. Sanki Hüseyn molla-feodal sinfinin xalqı sömürməsi üçün şəhid
olmuşdur. Hüseyn faciəsini anladıb para qazanmaq hansı din və əxlaq ilkələri
ilə uyum içində ola bilər? Əli oğlunun mücadiləsi üzərinə yazdığı açıqlaması
ilə Rəsulzadə Hüseynin etiraz fəlsəfəsini komik duruma düşürən ideolojik İslama
qarşı çıxırdı:
“Vaqieyi-Kərbəlanı çox eşitmişik.
Əhli-beytin oradakı məzlumiyətlərini, min dürlü şəkil və növdə dinləmişik.
Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik.
Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu,
qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqiə haqqında ən az
işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: Ağıl! Halbu ki, bu kimi
ictimai və siyasi vaqiələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə
lüzumunca aşina ola bilmək üçün hissiyati bihudə yerə sərf edən göz yaşlarından
ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək ağılla göz yaşlarını
siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və
Aşura vaqiəsi üzərində düşünülməlidir. Bu düşüncə bizə nə kimi bir hiss təlqin
ediyor? İştə iki gün sonra misli gələcək olan bir gün — Aşura! Yar və ənsari
qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq.
Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica! Bizim indiki
tələqqilərimizcə (indiki deyil, Aşura şəhidindən bir az sonra əsaslı bir surət
alan "təqiyə" fəlsəfəsinin zühur etdiyi günlərin düşüncəsincə də
belə) buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət
etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor.
İstiqaməti-fikr, sübatı-məslək və bunların müqabilində vücudun heç bir
əhəmiyəti olmadığını nə təsirli bir surətdə izhar ediyor. Bu nöqteyi-nəzərdən
məzlum Dəşt-Neynəva heç də məğlub deyildir. Bəlkə o qalibiyətin ən böyük bir
dərəcəsini təşkil edən ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir
mücahidi-həqiqidir. Hüseyni
məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq
ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyətinə öyrənən
bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək
xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız
etməkdədir. Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyət
və islamiyət tarixində çoxdur. Bunlar həmişə və hər bir millət arasında
təqdir olunar və adları ehtiramla anılar. Bu kimilər haqqında göstərilən
ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə,
amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun
böyükdür. Və bu böyüklük təqdirə şayan və təhsinə müstəhəqdir! Aşura
günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyətində ikən, eyvah
ki, biz onu başqa türlü anladıq. Hər şeydə olduğu kimi burada da narəftə bir
yola düşdük. Hüseyn inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün
əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz "mən-mənə,
o-ona, o-o yana" timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə
göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq. Fəqət ey matəmgəran,
artıq burasını düşünmək zamanı da gəlmişdir. Siz Kərbəla vaqieyi-cansuzinə
ağlayırsınız. Fəqət tarixi-hicrinin il başısı olan tazə məhərrəmdə bir az
özünüzü toxdadıb keçən illərə baxınız, həqiqi bir nəzəri-ibrətlə baxmış olsanız
Kərbəlanümun* bir çox vaqiələr* görəcəksiniz. İştə bu vaqiələri də
düşününüz. Onlar da sizin nəzər diqqətinizi cəlb etsin. Fəqət yalnız bir rica
edərəm ki, artıq bu vaqiələrə ağlamayınız. Çünki ağlamaq dini vaqiələrdə, ruh və imanın nəzahət və
istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz.
Təbiət olduqca qəddar və birhəmdir. O, göz yaşlarına zərrə qədər əhəmiyət
verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da
zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən
birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər - budur
onun rəftarı. Siz gəlin də bu xasiyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət
bu onun getdiyi doğru bir yoldur. Tazə ilimizdə köhnəsindəki
itirdiklərimizi təlafi etmək istəyirsək, gələn məhərrəmə qədər
ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək amalında isək,
fələyin "kəcmədar"* olduğunu anlayalım və böylə bir
zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir
istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük
Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim
ki, ən böyük əcri də ancaq bundan ala biləriz!”[28] Rəsulzadəyə görə,
Hüseyin üçün ağlamağın anlamı yoxdur, onun zülmə qarşı dirənişindən ibrət dərsi
almaq gərəkir. Bu yöndə o dönəm aydınlarının bir çoxu fikir bildirmişlər.
Qafqaz türkləri
aydınları formolizə etdikləri türkləşmə, modernləşmə və islamlaşma ilkələrində
Səfviyətin mirası olan pirdən, imamdan peyqəmbərdən imdad umma kimi şirk
içərikli din anlayışına qarşı İslamiyəti əqli əksənə oturdurdular. İslamlaşma
da sırf bu üzdən ortaya çıxırdı. Yoxsa xalqın mənəviyatını və dünyagörüşünü
məhv etməkdə olan imamdan, pirdən, məzardan imdad umma İslam idisə, zatən
islamlaşmaya da gərək qalmazdı. İslamlaşma ilkəsi mövcud İslam anlayışına qarşı
etiraz idi. İslamda məsum kişi yoxdur. Quranda İslam Peyqəmbərinə “Əna bəşərun
mislikum”, yəni “mən də sizin kimi insanam”[29]
söylənər. Ya da “Fatihə” surəsində “iyyakə nə´budu və iyyakə nəstəin”, yəni
“yalnız sənə qulluq edilər və yalnız səndən imdad istənilər” söylənilirkən, o
zaman hürufi-Səfəvi çoxtanrılıq mirası olan “ya Əli, səndən mədəd” İslam
anlayışı içində yer ala bilərmi? Çünkü bütün imamlar fani bəşər cinsindən
olaraq doğulub və ölmuşlər. Oysa “İxlas” surəsində “O, doğurmadı və
doğurulmadı” deyə açıq izharda bulunulur və dünyaya gəlib, sonra da ölənlərdən
imdad diləmək şirk sayılmaqdadır. Yəni Səfəvi mirası olan imam, pir, imamzada
məzarlarını ziyarət edərək yardım istəmə niyyətində bulunma açıqca İslamın
“tövhid” söyləminə qarşı çıxış anlamındadır. İslamda peyqəmbərə, imama, pirə
heç bir möcüzə göstərmə haqqı verilməmişdir. Peyqəmbər də açıqca “mənim möcüzəm
bu kitabdır” demişdir. Peyqəmbərin ayı ikiyə parçalaması deyə bir möcüzə də
uydurma və İslam qarşıtı bir xurafədir. Xurafə nədir? Xurafə doğa yasalarına
zidd olan olaylar bəkləntisi və bunun zehniyətidir. Ayın parçalanması doğa
yasalarına ziddir və Peyqəmbər nədən ayı parçalamalı idi? Bunun bəşər üçün nə
yararı ola bilər? Ayı parçalasaydı, artıq bu qədər savaşlara gərək qalmadan
ərəblər həmən İslamı qəbul etməliydilər. Barmaqları ilə Peyqəmbərin ayı ikiyə
parçalaması kimi uydurma bir hekayə möcüzə deyil, çünkü bu, doğa qanunlarına
ziddir. Möcüzə ayın özünün orada olmasıdır. Nədən ay oradadır? Budur yaradanın
möcüzəsi.
Səfəvi-qızılbaş-Sasani-muğ
şirkinin yalan-yanlış söyləmləri ölkəmizi və xalqımızın bilincini işğal
etdikdən sonra antiislam və antiağıl olaylardan biri də “Mehdi!” məsələsi
olmuşdur. Molla-feodal sinfinin mənafeyinə xidmət edən Mehdi məsələsi ilə bağlı
Quranda heç bir işarət yoxdur. Sadəcə Quranda deyil, Buxari və Müslim
hədislərində də Mehdi ilə ilgili heç bir bilgi yoxdur. İslam kitabında həyatın evlilik
kimi ən kiçik hadisələrinə bilə işarə edilirkən, bu qədər önəmli mövzuya işarə
edilməzmi idi? Səfəvi sonrası iftira və yalan dolu tarix bunu hədislərə
dayandırmaqdadır. Bu mövzuyla bağlı ayət uydura bilmədikləri üçün hədis
uydurmuşlar. Bu uydurma macəraya görə, İsa da gələcək və Mehdinin arxasında
namaz qılacaqmış! Sormaq gərəkir: İsa nə kimi gələcək? Nə adla gələcək?
Peyqəmbər olaraq gələcəksə, o zaman Hz. Muhəmmədin son peyqəmbər olma fikri
inkar edilməzmi? Quranda Hz. İsanın ölüb və Allah qatına yüksəldiyi
söylənməkdədir. “Allah,
şöylə buyurmuşdu: “Ey İsa, səni vəfat etdirəcək olan və səni kəndimə
yüksəldəcək olan və kafirlərdən təmizləyəcək olan mənəm.”[30] Quranın İsa
haqqında söylədiyi “Onu öldürmədilər və onu asmadılar”[31]
ayəti şəhidlərin ölməzlik anlayışı və Quranın “Və Allahın yolunda öldürülənləri ölülər olaraq
sanmayın. Onlar diridirlər, Rəbblərinin qatında rızıqlandırılırlar”[32]
ayəti ilə açıqlamaq gərəkir. Öylə isə öldürülərək Allah qatına yüksələn İsa
nədən bir də geri gəlməlidir? Zatən İsa gəldi. Hz. Muhəmməd son peyqəmbər
olaraq İsanın və digər peyqəmbərlərin dinlərini yekuna ulaşdırdı, bütün
dinlərdəki gərəkən reformları Tanrı vəhyi ilə edib sonuclandırdı. Səfəviliyin
uydurduğu Mehdinin qlobal bir ədalət anlayışı da olmamışdır. O, sadəcə Əbubəkiri,
Öməri və Ayişəni dirildib cəzalandıracaqmış! Səfəviyət İslam qarşıtı bu
mövhumatı Qurana deyil, saxta hədislərə dayandırırdı. Qafqaz türkləri aydınları
molla-feodal sinfinin bu xurafələrini “hədisbazlıq” adlandırdırlar. Quranı toz
basmasın deyə bir qumaşa büküb oxunmasını yasaqlayaraq “hədisbazlıq”la uğraşan
molla-feodal sinfinin təlqinləri böyləcə tənqid atəşinə tutulurdu:
“Söylə mövhumatı, Adəmdən tutub bu
əsrədək,
Vaxtımız çoxdur hədisbazlıqdan
ötrü həsr edək,
Xalqın ağlın çaşdıraq, vardırsa, bir
az kəsr edək,
Toz tutarsa evdə Quran, mən
bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən
bilim qoy, bir də sən.”[33]
Səfəviyətdən
sonra molla-feodal sinfi “pis əməvi soyu” deyə bir anlayış da uydurmuş və hətta
“Mehdi”nin zühurundan öncə bu pis Əməvi soyundan biri ortaya çıxmalı, sonra
Mehdi onu öldürməlidir! Oysa Əməvi soyu ilə Peyqəmbərin mənsub olduğu Haşimi
soyu kökən olaraq Qureyş kimliyində birləşirdilər. Yəni Əməvi və Haşimi soyu
eyni soydandırlar. İslamda pis və yaxşı soy deyə bir anlayış yoxdur. İslam
fərdi əxlaq anlayışına dayanar. “Allah qatında təqvalı olanınız əzizdir”[34]
görüşü Quran nəzdində önəmlidir. Necə ki, Əməvi soyu da kökdən pis olmamışlar.
Hüseynin qatili olan Yəzidin oğlu İkinci Müaviyə taxta çıxdıqdan sonra böyük
camidə xalqa xitab edərək “mənim dədəm Müaviyə Əlinin və atam Yəzid də Hüseynin
haqqını yedilər. Bu iqtidar əslində onların haqqı idi” dedi. Sırf bu üzdən onun
zəhərlənib öldürüldüyü rəvayət edilməkdədir. Ya da yenə də əməvilərdən
Abduləziz camilərdə Əli və onun soyuna lənət göndərməyi yasaqladı. Görüldüyü
kimi, qarğanmış bir soy və o soydan mütləq pis adamlar çıxmalıdır deyə bir
qural yoxdur. Əməvilər soyundan Mehdi zühuru öncəsi çıxacaq olan dəccal həm də
Əli və Hüseynin haqlarını savunan İkinci Müaviyə soyundan olmazmı? Bütün bu
Səfəvi xurafələrinə qarşı İslamın ancaq iki qaynağı var. Bu iki qaynağın
dışında nə varsa, İslam deyil, İslam tarixinə aiddir. İslamın iki qaynağı
bunlardır: 1- Peyqəmbərşünaslıq, 2-Quranşünaslıq. İmamşünaslıq deyə İslamda bir
anlayış yoxdur və olmamışdır. Bu, İslam tarixini İslam yerinə qoymaq deməkdir.
İslamın bilgi kitabı Quran, praktikası da Peyqəmbərin həyatıdır. Sonrası nə
varsa, İslam tarixidir. Zəncir və sinə vurmalar, molla-feodal sinfinin
buyruqları üzərinə hönkürtü ilə ağlaşmalar, imam, pir və imamzadaların
məzarlarını ziyarət edib şifaətdə bulunmaların heç birinin İslamla əlaqəsi
yoxdur. Özəlliklə şifaəti Quran yasaqlayaraq “Heç kimsənin şəfaəti qəbul
ediləməz”[35]
demişdir. Çünkü “şəfaət” zatən İslamdan öncə mövcud idi, bütlər vasitəsi ilə şəfaət
dilənilərdi və Allah bunu yasaqlamışdır. İslamdan sonra da kimdənsə şəfaət
diləmək bütpərəstlik törənlərinin dirilişi şəklində ortaya çıxmışdır. Adam
suçludursa, cinayətkardırsa hansı imam ona şifaət edər? Deyilsə, şifaət nəyə
lazım? Bunların hamısı şirkdir və hətta Hüseynin də böyük mücadiləsi üzərinə
kölgə düşürmək anlamındadır.
Burada bir haşiyə çıxaraq İslam kitabı üzərinə modern hermenevtik yöntəmini
önə sürməkdə yarar var: "Səmavi kitab" anlayışı çox
qarşılaşmışıq. Gerçəkdən göydən kitab gələrmi? "Səmavi kitab"
anlayışı orta çağlarda yerin hərəkətsiz və günəşin hərəkətdə olduğu inancından
doğmuşdur. Çünkü gerçəklikdə “göy” və “yer” deyə bir məkan yoxdur. Yer-göy
qavramları gerçəklik deyil, dil və zehn ürünüdür. Nə var ki, yer özü də göydədir
və insan aya getdiyində bu kərə yer də göydə görünür. Ayrıca, Quranda “Allah
göydədir” deyə bir ifadə yoxdur. Bu üzdən göydən ayət gəlməsinə inanmaq bəşərin
uzay haqqında cahil olmasından qaynaqlanmış olmalıdır. Bütün varlıq sonsuz uzay
içində mövcuddur. Quranda "biz sizə şah damarınızdan da yaxınıq"
yazar. O zaman Quran səmavi kitab deyil, Peyqəmbərin vicdanında, şüurunda və
ruhunda vəhyin oluşdurduğu mətnlərdir. Quran vəhyin kəndisi deyil, vəhyin mətnidir.
Çünkü əlimizdə bulunan ərəbcə bu mətn maddi bir şeydir, ancaq vəhy maddi
deyildir. Yəni Quran vəhyin maddəsidir. Bu maddənin ruhunu təşkil edən vəhydir.
Ərəb dili maddi varlıq olaraq İslamdan öncə də mövcud olmuşdur. Vəhy ərəbcənin
anlada biləcəyi özəlliklərdən üstündür. Vəhyin nə olduğunu biz bilmirik. Anlaşılan
Hz. Muhəmmədin özü də bilmirmiş. Necə ki, “Ələq” surəsi Peyqəmbərin vicdanında
və ruhunda mətnləşdiyində Hz. Muhəmməd nələrin olduğunu anlamayaraq dəli
olduğunu sanmışdı. Daha sonra Muhəmmədə başqa surələrlə onun peyqəmbərlik
missionu Tanrı qatından açıqlandı. Anlaşılan vəhy bilginin ötəsində Tanrı iradəsinin
Peyqəmbər vicdanındakı təhrik və yönləndirməsindən ibarətdir. Biz sadəcə vəhyin
təzahürü olan ərəbcə bir mətnlə qarşı-qarşıyayıq. Bir şair ilhamın nə olduğunu
anladamaz, lakin ilham gəldiyində bir mətn hazırlaya bilir. Zahirən vəhylə
ilham arasında içərik etibarı ilə deyil, maddi nəticə etibarı ilə bənzəşim söz
qonusudur. Vəhy ərəbcə bir qavram olaraq “təhrik və işarə etmə anlamındadır.”[36] Vəhy
Peyqəmbər ruhunda oluşan mətn deyil, dili olmayan bir haldır. Kədər və sevinc
hallarının dili olmaz. İnsan kəndi içindəki kədər və sevinc halının mətnini
bildiyi dillə oluşdura bilər. Vəhy də sırf peyqəmbərlərə özgü bir haldır. Bu
halı mətnləşdirən Peyqəmbər ağlıdır. Bu üzdən də tarix boyunca vəhyin dili sadəcə
ərəbcə olmamışdır. Yəni vəhyin dilinin ərəbcə oluşu zâti deyil, ərəzidir.
"İnşirah" surəsində də bəlirtildiyi kimi, Tanrı Muhəmmədin köksünü, qəlbini,
ruhunu və vücudunu vəhyə hazır bir məkan pozisionuna gətirmişdir. Vəhyə hazır
duruma gətirilən Peyqəmbərin iç dünyasındakı hal mətnləşərək qiraət edilmişdir.
Allah Hz. Muhəmmədlə ərəbcə qonuşmamış. Allah Peyqəmbərinin iç dünyasında vəhy
halı oluşdurmuş, Peyqəmbər də bu halın mətnini ərəbcə bəyan etmişdir. Öncə Muhəmmədin
köksü vəhy üçün uyqun məkana dönüşdürülmüş, sonra da ağlında ərəbcə ən üst
düzey mərkəzləşmiş dil bilgisi halına gətirilmişdir. Öylə ki, hətta bəzi
araşdırmaçılara görə, hansısa hədis dilçilik baxımından Quran ayətlərindən daha
etkili və estetikdir. “Quranı ərəbcə nazil etdik”[37] söylərkən
burada “nazil” qavramına diqqət etmək gərəkir. Nazil sadəcə endirmək deyil,
bilginin Tanrı tərəfindən beyində oluşdurulmasıdır. Necə ki, Quranda paltar və
dəmirin də nazil edilməsindən söz edilər. Bu, göylərdən paltar, ya da dəmir
nazil edilməsi deyil, paltar və dəmir qullanımı ilə ilgili Tanrının insan
ağlında bilgi oluşdurması anlamındadır. “Ey Adəm oğulları, sizə libas nazil
etdik.”[38] “Hədid” surəsində “Dəmiri nazil etdik”[39]
deməsi də dəmir haqqında bilginin insan ağlında oluşumuna işarət etsə gərək.
Quranın eyni bir zamanda və bir tək məkanda deyil, 23 il sürən risalət dönəmində
dəyişik məkanlarda tamamlanmasının da səbəbi bu olsa gərək. Bu qısa açıqlamdan
sonra qonuya geri dönəlim.
Səfəviyətin
çoxtanrılı anlayışının türk aydınlar tərəfindən ələşdirildiyini söylədik. Bir
yerə toplaşıb sanki dini ibadətləri gerçəkləşdirərək Hüseynin acıları üçün
mələşən qalabalığa “ipsiz dəlilər” adı taxan H. Cavid bütün bu oyunbazlığı
molla sinfinin para qazanması üçün tuzaq olaraq nitələmişdir:
“Toplaşıb bir yerə ipsiz dəlilər;
Kimi gurlar, kimi sızlar, inlər.
Kimi bir yanda çamurlar üzünü,
Kimi dırnaqla didər qaş-gözünü.
Biri küllər sovururkən başına,
Yalvarır digəri həp göz yaşına.
Kimi bir daş, kimi zəncir alaraq
Qəhr edər kəndini; gözlərdən iraq!..
Fırlayıb mənbərə bir şeyx o zaman,
“Əlverir — söylədi — fəryadü fəğan.
Yetişir inlədiniz, ağladınız,
Dul qadınlar kimi yas saxladınız.
Gəlin artıq azacıq kəndinizə,
Qanlı göz yaşları cənnətdə sizə
Əbədi zövq, səadət verəcək.
Olacaq həmdəminiz huri, mələk...”
Dinləyərkən onu hər kəs ... birdən
Yeni bəhs açdı cəhənnəmlərdən.
Qorxudan titrəşərək həp təkrar
Mələşib ağladılar, ağladılar...
Ən nəhayət bitirib sözlərini,
Açdı ətrafa süzən gözlərini.
İmdi artıq sıra gəlmiş paraya,
Gümüş, altun birikib bir araya
Doldu bir ləhzədə şeyxin qucağı,
Satılır altuna cənnət bucağı.”[40]
Ömrünün sonuna qədər
heç bir işdə ixtisas qazanmayan molla-feodal sinfi Səfəvilər tərəfindən
düşüncəsiz leşlərə dönüşdürülən əhalini ağladaraq para qazanmışdır. Oysa bütün
peyqəmbərlər maddi həyatlarını təmin etmək üçün bir peşə sahibi olmuşlar.
Peyqəmbərlik maddi gəlir sağlayan bir peşə sayılmazkən, mollalıq
Səfəvi-qızılbaş-Sasani-muğ dönəmindən sonra bir peşə sayılmışdır. Həm də çox
gəlirli peşə. Ayrıca, Səfəviyətdən sonra İslam ilkələri bir yana buraxılaraq
ərəbcə-farsca öyrənmək İslam elmləri olaraq nitələnmişdir. Bayındırlılar
dövləti zamanında Quran ilk kəz türkcəyə tərcümə edilərək din kitabının
anlaşımı və anlatışımı üçün çabalarda bulunulmuşdur. Səfəvi-qızılbaş-Sasani-muğ
dövləti qurulduqdan sonra ərəbcə və farsca öyrənmək dini eyitim olaraq qəbul
edildi. Xalqın bilincini qaranlığa gömmə yolunda 500 ildir səfəviyət hər tür
rəzalətə əl atmaqdadır.
Qafqaz türkləri
aydınları bəlli bir sinfin inhisarında olan ideolojik İslama və onun uyduruq
vilayəti-təkvini anlayışına qarşı bütün xalqı eşit olaraq görən teolojik İslamı
savunurdular. Bunun üçün də dini pluralizmi önə çıxardılar. Səfəvi xurafələrinə
qarşı çıxaraq teolojik və ussal İslamı savunan türk aydınların ana söyləmi
“din, sorunları çözmək üçündür, ancaq ideolojik və axund mehvərli İslam kəndisi
ən böyük əxlaqi problemdir” şəklində idi. İdeolojik İslam imanı ağıldışılıq və
korluq olaraq yorumlarkən, türkcələşmə və çağdaşlaşma ortamında alqılanan İslam
imanı ağıl və sezgi pəncərəsindən görürdü. M. F. Axundovdan başlayaraq
1930-ların ortalarına qədər davam edən aydınlanma sürəcində bu gəlişmələr
meydana çıxmış və sonrasında aydınlanma hərəkəti söndürülmüşdür. Qafqaz
türkləri aydınlarının din anlayışı Səfəvi-qızılbaş-Sasani-muğ gələnəyinin
ideolojik din anlayışına qarşı teolojik saldırı nitəliyi daşımışdır.
Azərbaycan
bayrağındakı islamlaşma ideyasını türk aydınlar antisəfəvi zəmində düşünmüşlər.
Milli dövlət devrildikdən sonra bir tək türk aydını Səfəvi kimliyinin davam
etdiyi İran-Qacar ölkəsinə qaçmadı. Şair Almas Yıldırım İrana keçdi. Orada türk
kimliyinə aid bütün ocaqların Səfəvilərdən sonra söndürüldüyünü görərək,
dözməyib Türkiyəyə sığındı. Bu sualı sormaq gərəkir: Nədən 1920-ci ildə İrana
deyil, Türkiyəyə qaçırdılar? O zaman Pəhləvilər də yox idi. Səfəvi kimliyini
davam etdirən Qacarlar iş başında idi. Azərbaycanda milli dövlət devrildikdən
beş il sonra İranda Pəhləvi dövləti quruldu. Çünkü Səfəvilərdən sonra şiələşən
indiki İran ölkəsində türklük və İslam yox edildi. Türk kimliyi bilincinə varan
bir müsəlmana o coğrafiyada yer olamaz, yaşam izni veriləməzdi və hələ də
öylədir.
22. 09.
2014
[1] Yılmaz Özakpına, Kültür ve
medeniyet anlayışları ve yeni bir medeniyet teorisi, Ötüken yayınları.
[2] Hans-Georg Gadamer, Hakikat ve
yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 19.
[3] Yılmaz Özakpına, Kültür ve
medeniyet anlayışları ve yeni bir medeniyet teorisi, Ötüken yayınları.
[4] M. Ə. Rəsulzadə, Nizami, Türk
Dünyası Araştırmaları Vakfı, 1991-İstanbul.
[5] Hüseyn Cavid, Seçilmiş əsərləri.
[6] Quran, Möminin (23), 62.
[7] Hans-Georg Gadamer, Hakikat ve
yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 148.
[8] Quran, Nisa (4), 165.
[9] M. Hadi, Seçilmiş əsərləri.
[10] Quran, Yunus (10), 20: فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلّهِ
[12] Quran, Hud (11), 31: وَلاَ أَعْلَمُ الْغَيْبَ
[13] M. Ə. Sabir, Hohop namə.
[14] Hüseyn Cavid, Azər əsəri.
[15] Eyni qaynaq.
[16] S, Ə. Şirvani, seçilmiş əsərləri, I
cild, Avrasiya press, Bakı-2005, s. 87.
[17] Eyni qaynaq.
[18] S. Ə. Şirvani, seçilmiş əsərləri.
* Seyid Əzim Şirvaniyə bənzək
(nəzirə):
Yar
kəlləni âşûra günü yar, köpək oğlu,
Zəncir
ilə idrakını da sar, köpək oğlu.
Hər
millət əgər elm ilə uğraşsa da, sən get,
“Şaxsey”
bağırıb böyləcə çək câr köpək oğlu.
Qoy
molla cebin dolduraraq rövzə bağırsın,
Döy
kəllənə sən ağla da zar-zar köpək oğlu.
Sındır
qələmi, yax kitabı, ağlını susdur,
Ya
böylə buyurmuşmu imamlar köpək oğlu?
Daim
Ömərə lənət oxursan gecə-gündüz,
İslam
kitabında beləmi var köpək oğlu?
Quranı
açıb bir kərə əsla oxumazsan,
Bax
gör necə qırmışdı da əfsâr köpək oğlu!
Ol
başla düşünmək gərəkirkən nədən öylə,
Qan
içrə batıb gör necə barbar köpək oğlu.
Şah
İsmayıla min kərə lənət ola çünkü,
Həm
dinimizi eylədi də xâr köpək oğlu.
Ol
zâtı qırıq İsmayılın pisliyidir bu,
Olsun
Səfəvilər soyuna âr köpək oğlu.
İslam
kitabı “iqrə” ilə başlar ikən sən,
Yum
gözlərini eyləmə izhâr köpək oğlu.
Əfsâr-noxda,
yüyən.
[19] S. Ə. Şirvani, Seçilmiş əsərləri,
II cild, Avrasiya pres nəşriyatı, Bakı-2005, s. 34, 35.
[20] Quran, Fürqan (25), 2: وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا
[21] Quran, İsra (17), 36-ci ayət:
وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ
عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولئِكَ كَانَ عَنْهُ
مَسْؤُولاً
[22] Quran, Tövbə, 43.
[23] İbn-i Arəbi, Fususul-hikem, türkcəyə
çevirən: Ersin Balcı, s. 31.
[24] Xətayi, Əsərləri, Şərq-Qərb nəşriyatı,
Bakı-2005, s. 140.
[25] Bertrand Russel, Batı felsefesinin
tarixi, türkçeye çeviren: Muammer Sencer, II cild, Say yayınları,
2002-İstanbul, s. 153.
[26] İbn-i Rüşd, Tutarsızlıqların
tutarsızlığı, türkçeye çeviren: Muherrem Hilmi Özev, s. 17.
* Kərbəla sayağı, kərbəla olayına bənzər.
* Vaqeə-olay.
* Kəcmədar- tərs gedən işlər, tərs
gedən zaman.
[28] “İqbal”, N-790, 14 noyabr-1914.
[29] Kəhf (18), 110.
[30] Quran, Ali-imran (3), 55.
[31] Quran, Nisa, 157: وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ
[32] Quran, Ali-imran, 169: وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ
أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
[33] C. Cabbarlı, Əsərləri, I cild, Şərq-Qərb
yayınları, Bakı- 2005, s. 100.
[34] Quran, Hücərat (49), 13.
[35] Quran, Bəqərə, 48.
[36] Dehxuda sözlüyü.
[37] Quran, Yusif (12), 2.
[40] H. Cavid, Azər.
Hiç yorum yok:
Yorum Gönder