8 Aralık 2014 Pazartesi

Qadın haqları sorunu



Qadın haqları sorunu

İqtisadi qaynağın ovçuluq olduğu tarixin erkən çağlarında kişilər vəhşi heyvanları ovlar və qadınlar da toplardılar. Kişilər bu dönəmdə daha çox sərt və vəhşidirlər. Yaşam biçimi böylə gərəkdirməkdə idi. Sərt, qaba erkəklər ancaq qadınlarla birlikdə olduqlarında insaniləşirdilər. Qadınların toplayıcı rol oynamaları və çocuqlara baxmaları “ana dili” anlayışının doğumuna səbəb oldu. Qavramlar ilk kəz qadınlar tərəfindən düzəldildiyi üçün “ata dili” deyil, “ana dili” anlayışı tarixdə öz yerini buldu.
Bəşəriyətin dilsiz dönəmində bəzi işarələrlə sorunlar anladılırdı. Qadınların baş örtüsü taxmaları da bu dönəmə təsadüf edər. Baş örtüsünün iqtisadi səbəbi var idi. Qadınlar gəbəliyin son vaxtlarında və doğum gerçəkləşdirdiklərində ekonomik fəaliyətlərə qatılamaz, qatlanamazdılar. Gücsüzləşən bədənləri buna izn verməzdi. Lakin bu durumu anladacaq dil də yox idi. Dillər daha sonrakı tarixi sürəcin ürünü kimi ortaya çıxdı. Bunu anlatmanın yolu işarələr idi. Bu durumlarda ovlanmış hansısa heyvanın dərisini qadınlar başlarına taxırdılar. Bu, klan üyəsi qadının ya xəstə olduğu, ya da doğum yapdığı anlamında idi və ona yardım etmək gərəkirdi. Böyləcə çocuqlar analarının yanında daha çox qaldıqlarından dil də ana ilə çocuq arasındakı ilətişimin sonucu olaraq minillər axışında ortaya çıxacaqdı. Qadınlar erkəklərdən daha çox oturaq yaşam keçirdiklərindən tarım da ilk kəz onlar tərəfindən kəşf edildi. Ailə sosiolojisində mövcud olan üç evrə, yəni poliqami (çox qadınlılıq və çox erkəklilik), dualqami (çox qadınlılıq) və moniqami (tək eşlilik) böyləcə çox uzun tarixi sürəcin və toplumsal zərurətin, iqtisadi gəlişmələrin ürünü olaraq ortaya çıxacaqdı. 
Qadın məsələsi tarixin bütün evrələrində önəmli sosial sorunlardan biri olaraq davam etmişdir. Bəşər mədəniyətinin başlanqıcını sumerlər olaraq açıqlayan tarixçilər, historioloqlar mövcuddur. Sumer mədəniyətində də qadın sorunu mövcud olmuşdur. Sumerlər zamanında Tanrı yolunda könüllü olaraq fahişəlik edən qadınlar baş örtüsü taxırdılar. “Sumer mə´bədlərində, özəlliklə Aşq Tanrıçasının mə´bədlərində, rahibələr fahişəlik yapardı. Bu, bir tür Tanrı görəvi sayılardı. Bunlara qutsal qadın gözüylə baxılardı. Ayrıca, digər qadınlardan ayrılmaq üçün başlarını örtmələri gərəkirdi. Daha sonra bu gələnək evli və dul qadınlara da uyqulandı. Sumerlilər, onları da məşru seks yapdıqları düşüncəsiylə qutsal fahişə sinfinə soxmuşlardı.”[1]
Vəhşi erkəklərin qadınlar tərəfindən əhliləşdirilməsi sumerlər zamanında yazılmış tarixin ilk romanı nitəliyində olan “Qılqamış” əsərində də bəyan edilmişdir. “Enkido vəhşi yaradılışdır. Qılqamış onun əhliləşməsi üçün İştər mə´bəd qadınlarından birinin məmələrini Enkidoya göstərməsini istər. Qadının məmələrini görüb toxunan Enkido əhliləşərək səhra həyatından şəhər həyatına daxil olar.”[2] Qırsal və qumsal iqlimlərdə qadının heç bir dəyəri olmamış, sadəcə çocuq doğurduğunda dəyər qazanmışdır. “Ərəblərdə qadın ana olmadığı sürəcə aşağılanırdı. Ana olduqdan sonra ona özəl bir sayqı ortaya çıxardı. Bu üzdən ərəblər analarını qadınlarından daha çox sevərlərdi.”[3]
  İslamiyətlə qadın məsələsi başqa evrəyə girər. İslamın zühur etdiyi dönəmlərdə qadının heç bir haqqı yox idi. İslam öncəsi heç bir kitabda qadın məsələsi sorun olaraq ələ alınmamışdı. Lakin Quranda “Nisa-qadınlar” adlı bir surə mövcuddur. İlk kəz olaraq qadın məsələsi müstəqil bir sorun olaraq islam kitabı tərəfindən incələnmişdir. Qadına heç bir sosial haqqın tanınmadığı bir dönəmdə ilk kəz olaraq qadın da miras sahibi olma haqqına sahib olurdu. Bu durum kəndiliyindən bəşər tarixində sosial bir inqilab nitəliyində idi. Bu haqda ayrıntılı bilgi vermək fikrindən uzağam. Çünkü İslamda qadın hüququ bəllidir.
  İslam tarixində Quran üzərinə erkəkmərkəzli açıqlamalarla yenidən qadınları cinsəl əşyaya dönüşdürmə eyləmləri ortaya çıxdı. Özəlliklə Sasaniliyin indiki İran coğrafiyasında bəzi yaşam biçimləri İslam sonrası törələrə sıza bilmişdir. Onlardan biri “müt´ə” məsələsidir. Mütə sözcük olaraq məta və satılacaq əşya anlamındadır. Qadın da mütə nikahı ilə satış nəsnəsi olaraq şəxsiyətsiz yaratığa dönüşdürülməkdədir. Bu kimi antiqadın tutumlar İslam öncəsi, özəlliklə Sasani ölkələrində yayqın olmuşdur. “İslam öncəsi İranda mütə mövcud idi.”[4] Səfəviyətin Afrika modeli olan Fatimlərin dönəmi Misirdə qadın satış nəsnəsi kimi qullanılırdı. İslam tarixində fahişəliyi ilk olaraq rəsmiləşdirən dövlət Fatimilər olmuşdur. “Fatimilər dövləti fahişəliyi yasaqlamaq yerinə, ondan vergi alaraq azad buraxmağı tərcih etdilər.”[5]
  İslam tarixində qadınların acı və miskincə durumlarına görə, fikir bəyan edən böyük düşünürlər olmuşdur. Bu bağlamda Doğu tarixində ilk feminist filosof olaraq İbni-Rüşd qadın haqlarını savunmaya qalxmışdı. Bu qonuda İbni-Rüşd böylə bəyanda bulunar: “Bizim dargöruşlülüyümüz qadınların varsıl (zəngin) mənəvi, estetik dünyalarını idrak etməyə imkan verməz. Sanki qadın iki iş üçün yaranmışdır: biri uşaq doğurmaq, digəri isə uşaq böyutmək. Qadınları qul səviyyəsinə endirməmiz bizi bir çox gözəlliklərdən və incəliklərdən yoxsun buraxmışdır. Bu durum eyni zamanda qadınların ussal (əqli) olanaqlarının təxrib olunmasına yol açmışdır. Bu üzdən də İslam Dünyasında yüksək ərdəmli və zəkalı qadınlarla qarşılaşmırıq. Qadınların yaşamı bitkilərin həyatı kimi sona varır. Ancaq qadın bitki deyil, insandır. Ağlı, zəkası, qavrayış gücü, hissiyatı və yaradıcılıq yetənəyi olan insandır. Qadınlara insan kimi yanaşmamaq, onları erkəklərin yükü və qulu halına gətirmişdir. Bu da toplumun qaramsarlığına, bədbəxtliyinə və “Mədinə-i Fazilə”nin məhvinə gətirib çıxarır. Çünkü toplumun yarısı qadınlardan oluşmaqdadır. Ancaq onlar öz zəruri və ilkin ehtiyaclarını təmin etmə etkinliklərindən (fəaliyətlərindən) məhrumdurlar. Qadınlar heyvanlar kimi erkəklər tərəfindən bəslənirlər. Bununla da qadınlar nə fikir, nə də maddi sahələrdə heç bir şey ortaya qoymayan, yalniz yeyib-içən bioloji canlılar və heyvanlar sürüsü halına gətirilmişlər. Qadınlar bu əsarətdən qurtulmalıdırlar.”[6] İbni-Rüşdün açıqlamalarından görüldüyü kimi, Doğuda qadın erkəklərin rəhinəsi və köləsi durumunda mövcud olmuşdur.
  Səfəvi-qızılbaş-Sasani-muğ dövləti qurulduqdan və molla-feodal sinfi təşkil edilib xalqın maddi-mənəvi varlığı üzərinə sömürgəçiliyinə başladıqdan sonra bütün alanlarda olduğu kimi, qadın məsələsi ilə ilgili də şeytani fikirlər mətnləşdirildi. Səfəvi molla sinfinin yanaşmasına görə, qadın molla-feodal sinfinin şəhvətinə xidmət edən əşyaya dönüşdürülməli idi. Quranda “Allahın əmr etdiyi yerdən qadınlarla cinsi ilişkiyə girin”[7] söylənsə də, Səfəvi zehniyətinin molla-feodal sinfi qadınlarla anal seksi də caiz bilmişdir. “Qadın heyz* olduğunda onun arxasından seks yapa bilərsiniz”[8] kimi fətvalar Səfəvi molla-feodal sinfinin qadını necə şəhvət nəsnəsi olaraq görməsinin göstərgəsidir. Yüzillər boyunca durum bu şəkildə davam etdi və molla-feodal sinfi “mütə” anlayışı ilə qadını əşyalaşdırmağı və yalnız seks nəsnəsi kimi görməyi sürdürdü. Səfəviyət tərəfindən qadın, iradəsi, duyqusu, düşüncəsi olmayan yaratıq halına gətirildi.     
Səfəvi-qızlbaş-Sasani-muğ qaranlıq mühitindən qopuş sonucu ortaya çıxan aydınlanmanın ən önəmli evrələrindən biri də qadın haqları sorunu olmuşdur. Səfəvi kimlik və kültürünün bir özəlliyi də çocuq və qadın düşmənliyi ilə fərqlənməsidir. Qız çocuq doqquz yaşına çatdığında seks nəsnəsinə dönüşər. Tarix boyunca molla-feodal sinfi öz şəhvət və hisslərinə görə, dini mətnləri təfsir edərək qadınları qara çarşaf altında qaranlığa gömmüşlər. Qadın haqlarını savunan, qadınların toplumsal yaşama qatılmalarını istəyənləri də boğmuşlar. Rus sömürgəçiliyində müsəlman türk qadınlarının gömülmüş heysiyatini diriltmək üçün yeni işlər görülməyə başladı. Molla-feodal sinfi qadınları insanlıq səviyəsindən çıxarmaq üçün Quranın mətnlərinə dayanırdı. Quranı erkəkmərkəzli təfsir edən bu sinif üçün qadınlar köpəklərdən də aşağı bir yaratıq sayılmaqdadır. Qadınların sosial işlərə qatılma haqları yox idi. Lakin İslam tarixində ən böyük siyasətçi qadın olaraq Hz. Muhəmmədin eşi Ayişə olmuşdur. Ayişə İslamın yetişdirdiyi ən böyük qadın şəxsiyətdir. Böyük ordu toplayaraq savaşlara da qatılmışdı. Bu savaşda kimin haqlı olduğunu bəlirləmək  bizim sorunumuz və görəvimiz deyildir. Bu, bizim yetkimizin dışındadır. Onu ən yaxşı bilən Allahdır və bunu Allaha buraxmaq lazımdır. Lakin 1400 il öncə bir qadının siyasi həyata qatılaraq böyük bir ordunun komutanı olması və Əbutaliboğlu Əli kimi önəmli tarixi bir dövlət adamına qarşı çıxması dəyərləndirilməsi və üzərində düşünülməsi gərkən mövzudur. Olayların diqqətlə incələnməsini göz önündə bulundurarsaq, əslində xilafət Ayişənin haqqı idi. Bilgisinə, dünyagörüşünə, siyasi bəsirətinə görə xilafətə ən uyqun olan şəxsiyət o zaman Ayişə olaraq görülməkdədir. Lakin Ərəb toplumunun antiqadın tutumu üzərinə Ayişə bu haqdan məhrum edilmişdi. Ayişənin Əbutaliboğlu Əliyə qarşı çıxmasının da səbəbi bu olsa gərək. Bir başa xəlifə ola bilməyəcəyini görən Ayişənin daha zəif birinin xəlifə olması və arxadan dövləti idarə etmə istəyinin olmasından daha doğal nə ola bilərdi? Yoxsa böylə bir istək olmamışsa, nədən Ayişə bu qədər siyasi-hərbi işlərə qatılmalı idi? Əli kimi qətiətli birini arxadan idarə etmək mümkün ola bilməzdi. O zaman Ayişə kəndisinin xəlifə ola biləməyəcəyini gördüyündən, üzərində sözü keçəcək birinin xəlifə olmasını istər olmalı idi. Bunu da O´nun ən doğal haqqı olaraq görmək gərəkməzmi? Peyqəmbərin həyatı zamanı bir çox savaşlara qatılan, sosial məsləhətləşmələrdə fəal olan O´nun qadınları nədən Peyqəmbərin vəfatından sonra toplumsal yaşamdan dışlanmalı idilər? Bu gerçəkləri göz önündə bulundururaq Ayişəni anlamaq yerinə, Səfəvi-qızlbaş-Sasani-muğ sonrası molla-feodal sinfi Peyqəmbərin ən çox sevdiyi eşi olan Ayişəni lənətləməklə uğraşmışlar. Səbəbi nə imiş? Əliyə qarşı çıxmış! Pəki, bundan sənə nə? İkisi də İslam böyükləri olmuş və onlarla bağlı höküm vermək, ancaq tanrıya həvalə edilməlidir. Osmanın qatillərinin tutuqlanmaması üzərinə Ayişənin Əliyə qarşı çıxdığı tezisi aldatmacadan başqa bir şey deyildir. Çünkü Ayişə Osman iqtidarına da tənqidi yanaşmışdı. Burada iqtidarlı, güclü və İslam Dünyasına liderlik etmək əzmində bulunan dürüst bir müsəlman qadının siyasi iradəsi söz qonusudur. Səfəviyətin nifrət və kin dolu dünyagörüşü bu haqda pisliklər törətmişdir. Olayların arxasında duran səbəb-nəticələri incələyərək bir sonuca varmaq yerinə, molla-feodal sinfi kəndi çıxarlarını teorizə edərək Ayişə adında əxlaqsız qadın surəti təsvir etmişdir.
Qadınların qara çarşafa bürünərək dəyərsiz məxluqa dönüşməsi ilə ilgili Quranda heç bir söyləm mövcud deyildir. Zatən o zamanın Ərəbistanında başı açıq olan erkək və qadın yox idi. Zənginlər və orta siniflər başlarını örtərlərdi. Yalnız aşağı və yoxsul siniflər və kölələr başlarını örtəməyərək Ərəbistanın sıcaqlığında başları hərarət qarşısında savunmasız qalardı. Çünkü örtü alacaq imkanları olmazdı. İslamdan öncə də qadınların başı örtülü idi. Sadəcə Ərəb kültürndə deyil, başqa dinlərdə baş örtüsü mövcud olmuşdur. Anlaşılan o iqlimdə baş örtülməzsə, sıcaqlıq və yaxıcı küləklər qarşısında insanın başı çox əziyət çəkə bilər. VII əsrdə Mədinədə bir sürü fahişə qadınlar var idi. Bu qadınlardan müsəlman qadınlar seçilsin deyə güvənlik amacı ilə fərqli geyim şəkli önərilmişdir. Quranın “Əhzab” surəsinin 59-cu ayətində “Peyqəmbərin qadınları və qızları, möminlərin qadınları örtünsünlər. Bu, onların güvənlikləri və incinməmələri üçün yararlıdır” söylənməkdədir. Bu ayət endirildiyində Peyqəmbərin qızları evli, yəni qız deyil, qadın idilər. Lakin ayətin davamında möminlərin qadınlarına xitab edilsə də, möminlərin qızlarına xitab edilməmişdir. Yəni örtünmə sırf evli qadınlara sadəcə bir tövsiyədir və örtünməmək də suç sayılmamaqdadır. Qızlar üçün böylə bir tövsiyənin olmadığı görülməkdədir. Qızların örtünməsi ilə ilgili Quranda bilgi yoxdur, bu, qızların tərcihinə buraxılmışdır. Buna qarşın, tarix boyunca molla-feodal sinfinin şəhvətinə xidmət edən dini təfsirlərdə qızlar bütün insani və təhsil haqlarından məhrum buraxılmışdır.
Bu duruma qarşı Qafqaz türklərində etiraz başlamışdı. Millət rus sömürgəçilyində Səfəvi-qızlıbaş-Sasani-muğ tarixi mühiti ilə qiyasda daha azad olduğundan öz dini üzərinə modern açıqlamalar gətirməyə çalışırdı. Bunun bir səbəbi Rusiya sömürgəsində xalqın aydınlanmasıydısa, digər səbəbi də Bakıda ortaya çıxan milli burjua idi. Milli burjualar tələbələrin oxumalarına yardım edirdilər, lakin Rusiyada oxuyub geri dönən öyrəncilər yazıb-oxuması olmayan müsəlman qızları ilə evlənmək istəmirdilər. Çünkü müsəlman qızlar çağdaş dünyanın bilgi və estetiyindən xəbərsizdilər. Tarix dışı həyat yaşamaqdaydılar. Bunu sezmiş olan Bakı milli burjuazisi qız oxullarının açılmasına yardımda bulundu. Lakin səfəvizədə xalq, qızlarını məktəbə buraxmaq istəmirdi. Xalqın xurafi dini inancı qızlarını oxutmağa mane olurdu. Bu xurafələr İslam ölkələrinin bir çoxunda hələ də davam etməkdədir.
Qadınların azadlığı yolunda böyük hərəkət başlamış və çarşafın milli və dini mədəniyətimizdən silinməsi üçün bir çox əsərlər yazılırdı. Bu doğrultuda C. Cabbarlının, M. Ə. Sabirin və digərlərinin önəmli tənqidi əsərləri ortaya çıxdı. Qadınları zorla və “şəriət!” qanunları adına qara çarşafa bürüyən sözdə müsəlman səfəvizədə kişilərin bu qaba davranışlarına qarşı M. Hadi yazırdı:
“Üzünə, haqqına çəkir pərdə,
Olmuş ikən südünlə pərvərdə.”[9]
  Oysa ki, Quranın qızlar üçün deyil, sırf evli qadınlar üçün nəzərdə tutduğu baş örtüsü bir hökm deyil, sadəcə tövsiyə nitəliyindədir. Çünkü Quranda yerinə yetirilməyən hökmlər qarşılığında cəza vardır ki, başlarını örtməyənlərə cəza nəzərdə tutulmamışdır. Zatən Peyqəmbər zamanında zənginlərin qadınları başlarını örtərlərdi. İslama iman gətirənlər yoxsul siniflər idi. Onların çoxunun bez alacaq paraları da olmazdı. Quranda dörd hökmün cəzası vardır. Bu dörd hökmün dışında cəza mövcud deyildir: 1- Qətlin cəzası vardır, öldürməyəcəksiniz. 2- Zinanın cəzası vardır, zina etməyəcəksiniz. 3- Oğurluğun cəzası vardır, başqasının malını çalmayacaqsınız. 4- Yalan və iftiranın cəzası vardır. İffətli qadınlara iftira atmayacaqsınız. Bu hökmlərin dışında Quranda digər tövsiyələrə cəza nəzərdə tutulmamışdır. Örnəyin şərab içməmək tövsiyə edilmiş, lakin şərab içən üçün cəza söz qonusu deyildir. Bu dörd suçun cəzası modern hüquq düzənində mövcud bulunmaqdadır. Ayrıca, Quranda keçən “iqrə-oxu” əmri sadəcə erkəklərə deyil, qadınlara da xitab edər. Molla-feodal sinfi bütün sahələrdə İslama qarşı çıxdığı kimi, bu sahədədə İslam qarşıtı tutum sərgiləmişdir. İslam insan nəfsinin zəifliklərini anlayan bir din olduğundan, bəzi sorunları hökmlərlə deyil, eyitimlə çözmək istər. İslamın laikliyə də bu şəkildə xoşgörü ilə baxar: “Sizin dininiz sizə, mənim dinim mənə.”[10] Bu da Peyqəmbərin Mədinədə qurduğu laik, federal dövlətin örnəyində gerçəkləşmişdir. Peyqəmbərin Mədinədəki hökümət şəklini günümüz laiklik qavramı ilə tanımlamaq mümkündür. Çünkü siyasəti heç bir dini qrup və sinif yönləndirməmiş, bütün işlər onu başaran uzmanlarına həvalə edilmişdi.
Molla-feodal sinfinin təbliğatına rəğmən, İslam qadınlar üçün həbs həyatı nəzərdə tutmamışdır. Bu gerçəkləri Səfəvi-İran qaranlıq mühitindən qopmuş olan Qafqaz türkləri aydınları anlamışdılar.
Cəfər Cabbarlı həyatın dibindən, törələrin basqısından özünü qurtararaq, öz ayaqları üzərində dura bilən və amacı bəlli olan Sevil adlı heysiyətli qadın surətini bu şəkildə təsvir edirdi: “Mən artıq əvvəlki Sevil deyiləm. Mən atılıb tutulacaq bir kukla deyiləm. Mən indi boynumu kişilərin qolları arasına, bu mərhəmət boyunduruğuna, bu dəmir obruçlara, bu çəlik məngənələrinə keçirə bilmərəm. İndi mən həyata qarşı aciz deyiləm. İndi məndə qoç döyüşünə qarşı aslan pəncəsi vardır.”[11]
C. Cabbarlının “Gülzar” adlı kiçik hekayəsi qadınların necə bir qorxunc törə tuzağına düşdüklərini açıqca ifşa edər.
Molla-feodal sinfinin şəhvətinə xidmət edən din təfsirinə qarşı aydınlanma hərəkəti başlamışdı. Qadınları evdə həbs həyatına məhkum edilmiş toplumların aydınlıq gələcəyi olmaz, bəşəriyət yalnız qadının da sosial həyata qatılımı ilə məsud ola bilər düşüncəsi aydınların vardığı məfkurə idi. Bu görüş böyük Hüseyn Cavidin yaradıcılığında ən estetik biçimdə ifadə edilirdi. Cavidə görə azad qadın həyatı ilə dünya aydınlığa və mutluluğa qovuşa bilər. Cavid qadın haqda görüşlərini “Peyqəmbər” adlı əsərində Tanrı elçisinin dili ilə söylər:
“Qadın, qadın! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay...nuru ay günəşdən alır,
Qadınsız ölkə çabuk məhv olur, zavallı qalır.
Qadın əliylə fəqət bəxtiyar olur şu cahan,
O bir mələk... onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət.
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...”[12]
Qadın haqları ilə bağlı bədii, düşünsəl çalışmalar 1918-ci ildə siyasi-hüquqi statsus qazanaraq milli dövlətdə qadınlara seçib-seçilmə haqqı tanınmışdır.
Qadını ət yığınından ibarət olan seks makinası kimi görən Səfəvi-qızlbaş-Sasani-muğ zehniyətinə qarşı bu tür yanaşmalar tam da bir devrim nitəliyi daşımaqda idi. Molla-feodal və istibdad zehniyəti xalqı “Ölülər” və “Danabaş” durumuna endirgədikcə amacsız əhali daha da qorxulu duruma məhkum edilirdi. Bu durum çağı aydınlatmaq istəyən aydınlar tərəfindən “Harda müsəlman görürəm qorxuram”[13] şəklində tanımlanacaqdı.
                                                                       27. 09. 2014



[1] Muazzez İlmiye Çığ, Orta Doğu uygarlık mirası, Analiz yayınlar III yayın, İstanbul- 2006, s. 105.
[2] Qılqamış, farscaya çevirən: Davud Münşizadə, Əxtəran nəşriyatı, Tehran-1333 (h.ş) , s. 25-26.
[3] Corci Zeydan, İslam mədəniyətinin tarixi, farscaya çevirən: Əli Cəvahirkəlam, Əmirkəbir nəşriyatı, Tehran-1372 (h.ş), IV cild, s. 655.
[4] Will Durant, Mədəniyət tarixi, X cild, s. 233, farsca; Murtəza Mütəhhəri, Hicab məsləsi, farsca,  s. 23.
[5] Fatimə Mernisi, Pərdələr arxasında gizlədilən tarix, Çevirən: Güntay Cavanşir, Qanun nəşriyatı, Bakı-2008, s. 286.
[6] Həna Əlfaxuri—Xəlil Əlcər “İslam dünyasında fəlsəfənin tarixi” (Tarixe fəlsəfe dər cəhane eslami), farscaya çevirən: Abdulhəmid Ayəti, İslam inqilanı nəşriyatı, Tehran- 1367 (h.ş), s.704.
[7] Quran, Bəqəqər  surəsi, 222.
* Heyz- aybaşı xəstəlik.
[8] Ruhullah Xumeyni, Tozih-ul məsail, 453-cü hökm.
[9] M. Hadi,
[10] Quran, Kafirun, 6.
[11] C. Cabbarlı, Sevil.
[12] Hüseyn Cavid, Peyqəmbər.
[13] M. Ə. Sabir. Hophop namə.

Hiç yorum yok: