- Sizin bir çox yazılarınızda Hüseyn
Cavid yaradıcılığına olan rəğbət açıqca görünməkdədir. Bunu necə izah edə
bilərsiniz?
-
Klasik türk və fars ədəbiyyatını çox dərindən
oxumağa çalışmış və bu haqda bir çox məqalələr yazmışam. Klasik ədəbiyyata özəl
bir bağlılığım olmuşdur. Klasik məfkurənin, dünyagörüşünün və varlığı mənzum
dillə açıqlamanın nümunəsinə Cavid yaradıcılığında rast gəldim. Yəni öz mənəvi
dünyamda Cavidi kəşf etdim və əsərlərini diqqətlə oxumağa başladım. Son 150
illik ədəbiyyat tariximizdə kimsəni Cavid qədər dərindən
oxumamışam. Ayrıca, son 150 ildə də nə Anadoluda, nə Türküstanda, nə İranda,
Əfqanistanda və Qafqazda Cavid kimi şair, düşüncə adamı, çağları aydınladan bir
dramaturq meydana çıxmamışdır. Bu üzdən Cavidin hər bir əsərindən bir neçə
parçalar əzbər bilirəm. Hətta öz yalnızlığımda küçələrdə gedərkən bəzən Cavidin
şeirlərini öz-özümə oxuyaraq xəyal dünyamı dərinləşdirir, genişləndirirəm. Bu
baxımdan Cavid mənim ən yaxın könül dostlarımdan biridir. Mənəviyyat, düşüncə,
şeir və estetik dünyamda Hafiz, Əttar, Mövlanə, Füzuli kimi böyük
şəxsiyyətlərlə bir yerdə Cavid də vardır.
-
Sizcə
Hüseyn Cavidi öz çağdaşlarından fərqləndirən xüsusiyyətlər nələr olmuşdur?
-
Bir çox baxımdan Cavid öz çağdaşlarından
fərqlənməkdədir. Birincisi dil
məsələsidir. Cavid yalnızca o zaman təqribən iki milyon olan Qafqaz türklərinə
xitab etməmişdir. O, Anadoludan İrana, Mərkəzi Asiyaya qədər bütün türk
oxucularına xitabən yazdığı üçün türkcənin geniş coğrafi imkanlarına
söykənmişdi. Ayrıca, mənə görə Cavid yaradıcılığının ağırlığını bu gün
“azərbayacn dili” olaraq adlandırdığımız kiçik bir bölgənin dili daşıya
bilməzdi. Çünkü Cavidin açdığı düşüncə üfüqündə bütün Şərq mədəniyyət tarixi
özünü göstərir. İkinci məsələ Cavidin mədəniyyət və mənəviyyat tarixini
canladıraraq öz əsərlərində çağımıza daşıması idi. Cavid öz yaradıcılığında modern
düşüncələrə dayanaraq Xəyyam, Əttar kimi şəxsiyyətlərin dünyagörüşlərini
açıqlamışdır. Açdığı öz tarixi üfüqünü də o şəxsiyyətlərin dünyagörüşlərinin üfüqləri
ilə bütünləşdirmişdir. Bu üzdən Cavid yaradıclığında biz öz ardıcılığını
qoruyan düşüncə və dünyagörüşlərinin davamı ilə qarşılaşırıq. Üçüncü olaraq
Cavid irfan kültürünü modernliklə birləşdirərək anlaşılır hala gətirmişdir. Cavidin
arxalandığı mənəviyat dərinliyi irfandır. Yöntəmi modern məzmunu irfanidir. İrfanla
modernitənin birləşməsi. Ariflərin, sufilərin və digər azad şüurlu insanların açdıqları
yolda mənəvi yolçuluğuna davam edən Cavid öz ədəbi, mənəvi və irfani
təcrübələrini də bu yolçuluğunda realizə etmişdir.
-
Demək
sizi Cavid yaradıcılığına cəlb edən edən bu...
-
Mənim
Cavidi oxumağımın iki və hətta üç mərhələsi olmuşdur. İlk gənclik çağlarımda
əsərlərinin məna dərinliyinin fərqinə varmadan oxuyardım. Sonra yaşlandıqca
dünyagörüşüm öz ölçümə görə dərinləşirdi, çünkü Şərq-Qərb ədəbiyyat
örnəklərindən əsərlər oxuyurdum. Bu mərhələdən sonra Cavidi oxumağa
başladığımda gördüm ki, Cavidi oxumaq üçün zehni hazırlıq lazımdır. Yəni
modernitədən, Şərq ədəbiyyatından, hətta Hind ədəbiyyatından da bir şeylər
oxuyub bəlli zehni təcrübə qazandıqdan sonra Cavidi oxumaq daha faydalı olur,
bu yolla cavid daha asan anlaşılır. Bu mənim təsbitim idi. Üçüncü mərhələdə
Cavidi öz intelektimin və zehnimin tənqid və dəyərləndirmə süzgəcindən
keçirərək oxumağa başladım. Ağlımda bir çox suallar var idi. Cavid hansı suallara
cavab vermək istəmiş, tarixi və yaradıcı şəxsiyyətlərin dünyagörüşünü anlamağa
onu sövq edən nə olmuş? Nələri necə anlamış
və anlatmaq istəmiş? Bu zaman
Cavidin əsərləri üzərinə yazdığım məqalələr “H. Cavidin təsvir etdiyi Atatürk”
adı ilə bir kitaba dönüşərək Bakıda çap oldu.
-
Atatürk
deyirsiniz, Cavidin yaradıcılığında Atatürkə işarə edilmişmi?
-
Yox, Mustafa Kamala işarə edilməmiş, lakin Cavidin
şah əsəri olan ”İblis” dram əsəri 1918-ci ildə, yəni Birinci Dünya Savaşının
bitdiyi sıralarda yazılmışdır. Bu zaman Osmanlı dövləti yenilmiş və türklər bu
məğlubiyyət üzündən aşağılıq kompleksinə qapılmışdılar. Müttəfiq güclərin
Anadoludan türkləri silib atma təhlükəsi var idi. Bu zaman Cavid çox narahat və
əndişəlidir. ”İblis” əsərini yazır və bu əsərdə ”Elxan” adında qurtarıcı bir
öndəri xarakterini təsvir edir. Bu öndər Osmanlı sarayından qovulmuş, çünkü
Osmanlı zehniyyətinin şeyxlik qurumu modern qurtarıcı öndərin dünyagörüşünü və
gerçəkləşdirmək istədiyi yeniliyi qəbul edə bilmirdi. Mühafizəkar və dəyişimə
qarşı olan şeyxlik qurumu əsərdə ifadə edildiyi kimi Elxan kimi yenilikçiləri
şərləyib, din düşməni adlandıraraq öldürürdü. Bu üzdən əsərdəki yenilikçi və
qurtarıcı surət olan Elxan osmanlı zehniyyətinin basqısından və tutuqlamasından
qaçmışdır. Cavid bu əsərdə həm özünün, həm də İsmayıl bəy Qaspirallı kimi
türkçülərin arzusunu dilə gətirir ki, artıq Osmanlı çağla həmahəng ola bilmir
və türklüyün Anadoludakı qurtuluşu Osmanlı zehniyyətinin, Osmanlı
dünyagörüşünün tarixdən silinməsi ilə mümkün ola bilər. Bu üzdən Cavid Osmanlı
sarayından qaçaraq Anadolu alpərənləri ilə bir yerdə silahlı qurtuluş savaşına
başlayan ”Elxan”nın üzərinə iki tarixi missiya yükləyir: 1- İşğalçıları ölkədən
çıxarmalıdır. 2- Osmanlı zehniyyətini tarixə buraxaraq modern bir tarix
başlatmalıdır. Cavid bu əsərində Nitçenin anlatmağa çalışdığı qurtarıcı
üstinsanın kimliyini təsvir etmişdir. Cavid bu əsəri yazdıqdan tam bir il sonra
Mustafa Kamal adında bir savaşı və qurtarıcı öndər ortaya çıxdı. Mustafa Kamal
şəxsiyyəti ilə Hüseyn Cavidin təsvir etdiyi ”Elxan” surəti tam olaraq üst-üstə
düşməkdədir. Mustafa Kamal da Osmanlı sarayından qaçaraq həm işğalçıya qarşı
savaşıb ölkəsini azad etdi, həm də əskimiş və heç bir düşüncə və yenilik ortaya
qoymayan Osmanlı zehniyyətini qapadaraq türk millətinin gözləri önündə yeni və
aydın bir üfüq açdı. Bu baxımdan Mustafa Kamal və Cavid arasında intuisiya
şəklində əlaqə olmuşdur. Maraqlı olan Cavidin bu əsərdə təsvir etdiyi
qəhrəmanın gerçək həyatda meydana çıxması olmuşdur. ”İblis” dram əsərində
Elxanın davranış və söylədikləri diqqətlə incələndiyində, adama elə gəlir ki,
Mustafa Kamal bu əsəri oxuyaraq qurtuluş savaşına başlamışdır.
-
Cavidin görüşlərini təşkil edən əsas amillər nələr
idi sizcə?
-
Cavidin dili və varlığa yanaşma şəkli fəlsəfi
olmuşdur. Fəlsəfə də şübhə və suallarla mövzuya yanaşar. Bu üzdən Cavid fəlsəfi
şübhəni düşünən insanın özəlliyi olaraq açıqlar. ”Şübhə artarsa həm yəqin
artar” deyən Cavid Dekartçı bir dünyagörüşünü dram əsərlərinə, ədəbi
düşüncəyə və şeirə gətirmişdir. Mənə
görə, Cavidin
dünyagörüşünü təşkil edən ana amil budur ki, həqiqət deyə bir şey yoxdur,
sadəcə həqiqəti arama deyə bitməyən sonsuz bir durum var və biz buna həqiqət
deyirik. Bu da durmadan və sarsılmadan düşüncə və iman yollarında əbədi
yolçuluqdur. Bu hikmətli yürüşdə ağlımızı aydınladan, yolumuza işıq tutan ancaq
suallardır, dialoqlardır. Cavid dünyagörüşündə sualla-cavabın diyalektik qarşılaşmasında
sual cavabdan daha üstün, dəyərli və təsirli olaraq öz varlığını göstərər. Daha
geniş biçimdə söyləyəcək olursaq, Cavidin dünyagörüşünü təşkil edən amilləri bu
şəkildə sıralaya bilərik: Bilgi, irfan, eşq, türk kimliyinin yüksəlişi, varlığı
və həyatı estetik ölçülərlə idrak etmə, fədakarlıq, qadın azadlığı, humanizm və
tarixi insan surəti.
-
Belə anlaşılır ki, Cavidin dünyagörüşündə öncədən
hazır olan bilgilərlə hadisəyə yanaşma yoxdur, deyilmi?
-
Doğru, Cavidin dünyagörüşünü kəşf edib oradan
dünyaya baxdığımızda qarşımıza belə bir durum ortaya çıxır ki, bütün önyarqılarımızı
və bilgilərimizi bir yana buraxıb varlığı anlamağa çalışmalıyıq. Cavid
yaradıcılığında ağıl deyilən varlıq olaylar və gəlişmələr içində özünü
aydınladır. Aydınlanmaya hazır olan ağıl önyarqılardan başardığı qədər azad
olmağa çalışmalıdır. Çünkü önyarqılar doğru anlama yolunda əngəl bir divar
oluşdurar. Bu üzdən də Cavidə görə, varlığa yanaşarkən öncədən verilən və
doğruluğu bilinməyən cavabları bir yana buraxıb suallarımızla ortaya çıxmalıyıq.
Cavidin ”Mərifət nuru” adlandırdığı işıq da bu yanaşma yöntəmindən doğar
və bu yöntəm yenə də Cavidə görə insanı ”əhli-hikmət babası” edər.
-
Az öncə Cavid və moder mədəniyyət üzərinə söhbət
etdiniz. Bu mövzunu Cavid yaradıclığında daha açıqca necə bəyan edə bilərsiniz?
-
Cavidin əsərlərini teoloji, teleoloji və ya
gələcək hədəfşünaslıq, tarixilik və modernitə görüşləri baxımından incələmək
mümkündür. Çünkü Cavidin dinşünaslıq, özəllikllə islamşünaslıq haqqında,
gələcək aydın yaşamla ilgili vizionunun və tutarlı təsbitlərinin yanı sıra
modernitə və ya modern mədəniyyət haqqında da görüşlərini açıqlamışdır. Cavidə
görə çağdaşlıq deyilən durum hərəkətli ağlın törələr və ənənələrlə qarşılaşması
ilə ortaya çıxar. Cavid insan ağlının tarix və törələr zindanında olmaması
gərəkdiyini vurqular. İnsan və toplum həyatına hakim olması gərəkən durum ənənələr
deyil, ardıcıl özünü aydınladan ağıl olmalıdır. Cəhalətlə güləşərək qalib gələn
də ancaq özünü yeniləyən ağıldır. Cavidin yeniləşmə şüuruna verdiyi əhəmiyyəti
biz ancaq Qərbin aydınlama çağının bilgələrində görmüşük.
”Lazımsa
cəhalətlə güləşmək,
Bir çarə
var ancaq: yeniləşmək”
Cavid yeniləşməyi tək çarə olaraq
göstərməsinin də səbəbini bu şəkildə açıqlayır ki, insan nə qədər yenilşməyə
çalışsa da, onun ağlı və düşüncə dünyası geniş ölçüdə tarix və əski törələrin
basqısı altındadır:
”Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə
hakim.”
-
Cavidi klasik olaraq adlandırırsınız. Hansı
özəlliklər Cavidi klasik olaraq göstərməkdədir?
-
Klasik deyincə ağla gələn bunlardır: ölçü,
bilgəlik, etidal. Bir əsəri klasik edən dilin ən inkişaf zirvəsinə çatması, öz
növündə o janr bənzərsiz bir səviyyədə olması və ən önəmlisi isə milli
özəlliklər daşımasıdır. Bu üç amilin üçü də Cavid yaradıcılığında mövcuddur. Cavid
bizim çağımızda yaşasa da, istifadə etdiyi mövzulara görə həm əski çağlara
mənsubdur, həm də indiki zamandan gələcəyə doğru bir üfüq açmışdır. Klasikliyin
özəlliklərndən biri də budur. Cavid bu sahədə çox başarılı olmuşdur. Cavid
yaradıcılığında ağıl, tarixi şərtlər içində varlığını göstərərək olayların
axışı içində fəallaşır, yaradıcı imkanlarını büruzə verir.
-
Hüseyn Cavidin əsərlərində teoloji xüsusiyyətlərin
də olduğunu dediniz, buna bir aydınlıq gətirərsinizmi?
-
Cavidin
”Peyğəmbər” pyesi peyğəmbərşünaslıq və islamşünaslıq baxımından çox önəmli
əsərdir. Bu əsər estetik özəlliklərinin fövqndə bir də teoloji mövzuları
incələmişdir. Burada İslam Peyğəmbəri ilahi missiyasının dışında bir də
toplumu, tarixi aydınladan bir şəxsiyyət kimi verilmişdir. Peyğəmər baxışından
gözəllik, ədalət, qardaşlıq, qadın haqları və barış konuları incələnmişdir.
Özəlliklə Cavid öz əsərlərində önəmli bəzi dini mövzulara aydınlıq gətirməyə
çalışdığı üçün teoloji ilə də məşğul olmuşdur.
-
Məsələn hansı önəmli din mövzusu Cavidin yaradıcılığında
aydınlığa qobuşmuşdur?
-
Məsələn 1400 ildir İslam peyğəmbərinin cismani
olaraq göyə gedib-getmədiyi dartışılmaqdadır. Cavid bu mövzuya aydınlıq
gətirmişdir. Çünkü gerçəkdə yer-göy deyə bir şey yoxdur. Bunlar dildə vardır,
reallıqda yoxdur. Gerçəkdə yer özü də göydə, uzaydadır, hər şey uzay
boşluğundadır. Zehn kainatı anlaya bilmək üçün sözlərə möhtacdır. Məsələn insan
başqa planetlərə gedir. Oradan bu dəfə yer kürəsi göydə görünür. Başqa
planetdən insan yerə gəlmək istərkən öncə yenə göyə yüksəlir. Çünkü yer özü də
göydədir. O zaman Peyğəmbərin göyə getməsinin nə anlamı var? Ayrıca, Quranda
”Allah sizə şah damarınızdan da yaxındır” deyir. Allah bizə şah damarımızdan
yaxınsa, o zaman Allahı aramaq üçün göyə getməyə gərək yoxdur Cavidə görə.
Cavidə görə İslam Peyğəmbərinin göyə yüksəlmə məsələsi fiziki deyil ruhi bir
hadisədir. Peyğəmbərin ruhunu uzayın sonsuzluğunda dolaşdırmışlar. Quranın
”İnşirah” surəsi də bunu bəyan edərək ”sənin köksünü genişlətmədikmi?” deyə
yazar. Cavid bütün bu verilərdən yola çıxaraq ”Şeyx Sənan” əsərində bu mövzuya
aydınlıq gətirir və düşünür ki, Quran israrla ”Peyğəmbər də bir insandır”
deyirsə, insan necə məhdud imkanları ilə durduğu yerdən göyə yüksələ bilər? Cavid
bu görüşünü belə bəyan edər:
”Bir bəşərdir”- deyirdi Peyğəmbər,
Heç görülmüşmü çıxsın
ərşə bəşər?”
-
Sizcə Cavidə lazımı dəyər verilirmi?
-
Cavidə dəyər vermək üçün onun əsərlərini oxumaq
lazımdır. Bunun dışında necə dəyər vermək olar?
Dəyər vermək onun təsvir etdiyi mənəvi dünyaya girməyə çalışmaq
anlamında olmalıdır. Lakin Cavidi oxumaq üçün də hazırlıq lazımdır. Dilimiz
sovet zamanında öz tarixi köklərindən, Cavid ölçülərindən qoparılaraq
qısırlaşdırılımışdır. İndiki dil bilgisi ilə Azərbaycan oxucusu Cavidi oxusa da
anlaya bilməyəcək. Bu üzdən Cavid çox az oxunmaqdadır. Ancaq məncə Cavidin
əsərlərindən hər bir Azərbaycan vətəndaşı, onlarca beyt əzbər şeir bilməlidir.
Çünkü bu şeirlərlə bizim düşüncə dünyamızda aydın üfüqlər aça bilər.
Hiç yorum yok:
Yorum Gönder