-
Sizcə Şəhriyar yaradıcılığı elmi bir şəkildə bu günə qədər araşdırılmışmı?
-
Şəhriyarın
şeirlərinin psikanalizi bizim tarixi pozisionlarımız haqqında gerçək bilgilər
verə bilər. Şəhriyar nə Azərbaycanda, nə də İran fars ədəbiyyatşünaslığında
elmi metodla araşdırılmışdır. Azərbaycanda Onun farsca yaradıcılığından
xəbərsiz olunduğundan türkcə əsərləri üzərinə milli duyqularla yanaşılmışdır.
İranda da Şəhriyar türkcə də möhtəşəm əsərlər yazdığından fars
ədəbiyyatşünasları rahatsız etmişdi. Bu üzdən şəhriyar bir fenomen olaraq
incələnməmişdir.
-
Fenomen
olaraq incələnməmişdir dediyinizdə nəyi nəzərdə tutursunuz?
-
Fenomenoloji
yanaşmanın digər yanaşmalardan fərqi ondadır ki, sən bütün önyarqılarını, təəssüb
və yandaşlığını bir yana buraxaraq, bu fenomenin necə ortaya çıxdığını və tərəf
tutmadan şəkillənmə sürəcini araşdırırsan. Deyək ki, Şəhriyarın bulunduğu
sosial şərtlər, Onun tarixi pozisionu, dünyaya baxışını incələyərək şairlik
karakterinə yola tapmağa çalışırsan. XX əsrin çalxantılı olayları içində
Şəhriyar şeiri necə istifadə etmiş? Yaradıcılığı ilə hansı fərdi və kollektiv
mənəvi və duyğusal ehtiyaclara cavab verməyə çalışmışdır? Eşq, ailə və sosial
və iş həyatında baş verənlər onun şeiriyyət dünyasını necə etkiləmişdir? İnsan
həyatı üç hissədən ibarətdir və bu üç hissənin dışında heç bir şey yoxdur: İş
həyatı, ailə həyatı və sosial həyat. Bu üçbucaq içində Şəhriyarin yaradıcılıq
dünyası necə biçimllənmişdir? Bu suallara cavab vermək ədəbiyyatşünaslığın və
konkret olaraq Şəhriyarşünaslığın əsas məsələsi olmalıdır. Fenomenoloji
yanaşmada bir imkanın araşdırılmasında o durum bilgilərinə, davranışlarına və
niyyətinə görə incələnər. Çünkü bilgi və davranışa əsasən niyyətə görə
formalaşar.
-
Sizə
görə, Şəhriyarşünaslığın əsas məşğul olması gərəkən problem nələr olmalıdır?
-
Bir
imkanın Şəhriyar həyatı və yaradıcılığı timsalında necə ortaya çıxdığı
incələnməlidir. Türkcənin tam olaraq yasaqlandığı, türklüyün aşağılandığı bir
dönəmdə “Heydər babaya salam” kimi bir imkanın türk dili və tarixində
doğmasının səbəbləri nə idi? Farsca yaradıcılığı ilə fars ədəbiyatının
zirvələrində yer alan Şəhriyar nədən bu təhlükəli işə girişdi?
-
Nədən
təhlükəli?
-
Çünkü Pəhləvilər dönəmində Şəhriyar kimi
ünlənmiş bir şairin türkcə yazması çox təhlükəli idi, Şəhriyarı sırf “Heydər
babaya salam” əsəri üçün öldürə də bilərdilər. Bu təhlükəni Şəhriyar anlayırdı,
ancaq yenə də Türkcə yazmağa başlamışdı. Bu baxımdan keçən əsr tariximizdə
birinci qəhrəman Rəsulzadə olmuşsa, ikinci qəhrəman Şəhriyardır.
-
Şəhriyarın
türkcə yazmasını qəhrəmanlıq olaraq dəyərləndirirsiniz, bu qəhrəmanlığın
mahiyyəti nədən ibarət idi?
-
O
zaman və hətta indi də türkcə oxucu kütləsi İranda olmamışdır. Türk dili İranda
Səfəvilərdən sonra mərsiyyə və ağlaşma ədəbiyyatı dışında heç bir təcrübə
qazanmamışdı. Şəhriyar öz əsərləri ilə türkcə oxucu kütləsi yaratmağa çalışdı.
Türk dili ilk dəfə olaraq qələmlə bu qədər geniş ölçüdə tanış oldu. Sadə
yaradıcılığı ilə Şəhriyar bütün İran türklərinin türkcə duyğularında yerləşdi.
Hətta əfsanəvi şəxsiyyətə dönüşdü. Tək başına bir inqilab etmişdi Şəhriyar.
Gerçəkdən də tarix isbat etmişdir ki, ancaq mədəni inqilablar xalqların
yararına olmuşdur. Şəhriyarın qəhrəmanlığının mahiyyəti bu idi. Aşağılanan,
adam dili hesab edilməyən türkcəni Şəhriyar birdən insanların sevimli könül
dünyasının dilinə çevirdi. Bəlkə də Şəhriyar olmasaydı, türk dili İran
ortamında daha çox zərər ala bilərdi.
-
Şəhriyarın
yaradıcılığını dəyərləndirmək üçün türkcə əsərlərini incələmək yetərli olarmı?
-
Yetərli
olmaz. Şəhriyarın sənət dünyasını anlamaq üçün onun əsərlərinin bütünü üzərində
durmaq gərəkir, lakin Azərbaycan oxucularının anlaması üçün daha çox türkcə
yazdığı şeirlərdən yararlanmağa çalışsam da, bəzi durumların açıqlığa qovuşması
üçün farsca şeirlərindəki ideyalardan da istifadə etmək məcburiyyətində
qalacağam. Şəhriyarın dərin ruhi qatları daha çox farsca yazdıqları şeirlərdə
saxlıdır. Bunun iki səbəbi var. Birincisi Şəhriyarın düşüncə və nəsr dili
farsca idi, ikincisi də farsca yazdığı şeirlərinin həcminin türkcə ilə
müqayisədə daha çox olmasıdır.
-
Şəhriyarın
düşüncə dili farsca idisə, bəs türkcə düşünə bilmirdimi? Türkcə düşünə
bilmirdisə bu əsərləri ana dildə necə yazmış?
-
Şəhriyar türkcə düşünə bilmirdi. Türkcə
yazdığı əsərlərdə düşüncə yoxdur, sadəcə duyğu və təsvir var. Türkcə düşünə
bilmək üçün türkcə nəsr yazmağı başarmaq gərəkir ki, Şəhriyar bunu başarmır və
türkcə nəsr yaza bilmirdi. Şeir düşüncənin dili deyil, düşüncənin dili nəsrdir.
Nəsr dili inkişaf etməyən xalqlarda şeir də başarılı olmaz. Məntiq fəlsəfə üçün
nədirsə, qramatik şüur da ədəbiyyat üçün odur. Bizim tariximizdə düşüncə törədə
bilməmənin də səbəbi budur. Türk dilinin tarixi nəsr təcrübəsi yox
dərəcəsindədir. Bunu Şəhriyar özü də etiraf edər. Xəstə vaxtında “türkcə roman
yazmaq istəyirdim, qoymadılar” deyir.
-
Kim
qoymamış?
-
Rejim
bir yandan basqı göstərir, digər yandan da türklərdə türk dilində nəsr və roman
oxuma alışqanlığı yox idi. Dilin qramatik quruluşunu bilmədən nəsr yazmaq asan
iş deyil. Bəzi türk şairlər kitablarını çap etdirmək istərkən Şəhriyara ön söz
yazdırardılar. Şəhriyar da türkcə nəsr yaza bilmədiyi üçün ön sözləri farsca
yazardı. Bu sadəcə Şəhriyarla sınırlı deyil, Füzuli də türkcə nəsr yazmaqda çox
çətinlik çəkmiş. Məsələn “Leyli və Məcnun” əsərindəki başlıq nəsr cümlələri
farsca yazmış. Füzulinin “Hədiqə tüs-süəda” kitabını da türkcə nəsr adlandırmaq
zordur. Türk dili Türkmənçay müqaviləsindən sonra Rusiya sömürgəçiliyində nəsrə
keçməyə başladı. Bir dil də nəsrə keçməmişsə, hələ ona dil demək olmaz. Ona
görə də İrandakı türklərin şeir dilləri olsa da düşüncə dilləri komikdir,
farsca düşünüb türkcə bir şeylər anlatmağa çalışırlar və bu da çox komik
görünür. Son 500 ildə, yəni Səfəvi dövlətinin quruluşundan bəri türkcə
aşağılanmışdır. Şəhriyar yaradıcılığı bu aşağılanmaya qarşı baş qaldırı və
dirəniş idi.
-
Şəhriyarı
bir aydınladıcı olaraq görürsünüzmü?
-
Avropada
yayqın olan anlamı ilə bizim tariximizdə aydınladıcı şəxsiyyət olmamışdır,
Şəhriyar da bir aydınladıcı deyyildir. Aydınlıq üçün fəlsəfə və fəlsəfəyə girən
bir dil laızmdır. Bu da olmamışdır. Lakin milli kimliyimizin yüksəlişi yolunda
Şəhriyar aydınladıcı işlər görmüşdür. Milli kimliyin yüksəlişi milli dillə
mümkündür. Türk dilinin üzərinə çəkilən qara pərdə Şəhriyar nəfəsi və
yaradıcılığı ilə dəlinmişdir.
-
Yəni
Şəhriyarın əsərlərində düşüncələrə aydınlıq gətirən mövzulara
toxunulmamışdırmı?
-
Düşüncələrlə
bir əsri və ya çağları aydınlatma qlobal bir məsələdir, bəşərin ortaq sorunları
üzərinə bir aydın şəxsiyyət öz düşüncəsini mətnləşdirər. Bu zaman da düşüncənin
əsas mehvərini dil-varlıq-azadlıq qavramları təşkil edər. Bu anlamda Şəhriyar
aydınladıcı deyil. “Yumurtanı gözəl-göyçək bəzərdik” və ya “Əli mənə yaşıl aşıq
verərdi” kimi misraların aydınlanma ilə nə əlaqəsi? Bunlar kənd sosial
həyatından nostalji bir təsvirdir. Şəhriyar çağları aydınladan bir düşüncəni
ortaya qoya da bilməzdi, çünkü bunun kökü bizim tariximizdə olmamışdır.
Aydınlanmanın əsasında kültür və ənənələrin tənqidi, dinlə əqli planda
hesablaşma, dini qurumları insan haqları fəlsəfəsindən yola çıxaraq sorqulama və
tarixlə qarşılaşma görüşü durar. Bu da Şəhriyar da olmamışdır. Nə farsca, nə də
türkcə şeirlərində olmuşdur. Şəhriyar bir ideya qurucusu və ya savunucusu
olmamış, ənənələrə qarşı da gələməmişdir. O, belə bir missiyanı öz üzərinə
götürməmişdi. Onun missiyası mövcud durum içində türk dilini yüksəltmək idi.
-
Şəhriyarın
türkcə və farsca şeirlərinin fərqi nədədir?
-
Şəhriyar
farsca şeirində özünü Səfəvi öncəsi irfan və təsəvvüf kültürünə mənsub bilər.
Çünkü Səfəvilərdən sonra sadəcə türkcə deyil, fars dilində də böyük ədəbi
əsərlər yaranmadı. Bu baxımdan Şəhriyar kimi bir dahi söz ustası öz istedadını
heç bir ədəbi və qlobal dəyəri olmayan mərsiyyə söyləntilərinin zindanında həbs
edə bilməzdi. Bu üzdən farsca və türkcəsinin fərqi burada açıqca ortaya çıxar.
Fars dilindəki qəzəlləri və bütün yaradıclığı irfani özəllik daşıyar, lakin
türkcədə bu yoxdur, bir neçə türkcə qəzəlində buna qismən işarə etmiş, ancaq
Onun əsas əsəri olan “Heydər babaya salam” kənd kültürü və törələrini təsvir
edər. O təsvirin içində böyük düşüncə doğmaz., gələnəksəl həyatdır, evrənsəl
tərəfi yoxdur.
-
Şəhriyarın
əsas türkcə əsəri “Heydər babaya salam” poemasıdır, deyilmi?
-
Zamanlama
baxımından Şəhriyarın ilk önəmli əsəri “Heydər babaya salam” poemasıdır. Lakin
Şəhriyarın farsca və türkcə yaradıcılığının bütünü içində ən önəmli əsəri
“Səhəndiyyə” poemasıdır.
-
“Səhəndiyyə”
poeması səviyyəsində farsca bir əsəri yoxmu?
-
Yoxdur, çünkü fars dilinin qüsurları belə
möhtəşəm əsərin o dildə yazılmasına imkan verməz. Çox təəssüf ki, Şəhriyarın
“Səhəndiyyə” əsəri Azərbaycanda tanınmır. Bunun bir səbəbi var. Azərbaycan
oxucusu bu növ şeirdən zövq ala bilmir, çünkü onun zövqü hələ bu estetik anlayışla
tanış deyyildir. “Heydər babaya salam” bəlli bir ölçüdə yazılmış və ölçü
poemanın sonuna qədər qorunur. Lakin “Səhəndiyyə”də ilk gözə çarpan coşqulu
musiqidir. Sonra bütün şeir vəznləri bir-birinə qarışır. Əruz, heca, sərbəst,
modern şeir türləri iç-içə girmiş. Nə ərəbcədə, nə farscada, nə ingilizcədə
belə bir əsər mövcuddur. “Heydər baba” poemasını otağın bir küncündə balışa
arxalanıb oxuyub kədərlənmək olar, lakin “Səhəndiyyə”ni oxurkən yerində rahat
otura bilməzsən, durub bir göylərin sonsuzluğuna baxmaq, qaçmaq, rəqs etmək,
qarşılaşdığın insanı qucaqlayıb öpmək istərsən. Doğu ədəbiyyatının ritmik şeir
zirvəsini ortaya qoyan Mövlanədir. Mövlananın da şeirlərində musiqi və rəqs
iç-içədir. Lakin hətta Mövlanənin də qəzəlləri “Səhəndiyyə” səviyyəsində deyil.
Şəhriyarın bu əsəri coşqulu, ritmik, musiqli və təsvirlərlə iç-içədir. Uzun
poema olan “Səhəndiyyə”nin yarısından çoxunu əzbər bilirəm. Bəzən ümidsiz və
kədərli halımda birdən əzbərimdə olan bu parçaları oxurkən içim ümid işıqları
ilə dolub daşır. Əsər həyat duyğuları ilə dolub daşmaqdadır. Poemanın həssas
yerində birdən erotik duyğular şeirin içindən fışqırır. Oxucu kainatla ruhi
vəhdət içindəykən sevişmə hisslərinə qapılır. Bütün varlıq sözlərə dönüşərək
şeirin bütünü içində axıb insanın ruhuna dolur, oxucu sanki tanrılaşır.
-
“Səhəndiyyə”nin
belə təsirli olmasının səbəbi nədir? Səhv etmirəmsə Səhənd bir dağ adıdır.
-
Doğru,
Səhənd bir dağ adıdır, lakin burada iki məna daşır. Əsər “Səhənd” təxəllüsü ilə
yazan Bulud Qaraçörlüyə həsr edilmiş. Şəhriyarın böyük sənətçi olmasına təkan
verənlərdən biri Səhənd digəri də Prof. Dr. Cavad Heyyət idi.
-
Demək
“Səhəndiyyə” əsərini Şəhriyar şair Səhəndə həsr etmiş?
-
Şəhriyar
“Heydər baba” poemasını yazdıqdan sonra həm rejim, həm də fars şovinist şairlər
tərəfindən sıxışdırılırdı. Onun əməyini dəyərləndirən yox idi. Birdən böyük
şair Səhənd “Heydər baba” poemasını oxuduqdan sonra Şəhriyara şeirlə məktublar
yazmağa başladı. Səhəndin məktubları çox güclü və milli məzmunla dolu idi.
“Özgə çırağına yağ olmaq bəsdir” deyə Şəhriyarı türkcə yazdığı üçün öyürdü.
Səhənd çox zəngin bir türk şairi idi. Böyük tekstil şirkətləri də var idi.
-
Maraqlı
olar bir az da yeri gəlmişkən Səhənd haqqında məlumat verəsiniz.
-
Səhənd
İranda türk milliyətçiliyinin fəlsəfi dünyagörüşünü “Dədə Qorqud” əsərinə
dayanaraq şeirlə yazan böyük şairdir. XX əsrdə İranda iki böyük türk şairi
yetişmiş: Şəhriyar və Səhənd. Səhənd Qorqud dastanlarını öz fəlsəfi üslubu ilə
yazaraq hər dastanın önündə öz fəlsəfi dünyagörüşünü açıqlamış. Həyatımda mənim
dünyagörüşümü etkiləyən şəxsiyyətlərdən biri də Səhənd olmuşdur. Onun “Ərməğan”
adlı əsərlərini oxuduğum zaman çox gərgin hallar keçirmişdim.
-
O
gərgin hallar yadınızda varsa, bir az açıqlayın...
-
Səhənd
yazır ki, yatmışdım bir yuxu gördüm. Bir sklet. Qorxunc bir sklet. Skletə
yaxınlaşdım, çox qorxulu simasını gördükdən sonra qorxumdan dönüb qaçmaq
istərkən məlahətli bir səslə “adam da anasından qorxarmı” deyə sklet sordu.
Məlahətli səsi ruhumun dərinliyinə işləmişdi. “Sən mənim anamsanmı?” deyə
sorduğumda “Mən sənin ana vətəninəm, ancaq tanımamağına da şaşırmadım, çünkü
artıq məndə tanınacaq bir şey qalmamış, Borçalını bir tərəfindən kəsib
apardılar, Dərbəndi bir tərəfimdən, Həmədanı digər tərəfimdən. Bütün varlığım
paramparça oldu. Məni necə tanıya bilərsən?” dedi. Sonra skletin sümükləri
çürüyüb bir-birindən ayrılır. Səhənd bu sümükləri bir torbaya doldurub çininə
ataraq türklərə və dünyaya səslənər “bir məzar qədər vətən axtarıram, anamı
dəfn edəcək qədər bir məzar” deyir. əsərin özət məzmunu budur, lakin Səhəndin
öz təsvirləri çox təsirlidir. İranda türklük bilincinin oluşmasında Səhəndin
çox böyük təsiri olmuşdur.
-
Və
Səhənd Şəhriyarla dostluq etməyə başlayır?
-
Səhənd
Şəhriyara yazdığı məktublarla Şəhriyarın digər gizlin istedadlarını da
atəşlədi. “Səhəndiyyə” də bu atəşlənmənin nəticəsidir. Səhəndin ağrılarla dolu
məktubuna Şəhriyar ümid dolu bir poema ilə cavab yazdı.
-
“Səhəndiyyə”nin
musiqili bir əsər olduğunu söylədiniz. Bu əsər üzərinə gerçəkdən musiqi
bəstələnmişmi?
-
“Səhəndiyyə”
əsəri üzərinə böyük opera və simfonik əsərlər yazıla bilər, lakin hələ
yazılmamışdır.
-
Əngəl
nədir yazılmasında?
-
İranda
yaşayan türklərdə modern və köklü musiqi bilgisi olan yoxdur. Azərbaycanda da
bu növ şeiri anlaya biləcək musiqiçi yox. Azərbaycan bəstəkarlarının klasik
əsərlər üzərinə bəstəkarlıq etmələri unudulmuşdur, çünkü o şeirin ruh halı ilə
tanışlıqları yoxdur. Məncə qarşımızdakı milli oyanış illərində İrandakı
türklərin içindən Üzeyir Hacıbəylilər çıxacaq və onlar “Səhəndiyyə” üzəribnə
dahiyanə əsərlər yazacaqlar. İrandakı türklərin içindən türklük düşüncəsi
şəkillənərək klasik və modern musiqi növləri ilə elmi biçimdə tanış olan
şəxsiyyətlər bu işi edə bilər. Azərbaycan Respublikasında “Səhəndiyyə”nin
formunu, məzmununu və coşqusunu anlaya biləcək musiqiçilərin çıxacağına inancım
zəifdir. Bunun üçün çox güclü bir şəkildə ədəbiyyatşünas olmaq lazımdır. Üzeyir
Hacıbəyli böyük ədəbiyyatşünas olduğu üçün Füzulinin əsərlərinə opera yaza
bilmişdi. Bunun kimi bir gəlişmə olmalı. Musiqişunaslıqla ədəbiyyatşünaslıq
iç-içə olmadan “Səhəndiyyə” poeması üzərinə opera yazmaq olmaz.
-
Maraqlı
yanaşmadır...
-
Sənət
nədir və bir toplum nə zaman sənətlə dünyanı idrak etməyə, sənətlə estetik zövq
almağa başlar? Bu suallar sirli bir şəkildə “Səhəndiyyə” əsərində
cavablanmışdır. Bu cavabları idrak etməyən musiqiçi bu əsər üzərinə bir şey
yaza bilməz, özəlliklə sənət fəlsəfəsi üzərinə bilgili olmaq bu baxımdan
şərtdir.
-
Şəhriyarın
həyat biçimi və uşaqlıq xatirələri onu şairliyə sövq etmək də nə qədər etkili
olmuşdur?
-
Şəhriyar
“şair olmazsan anan doğmasa şair” deyir. Bu çox doğrudur. İnsan doğuşdan bir sənət
ruhunu özüylə gətirməzsə, oxumaqla, xatirələrlə şair olunmaz. Ancaq şübhəsiz
ki, insanın yaşam biçimi o sənətə müsbət və ya mənfi təsir göstərə bilər. Gözəl
və bəzən də acı xatirələr o sənətin önündəki əngəlləri ortadan qaldırar. Bu
baxımdan Şəhriyarın həyat tarixi çox önəmlidir. O, Təbrizdə dünyaya gəlmiş,
ancaq Təbrizdə yayqın olan xəstəlik üzündən Xoşgünab kəndinə aparılmış və
uşaqlığı bu kənddə keçmiş. Şeir və fəlsəfə üçün kənd həyatı çox önəmlidir. 120
il əvvəl şəhərlə kəndin çox fərqi olmasa da, yenə də kənd həyatı sənət üçün bir
imkandır. Böyük dahilərin çoxu kənddən çıxmışlar. Torpaqla əmək meydanında
təmasda olmanın başqa bir özəlliyi var. Şəhriyar da kənddə təbiətlə uşaqlıq
vaxtında qarşılaşmış. Elə yaş ki, o yaşlarda insanda hələ xəyalla gerçəkliyin
sınırları bəlli edilməmiş. İnsan xəyallarını, yuxularını da gerçəklik kimi
anlar. Bəzən də gerçəkliyi xəyal kimi görər. Bu dönəm şüuraltında gizlənərək şairin
yaradıcılığıq qaynağına çevrilər. Olqun yaşda hansısa bir hadisə şüuraltındakı
bu fırtınaları üzə çıxarar, sənətə daşıyar. Şəhriyara ilham verən də həyatının
bu dönəmi, yəni xəyalla gerçəkliyin sərhədlərinin bəlli olmadığı uşaqlıq dönəmi
olmuşdur. “Əli mənə yaşıl aşıq verədi” dediyində, görünürdə burada elə də
dərinlik yoxdur, lakin bu, kənd həyatının aşıq oynama kimi psixoloji ortamında
dəyərləndirdiyində anlaşılar. O yaşlarda bir aşığın kənd uşağı üçün nə qədər
dəyərli və hətta mənəvi dəyər daşıdığını ancaq bu hadisəni yaşamış olanlar
anlarlar. Bir mətnin doğduğu sosial zamanı və onun xitab etdiyi toplum
gerçəkliyini anlamadan o mətni anlamaq çox çətin olar və ya heç mümkün olmaz.
Dini mətnlər də bu qanuna tabedir.
-
Şəhriyarın
eşq həyatı da çox acılı olmuş...
-
Bir
çox sənətçinin həyatında üç qadın çox etkili olar. Ana, sevdiyi qadın, uşaqlarının
anası olan evləndiyi qadın. Şəhriyarın həyatında hər üçü çox təsirli olmuş və
yaradıcılığına yansımışdır. Şəhriyar yaradıcılığında təsirləri baxımından
bunları anlatmaq istərdim.
-
Üstdə
sıraladığınız kimi etkili olmamışlarmı?
-
Şəhriyarın
həyatında ən böyük təsir buraxan Sürəyya adında bir qız olmuş. Ona “Pəri” adı
taxıbmış Şəhriyar. Çox gözəl və kültürlü qız imiş. Bir-birlərini hədsiz
dərəcədə sevər və gələcək ailələri haqda planlar qurarmışlar. Lakin Pərini
Şahın sarayında çalışan bir dövlət adamı pul gücünə alır. Bunun üzərinə
Şəhriyar onunla Tehranın “Behcət abad” məhəlləsində son görüş istəyir. Qızın
getməsini əngəlləyirlər. Şəhriyar sabaha qədər orada gözləyir. O günə qədər
fars ədəbiyyat ortamında ad çıxaran Şəhriyar sabaha qədər çəkdiyi acını türk
dilində bəyan edər. İnsanlar belədirlər. Acı çəkdiklərində, yuxu gördüklərində,
yəni ruhun təsirləndiyi zamanlarda ana dilləri yardıma gələr. Şəhriyar o gecəni
“Behcət abad xatirəsi” adında bir qəzəldə şeirləşdirər. Bu qəzəl o qədər sadə,
o qədər arınmış türkcədə yazılmış ki, oxucunun ruhuna atəş vurub yaxır. Şəhriyarın
şah əsərlərindən biri də bu qəzəldir. Hətta başqa heç bir şey yazmasaydı, yenə
də sırf bu qəzəli üçün o, türkcənin ən böyük şairi sayıla bilərdi.
-
Şəhriyarlar
Pəri münasibəti başqa şeirlərdə də öz əksini tapmışmı?
-
O
gecədən sonra Şəhriyarın bütün əsərlərində yanqı, ağrı və kədər var. Türkcə və
farsca şeirlərində bu ağır eşq məğlubiyyəti öz təsirini göstərmişdir. Şəhriyar
xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına getmiş. Pərinin
qucağında artıq sütdən kəsilmiş bir uşağı da varmış. Şəhriyar farsca bir qəzəl
bu görüş üçün yazaraq “sən öz cigər parəni də sütdən ayırmışsan, ancaq mən hələ
də bildiyin səni sevən o dəli qanlıyam, hələ unudulmamışsan. Atan öz gövhərini
altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı” yazar. Sonra da zaman
keçdikcə Şəhriyarın öz etirafına görə, bu bəşəri eşq yerini Tanrı eşqinə
buraxar.
-
İkinci
qadın hansı olmuş, anası, yoxsa evləndiyi xanımmı?
-
İkinci
qadın anası Kövkəb xanımdır. Təsəvvür edin ki, ölkədə türkcə aşağılanır. Gənc
Şəhriyar da bu ölkədə sosial status qazanmaq və maddi həyatını təmin üçün
farsca yazmalı, fars dili vasitəsi ilə yüksəlməlidir. Bir gün anası ona “oğlum,
o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deyir. Bu bir cümlə
Şəhriyarın ruhunda və şüurunda inqilab edir və çox böyük təhlükəli işə girişir.
Türkcə yazmaq ölümlə dans etmək kimi bir iş idi. Şəhriyar ölümlə dans edir,
ancaq anasının anladığı dildə yazır və anasının istəyinə boyun əyən Şəhriyar
yaradıcılığında bizim milli və kollektiv şüuraltımızda yerləşən əski anılar dilə
gəlib danışır. Şəhriyar xalqın yaşam biçimini sözlərlə onun gözləri önünə
sərərk, türkcəni də o qorxunc dönəmdə qələmlə tanış etdi. O zaman türk
əhalisinin təqribən yüzdə yetmişi kəndlərdə yaşayırdı. Ancaq kədnlərdə də
oxuması olan biri “Heydər babaya salam” əsərini oxuyur və bütün kəndlilər qulaq
asırdı. Mən də onlardan biri olmuşam. Kəndimizdə oxumuşam və bütün kəndimizin
əhalisi dinləmiş, yaşlı qadınlar ağlamış, gənc qızlar hüzünlə gülümsəmişlər. Bu
baxımdan Şəhriyarın nəfəsi mənim də həyatımda dolaşmış.
-
Üçüncü
qadın da evləndiyi xanım olmalıdır...
-
Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə
evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində də Şəhriyar
həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək,
“Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa,
Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!”
deyər. Əzizə Şəhriyarın uşaqlarının anasıdır. Şəhriyarın şansızlığından Əzizə
də üç uşaq anası olduqdan sonra gənc yaşda ölür və Şəhriyara bir başqa ruhi
zərbə daha vurulur. Şəhriyar Əzizəni xatırlarkən göz yaşlarını tuta bilməzdi.
-
Bildiyim
qədəriylə “Şəhriyar” adını O, özünə təxəllüs olaraq seçmişdi. Bu ləqəbi
seçməsinin bir səbəbi varmı?
-
Şəhriyar
özünü məfkurə olaraq Səfəvilər öncəsi ədəbiyyat dünyasına mənsub bilirdi. Çünkü
Səfəvilərdən sonra sadəcə türkcə deyil, fars dilində də doğru-dürüst ədəbi əsər
yazılmadı. Bütün ədəbiyyat mərsiyyədən ibarət. Səfəvi dövləti qurulduqdan sonra
qələm əhli fars aristokratları canlarını və inanclarını qurtarmaq üçün
Hindistana qaçdılar. Orada “səbki-hindi” adında şeirdə bir sənət sahəsi
gəlişdirdilər. Saib Təbrizi kimi böyük şairlər də səbki-hindiyə mənsubdurlar.
Bu üzdən Şəhriyar da Səfəvi öncəsi Mövlananın, Əttarın, Xaqaninin,.., özəlliklə
də Hafizin təsiri altında idi. Şəhriyar özünü Hafiz Şirazinin məktəbinə mənsub
bilirdi. Şəhriyar həyatındakı bədbəxtlikləri yaşadıqdan sonra özünü bütünüylə
sənətə həsr edir. Bir təxəllüs tapmaq üçün Hafizin divanından iki dəfə fal
açır. Birinci falında “Gedərəm öz Şəhrimə Şəhriyar” olaraq qəzəli gəlir. İkinci
fal açdığında da “Şərqin sultanı (günəş) sabah-sabah barağını dağlara
sallayaraq “şəhriyar” yazdı” qəzəli gəlir. Beləcə “Şəhriyar” təxəllüsünü
hafizin divanından çıxarır.
-
Demək
Şəhriyar Hafizdən çox təsirlənmiş...
-
Şəhriyar
“nəyim varsa hamısını Hafiz mənə bağışlamışdır” yazar. Hətta qəzəllərinin çoxu
hafizin qəzəllərinin açıqlamasından ibarətdir. Şəhriyarın farsca divanında hər
qəzəlin önündə öncə Hafizdən iki misra yazılmış. Hafizdən təsirlənməmək də
mümkün deyil. Böyük alman şairi Hötə də almancaya tərcümə edilmiş Hafizin
şeirlərindən təsirlənmişdi.
-
bəy, 21 Azər hadisələri zamanı Şəhriyardan heç səs-soraq olmamışdı, bunun
səbəbi nədir?
-
21
Azər olayları zamanında Şəhriyar yaşının ən olqun vaxtında, 40 yaşındadır. Lakin
Pişəvəri hərəkətinə əsla sempatiya göstərməmişdi. Bunun da səbəbi var idi.
Pişəvərini Stalin dəstəkləyirdi və Təbrizdə çıxan “Azərbaycan” adlı qəzətin hər
nömrəsinin ilk səhifəsində “millət atası” deyə Stalinin şəkli yer alırdı.
Şəhriyar dühası Stalini necə öz mənəvi atası kimi görə bilərdi. Şəhriyarın o
hərəkətə qatılmaması Onun böyüklüyünü göstərir. Pişəvəri bir yerdə də “türk” və
türk dili”ni ağzına almazkən Şəhriyar “türkcə dedim oxusunlar özləri”, ya da “Türkün
dili tək sevgili istəkli dil olmaz” deyə hayqırırdı. 21 Azər məsələsini sovet
dəstəkli olduğu üçün sovet Azərbaycanında çoxlu qabardıblar, onun milli
dərinliyi yox idi. Sadəcə Şəhriyar deyil, böyük xanəndə və Şəhriyarın dost
Əbulhəsənxan İqbal Azər də Pişəvəri hərəkətinə xoş baxmamışdı.
-
Şəhriyarın
yaradıcığında ümumən əruz janrımı yer almaqdadır?
-
Şəhriyar
fars dilində modern şeirdə yazmış. Anasının yasında öz kədərini modern şeir
biçimində ifadə etmiş və çox da təsirlidir. Fars modern və sərbəst şeirinin
atası sayılan Nima Yuşic Şəhriyarı çox öymüşdür. Modern fars şeirinin böyük
şairəsi Füruğ xanım Fərruxzad da Şəhriyarın modern şeirini öymüşdür. Şəhriyar
“Einisteinə məktub” şeirini də sərbəst şəkildə yazmışdır. Sərbəst şeirləri də
çox güclüdür.
-
Şəhriyarın
musiqi ilə münasibəti necə olmuş?
-
Şəhriyar
muğamları çox yaxşı bilirdi. Özü də çox gözəl setar çalar və muğam oxuyardı. O
dövrün böyük xanəndələri ilə yaxından təmasda olurmuş. Şəhriyarın qəzəlllərini
oxuyarmışlar. Məsələn İranda ilk böyük qadın xanəndə olan Qəmər-ul Mülk
Vəzirinin səsinin gözəlliyini vəsf edən qəzəl də yazmışdır. Şeir və musiqi
bir-birindən ayrı olmaz. İrfanda şeir və musiqi bir-birini tamamlar.
-
Şəhriyarın
Süleyman Rüstəm və digər şairlərlə də yazışmaları olmuşdu...
-
Bunlar
“Heydər baba” əsəri yayıldıqdan sonra oldu. Bu əsər demək olar ki, bütün türk
ölkələrini öz təsiri altına aldı. Ancaq sovet Azərbaycanının şairləri Şəhriyarı
bəlli bir ideologiyanın dar çərçivəsinə soxmağa çalışırdılar. S. Rüstəm də
onlardan biri idi. Şəhriyarın onlara yazdığı cavablar daha aydın üfüq açarkən
sovt Azərbaycanının şairləri bu üfüqü görəcək dünyagörüşünə sahib deyildilər. Şəhriyar
Qurana bağlı mömin bir şair idi. S. Rüstəmin “Şeirimin bir sətrinə Quranı
versən vermərəm” kimi anlamsız söz yığınının ortaya çıxması onun Şəhriyar
nəzdindəki sayqınlığına zərər verirdi.
-
Türkcə
yazıb və türkcə düşünmənin yasaq olduğu bir sistemin içində Şəhriyar öz əsərləri
ilə nə kimi mesaj vermək istəmişdi?
-
Şəhriyar
öz yaradıclığı ilə bu xalqa mədəni şəkildə anlatdı ki, “şaxsey-vaxsey” bağrıb
zəncirlərlə özünü döyməsən, yaşadığın kültürn içində ruhunu oxşayacaq
gözəllikləri görə bilərsən. “Heydər baba” poemasının əvvəlindən sonuna qədər
bir yerdə baş yarıb, zəncir vurmaq, sürülər şəklində mollanın ətəkləri altında
ağlayıb sızıldamaq öyülməmişdir.
-
Şəhriyarı
rejimlərlə əməkdaşlıq etməklə suçlayanlar da var, bu haqda nə deyərsiniz?
-
Şəhriyarı
tənqid edənlərin heç birində sənət ruhu olmamışdır. Ondan siyasi liderlik
bəkləntiləri olan və öz həyatlarına dəyər verməyən, bəşəriyyətə heç bir yararı
olmayan inqilabçılar Şəhriyarı tənqid və bəzən də təhqir edirdilər. Şaha və onun
xanımına, daha sonra indiki şiə rejiminin rəhbərinə şeir yazaraq Şəhriyarın yaltaqlandığını
deyirdilər. Ancaq məncə bunlar doğru yanaşma biçimi deyil. Şəhriyarın şaha
yazdığı şeirin heç bir ədəbi dəyəri olmamışdır, lakin bu şeirlərin hesabına
həyatda qala bildi. “Heydər babaya salam” kimi türkcə bir poemanı yazdığına
görə, onun cəzası əslində ölüm idi. Şəhriyar bunu bilirdi. Şəhriyarı tənqid
edənlərin çoxu ilə tanış oldum. Şeir nədir, necə yazılar kimi suallar ətrafında
düşünə bilməyən, sənət gözü ilə kainatı görmə təcrübəsi olmayanlar Şəhriyarı
tənqid və təhqir edirdilər. Şəhriyarı tənqid edib dəyərləndirmək üçün onun
əsərlərinin ontologiyası üzərinə düşünmək gərəkir. Bunun dışında bir də Səfəvi
öncəsi irfan düşüncə və təcrübələri ilə tanış olmaq lazımdır. Sənət adamını
miras buraxdığı mətni anlamağa çalışaraq tənqid etmək və dəyərləndirmək
lazımdır. Tarix üçün qalan mətndir, başqa nə varsa, zaman içində unudulub
gedir. Məsələn bir zaman Pəhləvi rejimi var idi, indi yoxdur. İndi Şiə rejimi
var, bir sürə sonra tarix onu da ortadan qaldırıb yerinə yeni sistemlər
yerləşdirəcək, ancaq bütün dönəmlərdə Şəhriyarın əsərləri türkcənin bir imkanı
kimi araşdırılacaqdır.
-
Şəhriyarla
bağlı son söz olaraq söyləmək istədiyiniz bir söz varmı?
-
Şəhriyar
bütün zərrələri ilə, eşqi və kədəri ilə türk mədəniyyətinindir, türk
dilinindir.
Kəramət Böyükçöl
Hiç yorum yok:
Yorum Gönder