- Bəy, nədən İslam ölkələri tarixində ilk dəfə olaraq məhz Qafqaz türklərində
sekulyarizm kimi qavramlar tələffüz edilməyə və bu kimi düşüncələr ortaya çıxmağa
başladı?
-
Rus hüquq sistemi cangüvənliyini
sağladığı üçün ilk olaraq M. F. Axundov Batı siyasi, sosioloji və fəlsəfi
litraturundakı qavramları dilə gətirib açıqlaya bilirdi. Ortam dəyişikliyi
üzündən Qafqaz türkləri onkarın düşüncəsini sömürən tarixi keçmişdən qopa
bilmişdilər. Tunesdəki kimi. Tunes də Fransa işğalına uğradıqdan sonra sekulyar
zehniyyəti əldə etdi, çünkü öz tarixində yox idi. Bizdə də bu kimi
aydınlanmanın yolunu rus yönətimində Aundov kimi aydınlar açdılar.
-
Ancaq Axundov bir mənalı şəxsiyyət
olmamışdır.
-
Doğru. Axundov dil və ədəbiyat
sahəsində ılımlı türk milliyətçiliyinin, tarix sahəsində aşırı fars
milliyətçiliyinin qurucusudur. Onun gəlişdirdiyi əlifba daha çox türk dilinin
hərflərinə görə düzənlənmiş və ayrıca, türk dilində ədəbi əsərlər yazmış, ədəbi
tənqidlə uğraşmışdır. Bütün bunlar türk milli kimliyinin Axundov timsalında
yüksəlişi anlamındadır.
-
Onu fars milliyətçisi olmağa sövq
edən nə idi?
-
Anlaşılan Axundovu vətən anlamında
İran milliyətçisinə gətirib çıxaran onun ölkəsiz və vətənsiz olması olmuşdur. O
zaman “Azərbaycan” adında tarixdə bir ölkə və tarixi-siyasi bölgə yox idi.
İranın içindəki Azərbaycan da Səfəvilərdən sonra İrani kimliyin qalası və İran
milliyətçiliyinin fikri odağı olmuşdur. Bu gerçəklər o zamankı Axundov, M. Ə.
Sabir, M. Hadi kimi şəxsiyətlərin İrançı oluşlarına
meydan açmışdı. Onların söyləm və şeirlərində İran özlənən vətən və ölkə kimi
görünmüşdü.
-
Daha sonra bu görüşün çökməsinə
səbəb olan nə idi?
-
Osmanlı ilə irtibata girildikcə bu
görüş çökməyə başlamışdı. Birinci səbəb bu idi. İkinci səbəb isə yeni vətən
icad etmə düşüncəsinin doğması idi. İran-Səfəvi-Sasani tarixi ortamından
qopuşdan sonra səfəviyətin təlqin etdiyi Osmanlı düşmənliyi Qafqazda qismən də
olsa, keçərliliyini itirmişdi. Özəlliklə sekulyar zehniyət Qafqaz türklərində ortaya çıxdıqca
xurafələrə gömülmüş İran-Səfəvi tarixi mühitinə qarşı ikrah hissi də ortaya
çıxdı. İran-Səfəvi kimliyinə qarşı çıxmanın üç səbəbi var idi: 1- Sekulyar
dünyagörüşünün ədəbi mətnlərdə biçimlənməsi, 2- Osmanlı ilə ilişkiyə girmələr.
3- Rusiya dolayısıyla modern mədəniyyətlə tanışlıq. Bu dönəmlərdə Osmanlı gənc
aydınları da batılılaşma fikirini təbliğ edirdilər. Avropada oxumuş Osmanlı
gəncləri sekulyar ədəbi mətnlər oluşdurmağa başlamışdılar. Bu ortaq amaclar
Qafqaz və Osmanlı türklərini birləşdirirdi.
-
Sekulyarizm Qafqaz türklərində necə
anlaşılırdı?
-
Bu suala cavab vermədən öncə
“sekulyarizm nədir?” sualı üzərində bir az durub düşünəlim. Düşüncənin heç bir
sınır və çərçivə tanımaması olaraq nitələyəlim. Renesansdan sonra ilk kəz olaraq “həqiqət”
qavramı din dışı anlam daşımağa da başlamışdı. Bu da həqiqətin öz zatında bir
olmasına rəğmən, onun idrak edilmə şəklinin bireylərə görə dəyişdiyi fikrini
ortaya qoymaqda idi. Bunu H. Cavidin əsərlərində “Hər kəsin öz eşqi, öz Allahı
var” şəklində görə bilirik. Beləcə həqiqətin bir olmadığı, çoxlu və çoxluqçu olduğu
düşüncəsi doğdu. Həqiqət “bir” olsa da, onun çoxlu təzahür və anlaşım şəkilləri
mövcuddur. Buna meydan açılmalıdır. Batı Orta çağ litraturunda həqiqət, yalnız
dini qavram olaraq bilinirdi. Doğu Orta Çağında burxulmuş olan bir çox İslam
ölkələrində də günümüzə qədər həqiqət bütün siyasi, fəlsəfi, sosial boyutları
ilə ancaq hakim sinfin din anlayışının içində bir anlam daşımaqdadı. Bu din anlayışının
dışında həqiqət deyə bir durum olmamışdı, olamaz. Doğu Orta çağı qaranlığına
ilk kəz olaraq Axundov qarşı çıxdı. Qafqaz türklərində ortaya çıxan sekulyarizm
Doğu Orta Çağının durağan qaranlıq zehniyətinə qarşı hərəkətdə olan şüurun doğuşu
idi.
-
Bunu
ilk səbəb kimi göstərmək olarmı?
-
Sekulyarizmin ortaya çıxışının ilk səbəbi kitabla tanış
olmaları idi. O dönəmə qədər kitab deyildiyində molla-feodal sinfinin
yazdıqları cəfəngiyyat nəzərdə tutulurdu. İbni-Sina, İbni-Rüşd, Biruni kimi sekulyar
dünyagörüşünə sahib olan şəxsiyətlər, yalnızca öz yaşamları zamanında basqı
altında tutulmamışlar, yüzillər boyunca çıxarçı şəriətçilər tərəfindən əsərləri
yasaqlanmışdır. Fizika, kimya, matematik oxunuşu və bu yolla Tanrının bir
olduğunu isbatlama yasaqlanmışdır. Bu yolda İbni-Rüşdün tənqid etdiyi Qəzzalinin
fətvaları vardır. Qafqaz türkləri Rusiya bilim mərkəzlərində kimya, fizika,
matematik kimi bilimlərlə tanış oldular. Sekulyarizm də bilimə və bilimin
sinifləndirilməsinə dayanmaqdadır.
-
Bu amillər sekulyar görüşün doğmasına səbəb olur?
-
Sekulyarizmin əsasını bilgi təşkil edər. Bilgilər də üç
bölümə ayrılır və bu üç bölüm dışında bir şey yox kimi görünməkdədir. Bu üç
bilim sahəsini bir az açıqlamaq istərdim: 1- Bilinən bilgilər (elmi bilgi).
Bilimdə sıçrayış, ancaq düşüncənin sərbəstliyi ilə gerçəkləşər. Azad düşüncə
olmayan ortamda bilim də özünü gəlişdirə bilməmişdir. Bilim adamlarının çoxu
Orta Çağdan bəri azad düşüncə ortamı yolunda mücadilə etmiş və çoxları da bu
yolda öldürülmüş, ya da basqı altına alınmışlar. 2- Bilinməsi mümkün olan
bilgilər. Elmi problemlər, nəzəriyyələr və sair. 3- Bilinəməsi mümkün olmayan
bilgilər. Mmistik problemlər və teoloji kimi sahələr. Bizim tariximizdə ancaq
üçünücü sahə ilə uğraşılmış və birinci, ikinci sahələrə imkan yaradılmamış,
çünkü elm sadəcə ilahiyyat sahəsini bilmək anlamında anlaşılmışdır. Bilgiləri
bu biçim sinifləndirmə sekulyar zehniyyətin və elmi olaraq düşünən ağlın özəlliyidir.
Bu qonuda cüzi də olsa Qafqaz türkləri Rusiya dolayısıyla bilgilər əldə etmiş, ənənəvi
düşüncədə fərqlilik ortaya çıxmışdı. Hətta təsis edəcəkləri ölkə üçün nəzərdə
tutduqları bayraqda bu üç mərhələli sekulyar anlayış öz yerini tapmışdı. Elmi
və dəqiq olaraq bildikləri türk kimliyi idi-mavi rəng. Modernləşmə elmi problem
idi-al rəng. Və bu iki verilərdən yola çıxaraq aydınlanmış ağla dayanan İslam anlayışı
meydana çıxırdı-yaşıl rəng.
-
Bu arada sekulyarizm və dini söyləmlər arasında nə kimi
ayrışma mövcud olmuşdur?
-
Din politik bilgilər icad etmək zorunda deyildir. Politik
bilgilər ürətmək ağlın işidir. Din ədalət söyləmi və əxlaqi dəyərlər icad etmək
yolunu seçdiyi üçün insanın vicdanına xitab edər. Quranda “Biz sizə şah
damarınızdan da yaxınız” söylənməsinin səbəbi də bu olsa gərək. Mahatma Qandi
kimi istisna durumları nəzərə almazsaq, politika vicdandan uzaq aktivitə kimi
meydana çıxmış və ümumən ölkələr arası, qruplar arası və fərdlər arası mənafeləri
təqib etmişdir. Oysa din tanrını sürəkli olaraq təqib edər və Allahı bütün
davranışlarda şahid və nazir olaraq görər. Din yaşantı biçimi olaraq bu
ilişkilər ortamında əxlaqi dəngə bərqərar edər. Minillər boyunca din və məzhəb
savaşları yolunda saysız insan qanının axıdılmasının səbəbi dinlə siyasi
mənafeləri birləşdirmək olmuşdur. Bəşəriyət uzun tarixi təcrübədən sonra sekulyar
zehniyəti yaxalayaraq dini dövlət işlərinin dışında tutmağı başarmışdır. Bu,
siyasilərin dinsiz olması anlamında deyildir. Siyasətçi hər bir insan kimi
dindar və ya dinsiz ola bilər. Lakin laiklik öncəsi dönəmlərdə dinsiz siyasətçi
belə, çıxarı adına kəndisini dindar göstərib xalqı sömürmək yolunda idi. Beləcə
də bu an bir çox İslam ölkələrində olduğu kimi siyasiləşən din, əxlaqı da
siyasiləşdirdi. Dövlətin dindən bağımsız olması, onun dinə qarşı savaş açması
anlamında deyildir. Dövlət bir qurumdur, qurumun dini ola bilməz, din ağlı və
vicdanı olan insan üçündür, qurum üçün deyildir, din qurumsallaşdığında
ədalətsizliyin aracına dönüşər. Siyasiləşən əxlaq isə əxlaqsızlığın tam olaraq
kəndisidir. Din adına keşiş-feodal, molla-feodal sinfi böyük cinayətlər
etdiklərindən Fransa kimi bəzi ölkələrdə bu qaranlıq dini tarixə qarşı aşırı sekulyarist
duruş meydana çıxmış, keşişlərə qarşı saldırılar düzənlənmiş, kilsə mal varlığı
milliləşdirilərək onların sərmayəsi olmaqdan çıxarılmışdır.
-
Sekulyarizmin özünü də sinifləndirmək olarmı?
-
Məncə iki növ sekulyarizm təcrübəsi ilə qarşı-qarşıyayıq: 1-
Aşırı Sekulyarizm. Böyük Fransa Devrimindən sonra ortaya çıxdı. Xalqı aşırı
şəkildə yüzillər boyunca sömürən kilsəyə qarşı sekulyarizm Böyük Aydınlanma
sürəcinin ürünü kimi meydana çıxmışdır. İnqilabçı sekulyarizm 1789-cu il Fransa
İnqilabının ürünüdür. Günümüz İranında molla-kapitalizm sinfinin molla-məscid təşkilatının
tətbiqatında olduğu kimi, o zamanın da Fransasında duyğu zəminində sömürücü
kilsə-keşiş örgütünə qarşı kütlədə antipatiya oluşmuşdu. Volter, Montesquieu,
Diderot, John Lock, Rosso kimi böyük aydınların əsərləri də digər yandan
aydınladıcılıq missiyasını öz üzərlərinə götürmüşdülər. Beləcə keşiş-kilsə
otoritəsi devrilərək ona qarşı inqilab gerçəkləşdi və bu möhtəşəm inqilab
bəşəriyətin böyük tarixi problemini də çözmüş oldu. İnqilab da buna deyərlər.
İnqilabın kitabı, aydınlanma sürəci və teorisi olar. Yoxsa bir ovuc
molla-feodal sinfinin düşüncəsiz kütləni başına toplayıb fətvalarla İranda
olduğu kimi qətl törədərək azadlıqları sınırlamaq inqilab sayılmaz. Bu, cinayət
törətmək adına baş qaldırıdır. Heç bir tarixi problemi də bəşər üçün həll
etmədi. 2- İlımlı Sekulyarizm. Ilımlı Sekulyarizm XIII yüzildə İngiltərədə
meydana çıxaraq kralın yetkilərini sınırlamağa başlamışdı. Sekulyarizm Fransada
inqilabçı və İngiltərədə intibahçı şəkli ilə ortaya çıxmışdı.
-
O zaman laiklik nə idi? Skulyarizm və laiklik arasınd anə
fərq vardır?
-
Bu haqda türkiyəli filosof Bedia Akarsu xanım bunları söylər:
“Sekulyarimzlə laiklik arasında bir ayrım var. Sekulyarizm qavramı arxasında
İngiltərə və laiklik qavramı arxasında Fransa kültür və siyasi tarixi
durmaqdadır. Sekulyarizm sözünü ingilislər qullanır. Fransızlar bu qavramı
laikliklə qarşılamışlar. Aralarındakı fərqsə ingilis və fransızların fərqli
kültürəl və siyasi keçmişləridir. Aydınlanma dönəmi ilkin İngiltərə də
başlamış, ancaq bütün dünyaya yayılması Fransız Devrimi ilə olmuşdur.
İngiltərədə yazılı anayasa olmadığından Fransız anayasası örnək alınmış və
genəldə laiklik qavramı qullanılmışdır.” Sekulyarizmi intibahçı və reformist
laiklik və laikliyi də inqilabçı sekulyarizm olaraq anlamaq mümkündür. Yeri
gəlmişkən böyük yazar Viktor Hüqonun 10 ocaq 1850-ci ildə Fransa
Milli Məclisində laiklik vurğulu qonuşmasını burada vermək yararlı olar.
Hüqo bu söhbətində deyirdi: “Hökümətin qatilolma imkanlarını əlindən ala biləcək bir toplum inşa
etməliyik. Hökümət yırtıcı heyvan kimi davrandığında onunla da yırtıcı heyvan
kimi davranacaq bir toplum olmalıdır. Keşişin yeri kilsədə, dövlət orqanlarının
yeri isə siyasi orqanlarda olacaq bir toplum inşa etməliyik. Nə hökümət
keşişlərin moizə işlərinə, nə də məzhəb budcə, siyasət və dövlət işlərinə
qarışmalıdır. Qadın və erkəklərin eşit haqlara sahib olduğu bir toplum inşa
etməliyik. İlk oxuldan başlamış, kolecin bitiminə qədər eyitim parasız olmalı,
bütün istedadların önündəki sorunlar qaldırlmalıdır. Bir düşüncənin olduğu
yerdə kitab da bulunmalıdır. Nə bir kənd ilk oxulsuz, nə bir qəsəbə orta
oxulsuz, nə də bir şəhər universitəsiz qalmalıdır. Bütün bunlar yalnız laik
bir hökümətin gözətimində gerçəkləşə bilər. Tam olaraq laik və ancaq tam
olaraq laik bir hökümət bu sorunları çözə bilər. Aclığın yıxıcı və
yaxıcı bəlasından uzaq olan bir toplum inşa etməliyik. Ey qanun yazanlar, bu
sözü məndən duymuş olun ki, yoxsulluq bir sinfə özgü durum deyil, bütün topluma
aid bir sorundur.Yoxsulun əzabları sadəcə ona özgü deyildir, bu, bütün toplumun
ortaq fəlakətidir. Yoxsulun can çəkişməsi zənginin də ölümünə yol açar. Düzən
və qanunun ən kötü düşməni yoxsulluqdur. Yoxsulluq da cəhalət kimi dan
sökülməsini bəkləyən qaranlıq gecədir.”
-
Sekulyarizmin idarəçiliyə keçdiyi çağla ondan əvvəlki
çağları necə müqayisə etmək olar?
-
Türk filosof Bedia Akarsu bu haqda eynən bunları söylər: “Sekulyar
yönətim şəkli doğduğu gündən bəri özgürlüklərin, demokratiyanın, insan
haqlarının və dini ploralizmin önü açılmağa başlamışdır. Azad insanların yetişə
biləcəyi ortam demokratiya ilə yönətilən toplumdur. Fərd ancaq təməli laiklik və
sekulyarizm olan demokratik bir toplumda gəlişmə imkanı tapar. Bunu sağlayacaq
olan da laik bir eyitimdir.” İnsan haqları, düşüncə azadlığı ancaq sekulyar bir
anayasa çizgisində ortaya çıxa bilər.
-
Sekulyarizmin zehni və obyektiv durumları olaraq nələri
söyləyə bilərsiniz?
-
Sekulyarizmi nəsnəl (obyektiv) və öznəl (subyektiv) olaraq
görmək və yorumlamaq mümkündür. Nəsnəl sekulyarizm dini qurumların siyasi
qurumlarla ayırd edilməsi ilə gözlə görülür biçimdə ortaya çıxmışdır. Subyektiv
sekulyarizm şüurlardan xurafələrin uzaqlaşdırılması və ağlı önə çıxarmaqla
mövcudluq göstərmişdir. Özəlliklə matematik, bioloji, fizika, kimya elmlərinin
gəlişməsi və oxullarda oxudulması ilə zehni sekulyarizm daha da gəlişmə
göstərmişdir. Olqulara xurafələrin açısından deyil, səbəb-nəticə bağlantılı elmi
yöntəmlə yanaşmaq zehni sekulyarizasionun özəlliyidir. Sekulyarizm elmiliyi və
demostifikasiyanı, yəni miflərdən arınm sürəcini gücləndirməklə varlığı sezgilərlə
anlamağı da göz ardı etməz. Orta Çağda fizika kimi bilimlərə pis baxmanın
səbəbi bu elmin xurafələri dağıtması üzündən idi. İndiki bir çox İslam
ölkəlrində olduğu kimi doğaşünaslıq xoş qarşılanmamışdır. Lakin laiklik
doğaşünaslıq üçün ağlın önündəki din anlayışlı divarları yıxmışdır.
-
Xristianlıq və sekulyarizm arasında bir irtibat varmı?
-
Renesans sonrası Batı tarixi xristianlığın sekulyarizə
edilmiş şəkilidir. Xristianlıqdakı Tanrı qarşısında eşitlik və axirət
qavramları sekulyarizə edilərək qorunmuşdur. Tanrı qarşısındakı eşitlik və
bərabərlik eşit haqlara sahib olan vətəndaşlar qavramı ilə açıqlanmışdır.
Axirəti qurtarmaq bu dünyanı abad etməklə açıqlanmışdır. Çünkü o dünya bu
dünyanın uzantısı isə, o zaman bu dünyanı yaşanılır hala gətirmək
gərəkməkdədir.
-
O zaman İslam dini bucağından sekulyarizm necə açıqlana
bilər?
-
Batı fəlsəfəsinin icad etdiyi sekulyarizmin cüzi görüntüləri
İslam kitabında görmək mümkündür. Lakin bu zəif görüntüləri ağlın gücü illə
genişlətmək mümkündür. Məncə, Quran üzərinə modern təfsir ölçüləri ilə
yanaşarsaq, sekulyar söyləmin oradan çıxarılması mümkün ola bilər. Quranın heç
bir yerində axirət dünyadan öncə gəlməmiş, axirət qavramı daima bu dünyadan
sonra keçmişdir, yəni öncə bu dünyanı yaşanılır duruma gətirmək gərəkir. Bu
dünyanın düzənləyici amili də Qurana görə ağıldan başqa bir şey deyildir. Ağlın
qullanılması ilə bağlı Quranda çox israrlar var. Lakin fərdi və ortaq tarixi
ağlı İslam tarixində molla-şeyx-feodal əsir almışdır. Batı toplumlarında Sekulyarizm
öz qurumlarını da oluşdura bilmişdir. Özəlliklə eyitim sistemində sekulyar
görüş egemən olmuşdur. Səfəviyətdə olduğu kimi xristianlıqda da bəşər
sıfırlaşdırılmış, heçləşdirilmiş ağılla qarşılaşırdı. Ağıla sayqı göstərmə
sürəci başladıqdan sonra insan öz onuru və şərəfi ilə tarix səhnəsinə girməyə
başlayaraq sıfır olmadığını isbatlamağa çalışmışdır. Sıfır olmadığını
isbatlamağa çalışan Batı insanının əqli verilərinin ürünü olaraq fəlsəfi,
hüquqi və siyasi alanda Sekulyarizm qurumsallaşmışdır.
-
Sekularizmin siyasi, hüquqi və fəlsəfi fərqlilikləri və
bunun İslam tarixində yeri haqda nələr söylərsiniz?
-
Sekulyarizmin siyasi, hüquqi və fəlsəfi sahəyə daşınmasında nominalizmin,
yəni isimləndirmə və qavramsallaşdırma elminin böyük etkisi olmuşdur. İslam
tarixində dini hüquqla məşğul olan fiqh adında bir sahə ortaya çıxmışdı. Fiqh
ünsürü və fəqihlik qurumu bir sürü gərəksiz qavramlarla İslam tarixində öz otoritəsini
bərqərar etmişdir. Bu da nominalizmin meydana çıxışını önləmişdir. Klasik
fiqhin qaranlıq kabusu insan ağlı üzərinə öz kölgəsini düşürmüş, hüququn, insan
və doğa haqlarının doğumunu əngəlləmişdir. İnsan zehninin genişləyərək fəlsəfi,
teoloji, elmi, politik, sosioloji, kültürəl, hüquqi gəlişmələr sağlaya bilməsi,
yalnız qavramsallaşdırma və yeni qavramlar ürətməklə mümkün ola bilər. İslam
dünyasında fəlsəfənin sönüklüyü də sırf bu üzdən olmuşdur. VIII-IX əsrlərdə
Mötəzilə məzhəbinin qurucuları Yunan və Hind fəlsəfə və elmini ərəb dilinə
tərcümə edərək yeni qavramlar ürətdilər. Bunun uzantısı olaraq Əlkindi, Əlxarəzmi,
Farabi, Biruni, İbni-Rüşd, İbni-Sina kimi şərhçilər və bilim adamları İslam
tarixində meydana çıxdı. Sonrasında bu sürəc durdurularaq düşüncələr
susduruldu. Hətta riyazi və fəlsəfi yolla Tanrının varlığını isbata qalxışan
Farabi, İbni-Sinalar kimi alimlər Qəzzali kimi fəqihlər tərəfindən tənqid
edilmişlər. Riyaziyat yasaqlandığında ağıl da susdurular. Batıda təcrübi
bilgilərin önündə kilsə və Doğuda da məscidlər əngəl oluşdururdular. Kilsə
əngəli qalxdığından nominalizmə meydan açıldı, lakin İslam Doğusunda yeni
düşüncə və təcrübi bilgilərin önündə ən böyük əngəl, durağan ağla sahib olan
molla-şeyx irticası olmuşdur. Nominalist olmaq üçün denəyçi, təcrübəçi olmaq
gərəkir. Çünkü kainatla ilişki qurmanın tək yolu dildəki qavramlardır. Quran da
kainatla əqli irtibat yolunda tutarlı bilgilər var. Quranda deyilir ki, “Və
göylərdə və yerdə olanların hamısını sizin araşdırmanıza sundu.” Quranın işarə
etdiyi kainatı araşdırmanı ağlın dışında nə ilə araşdırmaq olar? Ayrıca,
Quranda iki kitaba işarə edilər: “Zalik-əlkitab” (o kitab) və “haz-əlquran” (bu
Quran). O kitab uzaydakı varlıqlar, kainat kitabıdır, bu kitab isə əldə bulunan
mətndir. Digər tərəfdən Peyqəmbərə ilk nazil olan “Ələq” surəsinin ilk beş
ayəti başdan sona qədər bilgi, elm, kitab və qələm haqqında danışar. Yəni
bütünüylə ağlın kəndisini realizə edən araclara işarə edər. Quran üzərinə
molla-feodal inhisarçılığı olmazsa, toplum kəndiliyindən sekulyarizmə doğru
sövq edilər və bu sövq edilişdə də Quran onun yolunu açar, onun rəhbəri olar.
-
Nominalizm və sekulyarizm ilişkisi anlaşılmadı, bu haqda bir
az daha açıqlama lazım olacaq.
-
İsim əşyanın özəlliyini bildirən addır. Bu üzdən nominalizm
əşyanın özəlliyini qavramlarla yansıtma, açıqlama elmidir. Bu, sadəcə fizika
elmləri sahəsində deyil, sosial və hüquq alanında da öz etkisini sürdürmüşdür.
Sosial elmlərdə ürətilən hüquq qavramları sekulyarizmə uzanma yolu olmuşdur. Sekulyarizmin
özəlliklə egemen və sömürücü imperial və imperialist dindən bağımsızlığının bir
neçə anlamı mövcud olmuşdur. 1- Siyasətin dindən bağımsızlığı anlamında siyasi sekulyarizm
dini qurumu siyasi qurumdan ayırmışdır. 2- Etiqadın dindən bağımsızlığı
anlamında sekulyarizm. Etiqadi Sekulyarizm dinsəl zorakılığı və molla-feodal
sinfinin etiqad alanından uzaqlaşmasını və Tanrı ilə insan arasında heç bir
aracın olmaması gərəkdiyi bilincini doğurmuşdur. 3- Dindən bağımsız əxlaq
anlayışı da əxlaqi Sekulyarizmi doğurmuşdur. 4- Hüquq ölçütlərinin dindən qopuq
şəklinə hüquqi Sekulyarizm deyəlim. Hüquqi Sekulyarizm, yəni insan haqlarının
idrakı.
-
Əxlaqi sekularizm İslamiyyətə qarşı deyildirmi?
-
Əxlaqi sekulyarizmin izlərini mötəzilə öyrətilərində görmək
olar. Bu haqda iranlı modern filosof və şiəlikdə reformdan yana olan Abdulkərim
Soruşun daha geniş və aydınladıcı fikirləri vardır. İslam tarixində bu mövzular
üzərində əsasən mötəzililər durmuşlar. Mötəzilə məzhəbinə görə, Tanrı əxlaqi
bir varlıqdır. Əxlaqi dəyərlər Tanrıya tabe deyil, Tanrı əxlaqi dəyərlərə
tabedir. Tanrı əxlaq ötəsi varlıq deyildir. Daha çox yasaqlardan yana olan əşəri
məzhəbinə görə isə, Tanrı əxlaqın ötəsində bir varlıqdır və əxlaq da O´ndan
qaynaqlanmaqdadır. Əxlaqi sekulyarizm anlayışında Tanrı özü də əxlaqi bir
varlıqdır. Mötəzilənin əxlaqi sekulyarizm anlayışına görə, əxlaqın dinə
ehtiyacı yoxdur, əxlaq dindən bağımsız bir olqudur. Bu üzdən də mötəzililər
vuruldular. Mötəziləyə görə bir şey yaxşıdırsa, o, Tanrının istədiyi üçün yaxşı
olmamışdır. Yaxşı olan olan bir varlıq Tanrı tərəfindən də qəbul edilmişdir.
İslam aləmində bunun tərsi bir fikir yayqın idi. Yaxşı olan olan bir olqu
Tanrının istəyi üzərinə yaxşı olmuşdur. Mötəziləyə görə, yaxşılıq Tanrı
iradəsindən bağımsızdır. Tanrı sadəcə yaxşı və gözəl olanların yaxşı və gözəl
olduqlarını bəyan etmişdir. Mötəzilə qarşıtı olan əşərilik bunun tərsini
düşünürdü. Ona görə, yaxşı olan şəriətin istədiyi üçün yaxşıdır. Əşəriliyə
görə, din olmasaydı yalan və doğrunun anlamı olmazdı.
-
Modern fəlsəfə, sekularizm əxlaq və din məsələsi problemi
necə yorumlana bilər?
-
Modern fəlsəfədə əxlaq dindən bağımsız bir qonu başlığıdır. Sekulyar
əxlaq anlayışı üçün insan, mahiyyətinə görə önəmli yaradılış deyildir, çünkü eqzestansialistlərin
də qeyd etdiyi kimi, mahiyyət insanın kəndisi tərəfindən yaradılar. Lakin insan
kəndisi öz vücudunun yaradıcısı ola bilməz. O zaman onun mahiyyətinin müsəlman,
xristian, və... olmasından asılı olmayaraq vücudunun sayqıya dəyər olduğunu
anlamaq lazımdır. Əxlaq üçün mahiyyət yox, vucud var. Tanrının ən dəyərli
yaratdığı əsər insan vücududur. Avropada bu əxlaq və hüquq anlayışını ortaya
qoyan eqzistansial fəlsəfənin hesabına milyonlarca Doğu insanı bu ölkələrin
quraq iqlimindən, dini basqısından qaçaraq Avropada insan kimi yaşaya
bilməkdədir. Sekulyarizm doğmadan öncə Avropa zehniyyəti üçün xristianlığın
dışında olanlar düşmən görülməkdə idi. Yəni Doğu tarixində hələ də davam edən
və müsəlman olmağı üstünlük olaraq görən irqçi qaranlıq görüş Batı tarixində də
mövcud idi. Üstad Cəmil Meriçin də ifadə etdiyi kimi “XV əsrdən bəri bütün
buluşlar laiklərin və sekulyaristlərin əsəridir.”
-
Milli kimlik və sekulyarizm arasındakı irtibatı necə
yorumlamaq olar?
-
Milli dillər, milli
dövlətlər, milli mədəniyyətlər də sekulyarizasion sürəcinin ürünü kimi meydana
çıxmışdır. Yalnız demokratik və laik ölkələrdə insan psikolojisini dərindən
incələyə bilən ədəbi mətnlər işıq üzü görmüşdür. Laik olmayan ölkələrdə sənət
və ədəbiyat inkişaf edə bilməmişdir. Bu haqda J. P. Sartr maraqlı təsbitdə
bulunmaqdadır: “Aşırı dərəcədə qapalı, ya da aşırı dərəcədə dini bir toplumda
başarısızlıq dövlət, ya da din tərəfindən gözlərdən saxlanar. Demokratik
ölkələrdə və daha özgür və laik toplumlarda başarısızlığı dəngələmək
şeirə düşər.” Modern şeirin sekulyar ölkələrdə doğmasının səbəbi də bu olsa
gərək.
-
Sekulyarizmin təməl
amacı nə olmuş və hansı problemləri çözmək istəmişdir?
-
Sekulyarizm də “azadlıq”, “ədalət”, “demokratiya”, “barış”
qavramları kimi insan haqlarını savunmaq amacı ilə ortaya çıxmışdır. Sekulyarizmin
amacı sosial olquları qutsallıq statusundan dışlamaq olmuşdur. Heç bir dini və
ideoloji qurum, heç bir dini şəxs, peyğəmbər və imam qutsal deyildir. Dini
açıdan qutsallıq, ancaq Tanrıya özgüdür və insanı qutsallaşdırmaq Tanrıya şərik
qoşmaqdır. İslam peyğəmbərini də Quran “Mən də sizin kimi insanam” şəklində
tanıtmaqdadır. Beləcə heç bir din və ideoloji qutsal və insan həyatından üstün
deyildir. Vətən anlayışı bilə insan həyatından üstün və qutsal deyildir. Qutsal
olan insanın həyatıdır. Həyatın yaşanılır olması üçün maddi-mənəvi çalışmalar sekulyarizmin
içəriyini təşkil etmişdir. Bu baxımdan sekulyarizm sosial və siyasət işlərində ağıl mehvərliliyi önə
çıxararaq, hər kəsə Kantın “düşünmə cəsarətin olsun” görüşünü genişlədərək
qloballaşdırmışdır. Molla-feodal sinfinin qutsallaşdırdığı teoloji dışı xurafi
anlayış, dini, xunxar və qan içən bir qurum halına gətirmişdir.
-
Məzarpərəstlik kimi durumların sekulyar anlayışda yeri nə
ola bilər?
-
Səfəviyətlə başlayan imamların, pirlərin məzarlarını ziyarət
din sayılaraq İslamın kitabı bir yana buraxılmışdır. Quran “kimsəni ölçüsünün
ötəsində sorumlu tutmarıq” deyə bəyanda bulunar. Hər kəsin bir ölçüsü var, bu
ölçüsünü dünyada realizə etmək üçün molla-kapitalist sinfi adındakı əngəl
ortadan qaldırlmalıdır. Sekulyarizm fərdin öz ölçülərini dini otoritənin
basqısı dışında gerçəkləşdirməsinin yolunu açar. Bu da öz-özünə pir, imam qəbri
ziyarətlərini ağıl dışı olaraq görmək anlamındadır.
-
Bizim klasik mətnlərimizdə modern şəkli ilə olmasa da, heç
olmasa sekulyar görüş zəif də olsa bəyan edilmişmi?
-
Doğuda xalqı din adına sömürən molla-feodal düzəninə, din
anlayışına qarşı etirazlar olsa da, bunlar siyasi fəlsəfə çatısı altında bir
sistem olaraq bütünləşməmişlər. Füzuli kimi bir çox əski aydınlar İslam
ölkələrində şeyx-molla basqısı üzündən yaşamağın çox zor olduğunu və azad
yaşaya bilmək üçün içdən müsəlman və zahirən xristian olmağı düşünmüşlər. Çünkü
kəndisini müsəlman göstərən şəxsin həyatı üzərində molla-şeyx basqısı
başlayaraq onun fərdi azadlığını daima sınırlamışdır. Füzuli deyir:
“Qeydi-İslam Füzuli,
sənə bir afətdir,
Bir hisar eylə sən
ondan özünə zünnarı”
Yəni müsəlman görünmək bir bəladır,
bu üzdən azad yaşaya bilmən üçün başına xristianlıq göstərgəsi olan bir sarıq
sarmala ki, müsəlmanlar özəl dünyana burunlarını soxmasınlar. Daha da irəli
gedərək Füzuli açıqca namaz və təsbih əhlinə inanmamağı tövsiyə edər:
“Könül, ta vâr əlində
camı-mey təsbihə əl vurma,
Namaz əhlinə uyma,
onlar ilə durma, oturma!”
Füzulinin namaz əhlinə
yanaşmamağı önərməsi Quranın “Maun” surəsindən təsirlənmişdir. Maun
surəsində Allah vay namaz qılıb da xeyirli iş görməyən, yoxsulun halına göz
yumub, yetimə qeydsiz qalanların halına deyə bəyanda bulunar.
-
İslam Dünyasında xilafət və imamət kimi qavramları
sekulyarizm fəlsəfəsi ilə necə açıqlamaq olar?
-
İslamın kitabı olan Quranda nə xilafət, nə də imamət adında
siyasi qurumdan söhbət edilər. Heç birisi yoxdur. İslam kitabında sorunların
çözümü üçün şuranın qərarına görə davranmaq hökm edilmişdir. Peyqəmbərin
vəfatından sonra da xilafət o günün şərtlərinə görə, siyasi teori olaraq
gəlişdirildi. Lakin bu sistemin çox əksik yanları var idi. Məslən xəlafətin
neçə il sürməsi və xəlifənin neçə xəlifə olması gərədiyi üzərində durlmamışdı.
Üüçncü xəlifə Osman o qədər yaşlanmışdı ki, qərar verəcək durumda deyyildi.
Yerini könüllü olaraq şuranın tərcihinə buraxıb kənara çəkilsəydi İslam
tarxindəki bu qədər iç savaşlar da olmazdı. Demək ki, iqtidar sevgisi osman
üçün hər şeydən üstün olaraq görünmüş. Yəni xilafət bir siyasi teori olaraq
ortaya çıxdığında onun hər tərəfini dərindən incələyib yasalarla tərif
etmədilər. Xilafət şura ilə bəlli zaman dilimi üçün seçiləcək olsaydı, bunun
günümüzdə də tətbiqində bir problem olmazdı. Lakin xəlifə olan gəlmiş və
getməmiş, sonrasında getməməmək bir yana, öz oğullarını xəlifə olaraq təyin
etmişlər. Artıq bunun islam ədaləti ilə olan bağları qoparaq xilafət adı
altında şahlıq üsulu davam etdirilmişdir. Bunun da əsasını qisnmən Osman və
sonra da onun yaxın qohumları Əməvilər qoymuşlar. İmamət isə İslamda yoxdur,
imamət Allaha şərik qoşmaqdır. Çünkü yalnız Allah yaradıcıdır, qutsaldır,
məsumdur. Bu xüsusiyyətlər imama xas ola bilməz. Quranda keçən şura sözünün
modern tanımı demokratiyadır. Nə xilafətə gərək var, nə də imamətə. Bu haqda
böyük müsəlman mütəfəkkir İqbal Lahuri də çox düşünərək fikirlərini
kitablaşdırmışdır. Ona görə “son peyqəmbərlik” ifadəsinin anlamı budur ki,
artıq bundan sonra elmi və təcrübi ağlınızı qullanmalısınız və daha sizlərə bir
daha peyğəmbər gəlib kitab gətirməyəcəkdir. Bu üzdən də İqbal Lahuri Atatürkün
Türkiyədə xilafəti qaldırıb laik düzənə keçşini böyük həyəcanla alqışlayırdı.
İslamın və insan haqlarının önündə əngələ dönüşən xilafət və imamət anlayışları
modern siyasi yöntəm olaraq qəbul edilə bilməz.
-
Söz gəldi çıxdı Türkiyə mövzusuna. İslam ölkələrində ən
başarılı demokratik təcrübələr Türkiyədə yaşanmaqdadır. Türkiyə modeli
sekulyarizmin özəlliklər nədir?
-
Türkiyədə sekulyarizm bir dahi öndərin tətbiqatının
nəticəsidir. Çünkü modern türkiyə qurulduğunda xalqın yüzdə doxsan beşi yazıb
oxumaq başarmırdı. Atatürkün bəlkə də başarısının təməlində xalqın yazıb
oxmaması durmaqda idi. Təsəvvür edin xalq osmanlıdan qalma xurafi bilgiləri
beyninə doldurmuş olsaydı, Atatürkün tətbiqatı qarşısında necə dirənərdi. Lakin
xalqın ağlı boş idi, gündəlik həyat bilgisi dışında heç bir şey onun ağlında
yox idi. Ona nə versəydin qəbul edəcəkdi. Osmanlıcanın da tarixdən bu qədər tez
silinməsinin səbəbi sırf bu üzdən idi. Xalq o saxta dili bilmirdi, o saxta
dildə heç bir zehni təcrübəsi yox idi. Sekulyarizmin ana şərtlərdindən biri də
milli və xalq dilinə meyldir. Bu üzdən xalqın dilinə əsalanaraq osmanlıcanı heç
bir dirənişlə qarşılaşmadan yox etdilər. Çünkü osmanlıcanın yox edilişindən
xalqın heç xəbəri olmadı, o, devşirmələrin saxta və devşirilmiş idili idi, xalq
elə bir dilin olduğundan xəbərdar deyildi. Bu üzdən Türkiyədəki sekulyarizmin
heç bir Volteri, Rossosu və aydını yox idi. Üst bir insan xalqa bunu açıqladı.
Xalq bunun bilincində deyildi, xalqı öz haqqının bilincinə vardıran üst insanın
iradəsi və tətbiqatı idi.
-
Türkiyədə laiklik və Atatürk düzəni olmasaydı nələr ola
bilərdi?
-
Atatürk laikliyi Anadoluda tətbiq etməsəydi, indi Türkiyə də
Misir, Əfqanistan və İran kimi Doğu Orta Çağının qaranlıq bataqlığında gömülüb qalacaqdı.
Atatürk sadəcə xalqın qurtarıcısı savaşçı öndəri və yeni ulusal kimliyinin
yaradıcısı olmamış, həm də siyasi fəlsəfəsi və kitabı olmayan, tarixi
demokratik təcrübəsi bulunmayan, insan haqlarına sayqı göstərməyən Qaranlıq İslam ölkələri
orta çağının aydınlatıcısı olaraq meydana çıxmışdır. yalnızca bir millətin
qurtarıcı və qurucusu deyil, laiklik uyqulamaları ilə türk-İslam tarixinin də
qurtarıcısı olmuşdur. Çünkü yalnız Atatürkün laiklik uyqulamaları ilə İslamı
özgürcə anlama biçimi ortaya çıxmış, susdurulan və söndürülən ağıl aydınlanmış,
İslam və onun kitabı saxta şeyxlik sinfinin əsarətindən qurtulmuşdur. Şeyxlik
və mollalıq sinfinin təşkil etdiyi tarixi həbsxanadan insan ağlı və düşüncəsi
sərbəst buraxılmışdır. Yalnız Atatürkün laiklik uyqulamaları ilə xurafi
ilahiyat bilgilərinin əsarətində bulunan düşüncə və ağıl özgürlüyə
buraxılmışdır. Atatürkün laiklik
uyqulamaları ilə İslam kitabı Quran sömürücü və söndürücü şeyxlik sinfinin inhisarından
çıxarılaraq bütün xalqa aid edilmişdir. Quranın molla-şeyx sinfinin inhisarında
olması gərəkən bir kitab olmadığı, bütün xalqa aid Tanrı vəhyinin ürünü olduğu
Atatürkün laiklik uyqulamaları ilə bilinmişdir.
-
O zaman heç bir elmi, fəlsəfi, aydınlanma təcrübəsi olmayan
Qafqaz türklərində sekulyar zehniyətin doğması necə necə olmuşdur?
-
Gerçəkdən sərt zehni qaranlığın varisləri olan Qafqaz türkləri
aydınları necə oldu da siyasi Sekulyarizmi gerçəkləşdirə bildilər? Səfəvilərdən
qalan qavramlar ağlı söndürən sadist və mazoxist qavramlar idi. Ağlaşma,
sızlama, lənət, nifrət və kin qavramlarından başqa səfəviyət tarix üçün mənəvi
bir şey miras buraxmamışdı. Sekulyar zehniyətin Qafqazda doğması Səfəvi-İran
mirasına antitezis olaraq meydana çıxdı. Qafqazın molla-feodal bilgilərinin
orbitindən uzaqlaşması kəndiliyindən qurtuluş şansı doğurmuşdu. Səfəviyətlə
qaranlığa gömülən, çevrə və dünya ilə təmasını qopararaq kabuslu sosial ortama
dönüşən bölgənin gələnəklərindən, təqlidindən, din anlayışından qopuş
istər-istəməz aydınlanmaya yol açacaqdı. Qafqaz türkləri aydınları az da olsa
Səfəvi-İran qaranlığına qarşı ədəbi mətnlər və ayrıca, düşünsəl qavramlar
oluşdurmuşdular. Türkləşmə, modernləşmə və islamlaşma geniş üfüqləri olan
qavramlar idi. Zatən bu üç qavramın bir yerdə oluşu və bir-birini
aydınlatmaları kəndiliyindən sekulyarizmə doğru hərəkət amilləri idi.
Qafqazlarda sekulyarlaşma və milli kimlik qazanma, milli dövlətə doğru
irəliləmə sosial bir hərəkətlilik deyildi. İctimai hərəkətlilik xalqla iqtidar
arasındakı bir olqudan ibarətdir. Nə xalq var idi, nə iqtidar. Yəni xalq
Səfəvi-İran xurafi mirasının içində çabalayıb durur, “ölülər”inin dirilməsi
üçün Səfəvilərin tarixi başkəndi olan İsfahandan gələn “Şeyx Nəsrullah”ların
əlində oyuncaq idi. Ortada olan iqtidarsa rus hakimiyyəti idi. Qafqaz türk
aydınları xalqsız bir hərəkət başlatmışdılar. Bu hərəkətdə səfəvizədə xalqın
iştirakı yox idi. Onlar yeni xalq yaratmaq əzmindəydilər. Düşünən, kimliyinin
bilincində olan, şirkdən uzaq və pirə, imama, imamzadaya deyil, yalnız Allaha
tapınan azad bir xalq yaratmaq istəmişdilər. Qafqazda başlayan aydınlanma
olqusu azınlıq, çox azınlıq barmaq sayı insanların düşüncə dünyasında
hərəkətləri idi. Milli dövlət də bu azınlığın iradəsi və Osmanlı türk ordusunun
müdaxiləsi ilə quruldu. Xalq öz baş yarmağı, zəncir vurmağı ilə məşğul idi.
Yalnız xalqdan qopuq azınlıq bir kəsim maddi-mənəvi həyatın dəyərini kəşf
etmişdi. Bu azınlığı da xalq qəbul etmirdi.
Kəramət Böyükçöl
Hiç yorum yok:
Yorum Gönder